"YÜNGÜL MUSİQİLƏR KÜÇƏDƏN EFİRƏ SEL KİMİ AXIR"

                                                                                                                                              

Yenilik adı altında insanların zövqünü korlamağa çalışırlar 

   

Azərbaycanın musiqi tarixinə "Arxada qalmış gələcək", "Bağ mövsümü", "Bizim küçə", "Güllələnmə təxirə salınır" s. bədii filmlərə yazdığı musiqiləri, eyni zamanda, "Ağlar qaralar" baleti, 1 2-ci simfoniyaları, "Mərakeş" rapsodiyası bir sıra əsərləri ilə imza atan xalq artisti, "Şöhrət" ordenli Xəyyam Mirzəzadə yaradıcılığını yüksək templə davam etdirir. Musiqidəki xaosa biganə qalmayan bəstəkar bəzən peşəkar həmkarlarının dedikləri ilə razılaşa bilmir. Deyir ki, həvəskar ordusunun musiqi barəsində danışdıqları onu qətiyyən düşündürmür, lakin hörmət etdiyi insanlar danışanda o, narahatlıq keçirir.

Fikrini bir az dəqiqləşdirən X.Mirzəzadə dirijor Ramiz Məlikaslanovun mətbuata açıqlamasına münasibətini bildirdi. Xatırladaq ki, Ramiz müəllim dirijor Rauf Abdullayevin rəhbərlik etdiyi Simfonik Orkestrin fəaliyyətini qənaətbəxş hesab etməyərək bunları deyib: "Orkestrin reanimasiyaya qoyulduğundan xəbərdardım, lakin oradan nə vaxt çıxdığını, təəssüf ki, hiss etmədim". Bir çox musiqiçilər onun fikirlərini təkzib edərək bunun həqiqətəuyğun olmadığını söyləyiblər. Həmsöhbətim isə belə düşünür:

- Ramiz müəllimin Bakıya səfərindən xəbərim var. Eşitdiyimə görə, buraya tələbələri ilə gəlib və konsertlər verib. Onun dövlətin orkestri haqqında belə bir fikir söyləməyə ixtiyarı çatmır. Ondan soruşmusunuz ki, bu sözləri nəyə istinadən deyib? Bəlkə, orkestrlə məşq edib və musiqiçilərin imkanları onu qane etməyib? Bəlkə, bu səbəblərdən çılğın fikirlər söyləyir?

- Ramiz müəllim hər Bakıya gəlişində orkestrin ifasını dinlədiyini deyir. Sizcə, sözügedən simfonik orkestr tələblərə cavab verə bilir?

- Mənim bildiyim bir həqiqət var ki, bu da orkestrin vəziyyətinin normal olmasıdır. Əgər bundan yaxşısını yarada bilmiriksə, deməli, yaxşı olan artıq yaranıb.

- Ramiz müəllimin ittihamının kökü, sizcə, haradan qaynaqlanır?

- Belə düşünürəm ki, o, Rauf Allahverdiyev kimi böyük orkestrə rəhbərlik etmir. Uzun illərdir Türkiyədə çalışır və bu müddətdə ona buradan heç bir iş təklifi göndərilməyib. Amma o özünü Rauf müəllimlə müqayisə etməsin. Çünki hər ikisinin yaradıcılıq imkanları arasında fərq böyükdür. Əgər mən onun yaradıcılığı ilə yaxından tanış olsam, əminəm ki, səhvlər tapacağam. Yadıma gəlir ki, o, Türkiyəyə getməzdən əvvəl dövlət televiziyasının radiosunda orkestrə rəhbərlik edirdi. Əgər özünü istedadlı rəhbər hesab edirdisə, ovaxtkı fəaliyyətini yarıda buraxmazdı. Yaxud Türkiyəyə gedəndən sonra biz onun hadisəyə çevriləcək yaradıcılıq işi ilə tanış olmamışıq. Bir daha deyirəm ki, yaxşı ki simfonik orkestrin başında Rauf Abdullayev kimi şəxsiyyət durur.

