"ƏN BÖYÜK ARZUM FİLMDƏ
FATİMƏYİ-ZƏHRA OBRAZINI YARATMAQDIR"
Nailə Mirməmmədli: "Əvvəllər Hikmətdən xoşum gəlmirdi. Düşünürdüm
ki, ansambla o gəlibsə, mən getməli olacağam"
Bəstəkar, əməkdar incəsənət
xadimi Nailə Mirməmmədlinin əlavə
təqdimata ehtiyacı
yoxdur. Onunla müsahibəmiz mərhum həyat yoldaşı - əməkdar
incəsənət xadimi
Hikmət Mirməmmədlinin
doğum günü ərəfəsində, bu
iki nəğmə dolu ürəyin ocağında, Mirməmmədlilərin
evində baş tutdu.
"İki qəlbin nəğmələri"
deyəndə hər kəsin gözləri
qarşısında Hikmət və Nailə Mirməmmədlilərin
siması canlanır. Çünki onların vizit kartına
çevrilən bu mahnı hər kəsin qəlbinə yol
tapa bilib. Busəfərki həmsöhbətim - Nailə
xanım - yazdığı musiqilərdə həyatı əks
etdirir və yaşadıqlarını musiqiyə çevirib
nota köçürür. Nailə xanım söhbətimizin
əsnasında bizə həm yaradıcılıqdan, həm
də həyat yolundan danışdı. Müğənnilər
onu çox sevir və onunla işləməkdən zövq
alırlar. Onun mərhum yoldaşı Hikmət müəllim
də mehribanlıqda xanımından geri qalmırdı və
xalq onu heç zaman unutmayacaq. 20 mart Hikmət Mirməmmədlinin
doğum günüdür. Ümid edirik ki, "Art-club"
rubrikamızın vasitəsi ilə onun ruhunu yoldaşı
Nailə xanımla bərabər şad edəcəyik.
- Bildiyimə
görə, musiqiyə lap erkən yaşlarında gəlmisiniz
və ziyalı ailəsindənsiniz. Bəs necə oldu ki, bu
iki nəğmə dolu ürək bir-birinə qovuşdu?
- Mən iki yaş yarımlıq
olanda bizim evdə "Dnepr" maqnitofonu var idi. Valideynlərim
körpəliyimdəki epizodları mənə
danışsalar da, o vaxt dinlədiyim Şövkət Ələkbərovanın
"Ay işığında" mahnısı,
"Bayatı-Şiraz" təsnifi, muğamlar indiyədək
qulağımdadır.
Atamın dediyinə görə, mən
artıq iki yaş yarımlıq olanda fortepianoda eşitdiyim
musiqiləri yığmağa başlamışam. Üç
yaşında isə atamın köməkliyi ilə artıq
ikiəlli çalarmışam pianoda. İlk ifa etdiyim əsər
"Bayatı-Şiraz" təsnifi olub.
1968-ci ildə atam məni
Bülbül adına musiqi məktəbinin hazırlıq
sinfinə qoydu. İki ildən sonra həmin məktəbin
birinci sinfinə daxil oldum və 11 il fortepiano üzrə
oxudum. Ailədə iki bacı, iki qardaş
olmağımıza baxmayaraq, atam məni oğul kimi
böyüdüb. Hər zaman hansı məclislərə
getsəydi, məni də özü ilə aparardı. Atam və
ticarətçi dostları Zabrat kəndində böyük
bir zal tikmişdilər və o zaldakı çox uzun masa hələ
yadımdadır. O masanın arxasında Emin Sabitoğludan,
Mirzə Babayevdən tutmuş, Səttar Bəhlulzadə, Tofiq
Bayram, Hüseyn Arif kimi insanlar əyləşərdi. Yəni
atamgil ticarətçi olmalarına baxmayaraq, bu insanlarla
ünsiyyət qurar, bacardıqları qədər hər bir
işdə onlara dayaq olardılar.
Bu məclislərdə
mən - balaca qız bu sənətkarları öz ifamla
feyziyab edirdim, baxmayaraq ki, mən rəfiqələrimlə
oynayanda məni güclə onlardan ayırıb
çalıb-oxumağımı xahiş edərdilər. Bir
dəfə atam bu məclislərin birində Emin
Sabitoğludan soruşdu ki, "Emin müəllim, olarmı
Nailə sizin Mirzə Babayev üçün
yazdığınız yeni "Kəpənək"
mahnınızi ifa etsin?" Emin müəllim dedi ki,
"mahnı təzədir və heç özü onu əməlli-başlı
xatırlamır, Nailə onu necə çalacaq?" Mən
isə - 11 yaşlı qız mahnını eynilə, hətta
bir az da bəzəyib ifa etdim. Emin Sabitoğlu qulağıma
dedi ki: "Qızım, sən bəstəkar olmalısan,
çünki səndə böyük fantaziya var,
mahnımın bəzi hisslərini öz fantaziyan sahəsində
dəyişib çalırdın". Mən isə bəstəkar
yox, pianoçu olmaq istəyirdim.
