DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN NATO İLƏ ƏMƏKDAŞLIĞI

 

Təlim-tədris sahəsində DSX-nin regional mərkəzə çevrilməsi imkanları artıb

 

Azərbaycan Respublikası Avroatlantik təhlükəsizlik məkanının bir hissəsi olaraq özünün müəyyən etdiyi xarici siyasət prioritetləri çərçivəsində sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı NATO ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini ildən-ilə inkişaf etdirməkdədir.

DSX - NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə sistemli şəkildə inkişaf etdirilib. DSX-nin təklifi ilə perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə bir qrup NATO mütəxəssisi Azərbaycan Respublikasına dəvət olunmuş və əməkdaşlıq proqramı üzrə işçi sənədlərin hazırlanmasına başlanılmışdır.

2002-ci ilin may ayında NATO müdafiə siyasəti və tərəfdaşlıq bölməsinin nümayəndələri Azərbaycan Respublikasına səfər edərək Sərhəd Qoşunlarının mövcud vəziyyətinə dair müvafiq məruzə hazırlayıblar. Sənəddə Azərbaycana yardım göstərilməsinin vacibliyi qeyd olunmuş, imkan və ehtiyaclarının araşdırılması üçün ekspertlər səviyyəsində təhlil işinin aparılmasının zəruriliyi vurğulanmaqla ilk dəfə olaraq NATO rəhbərliyinin diqqəti sərhəd təhlükəsizliyi məsələlərinə yönəldilib.

3-4 iyun 2002-ci ildə NATO mənzil-qərargahında Azərbaycan Respublikası dövlət sərhədlərinin təhlükəsizliyi mövzusunda müşavirə keçirilmiş, NATO ilə "Sərhəd təhlükəsizliyi" sahəsində əməkdaşlıq edilməsi təklif olunmuşdur. Cavab olaraq ilin sonunadək Bakıya NATO-nun ekspert qrupları ezam edilmiş, aparılmış işlər nəticəsində Azərbaycan Respublikası sərhəd təhlükəsizliyinin vəziyyəti və mümkün əməkdaşlıq istiqamətlərinə dair ilk təhlili sənəd hazırlanmışdır.

2003-cü ilin mart ayının 4-də Brüssel şəhərində NATO tarixində ilk dəfə sərhəd təhlükəsizliyi mövzusunda 19+1 formatında DSX tərəfindən təqdimat keçirilmiş, daha sonra isə NATO baş katibinin daimi iştirakçılara ünvanladığı müraciətlə NATO-ya üzv ölkələrin Azərbaycan Respublikasındakı səfirlərini tanış etmək məqsədilə DSX rəisi tərəfindən ABŞ, Almaniya, Fransa, İtaliya, Yunanıstan, Polşa səfirləri ilə müvafiq görüşlər keçirilmişdir.

2004-cü ildə DSX üzərinə 5 tərəfdaşlıq məqsədi götürərək Əməkdaşlığın Planlaşdırma və Analiz Prosesinə qoşulmuş, növbəti ildə isə öhdəliklərinin sayını 6-ya çatdırmışdır. Hazırda aşağıdakı tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə DSX bütün səylərini səfərbər edib:

- ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi,

- tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması,

- rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi,

- sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması,

- hərbi qurumdan hüquq-mühafizə orqanına (HMO) keçməklə bağlı islahatların aparılması,

- dəniz təhlükəsizliyi.

Əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçidin başlanğıcı kimi "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2 avqust 2005-ci il tarixdə imzalanmış Sərəncam xüsusi önəm kəsb edir. Digər nazirlik və qurumlarla yanaşı, Alyans və DSX arasında əməkdaşlığın çərçivəsini müəyyən edən FTƏP-ə əsasən qanunvericilik bazasını beynəlxalq normalara uyğunlaşdırmaq, nəzarət və operativ müdaxilə imkanlarını təkmilləşdirmək, əməliyyat - axtarış və istintaq-təhqiqat fəaliyyətini genişləndirmək, müqaviləli heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi strukturdan hüquq-mühafizə qurumuna keçirilməsi nəzərdə tutulur.

NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Qurumlararası işçi qrupunun nazir müavinləri və ekspertləri səviyyəsində keçirilən tədbirlərdə iştirakla yanaşı, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə səmərəli nəzarətin həyata keçirilməsi və FTƏP-in icrası ilə bağlı əlaqələndirmə işlərinin təşkili məqsədi ilə DSX-də ayrıca işçi qrupu yaradılıb, 2 halda (2005-2007 və 2008-2010-cu illər üzrə) xüsusi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır.

