Bəstəkar Kamalın külliyyatı işıq üzü görüb

 

           Onlarla mahnının müəllifi olan bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu işıq üzü görüb. Maraqlı tərtibatla "Gilan" holdinqdə buraxılan albom musiqi müəllifinin bütün külliyatını özündə birləşdirib. Topluda yer alan mahnılardan ikisinin söz müəllifi Leyla Əliyeva, digərlərinin isə əməkdar incəsənət xadimi Baba Vəziroğludur. Qeyd edək ki, Leyla xanımın yazdığı şeir babası ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilib.

Albomun söz müəlliflərindən olan Baba Vəziroğlunun məlumatına görə, bağlama şəklində yerləşdirilən küliyyat bir neçə hissədən ibarətdir. Belə ki, burada müəlliflərin bir ərsəyə gətirdiyi mahnılar və onların ekran görüntüləri CD və VCD şəklində yerləşdirilib. Kitab formatında hazırlanan 4 diskin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözərəm" yazılıb. Eyni zamanda, toplunun içində yerləşdirilən dərgidə mahnıların, ifaçıların və müəlliflərin adı, eyni zamanda, şeirlər yazılıb. Geniş imkanları ilə seçilən toplu dinləyicinin seçimini asanlaşdıraraq bütün bölmələri ayrı-ayrı vərəqlərdə əks etdirib.

Mahnıların ifaçılarından söz salan B.Vəziroğlu burada Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, İlqar Muradov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Manana, Röya, Aygün Bəylər, Ruhəngiz Allahverdiyeva, Ağadadaş Ağayev, İradə İbrahimova, Bəsti Bəkirova, Nazim, Könül Kərimova, Gülüstan Əliyeva, Zuzu, Nadir Qafarzadənin adlarının qeyd olunduğunu bildirdi. Eyni zamanda, musiqiçilər Ülviyyə Vəliyeva və İlham Nəcəfovun ifasında bir neçə mahnının instrumental variantı topluya daxil edilib.

 

 

Ayna.-2009.-18 iyul.-S.20.