“Azərbaycan simfonik musiqisi
yaşayır və inkişaf edir”
Bəstəkar ədalətin hər
yanda bərqərar olmasını arzulayır
Bugünkü
həmsöhbətim Brilliant Dadaşovanın, Zülfiyyə
Xanbabayevanın, Aygün Kazımova kimi ulduzların ilk
mahnılarının müəllifidir. "Hər şey
gözəldir həyatda", "Hicran", "İtkin gəlin",
"Qızım", "Sevəcəyəm", "Tənha
qadın", "Məni daha gözləmə"... Onun
mahnılarında çoxlu kədər, qəm-qüssə,
həzinlik var. Cavanşir Quliyevin mahnılarını dinləyərkən
insan bir neçə dəqiqəlik arzular, xəyallar
dünyasına köçür və həmin aləmdən
çıxmaq istəmir. Cavanşir müəllim "Fəryad",
"Şirbalanın məhəbbəti", "İtkin gəlin",
"Süd dişinin ağrısı", "Aşıq Qərib"
kimi tamaşa, film və teleseriallara da musiqi bəstələyib.
Cavanşir Quliyev 1950-ci ildə Şəki şəhərində dünyaya göz açıb. 1968-ci ildə orta məktəblə yanaşı Şəki Musiqi Texnikumunu bitirir və həmin il Azərbaycan
Dövlət Konservatoriyasının
tar sinifinə qəbul olunur. İki il ötəndən
sonra bəstəkarlıq
fakültəsinə keçir
və 1975-ci ildə professor Cövdət Hacıyevin sinifini bitirir.
Bədii yaradıcılığına gəldikdə, hələ tələbəlik illərində Dövlət Televiziyasında səs rejissoru kimi fəaliyyətə başlayır və bu fəaliyyət düz 17 il sürür. 1990-93-cü illərdə
Azərbaycan Dövlət
Konsert birliyinin bədii rəhbəri kimi çalışıb.
2003-cü ildə dosent,
2005-ci ildə isə professor pilləsinədək
ucalıb. Məhz bu ildən başlayaraq
bəstəkar Türkiyəyə
köçür və
Quzey Kipr Türk Cümhuriyyətinin
Yaxın Doğu Universitetində "səhnə
sənəti" fakültəsində
dərs deməyə başlayır. İlk sualımız:
- Hansı sənətkarların yaradıcılığı sizə daha çox ilham qaynağı idi və onlarla birgə çalışmaq sizə nəsib olubmu?
-
Onlar saysızdır: Xan Şuşinski, Bülbül,
Şövkət Ələkbərova, Müslüm Maqomayev, Əlibaba
Məmmədov və s. Onu qeyd etmək istəyirəm ki, mən
uşaqlıqdan tar alətində ifa edirəm və
muğamlarımızla böyümüşəm. Məni
uğurlu gələcək gözləyirdi, çünki dinlədiyim
gözəl musiqilər və ifaçılar idi. Amma təəssüflər
ki, onlar üçün mahnı yazmaq qismət olmadı, buna
baxmayaraq mən həmin sənətkarların gəldiyi
studiyada çalışırdım və onlarla tanış
idim. Şövkət Ələkbərova
mahnılarımı dinləyib mənə: "Bir şey
yaz, ifa edim" söylədi, amma ömür vəfa etmədi.Eyni
hekayət Rəşid Behbudovla təkrarlandı. Amma sizə
açıq söyləyim ki, mən onlarla
çalışmağı qarşıma məqsəd
qoymamışdım, çünki başqa səmtdə
musiqi yazırdım. Sözsüz ki, həmin istiqamətdə
onlar ifa edə bilərdilər, sadəcə, istəməzdilər.
- Milli musiqi müasir bəstəkarın
yaradıcılığına necə təsir edir?
-
Əslində mütləq etməlidir. Çünki milli
musiqinin sayəsində musiqimiz əsl Azərbaycan musiqisi olur.
-
Bugünkü bəstəkarlar əsasən
hansı problemlərlə rastlaşırlar?
