Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə
təhvil verildi
İctimai xadim, tarixçi alim və yazıçı Mehdixan Vəkilovun zəngin arxivi bu günlərdə oğlu Cavanşir Vəkilov tərəfindən qorunub saxlanmaq üçün Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdir. Arxivin direktoru Maarif Teymur bildirdi ki, yeddi iri bağlamadan ibarət olan bu materiallar əsasında Mehdixan Vəkilovun ayrıca fondu yaradılır və yaxın vaxtlarda tədqiqatçılar üçün açıq olacaqdır.
1920-70-cı illərdə Azərbaycanda mədəni inqilabın iştirakçılarından, təşkilatçılarından və tədqiqatçılarından biri olmuş Mehdixan Vəkilovun (1902-1975) evində bütün bu dövr ərzində zəngin arxiv toplanmışdı. Sənədlər, məqalələr, əlyazmalar, yazışmalar, fotoşəkillər, avtoqraflı kitablar, o cümlədən milli şairimiz Səməd Vurğunun həyatına və yaradıcılığına bilavasitə aidiyyəti olan materiallar ədəbiyyat və mədəniyyət tariximiz üçün böyük önəm kəsb edir.
Adətən Mehdixan Vəkilovun adı xatırlananda yada onun "Ömür dedikləri bir karvan yolu" kitabı düşür. Amma Mehdixan müəllim 30-dan çox elmi əsərin, qəzet və jurnallarda dərc edilmiş çoxsaylı dəyərli elmi və kütləvi məqalənin, "Cavanşir" tarixi romanının və "Anadillər" kimi maraqlı povestin müəllifidir.
İki ictimai epoxanı gözü ilə görmüşdü, bu baxımdan böyük təəssüratlar sahibi idi. Maraqlı və dolğun bir həyat yaşamış, 30-cu illərin təhlükələrlə dolu illərindən salamat adlaya bilmişdi. Müharibə illərində Cənubi Azərbaycanda antifaşist fəaliyyət göstərmiş və bütün bu yaşanmış illər ona yaradıcılıq üçün zəngin həyati materiallar vermişdi.
Mehdixan Vəkilov Quzey Azərbaycan sovet cümhuriyyətində 1920-40-cı illərdə xalqımızın uzaqgörən ziyalı övladları tərəfindən uğurla həyata keçirilən mədəni inqilab prosesinin araşdırılmasına həsr olunmuş və 1967-ci ildə müdafiə etdiyi bu doktorluq işini sonralar monoqrafiya şəklində çap etdirməyi nəzərdə tutsa da, ömür vəfa etmədi. Müəllifin xatirəsinə ehtiram əlaməti olaraq onun bu arzusunu yerinə yetirmək sonrakı nəslin - bizlərin öhdəsinə düşdü. "Azərbaycanda mədəni inqilab: 1920-40-cı illər" əsəri 2004-cü ildə bu sətirlərin müəllifi tərəfindən çapa hazırlandı və ön sözü ilə nəşr olundu. Kitab ziyalılar tərəfindən yaxşı qarşılandı. "Cavanşir" romanı isə 1992-ci ildə "Gənclik" nəşriyyatında, sonralar isə Təbrizdə ərəb əlifbası ilə nəşr edildi.
Hələ 13-14 yaşından Səməd Vurğun üçün həm böyük qardaş, həm də valideyn əvəzi olmuş, yaradıcılıq
yolunda ona dayaq durmuşdur. Mehdixan müəllim özündən
sonra qardaşı haqqında "Ömür
dedikləri bir karvan yolu" ("Yazıçı" - 1986) adlı
gözəl bir xatirə kitabı qoyub getmişdir. İşıq üzü görən
kimi bestsellerə çevrilmiş bu kitabla da Azərbaycan
oxucusunun yaddaşına
həkk olunub.
Ayna.-2009.-18 iyul.-S.20.