“Mənə şou-biznes adlı cəngəllikdə yaşamaq çox çətindir...”

 

Xoş gördük, Ülviyyə xanım! İxtisasca psixoloqsunuz. Yetərincə maraqlı və mürəkkəb sənətdir. Psixologiyaya aid biliklər hər kəsə lazımdır, xüsusilə də rejissora. Bəs yada sala bilərsinizmi, hansı ekran əsəri, hansı filmin təsiri altında rejissor olmağı qərara aldınız?

- Sözün düzü, bu qərarı verəndə dördüncü sinifdə oxuyurdum. Heç bir başqa sahə məni cəlb etmirdi. Amma bir dəfə məndən bağçada soruşdular: "Böyüyəndə nəçi olmaq istəyirsən?" Cavab verdim ki, "bağban" (gülür). Konkret bir filmin adını çəkə bilmərəm, onların sayı çoxdur. Onu da söyləyim ki, kinonu sevdiyim qədər teatrı da sevirdim. Tətil zamanı anam məni tez-tez nənəmin yanına, Moskvaya göndərirdi və mən məmnuniyyətlə nənəmlə teatrlara gedirdim. Teatr mənə çox təsir edirdi. Mən hətta teatr rejissoru olmaq fikrinə də düşmüşdüm.

- Belinski söyləyib: "Düşüncəsiz incəsənət qəlbsiz insana bərabərdir". Sizin kliplərinizdə tamaşaçıların saatlarla həll etməli olduğu krossvordlar yoxdur. Onlar mini-film kimidir və onlarda hər zaman "real həyat" adlı əsas fikir mövcud olur. Məsələn, "Aldatdı məni", "Səndəmi ölmək istədin?", "Yağış", "Sən gəlməz oldun" və bir çox əsərlərinizi sadalamaq olar. Təəccüblü deyil ki, kliplərinizin heç də hamısı xoşbəxt sonluqla bitmir.

Axı hər şeyin hər zaman yaxşı olması mümkün deyil. Ülviyyə xanım daha hansı fikirlərini kliplərində əks etdirməyə çalışır?

- Mən xasiyyətcə real həyata yaxın olan insanam və hesab edirəm ki, həyat bizə hər zaman nəyisə diktə edir. Bir psixoloq kimi ətrafımda olan insanların həyatında baş verən hadisələri müşahidə edir, onları kliplərimdə əks etdirməyi xoşlayıram. Bir də çox şeyləri, təəssüflər olsun ki, öz ağır həyat təcrübəmdən götürürəm. Bilirsiniz, yalnız xəyallarda hər zaman hər şey yaxşı sonluqla bitə bilər. Bədbin insan olmağıma baxmayaraq, mən xoşbəxt sonluqları çox sevirəm. Ona görə də asudə vaxtlarımda romantik amerikan komediyalarını izləyirəm, belə ki, onlar həmişə xoşbəxt sonluqla bitir. Faciəvi sonluqlar mənə çox pis təsir edir. Yadımdadır, "Modilyani" filmini seyr etdikdən sonra bütün həftə depressiyada oldum. Mən xasiyyətlərin və şəxslərarası münasibətlərin kəsişdiyi psixoloji dram çəkmək arzusundayam.

- İlham bizim gözlənilmədən gələn, mistik əhval-ruhiyyəmizdir. Sizə bu mistik əhval-ruhiyyə gələndə ilk öncə nə edirsiniz?

- Onu söyləyim ki, bu mistik əhval-ruhiyyə mənə çox tez-tez gəlir. Mən gecə oyanıb, gördüyüm yuxunu kağıza köçürüb, gələcəkdə həmin yuxunun motivlərindən klip çəkilişlərində istifadə edirəm. Mən mistikaya inanan insanam, amma hesab edirəm ki, elmi əsası olmayan falabaxma və insanın taleyinə qarışma yanlış bir əməl və günahdır.