Emin müəllimin yoldaşı
Ceyran xanım isə Bülbül adına musiqi məktəbində
mənə dərs deyirdi. Atam məni tez-tez konsertlərə,
teatrlara, operalara aparırdı. Evimizdə hamı Allaha, dinə
və sonra musiqiyə bağlı olublar. İndi özüm də
Hacı xanımam, səkkiz ildir namaz qılıram, buna
baxmayaraq, musiqi ilə məşğul oluram. Qismət elə
gətirdi ki, rast gəldiyim ailə - Hikmətin ailəsi də
seyid ailəsi oldu.
Atam həmişə deyərdi ki,
"sənin həyatın bir romandır". Çox kəşməkəşli
keçib ömrüm. Mən Bülbül adına orta ixtisas
məktəbini bitirəndə əməliyyat olundum və əməliyyat
sağ tərəfimdən keçirildiyi üçün
pianonun pedalını basa bilmirdim. Buraxılış
imtahanlarım gecikdi, buna baxmayaraq, hamısını bir
günə "əla" qiymətlərlə verdim. Ancaq
Konservatoriyaya qəbul imtahanı verəndə pedalı basa
bilmirdim, ona görə qəbul imtahanından mənə
"üç".
Onda rəhmətlik Elmira Abbasova
dedi: "Səndə istedad, ümidlər var, amma bu gün
özünü doğrulda bilmədin". Mən sənədlərimi
götürüb getdim, baxmayaraq ki, bu qiymətlə də
keçə bilərdim. Bütün sinif yoldaşlarım bu
hərəkətimə təəccüb etdilər, dedilər
ki, "sən məktəbdə imtahanlarda çalanda biz
qapını açıq qoyardıq ki, sənin
çalmağını eşidək, sən axı
"üç"lə də keçə bilərdin, niyə
belə etdin?" Sadəcə, mən özümə
sübut etmək istəyirdim ki, instituta "əla" qiymətlə
daxil olacağam. O vaxtlar ikinci il qəbul olmaq üçün
gərək altı ay iş stajın olaydı, atam da məni
"Lalə" qızlar ansamblına düzəltdi və
artıq gələn il mən Pedaqoji institutun Musiqi fakültəsinə
qəbul olundum. O vaxt bu təhsil ocağında orkestrlə,
xorla işləmə, vokal dərsi, nəzəriyyə dərsi
var idi və mən bu institutu bitirmək arzusu ilə
yaşayırdım. Pedaqoji institutu fərqlənmə diplomu
ilə bitirdim.
Birinci kursdan ikinci kursa keçən
ilin yay aylarında kafedra rəhbərimiz, rəhmətlik Sabir
Quliyev məni çağırıb Ağadadaş
Ağayevin yaratdığı ansamblda pianoçu kimi fəaliyyət
göstərməyi təklif etdi. Atam icazə vermədi, amma
öz tanışının vasitəsi ilə məni "Xəyal"
instrumental ansamblına düzəltdi. Məhz onda mən Hikmətlə
tanış oldum. Amma o mən gələndə ansamblda yox
idi, əsgərlikdə idi. Əvvəllər ondan xoşum gəlmirdi.
Çünki ansamblda bir pianist olmalı idi,
düşünürdüm ki, mən getməli olacağam. Sonradan
çox möhkəm dost olduq.
Hətta bir gün mənə
ürəyini açdı. Söylədi ki, "əsgərlikdən
qayıtmışam, evlənmək istəyirəm, ailəmizə
layiq bir qız axtarıram, mənə özün kimi bir
qız tap". Mən də oturub fikirləşirdim: "Ay
Allah, mənim tələbə yoldaşlarımdan Hikmətə
kim yaraşar? Bəlkə filankəs, bəlkə filankəs?"
Hikməti hansı rəfiqəmlə tanış edirdimsə,
hərəsində bir "əmma" tapırdı. Özüm
isə başa düşmürdüm ki, onun məndən
xoşu gəlir. Sonra gediş-gəlişimiz oldu, Hikmət
bağımıza, evimizə gəlirdi. Özümüz də
bilmədik ki, dostluğumuz məhəbbətə necə
çevrildi. Artıq onda ikimiz də Ağadadaşın
ansamblına getdik. Ağadadaş isə həm
nişanımızda, həm də toyumuzda oxuyub.
