VAQİF
SƏMƏDOĞLU YETMİŞİ HAQLADI
Bu maraqlı insan şair və dramaturq
üçün əbəs yaşanmamış
bir ömür ilə qürur duya bilər
Bizim
günlərin sayılıb-seçilən şairi və
dramaturqu Vaqif Səmədoğlunun 70 yaşı tamam olur. Səməd
Vurğun ocağından pərvazlanan ikinci fenomen... Bizim bənzərsiz
Xalq Şairimiz. Günümüzün ovqatını, təzadlarını,
bizim görüb fərqinə varmadığımız
hallarını özünə xas bir üslubda teleekranlara
daşımağı, teletamaşaların mövzusuna
çevirməyi bacaran istedadlı dramaturqumuz. Poeziyası ilə
onu bu gün tam haqlı olaraq tək Azərbaycanın deyil,
Türk Dünyasının böyük şairlərindən
biri hesab edənlər də var və bizcə, onlar
yanılmırlar.
Və
70 yaş... Özəlliklə də Şair
üçün, Söz adamı üçün bu az yaş
deyil. Bu maraqlı insan şair və bir dramaturq
üçün əbəs yaşanmamış bir
ömür ilə qürur duya bilər. Bu halda özgə bir
söz deməyə çətinlik çəkirik.
Əgər
atasının və qardaşının yaşı ilə
müqayisə etsək, tale ömür sarıdan onun
üzünə gülüb. Bu ocağı qalayan atası -
bizim böyük Səməd Vurğun həyata 50
yaşında vida etmişdi. Amma klassik olaraq milli ədəbiyyatımızda
özünə əbədi yer tutmağı bacardı. Vaqifin
böyük qardaşı Yusif Səmədoğlu 1998-ci ildə
ömrünün 63-cü ilində - peyğəmbər
yaşında həyata gözlərini yumdu. O da ədəbiyyatımızda dərin
izlər buraxaraq getdi.
İndi onların hər ikisinin yarımçıq
ömrünü də yaşayan Vaqif Səmədoğlu
1939-cu il iyunun 5-də - dünya ədəbiyyatının
ünlü isimlərindən olan Qarsia Lorka və bizim
Mikayıl Müşfiqin doğum günündə dünyaya
göz açıb. Bu da, bəlkə, onun gələcək həyat yolunu
cızan bir əlamət idi. Vaqif Səmədoğlu da
atası və böyük qardaşı kimi ədəbiyyatımızda
özünə hər halda, uzun bir ömür
qazanmağı bacarmışdır. Biz indidən bunu söyləyə
bilərik.
Qələm
əlindədir, yorulmadan çalışır,
vaxtaşırı olaraq nəsə uğurlu və nəsə
yeni, orijinal bir ədəbi örnəklə söz səhnəsinə
çıxmağı bacarır.
Mənə
görə Vaqif - yalnızca şeir yazmır, Vaqif -
sözün geniş anlamında Şairdir. Yəni, şeir
yazanların çox, şair olanların isə az olduğu
bir zəmanədə Şairdir. Özü də Füzulidən
bu yana milli ədəbiyyatımızda 20 ən böyük
Şairdən biri. Bu nəticəyə ilk dəfə tənqidçi
dostumuz Vaqif Yusifli gəlib və ona haqq qazandırmamaq
mümkün deyil. Vaqifin söz dünyası, pyeslərinin mənalı
yumorla yoğrulmuş ruhu mənə yaxın olduğundan bu
adamın şeirlərinin vurğunuyam və bir çox
şeirlərini əzbər bilirəm.
Vaqif Səmədoğlu ilə bizim çox söhbətlərimiz, görüşlərimiz olub. Onun söz dünyasına və təfəkkürünün gücünə və işığına bələdəm. Bu 70 yaşının tamamında da onunla söhbətləşmək və qəzetimizin oxucularına yeni və yaxşı bir yazı təqdim etmək fikrimiz vardı (onunla hər söhbət yaxşı alınır). Fəqət bu niyyətimiz baş tutmadı, boyun qaçırdı və mən onu başa düşdüm. Sevimli bacısı Aybəniz xanımın səhhət durumu yaxşı olmadığından öz 70 illiyi heç gözünə görükmür. Fəqət yubiley yubileydir, ürəyimizdən Vaqifi bu yazı ilə təbrik etmək keçdi. Ona uzun və mənalı bir ömür arzulayırıq. Qoy atasından və qardaşından kəsilən ömür payı onun ömrünə calansın. Və bu ədəbiyyatımız üçün də məhsuldar bir ömür olsun. Aybəniz xanıma isə Ulu Tanrıdan şəfalar diləyirik.
