DAXİLİ
QOŞUNLARIN NATO İLƏ ƏMƏKDAŞLIĞI
Qurum NATO ilə əməkdaşlığa
böyük önəm verir
Bildiyiniz
kimi, Azərbaycan Respublikası MDB dövlətləri
arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq
(SNT) proqramına qoşulan ilk dövlətlərdən biri
olub. Azərbaycan Respublikasının
Ümummilli Lideri Heydər Əliyev tərəfindən
1994-cü ildə SNT-yə qoşulmaq haqqında Çərçivə
Sənədi imzalanıb və gələcək əməkdaşlıq
sahələrini müəyyən etmək məqsədilə,
SNT Təqdimat sənədi hazırlanaraq 1996-cı ildə
Alyansa təqdim edilib.
Bununla yanaşı, 1997-ci ildə Azərbaycan
Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulub və
o vaxtdan etibarən iki illik faza əsasında Azərbaycan
Silahlı Qüvvələri, o cümlədən, Daxili
İşlər Nazirliyinin Daxili Qoşunları öz üzərinə
Tərəfdaşlıq Məqsədləri (TM)
adlandırılan məqsədlər götürüb.
Görülən işlərin davamı olaraq,
NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının tərəfdaş
ölkələrlə əməkdaşlığını
genişləndirmək məqsədilə ilk dəfə
2004-cü ildə Azərbaycan Respublikası Prezidenti zati-aliləri
cənab İlham Əliyevin NATO-ya rəsmi səfəri
zamanı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planı (FTƏP) Təqdimat sənədi Alyansa təqdim
edilib.
Qəbul edilmiş FTƏP ən başlıca siyasi,
müdafiə və təhlükəsizlik, o cümlədən
təhlükəsizliklə bağlı olan iqtisadi, elmi və
ətraf mühit sahələrini, habelə Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının tranfsformasiyası kimi geniş təhlükəsizlik
sektoru məsələlərini
əhatə edir.
Nəzərinizə
çatdırım ki, Azərbaycan Respublikasının Daxili
İşlər Naziri FTƏP-in yerinə yetirilməsi üzrə
müvafiq dövlət komissiyasının üzvüdür.
Bununla yanaşı, Daxili işlər nazirinin müavini -
Daxili Qoşunların komandanı Daxili İşlər
Nazirliyində təsis edilmiş NATO ilə əməkdaşlıq
üzrə komissiyanın sədridir.
Daxili
Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin
fərmanı ilə Daxili İşlər Nazirliyinin tərkibində
olan bir təşkilat kimi yaradılıb.
Azərbaycan
Respublikasının NATO-nun Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planına əsasən, Daxili
Qoşunlar aşağıdakı öhdəlikləri
götürüb:
- digər
dövlətlərlə məlumat mübadiləsi mexanizmindən
istifadə edərək Daxili Qoşunların strukturunun nəzərdən
keçirilməsi və yenidən təşkili,
- mütəşəkkil
cinayətkarlığın müxtəlif formaları və
terrorizmə qarşı mübarizə aparmaq
imkanlarını təkmilləşdirmək məqsədilə
real şərtlər əsasında fəal qüvvələr
üçün canlı təlimlərin təşkili,
- hərbi
məktəblərin məzunlarının və
çağırışçı təlimini bitirmiş
şəxslərin xidmətə cəlb edilməsi və xidmətdə
saxlanması,
- beynəlxalq
əməliyyatlarda iştirak etmək üçün
maddi-texniki təminat və rabitə daxil olmaqla, bir polisə dəstək
taborunun yaradılması, təlimi və texnika ilə təchizi.
Götürülmüş öhdəliklərin lazımi
vaxt çərçivələrində və səmərəli
şəkildə yerinə yetirilməsi üçün
Daxili Qoşunlarda bir çox fəaliyyətlər həyata
keçirilmiş, eləcə də bu fəaliyyətlərin
koordinasiya olunması və nəzarətdə saxlanması məqsədilə
Daxili Qoşunlar komandanının müavininin rəhbərliyi ilə
xüsusi işçi qrupu yaradılıb.
Daxili Qoşunların strukturunu nəzərdən
keçirmək və onu yenidən təşkil etmək,
Qoşunların bir çox aparıcı Avropa jandarm təşkilatlarının
strukturlarına uyğunlaşdırılması məqsədi
ilə müvafiq tədbirlər həyata keçirilmiş və
əməliyyat birliklərinin bir çoxu ləğv olunaraq, onların əvəzinə
xüsusi təyinatlı bölmələrə malik olan və
polis funksiyalarını yerinə yetirən motorlaşdırılmış
birliklər yaradılıb. Hazırda Daxili Qoşunlarda bu
işlər davam etməkdədir.