Artıq Hikmətlə ailə
qurmuşduq, üç uşağımız var idi. Bu səfər
ikimiz də Konservatoriyaya sənədlərimizi verdik və 18
imtahan verəndən sonra birbaşa "Musiqi nəzəriyyəsi"
fakültəsinə qəbul olduq. Mən illər öncə
özümə sübut etmək istədiyimi sübut etdim.
Oranı da fərqlənmə diplomu ilə bitirdim. Biz Hikmətlə,
bizdən müəllimlərin tələb etdikləri
prelüdləri yeddi muğamımızı
bölüşdürüb onların üzərində bəstəliyirdik.
Bir yaşlı və tələbkar müəllimimiz var idi -
Xanlar Məlikov. O bizdən soruşdu: "Nə
üçün sənədlərinizi bəstəkarlığa
verməmisiniz? Axı siz musiqini Azərbaycan, müsəlman
ladında yazırsınız, standart Avropa ladında yox".
Mənim fortepiano, Hikmətin xor üçün əsərlərimiz
var idi, amma bəstəkar olmağı heç fikirləşmirdik.
Artıq 1983-cü ildə bizim
mahnılarımız xalq mahnısı adı ilə efirdə
səslənirdi, çünki o dövrlərdə ali təhsili
olmayan, bəstəkarlıq fakültəsini bitirməyən
insanların adları efirdə çəkilə bilməzdi. Xanlar
müəllim bizi bəstəkar Süleyman Ələsgərovla
tanış etdi, o isə ata kimi bir insan idi. Üzeyir Hacıbəyovun
əlindən su içmiş insan necə ola bilər? Bu sənətkarların
gözəl sənəti insanlıqlarından irəli gəlirdi.
Çox nadir hallarda əsl sənətkarın dili acı,
xasiyyəti pis olar. Süleyman Ələsgərov öz
növbəsində bizi dahi Tofiq Quliyevlə tanış etdi. Tofiq
müəllimə təzəcə professor adı
verilmişdi və o, özünə tələbə seçməli
idi. İmtahanda mənimlə və Hikmətlə
yanaşı iki qız seçilmişdi, biri Xəyyam Mirzəzadənin
sinfinə getdi, o biri isə Arif Məlikovun. Biz ikimiz qaldıq
Tofiq müəllimin sinfində və respublika üzrə onun
yeganə tələbələri olduq.
- Tofiq
Quliyevin tələbəsi, bir bəstəkar kimi,
bugünkü musiqimizin vəziyyəti barədə nə deyə
bilərsiniz?
- Bugünkü mahnıların əksəriyyəti
İran ladında yazılır. Ona görə də təəccüb
etmək lazım deyil ki, nə üçün həmin
mahnıların sədaları altında toyda belə rəqs
edirlər, çünki mahnıların ritmi bunu tələb
edir. Tofiq Quliyev də ritmik mahnılar yazırdı:
"Qızlar", "Tez gəl" və s. mahnılar da əsl
xanım, bəy kimi rəqs etməyi tələb edirdi.
- Bu yaxınlarda mətbuatda sizin
Şərqdə ikinci opera yazan Azərbaycan qadını kimi
tarixə düşmək arzunuz haqqında yazılar getdi...
- Mənə
elə bir libretto təqdim etməlidirlər ki,
axtardığım mərd qadın obrazını tapım. Bu,
bütün vəziyyətlərə sinə gərib dayana
bilən qadınlara həsr olunacaq. Opera konkret bir
qadının taleyindən danışmamalıdır. Burada mənimlə
yanaşı, bir çox qadınların həyatı tərənnüm
olunacaq. Azərbaycanda həyat yoldaşını itirən,
övladlarının gələcəyini düşünərək
gecə-gündüz çalışan, eyni zamanda haqsız
yerə ləkələnən qadınlar az deyil. Mübarizədən
üzüağ çıxan zərif cinsin nümayəndələri
mənim yaradıcılıq işimin qəhrəmanına
çevriləcəklər. Onu da qeyd edim ki, Hacı xanım
titulunu daşıyan bir müsəlman olaraq operada bu
mövzuya toxunmuşam. Sonda isə mütləq əsas qəhrəmanın
bütün çətinliklərə tab gətirə bildiyi
göstərilməlidir.