Təcrübə mübadiləsi baxımından 2005-ci il iyun ayının 23-24-də Bakıda NATO baş katibinin müavini cənab C.Kolstonun sədrliyi ilə "İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı, sərhəd təhlükəsizliyi standartlarının inkişafı" mövzusunda DSX-nin ev sahibliyi ilə keçirilən NATO/AATŞ seminarının əhəmiyyətini vurğulamaq olar. 6 beynəlxalq təşkilat və 22 ölkənin aidiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sərhəd infrastrukturunun yenidən təşkili, hərbi qurumdan HMO-ya keçmə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə edilib. Tədbirdən sonrakı müddətdə sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı üzrə təkliflər hazırlanıb və NATO-ya təqdim olunub.

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndirici zabitin təyin edilməsi DSX-NATO dialoqunun genişlənməsinə müsbət təsir göstərib. Belə ki, cənab R.Simmons və DSX rəhbərliyi arasında keçirilmiş görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri, FTƏP öhdəliklərindən irəli gələn vəzifələr və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı mütəmadi olaraq müzakirələr aparılıb.

02.02.2006-cı ildə DSX tərəfindən NATO Baş Qərargahında 26+1 formatında sərhəd təhlükəsizliyi mövzusunda 2-ci təqdimat keçirilib. Azərbaycan Respublikası sərhədlərində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə təsir göstərən təhdidlər, DSX-də aparılan islahatlar və problemlər, FTƏP-in icrası və NATO ilə əməkdaşlığın perspektivləri təhlil edilmiş, əlaqələrin inkişafına dair təkliflər verilmişdir. Müzakirələrdə iştirak edən NATO-ya üzv-tərəfdaş ölkələrin (Türkiyə Respublikası, ABŞ, Fransa, İtaliya, Macarıstan, Bolqarıstan, Latviya, Litva) nümayəndələri görülmüş işləri müsbət qiymətləndirmiş, Azərbaycan Respublikasının təkliflərini dəstəkləyərək üzv və tərəfdaş ölkələrin sərhəd xidmətləri ilə DSX arasında əlaqələrin inkişafının vacibliyini bildirmişlər. Təqdimatla yanaşı müvafiq məsləhətləşmə və müzakirələrin aparılması, FTƏP çərçivəsində görülən işlərlə tanış edilməsi məqsədilə NATO baş katibinin 1-ci müavini M.Russo, müdafiənin planlaşdırılması və siyasəti məsələləri üzrə müavini C.Kolston, Avropa Müttəfiq Qüvvələri Komandanının müavini general C.Reyt və digər NATO rəsmiləri ilə görüşlər keçirilmişdir.

Tədbirdən sonra mövcud vəziyyətin öyrənilməsi və bu sahədə mümkün yardım imkanlarının araşdırılması məqsədilə 28 iyun - 5 iyul tarixlərində sərhəd təhlükəsizliyi sahəsində NATO qiymətləndirmə missiyası Azərbaycan Respublikasına göndərilib. Səfər çərçivəsində mərkəz, regional qərargah və sərhəd bölmələrində aparılmış işlər əsasında yekun hesabat hazırlanıb. Sənəddə sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasına texniki dəstək verilməsinin zəruriliyi vurğulanmaqla, HMO-ya transformasiyası ilə bağlı DSX-ya islahatların aparılması üzrə tövsiyələr verilib. Hesabatdan irəli gələn vəzifələr DSX-nin müvafiq planlarında nəzərə alınıb və ən qısa müddətdə icrasına başlanılıb.

NATO ekspert qrupunun hazırladığı sənəd 2007-ci ilin 3 aprel tarixində Hərbi-Siyasi Rəhbər Komitənin 26+1 formatında (NATO üzvlərindən əlavə, Avstriya, İsveç, İsveçrə, İrlandiya və Finlandiya dəvət olunub) keçirilmiş iclasında DSX nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş, DSX tərəfindən həyata keçirilmiş tədbirlər müsbət qiymətləndirilmiş, mobilliyin artırılmasında və sərhədin müasir texniki avadanlıqlarla təchizatında Azərbaycana yardım edilməsinin zəruriliyi vurğulanmışdır.

