SƏNİ ANLAYIRLARSA, ÖZÜNÜ XOŞBƏXT SAYA BİLƏRSƏN

 

Xalq artisti, rejissor Ramiz Həsənoğlu öz gələcək işləri ilə yaşayır

 

Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası milli teatr sənətimizdə bənzərsiz ifa qabiliyyəti olan əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. İkiyaşlı Ramiz valideynləri ilə birlikdə Gəncə şəhərinə üz tutur. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.

Anarın pyesləri əsasında "Mən, Sən, O və Telefon" ( 1975), "Dindirir əsr bizi" (1976), "Keçən ilin son gecəsi" (1978), teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrının Musiqi və Kinematoqrafiyasını 1978-ci ildə uğurla başa vurur.

Ramiz Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" (1981) televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınınlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur (1983). "Günahsız Abdulla" (1984) və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" (1987) ona daha geniş şöhrət gətirdi. Məşhur, bənzərsiz "Ac həriflər" (1993) televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülmüşdür.

Ramiz Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda, Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" tamaşalarına də quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" (1998) bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" (2007) bədii tammetrajlı filmini çəkmişdir.

1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.

- Xoş gördük, Ramiz müəllim! Maraqlıdır, nəyin üzərində çalışırsız hazırda?

- Hazırda Mirzə Fətəli Axundovun "Mürafiə vəkilləri" əsəri üzərində çalışıram. Bu əsər dram janrındadır. Artıq neçə vaxtdır işlər gedir, burada həm söz, həm musiqi, həm də aktyor oyunu var. Bu, müzikldir. "Ordan-burdan" tamaşasından sonra bu mənim müziklə olan yeni müraciətimdir. Həmçinin Anarın ssenarisi üzərində olan "Evləri köndələn yar" tamaşasının davamını çəkəcəyik.

- Sənətşünasların rəyinə görə, siz özünüzü rejissor kimi fəaliyyətə başladığınız elə ilk illərdə, 21 yaşında olarkən "Hər çinardan bir yarpaq" verilişində təsdiqləmisiniz.

- Şübhəsiz, burada bir faktorun da müəyyən rolu olub. Yəni mən hələ sənətə gəlməzdən sənətin içindəydim. Valideynlərim - atam Həsən Mirzəyev, anam Ətayə Əliyeva və ailəmizdə gedən sənət söhbətləri məni formalaşdırdı. Sadəcə, bir münbit şərait lazım idi ki, toxum torpağa düşsün və o torpaq də mənim 21 yaşımda gəldiyim Azərbaycan Televiziyası oldu. Digər tərəfdən, adını çəkdiyiniz "Hər çinardan bir yarpaq" verilişi müasir poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuşdu və poeziya mənimçün çox doğmaydı. Poeziyanı "Koroğlu" dastanından sevməyə başlamışdım. Hələ 8 yaşımda bu dastanın ayrı-ayrı boylarını əzbər bilir, oradakı aşıq deyişmələrini evdə o baş, bu başa gəzə-gəzə söyləyirdim və anam mənim yaddaşıma təəccüb edirdi. Yəni poeziyanı, sözü qiymətləndirmək eşqi, həvəsi məndə folklordan qalıb. "Hər çinardan bir yarpaq" isə mənim ilk müstəqil verilişim və rejissura ilə məşğul olmağımın birinci pilləsi idi. Bu mənada həmin iş heç vaxt yadımdan çıxmaz.

- 40 ildir rejissor pultu arxasındasız. Bu müddətdə onlarca ədəbi verilişin, televiziya filmləri və tamaşaların rejissoru olmusuz. Bugünkü sənət baxışlarınızdan yanaşanda onların hansındansa imtina edirsinizmi və ya hamısı sizə doğmadırmı?

- Mən fərqli düşünürəm; hesab edirəm ki, iş görmək üçün o illər daha maraqlı idi. Çünki qadağalar çox idi. Buna görə bəzən Ezop diliylə, bəzən nöqtələr qoymaqla demək istədiyin mətləbi ifadə etmək üçün həmin o dövr fantaziyanı işlətməyə daha çox məcbur edirdi. İndiki dövrün də öz üstünlükləri var. Yəni senzura götürülüb. Demokratik olmaq istəyən bir dövlətdə yaşayırıq.

- "Yol getmək özü bir ibadətdir". Yolunuzu kəsənlər olubmu? Və heç bu sənətdən uzaqlaşmağı arzu etmisinizmi?

- Bu sənəti heç zaman tərk etmək istəməmişəm, sadəcə, aciz qaldığım məqamlar olub. Amma rejissor aciz qalanda da gərək bunu heç kəsə bildirməsin, çünki bu əhval-ruhiyyə bütün yaradıcı kollektivə keçə bilər. Bu mənim tale yolum idi. Mən bu yola çıxdım və anladım ki, bu mənim yolumdur.

- "Həyatda uğur əldə etmək üçün insanlarla ünsiyyətdə olmaq bacarığı istedaddan qat-qat vacibdir". Siz minlərlə insanla, aktyorla ünsiyyətdə olmusunuz. Sizcə, bunlardan hansı insana daha güclü təsir edir: gen, tərbiyə, yoxsa həyatın gedişatı?

- Hər üçü çox önəmlidir, mən, sadəcə, yerlərini dəyişərdim: tərbiyə, genlər və həyatın gedişatı.

- "Mənəviyyat çox asanlıqla korlanır və çox çətinliklə düzəlir". Etiraf edək ki, bu gün televiziyanın mənəviyyata əvəzsiz təsiri var. Sizi televiziya sarıdan qane edən və etməyən məqamlar?

- Televiziya həyatımıza o dərəcədə daxil olub ki... Mən elə insanlar tanıyıram ki, onlar televiziyadan qaçırlar, onu izləmirlər. Dostum Ramiz Rövşən çox gözəl söyləyib ki, bu dəqiqə televiziya mənəviyyatı zəbt etməklə məşğuldur. Nə ilə? Qazanc, reklam və şou ilə. Mən onların heç birinə qarşı deyiləm və bütün kanalların üstündən qara xətt çəkmək istəmirəm, amma bəzi şeyləri yığışdırmaq üçün kanalların rəhbərlikləri ciddi hazırlıq görməlidirlər. Zənnimcə, mədəniyyət kanalının açılışı çox əhəmiyyətlidir.

- Hansı işlərinizə görə qürur hissi duyursunuz?

- Gördüyüm işlər, sözsüz, məni qüvvətləndirir, amma mən gələcək işlərlə yaşayıram. Hər bir işimlə öyünürəm, belə deyim də var: "Mənfi nəticə də nəticədir". Uğursuzluqlar da olub. Əsas odur ki, onları təkrar etməyəsən.

- Xoşbəxtliyi bir sözlə ifadə edin.

- O məqamda ki səni anlayırlar, onda xoşbəxt ola bilərsən. Xoşbəxtlik ANLANILMAQDIR.

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-13 iyun.-S.19.