MUSİQİDƏN KİNOYA VƏ
ŞEİRƏ
Vaqif ədəbiyyata,
şeirə kənddən və ya orta məktəbdən
deyil, klassik Avropa musiqisindən gəlmişdi. Bizlərdən kimsənin
şeirə, ədəbiyyata bu çətin yoldan keçib
gəlmiş olduğunu nəsə xatırlaya bilmədim.
Onun ədəbi səhnədə belə bir möhkəmlik və
sarsılmazlıqla dayanmasının səbəbini mənə
görə bəşəri Avropa musiqisinin dərin köklərində
aramaq gərəkdir.
Üzeyir
Hacıbəyov adına Dövlət Konservatoriyası
yanında 10 illik musiqi məktəbini əlaçılıq
diplomu ilə bitirmişdi (1956). Həmin il Konservatoriyanın
fortepiano şöbəsinə daxil olmuşdu. Buranı 1961-ci
ildə başa vurduqdan sonra iki il - 1962-63-cü illərdə
Moskva Dövlət Konservatoriyasında təcrübə
keçmişdir.
ADK-da fortepiano üzrə ixtisas müəllimi kimi 1972-ci ilə qədər dərs demişdi. Müəllimlik fəaliyyəti ilə yanaşı, 1968-71-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri, "Yazıçı" nəşriyyatında redaktor işləmişdi. 1982-85-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ədəbi hissə müdiri olmuşdu.
"YEDDİ ŞEİR" və "YOLDAN TELEQRAM"
İlk şeirlərini hələ orta məktəbdə oxuyarkən yazmış, lakin heç kəsə, o cümlədən atasına göstərməmişdi. Bəlkə, atası onu danlayacaqdı, bəlkə, tərifləyəcək, həvəsləndirəcəkdi - bilinmir. Ciddi şeir yaradıcılığına isə 1959-cu ildən - atasının vəfatından xeyli sonra başlamışdı. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilmişdi. İlk şeirlər kitabı "Yoldan teleqram" 1968-ci ildə işıq üzünə çıxmışdı və bu çox balaca bir kitab idi. Maraqlı burasıydı ki, bu bapbalaca kitab ədəbi mühitə səs salmışdı. Onu tərifləyənlər də, Səməd Vurğun yolundan kənara çıxdığına görə qınayanlar da çox idi. Fəqət bir şey aydın idi: əgər mübahisə doğurubsa, adamları yerindən oynadıbsa, demək bu bapbalaca kitabda nəsə vardı.
Sonra - fasilə. "Günün baxtı"nı (Bakı, "Gənclik", 1972) V.Səmədoğlu kitab saymadı. Səbəbini belə izah edirdi ki, bu kitab böyük həcmdə çıxmalı imiş, ondan xəbərsiz balaca bir kitabça buraxmışdılar. Müəllif özü bu kitabına bir qədər "insafsız" münasibət bəsləsə də, fikrimizcə, onun poeziya aləmində yeni bir addımı idi və bir şair olaraq Vaqif Səmədoğlu haqqında müəyyən təəssürat yaradırdı (çox olur ki, kiloqramlıq kitablarda şeir adına beş kəlmə söz tapmırıq, yəni məsələ həcmdə deyildi).
Bu kitaba "Günün baxtı" başlığı altında 12 şeiri, "Yollarda yazılmış şeirlərdən" 4-ü, "Uşaq sözlərindən doğulmuş şeirlər"dən 4-ü və 2 kiçik poeması - o cümlədən, Nazim Hikmətə həsr etdiyi "Divin nağılı" salınmışdı.
