Torpaqlarımız səhralaşır

 

Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər sırasında yer almış başlıca problemlərdən biri də səhralaşmadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mütəxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır.

Nazirliyin məlumatına əsasən, hazırda ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.

Səbəblər isə çoxdur. Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası ilə təmin olunmaması, mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması səhralaşmaya səbəb olur. Bundan başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması da səhralaşmanı yaradan əsas amillərdəndir.

Nazirlik mütəxəssislərinin rəyi belədir ki, torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir. Bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.

Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbi ilə çıxış etmək məcburiyyətində qalıblar. Buna görə, Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii ehtiyatlardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub.

Problemlə mübarizə işlərinə gəlincə, ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb. "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" milli proqramları təsdiq olunub. Bu proqramlara əsasən, ümumilikdə, hər il ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır.

Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər də davam etdirilir. Ölkəmizin təbii örtüyünün olduğu kimi toxunulmaz vəziyyətdə saxlanması və səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, ölkə başçısının müvafiq fərmanları ilə 2003-2009-cu illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min hektardan 778 min 464,7 hektara çatdırılıb. Bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.

BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq "Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması" layihəsi də həyata keçirilir. Bu isə öz növbəsində Azərbaycanda səhralaşma problemlərinin həlli üzrə işlərin canlanmasına təkan verib. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub.

ETSN mütəxəssisləri torpaqların səhralaşmasının qarşısını almaq məqsədilə dövlət proqramlarına və xarici donorlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirdiklərini söyləyirlər. Amma nədənsə ilbəil yararsız hala düşmüş torpaqların hektarı dəyişilməz olaraq qalır. Deyəsən, mütəxəssislər səbəbi deyil, nəticəni aradan qaldırmaqla məşğuldurlar. Yəni heyvandarlığın yem bazası olmadığından mal-qaranın meşə ərazilərində otarılması davam edir. Sirr deyil ki, suvarma sisteminin dəyişdirilməsi milyonlar tələb edir. Beləliklə , torpaqlarımız yararsızlaşır.

Təbii ki, bu işləri həyata keçirmək ETSN-nin üzərinə düşmür. Amma bir həqiqət də var ki, bu problemlər həllini tapmayınca yuxarıda sadalanan dövlət və milli proqramlara pul xərcləmək gərəksizdir.

 

 

A.Əhməd

 

Ayna.-2009.-18 iyul.-S.10.