Götürülmüş tərəfdaşlıq məqsədlərinin icrası ilə paralel olaraq NATO ilə əməkdaşlıq sahəsində yeni forma və metodların tətbiqinə DSX tərəfindən böyük önəm verilməkdədir. Belə ki, 2001-2009-cu illərdə sərhəd təhlükəsizliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, KQS-nin qeyri-qanuni daşınması və maraq doğuran digər mövzularla bağlı Azərbaycanda və xarici ölkələrdə (ABŞ, AFR, Avstriya, Böyük Britaniya, Belçika, Türkiyə Respublikası, Latviya, Gürcüstan, İsveçrə və digərlərində) keçirilmiş 100-dən artıq NATO/SNT tədbirində (o cümlədən, 2007-ci ilin 27-28 noyabr tarixlərində Vilnüs şəhərində keçirilmiş 9-cu "Cənubi Qafqaz və Moldova üzrə Clearing Nouse" konfransında, 2008-ci ilin 7 fevral tarixində NATO-nun Terrorizmə Qarşı Tərəfdaşlıq Əməliyyatı Planının (PAP-T) icrasına dəstək məqsədilə NATO-nun Hərbi Siyasi Komitəsi tərəfindən yaradılmış sərhəd təhlükəsizliyi üzrə işçi qrupunun 2-ci iclasında) DSX nümayəndələri iştirak ediblər.

FTƏP üzrə götürülmüş öhdəliklərin icrasına Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2006-2010-cu illərdə sərhəd mühafizəsi sisteminin texniki inkişafına dair Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi və digər ölkələrin sərhəd qurumları, müxtəlif beynəlxalq təşkilatlarla yaradılmış iki və çoxtərəfli əlaqələr müsbət təsir göstərir. Hazırda (dəniz sərhədlərinin mühafizəsi, havadan nəzarətin təşkili, çevik hərəkət qruplarının inkişafı, sərhəd nəzarəti, təlim-tədrisin təkmilləşməsi və s.) bir neçə sahə üzrə ABŞ, Avstriya, Almaniya, Finlandiya, Türkiyə, Latviya, Litva, Polşa, Bolqarıstan, Macarıstan və digər ölkələrin sərhəd qurumları ilə faydalı əməkdaşlıq edilir.

NATO ilə əməkdaşlıq çərçivəsində DSX hərbi hissə və qurumlarının ştat-strukturunda edilmiş dəyişikliklər nəticəsində müqaviləli heyətin artırılmasını, SNM və gəmilərdə yalnız zabit və gizir heyəti ilə komplektləşdirmə sisteminə keçməni, Sərhəd Aviasiyasının yaradılmasını, DSX Akademiyasının təsis edilməsini, BMqT və AB-nin dəstəyi ilə Mərkəzi Aparatda müasir texniki avadanlıqlarla təchiz olunmuş təlim-tədris mərkəzinin yaradılmasını, çoxpilləli tədris sisteminə keçidlə bağlı yeni tədris proqramlarının hazırlanmasını, dənizdə texniki müşahidə qabiliyyətinin artırılmasını, o cümlədən ən müasir tələblərə cavab verən yeni SM bazası və cənub katerlər divizionunun fəaliyyətə başlamasını, 500-dən artıq nəqliyyat vasitələrinin alınmasını, postsovet məkanında ilk dəfə sərhəd buraxılış məntəqələrində miqrasiya proseslərində iştirak edən dövlət orqanlarını cəmləşdirən və sərhəddə miqrasiya proseslərinin səmərəli nəzarətinə imkan verən İdarələrarası AMAS-ın yaradılmasını, mərkəz və regional qərargahlar arasında online rejimində məlumat mübadiləsi imkanlarının əldə edilməsini və bir sıra digər işləri qeyd etmək olar.

Təəccüblü deyil ki, Əfqanıstan, İraq sərhədçilərinin təlim-tədrisində köməkliyin göstərilməsi ilə bağlı NATO tərəfi məhz Azərbaycan Respublikasına müraciət edib. Bu kimi müraciətlər artıq Özbəkistan, Qırğızıstan və Türkmənistanın sərhəd qurumları tərəfindən də edilib. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə DSX Akademiyasının yaradılması sərhəd təhlükəsizliyi üzrə təlim-tədris sahəsində DSX-nin regional mərkəzə çevrilməsi imkanlarını artırıb.

Bir sözlə, Azərbaycan Respublikası DSX-nin NATO ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əməkdaşlığın perspektivləri artıq müəyyənləşib və bu əməkdaşlıq dövlət sərhədlərimizin mühafizəsinin daha yüksək səviyyəyə qaldırılmasında özünəməxsus rol oynayacaq.

Prezident İlham Əliyevin cari ilin 28-29 aprel tarixlərində Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi və digər yüksək rəsmiləri ilə görüşməsi və aparılan faydalı fikir mübadiləsi DSX-NATO əməkdaşlığının gələcəkdə də inkişafı üçün əlverişli zəmin yaradır.

 

 

Faiq VƏLİYEV

 

Ayna.-2009.-26 iyun.-S.13-14.