Bunlarla yanaşı, digər ölkələrlə
informasiya mübadiləsi mexanizmlərindən istifadə edərək
Qərb standartlarına uyğunlaşma məqsədilə
Daxili Qoşunlar dünyada daha çox FIEP adı ilə
tanınan və informasiya mübadiləsi, qabaqcıl təcrübənin
öyrənilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi kimi missiyaları yerinə
yetirən Avropa və Aralıq dənizi ölkələrinin
hərbi statuslu polis və jandarmlar birliyinə üzv
olmağa səy göstərməkdədir. Müvafiq dəvətə
əsasən Daxili Qoşunların nümayəndələri
FIEP-in 2005-ci ildə Buxarestdə keçirilən iclasında
iştirak etmişlər.
Artıq 2006-cı ilin sentyabr ayında FIEP-in dəyərləndirmə
qrupu Azərbaycan Respublikasında rəsmi səfərdə
olmuş və Daxili Qoşunların imkanları və vəzifələri
ilə tanış olmuşdur. Ümid edirik ki, Daxili
Qoşunların hazırkı durumu yaxın gələcəkdə
bu assosiasiyaya üzv olmağa imkan verəcəkdir.
Daxili Qoşunları real şərtlərə uyğun
treninqlə təchiz etmək, bölmələrin idarə
olunmasını və mütəşəkkil cinayətkarlığın
müəyyən növlərinə və terrorizmə
qarşı mübarizə imkanlarını, döyüş
hazırlığını və təlimini, hərbi
qulluqçuların psixoloji hazırlığını təkmilləşdirmək məqsədilə, NATO
standartlarına cavab verən müvafiq təlim direktivləri
və digər rəhbər sənədlər, vəsaitlər,
təlim proqramları, təlimin təşkili üzrə əmrlər
tərtib olunub. Təlim direktivlərində təlimin
planlaşdırılması, icrası ilə bağlı məqamlar,
təlimin yoxlanılması və qiymətləndirilməsi məsələləri,
təlimin vəzifə və tapşırıqları, təlimlərin
mərhələləri və digər məsələlər
öz əksini tapıb.
Bölmələri NATO təlim sisteminə
uyğunlaşdırmaq və verilən
tapşırıqların icra edilməsinə hazır olmaq məqsədilə
2005-ci ildən etibarən Türkiyə Jandarm Təşkilatının
təlim-tədris sistemində mövcud təcrübələrdən
istifadə olunmuş və 3 aylıq (13 həftəlik) təlim
dövrü sisteminə keçilmişdir.
Daxili Qoşunlarda xidmət keçmək üçün
hərbi qulluqçuların hazırlanması və təkmilləşdirilməsi
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında,
Silahlı Qüvvələrin Hərbi Akademiyasında,
Türkiyə Jandarm Məktəblərində və Daxili
Qoşunların Orta ixtisas hərbi məktəbində həyata
keçirilir.
Qoşunları
zabit kadr heyəti ilə təmin etmək məqsədilə
2006-cı ildə yaradılmış Daxili Qoşunların
Orta İxtisas Hərbi Məktəbinə gizir və MAXE hərbi
qulluqçular arasından seçilmiş namizədlər qəbul
edilir. Zabit məktəbində təhsil alanlara NATO, Avropa
Birliyi, FIEP, insan haqları mövzuları üzrə dərslər,
konfranslar keçirilir.
Təlim
prosesində NATO dövləti olan Türkiyə Jandarm Təşkilatının
zabitləri də yaxından iştirak edirlər. Təlimlərin NATO stanartlarına
uyğunlaşdırılması, hərbi
qulluqçuların bilik və peşəkar səviyyələrinin
yüksəldilməsi məqsədilə, Qoşunların təlim-tədris
mərkəzləri müasir avadanlıqlar və tədris vəsaitləri
ilə təmin olunub.
Tədrisin
təşkilində son informasiya texnologiyalarından istifadəyə
böyük önəm verilməkdədir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, FTƏP öhdəliklərinin uğurla yerinə yetirilməsində hələ 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Jandarması tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid imzalanmış Protokolun böyük əhəmiyyəti vardır. Bu protokola uyğun
olaraq, hər il Daxili Qoşunların onlarla hərbi
qulluqçusu Türkiyə Cümhuriyyətinin Silahlı
Qüvvələrinin, Jandarm Baş
Komandanlığının təlim mərkəzlərinə
hazırlıq, təkmilləşdirilmə kurslarına və
treninqlərə göndərilir.