- Mahnı
müsabiqələrinin birində Zülfiyyə Xanbabayeva
üçün bəstələdiyiniz, çox çətin
mahnı olan "Son gecə" mahnısını
özünüz simfonik orkestrin müşayiəti ilə ifa
etmişdiniz. Gözəl səsiniz var, müğənni olmaq
arzunuz olubmu?
- Həmin müsabiqəyə
Zülfiyyə xanım gələ bilməmişdi, ona görə
məcburiyyət qarşısında qalıb oxumuşdum, amma
müğənni olmaq arzusunda olmamışam. Bir çox
mahnılarımı özüm ifa etmişəm, misal
üçün, "Qayıt ömrümə"
mahnısını.
Tale səni
verdi mənə,
Alacağını bilməzdim.
Bilsəydim ki, vəfan budur,
O ilk görüşə
gəlməzdim...
Bəs Hikmət müəllim sağlığında
hansı mahnısını
sizə həsr edib?
- Çoxdur, hərdən elə olub ki, mahnının
hansısa sətirlərini
mənə həsr edirdi.
- Siz bütün məşhur müğənnilərimizlə çalışmısınız və onların hər birinin bu qədər sevilməsində sizin də mahnılarınızın
böyük rolu var. Necə oldu ki, siz Röyanın,
demək olar, ikinci anasına çevrildiniz? Niyə məhz Röyanın?
- O qədər müğənnilər
bizim evimizə gəlib deyiblər: "Məni müğənni
edin, bu yaxşılığı itirmərəm". Rəhmətlik
Hikmət də həmin insana baxıb deyib ki, əsl
oxuyandır, gözəl danışmağı bacarır. Ancaq
Röya yaxşılığı itirən qız deyil. Və
o həm özünə qarşı, həm də bəstəkara
qarşı hər zaman tələbkar olur. O, elə bil, mənim
ürəyimdə olan tikanı çıxarır. Bəzən
müğənnilər inciyirlər ki, "bəs filan
mahnını nə üçün Röyaya verdin". Sadəcə,
Röya bir də görürsən, gəlir bizə, tələb
edir ki, "sonra nə mahnılar yazmısınız,
onları da mənə göstərin". Öz üzərində
çalışan qızdır, bəziləri isə
mahnıları daim ləngidirlər.
- Brilliant
Dadaşovaya yazdığınız "Mən sənətkaram"
mahnısında belə sətirlər var:
"Lap uzaqlarda, göy səmalarda,
Bu
dünyada izim qalacaq".
Bəs sizcə,
hansı mahnınızla bu dünyada iziniz qalacaq?
-
Elə bu mahnı ilə. Brilliant xanımla biz 18
mahnı yazmışıq və disk buraxmaq fikrimiz də var.
"Bizi yaşadan xoş
arzulardı,
Ruhdan da salan boş arzulardı".
Ən məşhur
və sevilən mahnılarınızdan biri məhz arzular
haqqındadır. Sizi ruhdan salan boş arzularınız olubmu?
- Ruhdan oğlumu itirəndə
düşmüşdüm. Bildiyiniz kimi, dənizdə
boğulmuşdu və haradasa dənizdən
küsmüşdüm. Bir gün Hikmətə dedim ki, məni
dənizə aparsın. Sanki sahildə dayanıb dənizə
baxanda Allaha yalvarırdım: "Qurban olum, oğlumu mənə
yenidən ver, onu təzədən böyüdüm!". Ondan
sonra Əli-Əkbər oğlumuz dünyaya gəldi. İndi
dörd yaşı var. Demək istəyirəm ki, bu da
Tanrının bir qəziyyəsi idi. Arzudan da yeni bir arzu
doğur. İndi arzularımı üç övladım
üzərində qururam. Mənim böyük bir arzum var. Ola
bilsin məni qınasınlar ki, aktrisalıq eşqinə
düşmüşəm. İstəyirəm bir dini film
çəkilsin və həmin filmdə mən Həzrəti
Fatiməyi-Zəhra obrazını özüm yaradım, filmin
musiqisini də özüm yazım. Bəlkə həyatda
ağlaya bilmədiyimi, o hisslərimi filmdə içimdən
çıxarım.
- Xoşbəxtliyi
bir sözlə ifadə edin...
- Allah tərəfindən
SEÇİLƏN olmağım, seçilməyim. Allah mənə
musiqi yazmaq bacarığı veribsə, bu qədər
sınaqlara çəkibsə, deməli, məni seçib...
Sevinc İSMAYIL
Ayna.-2009.-20
mart.-S.19.