AYGÜN BAYRAMOVA İRANDA ÇIXIŞ EDİB

 

Xanəndənin daha bir çıxışı Bakıda gözlənir

 

Azərbaycanın Xalq artisti Aygün Bayramova İran qastrolundan qayıdıb. Xanəndə xanımın dediyinə görə, üç günlük səfər çərçivəsində bir neçə həmkarı ilə birlikdə çıxış edib. Öyrəndik ki, səfər Azərbaycanın Tehrandakı səlahiyyətli nümayəndəsinin dəvəti ilə baş tutub. Konsertin 3 saata yaxın davam etdiyini deyən Aygün Bayramova tamaşaçılar üçün xalq mahnıları muğamlarımızdan ibarət parçalar səsləndirib.

Söhbətdən bəlli oldu ki, Aygün xanımın belə bir çıxışı Bakıda təşkil ediləcək. Konsertin vaxtının yetişdiyini deyən xanəndə xanım artıq proqramın hazırlığına başlayıb. Qarşıdakı isti ayları nəzərə alan Aygün Bayramova çıxışını payız ayının ilk həftəsinə saxlamağı düşünür. Bu mərhələ başa çatandan sonra o, konsertin DVD versiyasını hazırlamaq niyyətindədir. Bunun ardınca isə xanəndənin növbəti diski işıq üzü görəcək.

Sözünün davamında ötən ayların birində münsiflər kürsüsünü tərk etdiyi "Xalq ulduzu" yarışmasından danışan xanəndə müsabiqəni izləmədiyini söylədi. Bunun səbəbini vaxt məhdudiyyətinə bağlayan xanəndə bunları qeyd etdi: "Yarışmada təmsil olunan iştirakçılardan biri mənim tələbəmdir. Ona mahnı seçimində hazırlaşmağında öz köməyimi göstərirəm. Orada iştirak edən hər bir iştirakçının özünəməxsus səs imkanları var ən yaxşısının qalib olacağına inanıram".

 

 

XATUN

 

Ayna.-2009.-13 iyun.- S.20.