Bundan əlavə, Daxili Qoşunlar və Türkiyə
Jandarm Qüvvələri arasında hər il imzalanan
müvafiq Kurs və İcra Planlarına əsasən Türkiyə
Jandarm Qüvvələrinin mobil təlim qrupları tərəfindən
DQ-nin hərbi qulluqçularına Azərbaycan
Respublikasında müxtəlif istiqamətlər üzrə treninqlər keçirilir.
Bununla
yanaşı, Daxili Qoşunların ABŞ, Almaniya, Sloveniya,
İtaliya, Macarıstan və digər inkişaf etmiş
dövlətlərin müvafiq qurumları ilə də əməkdaşlıq
münasibətləri mövcuddur.
Ümumiyyətlə, 1997-ci ildən bəri Daxili
Qoşunların 200-dən çox hərbi qulluqçusu
müxtəlif xarici ölkələrdə ingilis dili, insan
hüquqları, kütləvi iğtişaşların
qarşısının alınması, kütləvi
qırğın silahlarının tətbiqi zamanı fəaliyyətlər, partlayıcı maddələrin
zərərsizləşdirilməsi, komando və müəllimlərin
təkmilləşdirmə kurslarında təhsil alıblar.
Bundan əlavə, Daxili Qoşunlar PRIME sistemindən istifadə
etməklə seçilmiş kurs və seminarlarda hərbi
qulluqçuların iştirakını təmin edir.
Hərbi məktəblərin məzunlarının və
çağırışçı təlimini bitirmiş
şəxslərin xidmətə cəlb edilməsi və xidmətdə
saxlanması istiqamətində son illərdə sosial istiqamətli
tədbirlərin görülməsi davam etdirilmiş, bölgələrdə
xidmət edən hərbi qulluqçular üçün yeni
yataqxanaların,
kazarmaların, eləcə də istirahət bazasının
inşası həyata keçirilmiş, təmir edilərək
istismara verilmişdir.
Bundan əlavə, zabit kadrların hazırlanması məqsədilə
həyata keçirilmiş tədbirlər çərçivəsində
Daxili Qoşunların hərbi orta-ixtisas məktəbində
91 nəfər zabit heyəti hazırlanmış və hərbi
hissələrdə müxtəlif vəzifələrə təyin
olunmuşlar. 2008-ci il ərzində müvafiq məktəbə daha 106 nəfər
hərbi qulluqçunun qəbulu həyata keçirilib.
Beynəlxalq əməliyyatlar üçün, təchizat
və kommunikasiya dəstəyi daxil olmaqla polisə dəstək
taborunun təsis edilməsi, onun treninqinin və təchizatının
təmin edilməsi ilə əlaqədar bildirirəm ki,
NATO-nun FTƏP sənədinə əsasən beynəlxalq əməliyyatlarda
iştirak etmək məqsədilə, Daxili Qoşunların nəzdində
2008-ci ilin sonunda bir polisə dəstək
bölüyünün, 2015-ci ildə isə bir polisə dəstək
taborunun yaradılması planlaşdırılıb.
Polisə
dəstək bölüyünün şəxsi heyətlə
kompektləşdirilməsi, lazımi maddi-texniki vasitələrlə,
silah-sursatla təchiz olunması üçün indiyə qədər
bir çox işlər həyata keçirilib. Polisə dəstək
bölüyü daha inkişaf etmiş ölkələrdə
(Türkiyə, İsrail, ABŞ, Almaniya və Rusiya) istehsal
olunmuş müasir silah, sursat və texnika ilə təmin
olunub.
NATO-nun Cənubi Qafqaz və Orta Asiya ölkələri
üzrə xüsusi nümayəndəsi cənab R.Simmonsun rəhbərlik
etdiyi nümayəndə heyəti 2007-ci ilin mart ayında Azərbaycan
Respublikasında rəsmi səfərdə olmuş və polisə
dəstək bölüyünün imkanları ilə
yaxından tanış
olmuşdur. Cənab R.Simmons bölüyün şəxsi heyətinin
yüksək döyüş hazırlığını və
malik olduğu imkanları yüksək qiymətləndirmişdir.
Daxili Qoşunların ölkədən kənarda beynəlxalq
əməliyyatlarda iştirakını təmin etmək məqsədilə
qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi
üçün təkliflər aidiyyəti üzrə təqdim
olunmuş və müvafiq qanun qəbul olunmuşdur.
