"ŞƏHRİYAR" XALQ ROMANININ DAHA BİR ƏLYAZMASI VAR

 

Buna qədər hesab edilirdi ki, XVIII yüzil nəsr abidəsinin yalnız bir nüsxəsi mövcuddur

 

"Şəhriyar" xalq romanının daha bir - ikinci əlyazması var. Bu sətirlərin müəllifinin aldə etdiyi əlyazmanın "Şəhriyar" romanının bir nüsxəsi olduğu müəyyən edildi. Xatırladaq ki, "Şəhriyar" xalq romanı hazırda MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxə əsasında 2006- ildə latın qrafikası ilə kütləvi nəşrlər haqqında prezident fərmanı çərçivəsində "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir. Tərtib edəni, ön söz lüğətin müəllifi professor Əlyar Səfərlidir.

Ön sözdən öyrənirik ki, bizim günlər üçün çox anlaşıqlı Azərbaycan türkcəsində qələmə alınmış bu əsərin Əlyazmalar İnstitutunda saxlanılan nüsxəsi hicri 1245-ci ildə (1826) yazıya alınıb, müəllifi Məhəmməd adlı naməlum bir yazıçıdır. "Şəhriyar" romanından çıxış edən professor Əlyar Səfərli yazır ki, bu şəxs hər kimsə maraqlı bir ədəbi yaradıcılıq yolu keçmiş yazıçıdır. Nüsxə Əlyazmalar İnstitutunda Həbibulla Səmədzadənin fondunda mühafizə edilir, vaxtilə bu nüsxə barədə ilk dəfə məlumat verən Həmid Araslı "Şəhriyar"ın bədii məziyyətlərini yüksək qiymətləndirmişdi. Əlyar Səfərli bizim günlərdə romanı dərindən təhlil edərkən ona yüksək bədii dəyər verir.

Bizim əldə etdiyimiz nüsxədə əvvəldən iki-üç vərəq qopub, sondan isə çap nüsxəsindəki 167-202-ci səhifələr qopub. Fəqət qopmuş səhifələr pis gündə olsa da, onların bir çoxunun bərpa imkanı qalır. Bu nüsxə hicri 1233-cü ildə (1814) - yəni institutda mühafizə edilən nüsxədən 12-13 il öncə yazıya alınmışdır.

Mətnlərin ilkin tutuşdurulması göstərdi ki, nüsxələrin ayrı-ayrı epizodlarında ifadə, cümlə fərqləri var, məsələn, çap nüsxəsində "Durnalar" qoşması bir bənd olduğu halda ikinci nüsxədə beş bənddir s. "Görmüşəm" rədifli şeir əvvəlki nüsxədə yoxdur. Bu faktlar belə söyləməyə imkan verir ki, nüsxələr ayrı-ayrı variantlardan köçürülüb. Hər halda, bu roman o çağlarda ədəbiyyat həvəskarları arasında çox populyar imiş. Qeyd edək ki, macəra elementlərinin çox olduğu bu janr orta yüzillər Azərbaycanında populyar estetik təzahür idi təhkiyə formaları iyerarxiyasında aparıcı yer tuturdu.

"Şəhriyar" sevgi romanı ədəbiyyat tariximizdə ona görə önəmli yer tutur ki, nəsrlə yazılmışdır. Ədəbi yaradıcılığın bu qolu "Kitabi-Dədə Qorqud"la başlanır, Məhəmməd Füzulinin "Şikayətnamə", "Rind zahid", "Səhhət mərəz", "Hədiqət-üs-şühəda" əsərləri nəsrlə yazılıb. XVII-XVIII yüzillərdə Şeyx Səfi mənqəbələri, "Kəlilə Dimnə"nin tərcüməsi,"Seyfəlmülük", "Hekayəti-Kərəm", "Düzd qazi", "Tutinamə" kimi sadə azərbaycancada yazılmış xalqımızın etno-mədəni tərbiyəsində önəmli rol oynamış bədii nəsr örnəkləri var. Gördüyümüz kimi, nəzmlə müqayisə nəsr əsərləri ədəbiyyatımızda barmaqla sayıla bilər. bu sadalamanı tamamlayan "Şəhriyar"ın önəmi aydın olur.

Bu sevgi romanında hadisələr Tiflisdə, şəhərin Ortaçala, Soğanlıq hissəsində, Qazax, Borçalı, Şəmsəddinli mahallarında, Qarayazı meşəsində, Dağıstanda, Gəncədə, İranın Kirman şəhərində - müəllifin özünün qeyd etdiyi kimi, "tərəkəmə" mühitində cərəyan edir. O da maraqlıdır ki, romanın bədii dilində Qazax-Borçalı dialektinə məxsus ifadələr az deyil.

Romanın qəhrəmanı Şəhriyar adlı bir gəncdir, atası tiflisli sövdəgər Saleh, anası Zöhrə xanımdır. O, Kirman bəylərbəyi Cahangir xanın qızı Sənubər xanımı sevir öz butasına qovuşmaq yolunda başına maraqlı macəralar gəlir. Burada Şəmsəddinli mahalı Əmirli kəndində (ehtimal ki, söhbət Qaraca Əmirli kəndindən gedir) bəy qızı Pərizad xanım, Gəncə bəylərbəyi Şahqulu xanın qızı Şamama bəyim, həkim Sadıq, Tuti qarabaş kimi maraqlı personajlar vardır. Onların hamısı xeyirxah, tərbiyəli, təhsilli, ləyaqətli, mənəviyyatlı adamlardır. Bəylərbəyi Cahangir xan, Şahqulu xan, Şah Abbas müsbət planda verilir. Hadisələr müəyyən mənada tarixlə səsləşir.

"Şəhriyar" romanında qəhrəmanlar eynilə xalq dastanlarında olduğu kimi müəyyən şəraitlərdə öz duyğularını saz götürüb gəraylı qoşmalarla ifadə edirlər. Hadisələr isə I Şah Abbasın zamanında cərəyan edir.

Təbii ki, ikinci nüsxə, "Şəhriyar"ın təkrar nəşrində faydalı ola bilər. Eynilə "Kitabi-Dədə Qorqud"un Drezden Vatikan nüsxələri bir-birlərini tamamladıqları kimi.

 

 

İsmayıl UMUDLU

 

Ayna.-2009.-26 iyun.-S.20.