“Mini-disklə oxumaq
ayıbdır”
"Mənim
tələblərimlə nəzərdə tutuduğum konserti
gözləyənlər çoxdur. Bu layihə gec-tez həllini
tapacaq. Özümə gəlincə, əslində, mənim
operada hər çıxışım bir konsertdir. Ancaq solokonsertim olmayıb.
Bakıda solokonsertimin keçirilməməsinə səbəb
sırf maliyyə problemidir. Solisti olduğum Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında yaxın
ayların birində solokonsert verməyi
planlaşdırıram", - xalq artisti Mənsum İbrahimov
hesab edir ki, bu hər bir sənətçinin
tamaşaçı qarşısında bir hesabatıdır.
Estrada
ilə yanaşı, muğam ifaçıları arasında
da kəskin münasibətlərin hökm sürdüyündən
danışan xanəndə bunu faciə saymamağı
tövsiyə edir: "Sənətdə qalmaqal
qaçılmazdır. Yarımçıq, eqoist ifaçılar yaradıcı
insanın uğuruna sevinmir, ona həmişə qara yaxmağa
çalışırlar. Mən çayxanada dedi-qodu ilə
məşğul olanlara real olmağı məsləhət
görürəm. Bu günə kimi mənim kiminləsə
böyük qalmaqalım olmayıb. Mənim tələbəm
bu gün Şah İsmayıl obrazını ifa edir, bəs
onlar kimi yetişdirib? İş görməyənlər iş
görənlərin yolunda kötükdürlər. Bu sırf
paxıllıqdır. Çoxları oturub niyə hər yerdə
Mənsum İbrahimovun tələbələrinin görünməsinin
hesabını istəyirlər. Məgər istedadlı Azərbaycan
gəncini yetişdirmək pis peşədir? Bunu deyənlər
də tək bir tələbə yetişdirəydilər. Mənim
50-yə qədər tələbəm var, onların 20-si
artıq peşəkar səhnədədir. Onlara sənətin
sirlərini təmənnasız öyrədirəm.Muğamda estrada kimi maddiyyat
yoxdur".
Mənsum İbrahimovdan onların kimliyini
xəbər alanda konkret ad çəkməsə də, bunun
bəlli isimlər olduğunu söylədi: "Həmin
insanlar özlərindən başqa heç kimi istəmirlər.
Azərbaycanın sənətkarları
kimi tanınan həmin şəxslər çayxana söhbətləri
ilə də məşhurdurlar. Yaxşı olar ki, onlar sənətdən
danışsınlar, yaxşının üstündən pis
xətt çəkməsinlər. İndi onların qeybət
edən yox, tələbə hazırlayan vaxtlarıdır. Əslində,
60 yaşı keçmiş insanların çox böyük
təcrübəsi olur. Yaxşı sənətkar olmaq hələ
yaxşı insan olmaq demək deyil. Bu gün həm şəxsiyyət,
həm ifaçı, həm də müəllim kimi
muğamın ağsaqqalı Arif Babayevin olduğunu
düşünürəm".
Xanəndə vaxtilə sənətkar
yarışmasının indi fonoqram yarışması il əvəz
olunmasından da danışdı. Dedi ki, hətta bəzi ifaçılar fonoqramın sonuna
alqış sədaları yazdıraraq publikada eefekt
doğurmağa çalışır: "Toylarda mini-disklə
oxumaq çox ayıbdır. İnsanlarımız kökdən
qopur, bütün bunlar bizi yaxşılığa doğru
aparmır. Bu problemə ziyalılar öz fikirlərini bildirməlidir.
Öz musiqisini bilməyən, şairini tanımayan bir gənc
sabah necə vətəndaş olacaq? Sənətçi
peşəyə ad almaq, məşhur olmaq niyyəti ilə
yanaşmamalıdır. Mən Opera Teatrında Məcnunu
oxuyanda heç zaman məqsədim ad almaq olmayıb. Mənə
bu adları sənətimə baxıb veriblər. Mən
yaxşı sənətkar olmağı qarşıma məqsəd
qoymuşam və illərlə çalışmışam.
Bir də görürsən fəxri ad alan insanlar buna ehtiyac
olmadığını deyirlər. Ancaq həmin insanların
addan imtina etməsini istəsən, etməzlər. Fəxri ad
olmalıdır, ancaq onu layiqlilər almalıdır.
Z.Rüstəm
Ayna.-2009.-25
iyul.-S.20.