Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir

 

Dünyadakı 800 palçıq vulkanından 300-ü Azərbaycandadır. Vulkanlar 26 ölkə - Kolumbiya, İtaliya, Rumıniya, Rusiya, Ukrayna, İran, Pakistan, Malayziya və başqa ölkələrdə mövcuddur. Ölkəmizdəki palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdə olanlardan xeyli fərqlənir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatır. Quruda olanların 21 faizi yer üzərinə neft çıxarır.

Azərbaycanda sönmüş, gömülmüş, sualtı, ada palçıq vulkanları da mövcuddur. Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyir ki, vulkanlarının unikallığı ilə seçilən Azərbaycanı buna görə də "palçıq vulkanları diyarı" adlandırırlar".

Vulkanlar elm üçün böyük əhəmiyyət daşıdığından geoloqlar onları öyrənərək yerin dərin qatlarının geoloji quruluşu, orada baş verən geokimyəvi proseslər, faydalı qazıntı yataqları, xüsusilə də dərində olan neft-qaz yığımları haqqında məlumatlar əldə edirlər. Akif Əlizadənin sözlərinə görə, palçıq vulkanları neft strukturları ilə sıx bağlıdır: "Daha dəqiq desək, təbii, xərcsiz başa gələn kəşfiyyat quyusu, ərazilərin neft-qazlılığını öyrənmək üçün ən əlverişli tədqiqat obyektidir. Faydalı qazıntıların axtarışında vulkanların verdiyi məlumat əvəzsizdir. Ümumiyyətlə, palçıq vulkanları təbiətin qeyri-adi, nadir möcüzələrindən biridir".

Yeri gəlmişkən, institut dünya palçıq vulkanları atlasını tərtib ediblər. Dünya geologiya elmi tarixində ilk dəfə olaraq 1971-ci ildə alimlərimiz Azərbaycanın palçıq vulkanları atlasını buraxıblar. 1993-cü ildə isə br şirkəti ilə birgə həmin nəşr təkrarən buraxılıb. Dünya palçıq vulkanları atlasının isə cari ilin sonuna qədər hazırlanacağını bildirən akademik proses zamanı xüsusi ekspedisiyaların nəzərdə tutulduğunu deyir.

Palçıq vulkanları üzərində geniş tədqiqat işləri aparılıb və onların müalicəvi əhəmiyyəti təsdiqlənib. Vulkan palçığı tibbdə də xüsusi əhəmiyyətə malikdir. Belə ki, bir çox xəstəlik - mədə-bağırsaq, periferik və mərkəzi əsəb sistemi, ginekoloji, uroloji, oynaq, radikulit, dəri və boğaz ağrısının müalicəsində vulkan palçığından geniş istifadə olunur.

Akif Əlizadə məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə məktub yazdıqlarını bildirir: "Tibb üzrə alimlər palçıq vulkanları ilə bağlı tədqiqatlar aparıb, təcrübi işlər görülüb və palçıq vulkanlarının müalicəvi əhəmiyyəti təsdiqlənib.

Bununla bağlı Səhiyə Nazirliyinə yazmışıq. Əgər nazirlik müsbət cavab versə, gözəl müalicəvi ocaqlar yarana bilər. Müalicəvi palçıqdan revmatizm, oynaq, müxtəlif dəri xəstəliklərinin müalicəsi üçün istifadə oluna bilər".

Palçıq vulkanları ilə zəlzələlər arasında sıx əlaqə mövcuddur. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, zəlzələnin baş verəcəyi ərəfədə vulkanlarda aktivləşmə müşahidə olunur. Onların yer səthinə çıxardığı qazların, suların tərkibində bəzi komponentlərin faizi kəskin artır. Məsələn, qazların tərkibində helium, karbon, suların tərkibində isə bor, bəzi hallarda xlorid və sulfat artır. Püskürmələr isə əsasən güclü zəlzələdən sonra olur.

Palçıq vulkanlarının digər sahələr üçün də faydası var. Belə ki, vulkan gili faydalı keramzit xammalıdır və tikintidə, xüsusən də kərpic hazırlanmasında geniş istifadə olunur. Vulkan suları bor, brom, yod, vulkan brekçiyası isə bir sıra lazımlı mikroelementlər - bor, manqan, litium və digər materiallarla zəngindir.

Akif Əlizadənin söylədiklərindən məlum oldu ki, palçıq vulkanları materialından tikintidə istifadə olunur. Vulkanların ətrafı dağıdılır, gil maşınlarla daşınır. Palçıq vulkanları materiallarının çox gözəl, olduqca təbii tikinti materialı olduğunu bildirən akademik hətta vulkanların ətrafında da tikinti işlərinin aparıldığını deyib: "Binəqədi yolu ilə gedəndə həmin ərazidə yerləşən "Keyrəki" vulkanında aparılan tikintilər vulkanın lap konusuna yaxınlaşıb. Vulkan püskürsə, bütün tikintilər altında qalacaq".

Akademik məsələ ilə bağlı Nazirlər Kabinetinə, müvafiq qurumlara müraciət etdiklərini bildirib. Qeyd edək ki, ölkə prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı ilə palçıq vulkanlarının yerləşdiyi ərazilər qoruq zona elan olunub və bu məsələ ilə bağlı işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Hazırda ərazilərin qoruq zona kimi qorunmasının təmin olunması istiqamətində iş aparılır.

Vulkanların turizm məqsədilə də əhəmiyyətli olduğunu deyən akademik Akif Əlizadə əlavə edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu sahədə təbliğat işləri aparılır. İnstitut rəhbəri deyir: "2 ildir alman mütəxəssisləri ilə birlikdə Qobustandakı "Daş-gil" palçıq vulkanı üzərində araşdırmalar aparırıq. Həmin vulkan gündəlik olaraq metan qazı ifraz edir. Monitorinqlərdə fundamental elmi nəticələr əldə edilib. Amma biz onun yerin təki ilə əlaqəsi, atmosferə təsiri, zəlzələlərlə əlaqəsi və s. üzrə araşdırmaları davam etdiririk".

 

 

A.Akif

 

Ayna.-2009.-18 iyul.-S.10.