BAKIDA BEYNƏLXALQ MUĞAM BAYRAMI
Dünya ictimaiyyətinin diqqəti
bu təntənəyə
yönəldi
Məlum
olduğu kimi, Azərbaycan martın 18-dən
25-dək möhtəşəm bir sənət bayramına - Beynəlxalq Muğam Festivalına ev sahibliyi
etdi. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah
əsəri adlandırılan
muğamın məkanına
çevrildi, Şərq
dünyasının ən
qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltdi. Festival çərçivəsində muğama həsr olunan müzakirələr,
klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin
unudulmaz çıxışları,
məşhur musiqiçilərin
konsertləri qədim
və həmişəyaşar
muğam sənətinin
bütün zənginliyini
nümayiş etdirərək
festival proqramını həm
rəngarəng, həm
də yaddaqalan etdi.
Heydər
Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət
və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı
tədbir paytaxtımızın
bu il
İslam ölkələrinin
paytaxtı elan olunmasının heç də təsadüfi olmadığını göstərdi.
Muğamla bağlı
möhtəşəm tədbirin
keçirilməsi muğam
sənətinin tarixində
yeni bir mərhələnin başlanmasına
rəvac verdi.
Eyni zamanda muğam sənətinə həsr
olunmuş və belə yüksək səviyyədə keçirilən
beynəlxalq simpozium muğamın təkcə
Azərbaycanın mədəniyyəti
və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli,
nə qədər maraqlı olduğunu göstərdi. Qərblə
Şərq arasında,
Böyük İpək
Yolu üstündə,
sivilizasiyaların qovuşduğu
bir məkanda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi
bir daha sübut etdi ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı,
daha da təkmilləşdirdiyi
muğam sənəti
dünyanın mədəni
irs siyahısına daxil olan ən
layiqli nümunələrindəndir.
Azərbaycan Bəstəkarlar İttifaqı,
başda təşkilatın
sədri, xalq artisti, professor Firəngiz Əlizadə olmaqla festivalın təşkilində,
keçirilməsində yaxından
iştirak edib. Festivalın bədii
tərtibatı məhz
Firəngiz xanımın
əməyinin məhsulu
idi. Beynəlxalq elmi simpoziumun
açılışında çıxış edən
UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar
Mərkəzinin professoru
Can Dürinq Bakıda
belə bir beynəlxalq festivalın keçirilməsini yüksək
qiymətləndirib. O deyib ki, Fransa
muğamla ilk tanışlıqdan
bu musiqiyə valeh olub.
Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın
vitse-prezidenti Vim van Zanten
muğamın incəliklərindən,
bu sahədə aparılan tədqiqatlardan
danışıb. Qonaq bildirib
ki, musiqi festivalının və simpoziumun keçirilməsinin
səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri
olan muğam bəşəriyyətin qeyri-maddi
irsinin inciləri siyahısına düşmüşdür.
Xatırladaq ki, martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan,
Kanada və Tacikistandan olan tanınmış alimlərlə
yanaşı Azərbaycan
Bəstəkarlar İttifaqının
üzvlərinin də
məruzələri dinlənilmişdir.
Dünyanın müxtəlif ölkələrindən
ənənəvi Şərq
musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin
daha da möhkəmlənməsinə,
inkişafına təkan
vermişdir. Qeyd edək
ki, simpoziumun materialları müxtəlif
dillərə tərcümə
edilərək çap
olunub.
Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumda çıxış edən
professor Firəngiz Əlizadə
bölmə iclaslarında
dinlənilən məruzələri
yüksək qiymətləndirib. F.Əlizadə
bildirib ki, muğamla bağlı keçirilən simpoziumlar,
festivallar mədəniyyət
sahəsində dünya
alimlərinin ən gözəl işbirliyinə
bariz nümunədir:
"Biz "Muğam aləmi"
beynəlxalq festivalı
çərçivəsində muğamı təbliğ
etməklə yanaşı,
həm də bu musiqinin nəyə
qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu
göstərəcəyik. Simpozium bu
istiqamətdə yeni beynəlxalq tədbirlərə
yol açdı".
Festivalın yaddaqalan məqamlarından
biri Muğam Mərkəzində "Muğam
aləmi" I Beynəlxalq
Muğam Festivalının
rəsmi açılış
mərasimidir. Tədbirdə nitq söyləyən prezident İlham Əliyev ölkəmizdə
keçirilən birinci
Beynəlxalq Muğam Festivalını yüksək
qiymətləndirərək dedi: "Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı
əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuş, öz qəlbində saxlamışdır.
Nəsildən-nəslə keçən muğam
sənəti bu gün də Azərbaycanda yaşayır,
qorunur, inkişaf edir. Bizim görkəmli muğam
ustalarımız öz
məharətini, biliklərini
gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də
bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və
muğamı Azərbaycansız
təsəvvür etmək
mümkün deyil".
Martın 25-nə qədər davam edən maraqlı tədbirlər proqramına
həmin gün yekun vuruldu. Heydər Əliyev
Sarayında Beynəlxalq
Muğam Festivalının
təntənəli bağlanış
mərasiminə həsr
edilən konsert keçirildi. Festivalın
təntənəli bağlanış
mərasiminə həsr
edilən konserti əməkdar incəsənət
xadimi, dirijor Fəxrəddin Kərimovun
idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət simfonik orkestri Fikrət Əmirovun "Şur"
simfonik muğamı ilə açdı. Xalq artisti Alim Qasımov
və əməkdar
artist Fərqanə Mövlamova
"Şur" təsnifini
səsləndirdilər. Bunun ardınca festival tamaşaçıları milli
operalarımızdan "Leyli
və Məcnun",
"Aşıq Qərib"
və "Şah İsmayıl"dan səhnələri
izlədilər.
Festivalın çoxsaylı qonaqları
islam mədəniyyətinin
paytaxtı olan, Şərq və Qərb mədəniyyətini
özündə sintez
edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı
arzusu ilə ayrıldılar.
İltifat HACIXANOĞLU
Ayna.-2009.-4 aprel.-S.21.