Yeni tamaşalar sarıdan ciddi planlarımız var
Dövlət başçısının sərəncamı
ilə Dram Teatr əsaslı təmirə
dayanıb, bina 50 ildən çox idi təmir olunmurdu, avadanlıqlar, stullar köhnəlmişdi
və günün tələbatına cavab vermirdi. Teatrın, nəhayət, təmirə
dayanmağı bizi, əlbəttə, sevindirir.
Təmir
gələn ilin mayında başa çatandan sonra həm texniki, həm də binanın gözəlliyi baxımından Avropa standartlarına uyğun yaxşı bir teatr binası istifadəmizdə olacaq.
İnsanlar gəlib öz
tamaşalarına tam komfortla
baxa biləcəklər.
Bu sözləri Akademik Azərbaycan Milli Teatrında təmirin gedişi ilə bağlı sualımıza cavab verərkən teatrın baş rejissoru xalq artisti Mərahim
Fərzəlibəyov söylədi.
Rejissor
bildirir ki, bir ildir "Mir" teleşirkətinin binasında
"məskunlaşıblar", daha doğrusu, bura Mədəniyyət
Nazirliyinin balansında olan bir binadır. Otaqların az
olmasına, aktyorlar üçün məşq yerlərinin
darısqallığına baxmayaraq teatr öz fəaliyyətini
dayandırmayıb. Tamaşalar başqa teatrların icarəyə
götürülən binalarında göstərilir.
Rejissor deyir:
"Artur
Millerin "Körpüdən mənzərə", Əli Əmirlinin
"Mesenat", Cəlil Məmmədquluzadənin
"Ölülər", İsmayıl
Şıxlının "Ölüləri qəbiristanlıqda
basdırın" və s. kimi repertuarda olan əsərlər
öz həyatını yaşayır. Çətinliyə
baxmayaraq yeni premyeraları da buraxa bildik. Bunlar Hüseyn Cavidin
"Şeyda" və Əli Əmirlinin "Sevən
qadın" pyesləridir. Bu şəraitdə yeni tamaşa
hazırlamaq, demək olar, mümkün məsələ
deyildi. Amma biz bu işi görə bildik. İndi biz pyesin
tamaşa halına gəlməsi üçün
üç-dörd məşq edə biliriksə, öz
teatrımızda azı 20 məşq edirdik".
Mərahim
Fərzəlibəyov öz yeni uğurlarından
saydığı "Şeyda" pyesinin tamaşası barədə
danışır. Hüseyn Cavidin haqqında az
danışılan bu pyesini ilkin şəklinə və məzmununa
qaytarmaq rejissor üçün maraqlı olmuşdur. Danışır
ki, Cavid bu əsəri 1913-cü ildə yazmışdı və
o vaxt milli partiyaların fəaliyyətə
başladıqları bir zaman idi.
Cavid
dərin milli ruhlu ədib olaraq milli hərəkatın liderləri,
o cümlədən Nəsib bəy Yusifbəyli ilə
oturub-dururdu, qəlbinə yaxın olan bu düşərgədə
özünün dostları vardı. Cavid
"Şeyda"nı inqilaba həsr etmişdi, lakin burada
söhbət milli inqilabdan, çarizmin devrilməsindən
gedirdi. Paradoks bundan ibarət idi ki, "Şeyda" 1922-ci ildə
rus rejissor Mayorov tərəfindən səhnəyə
qoyulmuşdu, yəni sovet ideoloqları Cavidin bu əsərinin
yönünü Oktyabr inqilabına yönəltməyi
lazım bilmişdilər, guya, Cavid bu pyesi ilə Oktyabrı tərənnüm
edir. Mayorov pyesə bax belə bir süni rəng vermişdi.
Amma əsər bir neçə tamaşadan sonra
dayandırılmışdı. Bu süni yönləndirmə
görünür lazımi ideoloji effekt verməmişdi.
