ƏDƏBİ
OVQATA KÖKLƏNMİŞ GÜNLƏR
Vidadi - 300, Mehdi Hüseyn - 100,
İsmayıl Şıxlı - 90...
Ölkənin şeir-sənət
ocağı kimi tapındığımız Qazax bu bahar nəfəsli
günlərdə bir-birinin ardınca iri ədəbi mərasimlərə
ev sahibliyi etdi. Molla Vəli Vidadi - 300, Mehdi Hüseyn - 100, İsmayıl
Şıxlı - 90... Bu böyük söz adamlarının
hər üçü elə bu bahar günlərində bu
yurdun Şıxlı elində dünyaya göz
açıblar və qədirbilən, sözə qiymət
qoymağı bacaran insanlarımız onların adını əziz
tuturlar. Bu millət, bu ölkə qaldıqca onların hər
üçü onun ədəbiyyatında yaşayacaq,
adları anılacaq, irsləri öyrəniləcək,
sözləri-söhbətləri oxunacaqdır.
Qazaxda
yerli sakinlərin "Mütəfəkkirlər
bağı" dedikləri bir park var, millətə və bu
yurda başucalığı gətirmiş
övladlarının büstləri iki cərgədə
sıralanıb. Cərgənin o başında Vaqif və
Vidadi ayaqüstə danışırlar. Söhbətlərinin
mövzusu bəlkə şeir-sənətdir, bəlkə
dünya işləridir. Bir sözlə öz aləmlərinə
qapılıblar və onları fikirdən yayındırmaq
günahdır. O biri ucda isə Vurğunun romantik ovqata köklənmiş
heykəli dayanıb, düşüncəli
baxışları sıradakıların başı üzərindən
uzaqlara yönəlib. Avtovağzalın
qarşısındakı kiçik bir bağçada Mehdi
Hüseynin öz təbiəti ilə uyğunluq təşkil
edən qranit abidəsini görürük. Sanki şəhərə
gələnləri qarşılayır, gedənləri isə
yola salır.
Şəhərin
köhnə parklarından biri isə müasir üslubda
abadlaşdırılmış və burada İsmayıl
Şıxlının kresloda əyləşmiş halda
orijinal heykəli var. Bu abidə şəhərin koloritində
çox cazibəli bir element təəssüratı
yaradır. Bakıdan şose yolu ilə şəhərə
daxil olanlar isə ulu atamız Dədə Qorqudun müdrik nəzərlərinin
qarşısından keçib gedirlər və adam istər-istəməz
özünü yığışdırmalı, fikrini cəmləşdirməli
olur.
Qazax bu
gün bir-birindən fərqli üslublarda işlənmiş
heykəllər şəhəridir. Bu ölkənin başqa əyalət
şəhərləri də bu üslubdan bəhrələnsəydilər...
Bu abidələrdən süzülən müsbət enerjinin
axarında dolaşdıqca adam öz-özünə deyir:
"Hələ yaşamağa dəyər!"
Qazaxın
bu ədəbi törənləri azacıq fasilə ilə
bir-birini əvəz etmiş, hər dəfə Bakıdan, Gəncədən,
Sumqayıtdan böyük bir ziyalı dəstəsi Qazaxa gəlmiş
və bu mərasimlərə qatılmışlar. Bir sözlə,
hər hansı bir əyalət şəhərimizin qibtə
edəcəyi günlərdir. Bu mərasimlər artıq bir ənənə
şəklini alıb və bu əyalət şəhərinin
sosial-mədəni həyatına xoş bir ovqat bəxş edirdi.
Mehdi Hüseynin 100 illik yubiley tədbirləri
sırasında iyunun 10-da M.F.Axundov adına Milli Kitabxanada zəngin
bir sərgi açılacaqdır. İyunun 12-də isə Mədəniyyət
Nazirliyi Musiqili Komediya Teatrının binasında bu mövzuda
respublika tədbiri planlaşdırmışdır.
"VİCDAN
SUSANDA" 14-cü NƏŞRİNİ GÖRDÜ
Bu həftənin
mənə görə maraqlı olan daha bir ədəbi mərasiminə
M.F.Axundov adına Milli Kitabxanada şahidlik etdim. Qocaman yazıçı Vidadi Babanlının
"Vicdan susanda" romanının latın qrafikası ilə
nəşrinin təqdimatı keçirilirdi. İndi
ömrünün 83-cü baharını yaşayan Vidadi
Babanlı da yuxarıda xatırladığımız
üç böyük ədəbiyyat ismi ilə eyni bir kənddən
- Şıxlıdan dünyaya pərvazlanıb.
Və bəlli
oldu ki, bu, romanın 14-cü nəşridir. Etiraf
edək ki, bizdə çox nadir kitablar bu qədər nəşr
olunur. Əgər xatırlayırıqsa, 1970-ci ildən bəri
bu roman çox populyar idi və hər dəfə nəşr
olunduqca tezliklə satılıb qurtarırdı. "Elmə
gələn romantik gənclik onu oxuyub özünü onda
görürdü" - Taleh Həmid bu
xatırlatmasında doğrunu deyirdi. Yazıçı bu
romanı yazmaq üçün bir müddət Neft və
Kimya İnstitutunun kitabxanasında
çalışmış, bu mühitdə müşahidələr
aparmışdı. Roman Rusiyada yüz min tirajla
yayılmışdı.
Filoloq
alim Nizami Cəfərov da çıxışında
romanın özəlliklərinə toxunarkən, onun bu dərəcədə
uğurlu bir həyat yaşamasını ondakı bədii kəşflə
izah etdi. Ona görə, bu kitab bir yazıçının qələmindən
çıxsa da, millətə məxsusdur. Bu mənada onu
İsmayıl Şıxlının "Dəli Kür"
romanının taleyi ilə müqayisə etdi. "Vicdan
susanda" ədəbiyyatımızda xoşbəxt taleli əsərlərdən
biridir və belə əsərlər çox nadir hallarda
yaranır. Qeyd etdi ki, Azərbaycan Yazıçılar
Birliyinin üzvləri 1500 nəfəri aşsa da, bizim 10-15
yazıçımız var və onlardan biri Vidadi
Babanlıdır. Nizami Cəfərov əmindir ki, "Vicdan
susanda" Azərbaycan ədəbiyyatında bütün yeni
nəsillərin oxuyacağı on-on beş romandan biridir.
Mərasimdə
çıxış edənlər roman barədə bir-birindən
fərqli təəssüratlarını bölüşəndə
Vidadi Babanlıya baxırdım. Sakitcə dinləyir və həlim
bir təbəssümlə gülümsünürdü.
Üz-gözündə isə hər zamankı nur
ziyası...
İSMAYIL
Ayna.-2009.-6 iyun.-S.7.