"ATAM MƏNİM QORXMAZLIĞIMDAN QORXURDU"                                         

 

 Öz həyat yolundan danışan Ruhi bir vaxt valideynlərinin sözünə baxmayıb                     

 

"Hazırda Gəncə Texnologiya Universitetinin dördüncü kurs tələbəsiyəm. Qismət olsa, bu il ikinci təhsil kimi Rəssamlıq Akademiyasına qəbul olunmaq istəyirəm. İki il bundan əvvəl sənətə gəlmişəm, amma pul qazanmaq fikrim olmayıb. Bu sahəyə gəlmək içimdən keçib. Özüm ziyalı ailəsində böyümüşəm. Anam müəllimə, atam partiya işçisi olub. Atam altı il əvvəl dünyasını dəyişib, çox yaxşı vəzifələrdə işləyib. Ailənin böyük övladıyam. Məndən sonra iki bacı bir qardaşım var. Ailəmizdə hamının ali təhsili var. Uşaqlar arasında ərköyünü mən olmuşam. Atam deyirdi ki, bu xasiyyətim mənim başıma çox bəlalar açacaq", - deyən müğənni Ruhi oxuculara məlum olmayan bəzi detallardan danışdı. Müğənni deyir ki, valideynləri onun seçib-bildikləri bir insanla ailə həyatı qurmasını istəyiblər. Lakin Ruhi inadkarlıq göstərərək onların dediyinin əksinə gedib: "Atamın mənə məsləhət gördüyü insanın xarakteri bir o qədər xoşuma gəlmirdi. Toyuma hazırlıq gedən bir vaxtda başqa bir insana qoşulub qaçdım. Bu hadisəyə görə atam məni iki il danışdırmadı. Həmin insanı cəmi bir neçə dəfə elə-belə görmüşdüm. Həyatda çox riskli insanam. Ona qoşulub Moskvaya qaçdım. Uşaq olanda atam həmişə mənə deyirdi ki, sənin qorxmazlığından qorxuram. Mən böyüdüm, atamı itirdim, ancaq o xarakterimdən əl çəkməmişəm. Yekəxanalıq çıxmasın, cəsur qadınam. Bir neçə il Moskvada yaşadım. İki ildir Azərbaycana qayıtmışam. Bura gələn kimi şou-biznesə qatıldım".

Sənətə gəlməyinin sirrini danışan Ruhi deyir ki, hələ Moskvada yaşayarkən Azərbaycan və digər əcnəbi kanallarda gedən klipləri izləyirdi. Bir gün ayağa qalxıb oxumaq istədiyini bildirib. Onun bu fikrinə qarşı çıxmayan həyat yoldaşı Ruhiyə dəstək olub. Beləliklə, müğənni olan Ruhi başlayıb oxumağa kliplər çəkdirməyə: "Ancaq inanmazdım ki, şou-biznesdə bu qədər çirkablar var. Bunları bilsəydim, şou-biznesə qoşulmazdım. İlk klipimi Türkiyədə, ikincisini Hindistanda çəkdirmişəm. Sonra fikirləşdim ki, bu sənətlə məşğulamsa, musiqi ilə bağlı bəzi vacib amilləri öyrənməliyəm. Ona görə özümə vokal müəllimi tutdum. Nailə Mirməmmədlidən vokal dərsi almışam. Artıq özümü şou-biznesdə yersiz hesab etmirəm. Lakin mən bu addımı pul qazanmaq niyyəti ilə atmamışam. Bildiyiniz kimi, şou-proqrama, toylara gedirəm. Bir sözlə, pula görə toylara gedib oxumaq mənlik deyil. Ürəyim istəməsə, heç bir məclisdə iştirak etmərəm. Hazırda iyirmiyədək oxumadığım mahnım var. Onların bəzilərindən xoşum gəlir. Bir neçəsini imkansız bəstəkarlardan almışam. Onlar imkansız olduqlarını deyiblər, mən satdıqları mahnını almışam. Ancaq bu mahnılar bir ildən artıqdır oxunmur. Gərək ürək özü onları oxumaq istəsin. Yəni bu səbəbdən toya da gedə bilmirəm. Toylara gedən müğənniləri xoşbəxt sayıram. Toy məclisini aparmaq olduqca çətindir. Hərdən kiməsə toyxana müğənnisi deyib təhqir etmək istəyirlər. Bu, düzgün deyil. Altı saat dayanmadan böyük bir məclisi idarə etmək asan deyil axı. Digər tərəfdən mən toy aparmağa hazır deyiləm".

Bir neçə ay öncə, Bakıda keçirilən "Best Model of Azerbaiyan-2008"ə ev sahibliyi edən və uğurlu nəticələr əldə edən Ruhi nədənsə, özünü konsert üçün hazır görmür. Müğənni deyir ki, ümumiyyətlə, konsert haqqında danışmaq hələ tezdir. Özünü Tanrıya yaxın bilən Ruhi ötən il Həcc ziyarətinə həyat yoldaşının istəyi ilə getdiyini açıqladı. Dedi ki, atası ilə necə dost olubsa, onunla da bu münasibətdədir. Yəni inanır ki, hər bir məqamda onu dəstəkləyən bir insan var: "Kim necə qəbul eləyir bilmirəm, ancaq yanımdakı insanı ürək dostu hesab edirəm. Yəni hər şeydən qabaq onunla dostuq. Atamla necə dost olmuşamsa, onunla da elə dostam. Kəbə evini ziyarət edəndə Allahdan yalnız bir şey istədim - ana olmağı arzuladım. Fərqi yoxdur qız, ya oğlan, əsas övlad sahibi olmaqdır. Həkimlər deyir ki, heç bir problem yoxdur. Gəzmədiyim ölkə, müraciət etmədiyim həkim qalmayıb. Nəticə isə yoxdur. Hər şey qalıb Allahın qismətinə. Tanrı rəva görsə, mən ana olaram. İki il gözləyərəm, övladım olmasa, uşaq götürüb saxlayacağam. Allah mənə gözəl sima, ürək, var-dövlət ailə verib. Mən bunların hamısına görə şükür edirəm. Həyatda başımı aşağı edəcək heç bir qüsurum ya ciddi səhvim yoxdur. Yəqin, hər şeyi qismət edən Allah mənə ana olmaq hissini hələlik vermir. Bəlkə Tanrının sınağındayam. Açığını deyim ki, Allaha qarşıdakı iki ilə çox inanıram. Yəqin, dualarım qəbul olunar mən ana olaram. Mən xeyriyyəçilik etməyi sevirəm. Amma bunun müqabilində Tanrıdan yalnız ana olmağı arzu edirəm. Həm şou-biznesdə, həm başqa sahələrdə ehtiyacı olan insanlara kömək etmişəm. Bir dəfə gözəllik salonunda bir qadının ağladığını gördüm. Səbəbini soruşanda oğlunun beynəlxalq səviyyəli yarışa getmək üçün pul tapa bilmədiyini söylədi. Həmin uşağın yarışda iştirak etməsi üçün köməklik elədim. Əziyyətim batmadı. O, Azərbaycana qızıl medalla qayıtdı.                                                                   

                                                                                                                                              

 

XATUN

 

Ayna.- 2009.- 6 iyun.- S. 20.