Misir Mərdanov: "YENİ QANUNUN ÜZƏRİNƏ
KÖLGƏ SALMAQ OLMAZ"
Son günlər gündəmin
təhsil sektorunda
"Təhsil haqqında"
qanun ətrafında ajiotaj, Goranboy təhsil şöbəsi
müdiri və bir neçə məktəb direktorunun həbsi, orta təhsil kursu üzrə buraxılış
imtahanlarının nəticələri,
magistraturaya qəbul aparıcı mövzulardır. Bu baxımdan,
təhsil naziri Misir Mərdanovun bazar ertəsinə təyin edilmiş mətbuat konfransı bir çox suallara aydınlıq gətirməli idi. Deyilən vaxtda nazirliyə gələndə nazirliyin
qapılarında buraxılış
imtahanlarından narazı
qalmış şikayətçi
valideynlərin böyük
qələbəliyi ilə
üzləşdik.
NƏTİCƏLƏR KEÇƏN
İLDƏKİNDƏN YAXŞIDIR
Nazir Misir Mərdanov orta təhsil üzrə iyunun 3-dən 16-dək sürmüş buraxılış imtahanlarını "böyük bir mərhələni başa vurmaq" kimi dəyərləndirdi. Nəticələri və əhalinin ümumən təhsilə münasibətini də keçən illə müqayisədə müsbətə doğru dəyişilmiş hesab edir. Keçən il say və faiz rəqəmləri bu ildəkindən çox aşağı olub. Nazir dedi: "Bunlar göstərir ki, biz düzgün yoldayıq, amma bu işi bundan da yüksək səviyyədə, daha şəffaf formada qurmaq olar. İnanıram ki, ilbəil nəticələr yaxşılaşacaqdır". Nazir hesab edir ki, imtahanların nəticələri şagirdlərin bilik və bacarıqlarını hardasa 96 faiz əks etdirir.
11-ci siniflərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili bir neçə ildir həyata keçirilir. Nazir bildirdi ki, bu prosedur ildən-ilə təkmilləşir, bunun başlıca göstəricisi olaraq onu qeyd etdi ki, keçən illə müqayisədə bu il şikayətlərin sayı azalıb. İmtahanlar dörd bölgə - şimal, qərb, cənub, Bakı və Sumqayıt üzrə aparılıb. Naxçıvan bölgəsində buraxılış imtahanlarının bu proseduru hələ tətbiqdən kənardır. Bunun səbəbi izah edilmədi.
Nazirin açıqladığı rəqəmlərdən: 8 fənn üzrə keçirilən imtahanlarda 99 630 şagird iştirak edib. Onlardan Şimal bölgəsi (21 rayon) üzrə 65 mərkəzdə 21 930 şagirddən 21 292 nəfər, yəni 97,09% iştirak edib. Onlardan 16 368 şagird, yəni 76,87% müvəffəq olanlardır.
Qərb bölgəsi (17 rayon) üzrə 69 mərkəzdə 22 168 şagirddən 21 386 nəfər, yəni 96,47% iştirak edib. Onlardan 15 531 şagird, yəni 72,62% müvəffəq olanlardır. Ən yaxşı göstərici Gəncə şəhərinə aiddir.
Cənub bölgəsi (19 rayon) üzrə 72 mərkəzdə 23 771 şagirddən 22 399 nəfər, yəni 94,23% iştirak edib. Onlardan 16 108 şagird, yəni 71,91% müvəffəq olanlardır. Daha yaxşı göstərici Kürdəmir rayonuna aiddir.
Bakı və Sumqayıtda 87 mərkəzdə 28 355 şagirddən 28 168 nəfər, yəni 99,34% iştirak edib. Onlardan 25 870 nəfər, yəni 91,84% müvəffəq olanlardır.
Bakı üzrə 11 şəhər rayonu arasında ən yaxşı göstərici Xətaiyə məxsusdur (95,29%), ən zəif göstərici isə - Qaradağda qeydə alınıb (80,06).
Ölkə üzrə 293 mərkəzdə 99 630 şagirddən 96 595 nəfər (96,95%) imtahan verib. Ölkə üzrə müvəffəqiyyət göstəricisi 77,11 %-dir. Ölkə üzrə 5067 şagird qeyri-kafi qiymət aldığına görə imtahanlara buraxılmayıb. Olimpiada qalibi olan 6 şagird, xəstəliyə görə isə 419 şagird imtahanlardan azad edilib.
Nazir bildirdi ki, apellyasiya 10 gün fəaliyyət göstərəcək. Bütün şikayətlərə valideynlərin və şagirdin bilavasitə iştirakı ilə kompüter qarşısında aydınlıq gətiriləcəkdir. Nazir təəssüfünü bildirdi ki, şikayət ərizələri ilə rayonlardan adamlar bura gəliblər, halbuki yerlərdə təhsil şöbələri ərizələri toplayıb nazirliyə gətirə bilər, adamlara əziyyət verilməzdi.