- Musiqimizin bugünkü vəziyyətini necə görürsünüz? Sizin bu mövzuda fikirləriniz vəziyyətin ürəkaçan olmadığından xəbər verib. İndi necə düşünürsünüz?

 - Yaxşılığa doğru dəyişən bir şey görmürəm. Bu gün meydanda həvəskarlar ordusu yaranıb. Onların əksəriyyəti bir-birini təkrarlayır. Yeni və qeyri-adi səslər eşidə bilmirəm. Son illər aranjemanların sürətlə artması da musiqi sənətinin taleyini bir qədər təhlükəyə atdı. Çünki aranjların əksəriyyəti eyni xətt üzrə hazırlanır. Hətta dəst-xəttdən filan musiqinin kimə məxsus olduğunu anlamaq olur. Aranjemanların artması notsuz musiqi bəstələyən həvəskarların sayına da təsir göstərdi. Bugünkü mahnıları barmaqlar deyil, dodaqlar yazır. Bunlara mən zümzümədən yaranan mahnılar deyərdim. Bir sözlə, bəstəkar və aranjemanlar arasında savadsızlıq problemi davam edir.

- Bu problem keçid dövrünün qalığıdır, yoxsa Avropaya inteqrasiyadan doğur?

- Niyə biz öz səhvlərimizə ümumbəşəri don geyindiririk? Avropa həmişə öz musiqisini, mədəniyyətini göz bəbəyi kimi qoruyub. Hələ bundan sonra da qoruyacaq. Biz öz dərdimizə yanmalıyıq. Sərbəstlik çoxlarını yalançı musiqiçi edib. Bir faktı diqqətinizə çatdırım. Mən 49 il konservatoriyada bəstəkarlıqdan dərs demişəm. 15 il kafedra müdiri olmuşam. Hər il dövlət imtahanlarında oturmuşam. Bu gün adları televiziya və radiolarda, konsert məkanlarında yüz dəfələrlə hallandırılan bir çox bəstəkarların təhsil aldığının şahidi olmamışam.

- Bu gün fitri istdedad az qala ali təhsilə bərabər tutulur. Sizcə, təhsil almadan peşəkar olmaq mümkündür?

- Klassik təhsil olmadan peşəkar musiqiçi, sözün əsl mənasında bəstəkar olmaq qeyri-mümkündür. Operanı, baleti, simfoniyanı təhsil almadan necə yazmaq olar? Ona görə də son illər bu janrda boşluqlar hiss olunur. Təhsil alanların bəziləri musiqidən uzaqlaşır, bəziləri yüngül əsərlərə meyil göstərirlər. Çünki həmin janrda bayağı musiqi yazmaq daha asandır. Bəziləri isə şou-biznesə xidmət edirlər. Yerdə qalan tək-tük tələbə isə böyük yaradıcılıq barədə düşünür. Bu isə zəif göstəricidir.

- Mahnıların tanıdılması işi əvvəlki xətt üzrə aparılmır. Sizcə, bu, konkret hansı istiqamətdə həyata keçirilməlidir?

- Əvvəllər musiqinin sədaları efirdən, radio-televiziya olmayan vaxtlarda konsert salonlarından küçəyə axardı, dillər əzbəri olardı. Ən böyük nümunə kimi "Arşın mal alan" filmindəki melodiyaları göstərə bilərəm. İndi isə dövran tərsinə gəlib. Musiqilər küçədən efirə, televiziya ekranlarına sel kimi axmaqdadır. Görün hansı səviyyədən hara enməli olmuşuq. Ona görə də zaman keçdikcə ənənələr itir, yenilik adı altında insanların zövqünü korlamağa çalışırlar.

 

 

XATUN

 

Ayna.-2009.-20 mart.-S.20.