- Elə bir mahnı, kompozisiya varmı ki, onu ekranlaşdırmağı arzu edirsiniz, amma hələ bu arzunuz bəzi səbəblərə görə gerçəkləşməyib?

- Elə mahnı var, amma xarici estradadandır. Bizim mahnılarımıza qalınca, istədiyim bütün mahnılara klip çəkmişəm çəkməyə davam edirəm. Həm bəxtim onda gətirib ki, sevmədiyim mahnıya hələ ki klip çəkməmişəm.

- Bu yaxınlarda İnternetdə oxumuşam ki, tam fərqli janrlarda olan üç film çəkmək fikrindəsiniz. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?

- Xeyr, bu, yanlış məlumatdır. Üç filmi dalbadal çəkmək kimi xoşbətlik hardadır? Mən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Kino" şöbəsinə üç alternativ ssenari təqdim etdim. Film onların seçdiyi ssenariyə çəkilir.

- Bir zamanlar bizim bədxah qonşularımız Brilliant Dadaşovanın ifa etdiyi "Vokaliz" mahnısını mənimsəmişdilər. Müəllif hüquqlarını məhz dünya səviyyəsində həll etmək isə o zaman bizim üçün çox önəmli idi. "Vokaliz"i ekranlaşdırmaq çox məsuliyyətli və prinsipial iş idi. Bu yük sizin boynunuza düşdü. Maraqlıdır, çəkiliş zamanı hansı prinsiplərə əsaslanırdınız və hansı hissləri keçirirdiniz?

- İlk öncə onu qeyd etmək istəyirəm ki, həmin bədxah qonşularımızın həyasızlığı məni çox qıcıqlandırır. Mən çox vətənpərvər insanam və baş verən bu hadisə mənə gecələr belə yatmağa imkan vermirdi. "Vokaliz"i çəkərkən çalışırdıq ki, bu klipi Azərbaycanın vizit kartı edək. Klipdə ermənilərin bizdən mənimsəməyə çalışdığı milli rəqslərimizi, libaslarımızı, tar, kamança, qaval kimi milli musiqi alətlərimizi əks etdirmişik.

- "Səmimiyyət həqiqətin anasıdır və ləyaqətli insanı əks etdirən lövhədir". Heç kəsə sirr deyil ki, yazılmamış qanunların hakm sürdüyü bu şou-biznes adlı cəngəllikdə çox qeyri-səmimi insanlar var. Bəs Ülviyyə xanım belə insanlara müraciət edibmi? Səmimiyyət ifaçı üçün nə dərəcədə önəmlidir?

- Belə qeyri-səmimiliklə çox tez-tez rastlaşıram və onu da etiraf edim ki, istər-istəməz şou-biznesin, bu şöhrətpərəstlik bazarının bir hissəsi olmaq məcburiyyətində olduğun bu cəngəllikdə yaşamaq çox çətindir. Bəzən özüm-özümlə bu barədə münaqişəyə də girirəm. Elə anlar olub ki, hər şeyi atıb bu sahədən getmək istəmişəm. Amma illər ötdükcə hər şeyə daha fəlsəfi yanaşmağı öyrəndim. İşimlə əlaqədar mən şou-biznesdəyəm, amma qəlbən mən şou-biznesdən kənardayam. İfaçının səmimi olmasının nə qədər vacib olduğuna qalınca isə, rejissor üçün həmin səmimiyyət daha vacibdir.

- "Qadınlar gözəl ağlamağı bacarır! Onlar istədiyi zaman və istədikləri kimi ağlayırlar". Çox zaman hamını klipləri ilə ağladan Ülviyyə xanımın özü nə vaxt sonuncu dəfə ağlayıb?

- Çox tez-tez ağlayıram, amma bağlı qapılar arxasında. Bir ara məndən yazırdılar ki, mən "Dəmir Ledi"yəm. Amma sizi əmin edirəm ki, bu belə deyil. Məni mahnı, film və ümumiyyətlə həyatda hər şey kövrəldə bilər. Mən çox həssas insanam!

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-18 iyul.-S.19.