KİTAB
TƏQDİMATI ORDUYA SEVGİ TOPLANTISINA ÇEVRİLDİ
Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabı tariximizin maraqlı səhifələrindən
söz açır
Yazıçı-publisist,
hərbi tarixçi, polkovnik-leytenant Şəmistan Nəzirlinin
yeni nəşr edilmiş "1920-ci ildə Qarabağ
döyüşləri" kitabının təqdimatı
orduya sevgi, orduya sahibçıxma toplantısına
çevrildi. Müəllifin bu növbəti kitabında
1920-ci ilin mart-aprel aylarında cərəyan etmiş və
Qarabağa soxulmuş erməni qüvvələrinin
ağır məğlubiyyətə uğradılaraq ərazimizdən
qovulub-çıxarıldığı hadisələr özəl
diqqət mərkəzindədir.
Toplantıya
ev sahibliyi edən Milli Kitabxananın direktoru Kərim Tahirov
Şəmistan Nəzirlinin hərb tariximizin
araşdırılmasında çəkdiyi zəhmətdən,
yazdığı əsərlərin önəmindən
danışdı. İki gün öncə təyyarədən
1506-cı dəfə paraşütlə tullanmış 74
yaşlı general, keçmiş müdafiə naziri Dadaş
Rzayev "mən bir hərbi tarixçi tanıyıram, o da
Şəmistan Nəzirlidir" dedi. General söylədi:
"Burada biz 1920-ci ildə Azərbaycan əsgərinin
Qarabağ döyüşlərində nə kimi bir qəhrəmanlıq
göstərdiyini görürük. Bu hadisələrin və
hərbi şəxsiyyətlərin araşdırılması
çox böyük zəhmət tələb edir. Millət
öz hərb tarixini bilməlidir və bu işdə Şəmistan
Nəzirlinin xidmətləri əvəzsizdir. Mən 50 il
orduda xidmət etmişəm, amma bizim xalqın arasından bu
qədər generalların və admiralların
çıxdığını bilmirdim. Biz onları
tanımırdıq, sovet ideoloji sistemi istəmirdi ki, biz
onları tanıyaq, bilək".
Yazıçı
Sabir Azəri də Şəmistan Nəzirlinin xarakterində zəhmətsevərliyi
və məramında ardıcıllığı,
yorulmazlığı xüsusi qeyd etdi: "Onun tədqiqat
dairəsi çox genişdir. Hər dəfə yeni bir qəhrəmandan,
yeni bir dəyərli şəxsiyyətdən söz
açır. Bu yazıların bəziləri ilk dəfə
"Ulduz" jurnalında çıxıb. O vaxt da ona minnətdar
idim, indi də minnətdaram. Bir dəfə ona demişdim,
barmaqlıq arasından ya sən tək baxacaqsan, ya da ikimiz
birlikdə baxacağıq".
Sabir Azəri son vaxtlar mediada ordu barədəki kəskin yazılara da münasibət bildirdi. Yazıçı söylədi ki, ordunu aşağılamağın, gözdən salmağın hər zaman əleyhinə olub. "Psevdo-həqiqətlərdən yazanları, qüsurlu cəhətlərdən yazanları xalq qəbul etmir. Ordunu sevə-sevə ordunun qüsurlarından yazmaq olar, orduya nifrət edərək onun qüsurlarından yazmağı xalq qəbul etməyəcək. Ordu müqəddəsdir, xalq öz ordusuna sahib çıxmalıdır". Sabir Azəri Şəmistan Nəzirlini ordunu sevməkdə örnək sayır, onun hərbi mövzuda yazdığı əsərləri isə ən yaxşı dövlət mükafatına layiq bilir. Yazıçı təklif etdi ki, Şəmistan Nəzirlinin bu əsərlərinə görə ona tarix elmləri doktoru adı verilməsi barədə məsələ qaldırılsın.
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, onların saytında Şəmistan Nəzirlinin 9 kitabının elektron variantı yerləşdirilmişdir.
İ.BALIOĞLU
Ayna.-2009.-26 iyun.-S.7.