Polisə dəstək bölüyünün quruluşu
bölüyün qərargahından, 3 polisə dəstək
tağımından və 2 mühəndis-istehkam
manqasından, şəxsi heyətinin sayı isə 125 nəfərdən
ibarətdir (7 zabit, 25 gizir/MAXE və 93 çavuş/əsgər).
Polisə
dəstək bölüyünün təliminə
böyük önəm verilməkdədir. Bu məqsədlə,
bölüyün standartlara uyğun NATO sinfi
hazırlanmış və təlim proqramı tərtib
olunmuşdur. Təlimlər zamanı əsas
diqqət silahlı cinayətkarların axtarılması və
tutulması, ictimai asayişin qorunması, kütləvi
iğtişaşların qarşısının
alınması, terrorçuların zərərsizləşdirilməsi
kimi istiqamətlərin öyrənilməsinə yönəldilir.
Beynəlxalq
əməliyyatlarda iştirak edəcək bölüyün
ingilis dilini bilən şəxsi heyətlə komplektləşdirilməsi
məqsədilə, Daxili Qoşunların Tədris Mərkəzində
və Türkiyədə ingilis dili kursları keçirilib.
Bununla yanaşı, qeyd etmək istərdim ki, ingilis dilini bilən
şəxsi heyət yetərli olmadığı
üçün NATO-nun təhsil müəssisələrində
bu kursların davam etdirilməsinə ehtiyacımız
vardır.
Hərbi
qulluqçuların mütəşəkkil cinayətkarlığa,
silahlı qruplara və terrorizmə qarşı mübarizə
imkanlarını təkmilləşdirmək məqsədilə
Azərbaycan Respublikasının şimal-şərq hissəsində
xüsusi təlim mərkəzi yaradılıb. Təlim mərkəzinin təsis olunmasında
Türkiyə Jandarm Təşkilatının ekspertlərinin
rəyləri də nəzərə alınıb.
Ümumilikdə isə diqqətinizə çatdırmaq istərdim
ki, bölüyün ümumi hazırlığı və
texniki imkanları qarşıya qoyulmuş
tapşırıqları müstəqil şəkildə
yerinə yetirməyə imkan verir.
Beynəlxalq
əməliyyatlarda iştirak edəcək Polisə Dəstək
Taborunun komplektləşdirilməsi və təlimi üzrə
işlər aparılır. Bu məqsədlə cari ilin aprel
ayında Daxili Qoşunlar Əməliyyat İmkanları
Konsepsiyasında iştirakı ilə bağlı xüsusi məktubla
NATO Baş Qərargahına müraciət edib.
FTƏP
üzrə öhdəliklərin icrası ilə bağlı
NATO-nun nümayəndə heyətləri mütəmadi olaraq
Daxili Qoşunlara səfərlər ediblər və
görülən işlərlə yaxından tanış
olublar.
2007-ci ilin 20-23 noyabr tarixlərində Daxili
Qoşunların transformasiya olunması, onun gələcək
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
üzrə fikir mübadiləsinin aparılması məqsədilə
NATO Beynəlxalq Qərargahının təşəbbüsü
ilə nümayəndə heyəti Azərbaycan
Respublikasında olub. Nümayəndə heyətinə daxil olan
Fransa, Türkiyə, Rumıniya, Niderland və İsrailin polis
və jandarm qüvvələrinə mənsub zabitlər tərəfindən
brifinqlər verilmiş və Daxili Qoşunların
transformasiya olunması ilə əlaqədar səmərəli
müzakirələr aparılmışdır.
Bundan əlavə, Brüsseldə FTƏP-in icrası və
illik qiymətləndirmə hesabatlarının müzakirəsi
ilə əlaqədar "Şimali Atlanika Şurası + Azərbaycan"
formatında keçirilən görüşlərdə
Qoşunların yüksək rütbəli hərbi
qulluqçularının iştirakı təmin olunub.
Sonda DİN-in Daxili Qoşunlarının NATO ilə əməkdaşlığa
çox böyük önəm verdiyini və bu əməkdaşlığın
Qoşunların NATO standartlarına uyğun inkişafında
böyük rol oynayacağını əminliklə bildirirəm
və NATO-Azərbaycan əməkdaşlığının
daha da inkişaf etdirilməsində keçirilən konfransın da böyük
önəmi olacağını qeyd edərək təşkilatçılara
öz dərin minnətdarlığımı bildirirəm.
Şahin MƏMMƏDOV
Ayna.-2009.-26 iyun.-S.12.