Burada "Atamın məktublarına cavab"ı Səməd Vurğun haqqında yazılan ən yaxşı şeirlərdən biri kimi qiymətləndirilə bilər:
Yanından
keçənlər,
ayaq saxlayıb
bir an
baxırlar sənə,
Səməd Vurğuna.
Mən də baxıram.
Baxıram
cavan
ölmüş Məhbub nənəmin
Salahlıdan
gedib
heykəl
olmuş
qarayanız
oğluna...
YER KÜRƏSİNDƏN
DÜŞMƏK İSTƏMİŞDİ
Vaxt gəlib yetişdi və Vaqif Səmədoğlu dünya və zaman haqqında öz sözünü deməyə başladı və bu halda da başqalarından fərqləndi. "9 may", "Cənab U Tana", "Yunan allahları", "Vyetnam dərdi", "Avqust və avqustlar", "Anna səkidə qaldı" və s. kimi sosial-siyasi məzmunlu şeirlərində Vaqif Səmədoğlu dünya problemlərinə yeni yanaşma tərzi ilə seçilirdi.
Bilirik ki, 1963-cü ildə yazdığı "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm" misraları o vaxtlar Moskvada, Polşada çox populyar olub. Bu söz hətta Amerika zənci hərəkatında plakatlara yazılırdı. Onun şeirləri Latviyada yuxarı siniflər üçün latış dili dərsliklərinə salınmışdı.
Poeziya aləmində atdığı bu uğurlu addımlarından sonra Vaqif Səmədoğlu 1970-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilir. Bu artıq onun ədəbiyyatda özünütəsdiqi idi. Sərt ədəbi rəqabətin hökm sürdüyü bir mühitdə Vaqif bunu bacarmışdı.
"Günün baxtı"ndan sonra Vaqif nadir hallarda çap olunardı, bu halı onun ədəbi fəaliyyətində xalturaçılıq etmədiyi, şeirə müqəddəs bir duyğu kimi baxdığı ilə izah edənlər haqlıdırlar. İstəsəydi, bu müddət ərzində onlarca kitab nəşr etdirə bilərdi. Fəqət istəməmişdi və bunu istəməməkdə də müasirləri olan şairlərdən fərqlənirdi.
UZAĞA
GETMƏMİŞDİ
"Şairləri susan şəhərdə" o da susmuş kimi görünürdü, əslində isə, o yazır, amma şeirlərini üzə çıxarmırdı. Həmin vaxtlarda bir əlyazma şeir toplusunu Əkrəm Əylisliyə oxumağa veribmiş, Əkrəm götürüb onları çap eləmişdi, hamısı gözəl şeirlər idi, halbuki, özü onları çapa layiq bilmirmiş.
İlk böyük şeir kitabı "Mən burdayam, ilahi..." aradan xeyli keçmiş - 1996-ci ildə cəmi 1500 tirajla çap olunmuşdu (həm o günlər, həm də bizim günlər üçün sanballı tirajdır). Burada müəllifin 1963-1996-cı illər arasında yazdığı şeirləri toplanmışdı. Kitaba salınan şeirlərin 75 faizi ilk dəfə çap olunurdu.
"Mən
burdayam, ilahi...", sözsüz ki, onun bir şair olaraq
özünü qəti şəkildə təsdiq etməsi
idi, onun təsdiqi idi ki, o doğrudan da, Füzulidən
üzübəri Azərbaycanın 20 ən böyük
şairindən biridir. Bu kitab ədəbi hadisə
sayıldı, poeziyaya laqeyd bir münasibətin hökm
sürdüyü bir zəmanədə sürətlə
satılıb qurtardı və böyük əks-səda
doğurdu.
Növbəti "Uzaq yaşıl ada" (1999) şeirlər toplusu da eyni xoş ədəbi tale yaşadı. Buraya onun 1962-1998-ci illəri əhatə edən şeirləri və poemaları salınmışdır. Bu şeirlərin çoxunu ölmüş, itib-batmış hesab edirmiş, demə o vaxtlar bunların ilk oxucusu olmuş yazıçı Anar onları toplayırmış. Onların hamısını bütün bu illər ərzində arxivində saxlamış, arada öz yaradıcılığından və ailə qayğılarından, ictimai fəaliyyətindən vaxt taparaq makinada üzünü çıxarmış və müəllifin özünə qaytarmışdı.