Nazir bildirdi ki, buraxılış imtahanlarını verə bilməyənlər üçün təkrar imtahan olmayacaq. Onlar özlərini yalnız bir ildən sonra sınaya bilərlər. "Uğursuzlar"ın sayı isə ölkə üzrə nə az, nə çox, 20 minə yaxındır.
NAZİR AYDINLIQ GƏTİRİR
Nazir Sinqapuru - dünyanın ən inkişaf etmiş ölkələrindən birini misal gətirdi. Beynəlxalq fənn olimpiadası qalibləri bu ölkədə birbaşa ali məktəbə qəbul olunur və dövlət hesabına oxuyurlar. Nazir bunu düzgün sayır - belə ki, riyaziyyat, fizika, kimya kimi fənlər üzrə beynəlxalq olimpiada qaliblərinin müvafiq fakültələrdə (deyək ki, prestijli hüquq fakültəsində yox!) oxumasında qəribə heç nə yoxdur. Belə şagirdlər Azərbaycanda hər il 3-4 nəfər ola, ya olmaya. Odur ki, mətbuatda bu barədə çıxan söz-söhbətləri anlamadığını söylədi.
Goranboy təhsil şöbəsi müdiri və bir neçə məktəb direktorunun həbsinə gəldikdə, nazir mediaya belə izahat verdi: "Mən də bu əhvalatı eşitmişəm, mətbuatdan oxumuşam ki, onun seyfindən iri məbləğdə pul, doldurulmamış attestat və şəhadətnamələr aşkarlanıb. Bildirmək istəyirəm ki, təhsil sferasında baş verən və baş verə biləcək korrupsiya hallarına Təhsil Nazirliyi məsuliyyətlə yanaşır. Bilirsiniz ki, bir neçə ay əvvəl Baş Prokurorluğun korrupsiya ilə mübarizə idarəsinin rəhbərliyinin iştirakı ilə böyük bir müşavirə keçirmişik. Biz ölkənin hüquq-mühafizə orqanları ilə birlikdə bu neqativ təzahürə qarşı mübarizə aparmışıq və aparacağıq. Əgər kimsə seyfində boş təhsil sənədi saxlayırsa, bunun cinayət olduğu bilinməlidir. Kimsə valideyndən pul alıb və ona övladı üçün attestat verəcəyini vəd edibsə, bu şəxs qanun qarşısında cavab verməli adamdır".
Ardınca nazir maraq üçün Goranboyun - qərb bölgəsində 9-cu rayonun nəticələrini açıqladı: 11-ci sinfi 1345 nəfər bitirməli idi, imtahanlarda iştirak edib - 1291 nəfər, 54 nəfər iştirak etməyib. 897 nəfər müsbət qiymət alıb, mənimsəmə 66,69%.
Yeni qəbul olunmuş "Təhsil haqqında" qanun barədə "Ayna" qəzetinin sualını cavablandıran təhsil nazirinin fikri belədir ki, yeni qanunun "üzərinə kölgə salmaq olmaz". Nazir bildirdi ki, qanunun hazırlanmasında və bugünkü şəklə gəlib çıxmasında Təhsil Nazirliyinin və onun ekspertlərinin də böyük əməyi olub. Bizim bütün təkliflərimiz nəzərə alınıb. Eyni zamanda, bu qanun çərçivə qanunudur. Bunun əsasında təhsilin ayrı-ayrı pillələri üzrə geniş, daha müfəssəl qanunlar qəbul ediləcək. Hesab edirəm ki, bu qanun millətimiz üçün, təhsilimiz üçün xeyirli olacaqdır".
Daha sonra nazir izahat verdi ki, yeni qanunda ali təhsil - təhsilin bir pilləsi, bakalavr, magistratura, doktorantura - ali təhsilin səviyyələri hesab olunur. Doktorantura iki pillədən - birinci pillə "rhd doktor" və ikinci pillə - "elmlər doktoru" olacaq. İndiki reallıqda elmlər namizədi "rhd doktor" və elmlər doktoru - "elmlər doktoru"na bərabər olacaq.
Nazir dedi ki, təhsildə rast gəlinən bütün neqativ hallar bilik, bacarıq və qabiliyyətlə bilavasitə bağlıdır. Bilikli, bacarıqlı, qabiliyyətli adamların problemi olmur.
Milli təhsildə daha bir ağrılı məsələ müəllimlərin yaş senzi ilə bağlıdır. Məsələn, bir çox inkişaf etmiş ölkələrdə tədris üçün müəllimlərin konkret yaş həddi müəyyən olunub. Bizim ölkədə isə bəzən adam 80 yaşına qədər tədrisdən ayrılmır, təbii ki, yaşla əlaqədar görməsi və eşitməsi, yaddaşı həddən artıq zəifləmiş adam yaxşı dərs keçə bilməz. Nazir bu məsələ ilə bağlı "Ayna"nın sorğusuna cavab olaraq bildirdi ki, yeni qanunda bu barədə konkret müddəa yoxdur. Amma qanunun tətbiqi ilə bağlı prezidentin qarşıdakı müvafiq sərəncamında bu barədə konkret göstərişin yer alacağı istisna edilmir.
İsmayıl
Ayna.-2009.-26 iyun.-S.7.