İstirahət mərkəzləri azdır

 

Azərbaycanlılar xaricdə istirahətə üstünlük verirlər. Baxmayaraq ki ölkə ərazisində fəaliyyət göstərən 300-dən artıq istirahət mərkəzi artıq turistlərin ixtiyarındadır. Ancaq qonşu ölkələrdəki turistlərdən fərqli olaraq əhali nədənsə yerli istirahət mərkəzlərində deyil, xaricdə istirahətə daha çox üstünlük verir. Ötən il Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərində 1 milyon 300 mindən artıq turist dincəlib. Turistlər arasında qonşu Rusiya, İran və Türkiyədən olanlar çoxluq təşkil edib.

Araşdırmalar göstərir ki, əhalinin xaricdə istirahətə üstünlük verməsinin əsas səbəbi ölkə ərazisində birgünlük istirahətin qiyməti ilə xarici ölkələrdə bir həftə istirahət etməyin eyni qiymətdə olmasıdır. Azərbaycanda istirahətin həddindən artıq baha başa gəlməsini aidiyyəti qurumlar da təsdiq edir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Elçin Qafarov mətbuata bildirib ki, qiymətlərin bahalığının əsas səbəbi istirahət mərkəzlərinin say azlığı ilə əlaqədardır. O deyib ki, ölkə ərazisində 300-dən artıq istirahət mərkəzi fəaliyyət göstərsə də, tələbat çox olduğundan qiymətlər də çox bahadır.

Bu il istirahət mərkəzlərinin sayının artacağı ilə qiymətlərin düşəcəyi proqnozlaşdırılsa da, gözləntilər özünü doğrultmadı. Qlobal maliyyə böhranı turizm sektoruna da təsirsiz ötüşmədi. Odur ki, ekspertlərin proqnozları boşa çıxdı. Ona görə də, gözünü qlobal böhranın yeganə uğurlu nəticəsinə dikən insanların ümidləri puça çıxdı. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev mətbuata bu reallığı təsdiq etdi. Nazir bildirdi ki, əgər bu sahəyə tələbat varsa, qiymətlərin düşməsi haqqında danışmağa dəyməz. Onun fikrincə, bu obyektlərdə qiymətləri dövlət deyil, bazarın qaydaları və tələbat müəyyənləşdirir.

Təbii ki, qızmar yay günlərində bütün istirahət mərkəzlərinə olan tələbat ilin digər fəsilləri ilə müqayisədə daha yüksək olur. Amma qəribədir ki, Avropada, qonşu Türkiyədə, Gürcüstanda qiymətlər 15-20 ABŞ dolları bahalaşdığı halda, ölkəmizdə söhbət 40-50 faizdən gedir.

Məsələn, Antalyada "Delfin", "Diva" adlı 5 ulduzlu oteldə bir günlük bir nəfərin istirahətinə 108 manat, "Titanic Beach and Resort" 5 ulduzlu oteldə 99 manat, "Torkari Palace" üçün 84 manat lazımdır. Qeyd edək ki, həmin məbləğə uçuş bileti, otelin bütün xidmətlərindən istifadə və gündəlik üç dəfə yemək də daxildir. Kəmərdə fəaliyyət göstərən 4 ulduzlu otellərdə isə günü 40-50, Bodrumda 60-80 manat arasındadır

Ancaq otel və istirahət mərkəzlərində iyunun əvvəllərində istirahət etməklə iyulun ikinci yarısı və avqust ayında dincəlməyin fərqi vardır. Amma bu məbləğ yenə də Azərbaycanın istirahət mərkəzləri ilə müqayisədə ucuzdur. İyulun sonu və avqust aylarında adıçəkilən otel və istirahət mərkəzlərində dincəlmək istəyən turistlər isə yalnız 30-50 manat çox ödəməli olacaqlar.

Ölkəmizin otellərində isə qiymətlər nisbətən bahadır. Məsələn, dəniz kənarında yerləşən 3 ulduzlu oteldə birgünlük istirahət 70 manatdır. Bu qiymətə isə yalnız səhər yeməyi daxildir. Oteldəki lüks otağın bir sutkalıq qiymətinin isə 105 manat olmasını nəzərə aldıqda 2 nəfərlik istirahətə gedən turist bütün xidmətlərdən istifadə etməklə bir günə 200-210 manat, bir həftəyə isə 1500 manat xərcləməli olacaq. Nabranda yüksək səviyyədə olan otellərdə iki turist 600-800 manat, Masallıda 500-600 manat, Qəbələdə 400-600 manat xəcləməli olacaq. Ölkənin şimal rayonlarında yerləşən obyektlərdə isə istirahət bundan da bahadır. Türkiyədə isə müvafiq oteldə bir həftəlik istirahət 1200-1300 civarındadır. Bu xərclərə ölkəyə gediş-gəliş biletinin qiyməti də daxildir.