- Həmin problemlər hər zaman eynidir. Əsasən bu öz əsərlərimizin (mahnılar daxil olmaqla) ifasıdır. Bəzən çox çətin və ciddi əsərlər yaranır. Onları yazmaq üçün, sadəcə, otaq, musiqi aləti, qələm və kağız lazım olur. Belə bir misal gətirim, mahnı uşaq kimidir, dünyaya gəlir, axı bu uşağı yedizdirmək, geyindirmək lazımdır. İfaçı həmin mahnının bütün ləvazimatlarını ödəməlidir.
- Bir çox ənənəvi
musiqi janrlarına sanki "ölüm hökmü" çıxarılıb,
misal üçün,
sinfoniyalara. Onlar sanki silinib getməkdədir. Bu meyli necə izah edərdiniz?
- Sizinlə razı deyiləm. Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir, bizim simfonik musiqi dünyanın ən gözəl səhnələrində səslənməkdədir. Azərbaycan Dövlət Filarmoniyasında hər ay simfonik orkestrin müşayiəti ilə neçə-neçə konsert olur. Sadəcə, simfonik musiqi mahnı janrına yer verir və bu musiqinin xüsusi kütləsi var. Bu janr musiqini daha dərindən öyrənməyə kömək edir və sözsüz ki, onun dinləyiciləri müdrik insanlardır.
- Hazırda hansı mövzu üzərində
çalışırsınız
- Yeni "Tufan" baleti üzərində iş gedir. Bu, Alla Axundovanın mükəmməl librettosudur. Libretto Azərbaycan nağılı və İncil əfsanəsini özündə birləşdirir.
- Xalq artisti Zülfiyyə
Xanbabayevanın ilk "Dağlar"
mahnısının müəllifi
sizsiniz. Zülfiyyə xanım estradamızda
ilk rok mahnısının
da ifaçısıdır.
"Məni daha
gözləmə" mahnısının
da bəstəçisi
sizsiniz. Zülfiyyə xanımın ilk dəfə
studiyanıza gəlməyini
xatırlayırsınız?
- Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva birlikdə Mədəniyyət və İncəsənət Universitetində oxuyublar və o vaxtdan rəfiqədirlər. Bir gün Brilliant Zülfiyyəni studiyama gətirir və özü royal arxasında əyləşir (çox gözəl ifa bacarığı var). Populyar türk mahnılarını ifa etməyə başlayır və Zülfiyyə də ona qatılır. Mən isə qapı arxasında dayanmışdım və ürəyimdə deyirdim: "Bu qız oxuyur, özü də ürəkdən". Özünə müraciət edib soruşanda ki, niyə belə səslə oxumursan, gəl bir mahnı yazaq. O, kəskin bir tərzdə: "Yox, yox, səhnə hara, mən hara?" - deyə cavab verdi. - Sadəcə, hərdən Brilliantla bu tərzdə ürəyimi boşaldıram". Evdə bizim söhbətimizi çatdırsa da, ona oxumağa icazə vermirdilər. Mən isə sözümün üstündə durdum və biz "Hicran" mahnısını yazdırdıq.
- Mahnılarınızın ifaçısını
özünüz seçirsiniz,
yoxsa onlar sizə müraciət edir?
- Əsasən mənim mahnılarım konkret olaraq kimin üçünsə yazılır, amma istisna hallar da olur.
- Hansı mahnı sizə daha çox uğur gətirdi?
- Bu, "Azərbaycan əsgəri" marşıdır, bu marş "Fəryad" filmində səslənib.
- Arzu və xoşbəxtlik...
Arzular çin olanda insan xoşbəxt olur. Nə arzu edirsiz və xoşbəxtliyi nədə görürsünüz?
- Arzum şah
əsərimi yaratmaqdır.
Xoşbəxtlik isə ədalətdir,
ədalətin hər
yanda bərqərar olmasıdır.
Sevinc ISMAYIL
Ayna.-2009.-25 iyul.-S.19.