Mərahim Fərzəlibəyov:
"Teatrşünas
Aydın Dadaşovun mənə danışdığına
görə, müəllifin qızı Turan Cavid atasına bəraət
üçün "Şeyda"ya müəyyən əlavələr
etməklə 70-ci illərdə Naxçıvan teatrında
Oktyabrın tərənnümü səpgisində tamaşaya
qoydurmuşdur. Mən bunları bildikdən sonra istədim ki,
"Şeyda"nı məhz Cavidin yazdığı kimi səhnələşdirim,
pyesi ilkin şəklinə qaytarım. Əgər əsəri
götürüb oxusanız görərsiniz ki, Cavid
ağı ağ, qaranı qara göstərir. Cavid
milli-demokratik hakimiyyət ideyasını qoyur, amma onun
bütün bu fikirlərinin 1922-ci ildə Oktyabr
inqilabının tərənnümünə yönləndirilməsi
özlüyündə çox təəccüblü
işdir".
Rejissora
görə, Cavid öz ölüm hökmünə
1913-cü ildə bu pyesi yazmaqla qol çəkmişdi. Əsərin
qəhrəmanı olan Şeyda bir şairdir, inqilab etmək
fikri ilə yaşayır, o deyir ki, insanları istismar edən
kapitalizmin sonu yoxdur, biz gərək elə bir demokratik
cümhuriyyət yaradaq ki, hamı müstəqil fərdlərə
çevrilsin və hamı Azərbaycana öz bildiyi və
bacardığı şəkildə xidmət etsin, "hər
insan öz kəndinə qayıtsın",
öz-özünü göstərə bilsin.
"Şeyda,
əslində, Cavidin öz portretidir, odur ki,
çalışdım bu rolu oynayan aktor da Cavidə bənzəsin.
Və mən pyesə Cavidin o illərdə yazdığı
bəzi şeirləri əlavə elədim. Cavidin
"Şeyx Sənan", "İblis" pyesləri dəfələrlə
tamaşaya qoyulsa da, bu əsərin
"unudulma"sının səbəbini mən onun dərin
milli ruhda olmasında görürəm. "Şeyda"nın
bir neçə ay öncə premyerasına nail oldum,
çalışdım, orada bizim üçrəngli
bayrağımızı qaldıraq", - deyə rejissor təəssüratlarını
bölüşür.
Premyeraya
münasibət birmənalı olmayıb, onu qəbul edən
də olub, qəbul etməyən də. Fikirlərin
yaxşı mənada haçalaşması tamaşanın
xeyrinədir, amma rejissor sevinir ki, pyesi "özünə
qaytara" bilmişdir. Rejissor traktovkası belədir ki,
1920-ci ildə ruslar tərəfindən endirilmiş
üçrəngli bayraq yenidən ilk dəfə
Naxçıvanda - Cavidin vilayətində
qaldırıldı və sonra bu bayraq bütün Azərbaycan
üzərində dalğalanmağa başlayıb. Və
rejissor seyrçiyə bu bayrağın əbədi olaraq Azərbaycan
üzərində dalğalanacağı inamını
aşılayır.
Milli
Dram Teatrı tətildən sentyabrda qayıdacaq, teatr o vaxt hələ
əsaslı təmirdə olacaq, lakin buna baxmayaraq yeni əsərlər
üzərində işlər indiki şəraitdə davam
etdiriləcək. Mərahim Fərzəlibəyov yeni
tamaşalar sarıdan ciddi planlarının olduğunu deyir.
Mövsüm
isə neçə illərdən bəri olduğu kimi,
İlyas Əfəndiyevin "Hökmdar və
qızı" tamaşası ilə açılacaq. "Çünki
bu tamaşa Qarabağ münaqişəsinin özəyindən
bəhs edən bir əsərdir. Belə ki, altı
"Qarabağnamə" var, deyildiyi kimi, yeddinci
"Qarabağnamə" İlyas Əfəndiyevin bu əsəridir.
Nə qədər ki Qarabağ torpaqları işğal
altında qalır, biz hər mövsümü bu tamaşa ilə
açacağıq", - deyə rejissor bildirdi.
İsmayıl Umudlu
Ayna.-2009.-18 iyul.-S.20.