HƏR ŞEİRİNDƏ BİR
OBRAZ
Vaqif Səmədoğlu
şairliyində heç kəsə bənzəmir. Onu XX yüzil Azərbaycan
poeziyasındakı sərbəst şeir qoluna aid edənlər
yanılırlar. Hər iki üslub - sərbəst şeir də,
heca vəzni də Vaqif üçün doğmadır, hər
iki üslubda müvəffəq ola bilir. Lakin bununla belə,
poeziyada onun nəsə ayrıca, yalnız özünəməxsus
bir yolu var və həmin yolla inamla irəliləyir.
Vaqif Səmədoğlunun
hər şeirində bir obraz var (elə şair var, uzun bir
sicilləmə yazır, amma orada bir obraz belə tapammazsan). Məsələn,
atasının ölümü ilə bağlı bir
şeirində telefon dəstəyini dünyanın ən
ağır qantelinə bənzətmişdi.
Vaqif Səmədoğlu sözünün bir sinonimi də tənhalıqdı. Qapalılıq, altqatlar, ovqat, əhval-ruhiyyə, qaraqabaqlıq - Vaqif Səmədoğlu poeziyasının özümlü xüsusiyyətləridir. Əbülfəz Elçibəy onu çağdaş poeziyamızın ilk müxalifətçilərindən - yenilikçilərindən, yeni poeziyanın təməl daşını qoyanlardan biri adlandırmaqda haqlı idi.
MUSİQİDƏN AYRILMADI
Şeir aləminə
bağlı olsa da, musiqidən də ayrılmadı və
ayrılmır. Öncə
onu deyək ki, Vaqif Səmədoğlu Azərbaycanda ən
tanınmış və ən dərin caz mütəxəssislərindən
biri sayılır. Bu musiqini çox sevdiyindən bir ara
televiziyanın populyar "Caz həvəskarları klubu"nu
aparmışdı. 1988-ci ildə milli hərəkat
başlananda, çox təəssüf ki, bu populyar veriliş
dayandırıldı.
Vaqif Səmədoğlu
bir çox mahnı mətnlərinin müəllifidir.
Bunların arasında "Uzaq yaşıl ada" populyar
mahnı kimi nə zamandan bəridir radio və televiziyanın
repertuarından düşmür. Bir sıra televiziya
tamaşalarında xeyli mahnının mətni məhz Vaqif Səmədoğlu
qələmindən süzülmüşdür.
Qələmindən
şeirlərlə yanaşı, 20-dək pyes
çıxmışdır. Vaqifin güclü nəsr qələmi
var və nəsrdə də, poeziyada olduğu kimi müvəffəq
ola bilir. Pritçaları, pyesləri buna örnək göstərilə
bilər. Bu pyeslərdən bəziləri müxtəlif
teatrlarda müvəffəqiyyətlə tamaşaya
qoyulmuş, televiziya tamaşalarına çəkilmiş və
xeyli vaxtdan bəridir repertuarlarda yer tutmuşdur. Bunlardan
"Uca dağ başında", "Bəxt
üzüyü", "Yaşıl eynəkli adam",
"Yayda qartopu oyunu", "Lotereya",
"İntihar", "Cənubda qış
nağılı", "Mamoy kişinin yuxuları" və
s. göstərmək olar.
Pyesləri Bakı, Naxçıvan, Şəki dövlət dram teatrlarında tamaşaya qoyulmuş "Bəxt üzüyü"nün əsasında bədii film çəkilmişdir. Dram sənəti sahəsində məhsuldar fəaliyyətinin nəticəsi olaraq 1989-cu ildə onu əməkdar incəsənət xadimi fəxri adına layiq gördülər. Son illərdə bir-birinin ardınca bir neçə yeni kitabı nəşr edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə isə, 1999-cu ildə ona "Xalq şairi" fəxri adı verilmişdir.
İsmayıl
UMUDLU
Ayna.-2009.-5 iyun.-S.15.