Artıq turizm şirkətləri öz saytlarında ölkəmizdən Türkiyənin müxtəlif istirahət ocaqlara getmək istəyənlər üçün bir-birindən maraqlı vədlər verir. Bu vədlərlə tanış olduqda bəlli oldu ki, 1500 manat xərcləməklə dəniz kənarında yüksəksəviyyəli oteldə istirahət etmək mümkündür. Hətta elə şirkətlər var ki, turistlərin sayı artıq olduqca qiymətlərdə endirim etməyi də təklif edir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.

Araşdırmalar göstərir ki, qlobal maliyyə problemi dünyada işgüzar və turist səfərlərinin kəskin azalması, bəzi ölkələrdə mehmanxana biznesinin çökməsinə səbəb olub. Avropa mehmanxanalarının gəlirliliyi 2008-ci ildə 4,2 faizə düşüb. 2007-ci ildə bu sahədə 5,9 faiz artım qeydə alınmışdı. Təkcə bu ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tələbat 30 faiz azalıb. Konkret ölkələr üzrə - Dubayda mehmanxana xidmətlərinin 20-40 faiz, Moskvada 15-20 faiz, Londonda 27 faiz, Berlin və Parisdə 14 faiz, Romada 16 faiz, Madriddə isə 18 faiz ucuzlaşdığı qeyd edilir. Qiymət endirimləri ilə yanaşı, adları çəkilən ölkələrdə otel-mehmanxana biznesində çalışan sahibkarlar müştəriləri cəlb etmək üçün pulsuz yemək, avtomobil icarəsi və digər bonuslardan istifadəni artırıblar.

Azərbaycan mehmanxanaları bu prosesdən kənarda qalmasa da, böhran onların işinə çox az təsir edib. Xüsusən paytaxtın aparıcı otellərində xidmət haqları, demək olar, əvvəlki səviyyədədir. İldə minlərcə qonaq qəbul edən 4 və 5 ulduzlu otellərin qonaq sayı nəzərəçarpacaq dərəcədə azalıb, lakin qiymətlər yenə də dəyişməyib. Amma ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə, Azərbaycanda da otel xidmət tariflərində müəyyən endirimlərin baş verməsini mümkün hesab edirlər. Çünki mehmanxana xidmətindən istifadə edənlərin sayının kəskin azalması qiymətlərə təsir göstərən əsas faktordur.

Azərbaycan otellərinin böhranla əlaqədar qiymətlərdə endirim etməsinin zərurətdən irəli gəldiyini bildirən iqtisadçı ekspert Əli Əlirzayev bildirdi ki, bu onların fəaliyyətinin davam etməsi üçün olduqca müsbət hal ola bilər: "Bazar özü hər şeyi tənzimləyir. Otellər qiymətləri ucuzlaşdırsa, rəqabət artacaq və turistlərin cəlb edilməsi uğrunda mübarizə başlayacaq. Bu, otel-mehmanxana şəbəkəsi yüksək inkişaf edən ölkələrdə çox təqdirediləsi hal hesab olunur".

İqtisadçılar böhranın təsir edəcəyi təqdirdə, turizm şirkətlərinin turist qıtlığı ilə üzləşməməsi üçün hökumətin onlara güzəştli kreditlər verməsini təklif edirlər. Həmin vəsaitlərin hansı məbləğdə və hansı şərtlərlə verilməsi konkret mexanizmə əsaslanmalıdır. Kreditlər bütün turizm şirkətlərinə verilməməlidir. Azərbaycanın qeyri-neft sektorunda əsas rol oynayan şirkətlər bu yardımlardan faydalanmalıdır.

İqtisadçılar vəziyyətdən çıxış yolu üçün başqa üsulların da olduğunu qeyd edirlər. Hər bir otel və ya istirahət mərkəzi mövcud qiymətləri aşağı salmaqla da böhranın təsirindən xilas ola bilər. Ona görə də, otel və istirahət mərkəzlərinin rəhbərləri qiymətləri aşağı salmaqda maraqlı olmalıdırlar.

 

 

Ayna.-2009.-18 iyul.-S.8.