Təqdimatları bayrama bənzədirəm                                                                                        

                                                                                                                                             

Səidə Quliyeva: "Teatrda oynamağın məsuliyyəti daha çoxdur"

 

Səidə Quliyeva 1957-ci il martın 5-də Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra elə həmin il təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Böyük səhnədə 1979-cu ildə Uilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu ilə debüt edib. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların quruluşlarında maraqlı obrazlar yaratmışdır. O, İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" tarixi dramında Bəyim, Şıxəli Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Ana, Elçinin "Ah Paris, Paris" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil"ində Qonşu, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayı Fatma kimi obrazlar qalereyası yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da uğurlu rollar ifa etmişdir. Məsələn, İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala - başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. maraqlı obrazlar oynamışdır. Səidə Quliyeva 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülmüşdür.

 

- Xoş gördük, Səidə xanım! 2009-cu il necə başladı? Yeni tamaşalarda rol almısınızmı?

- Sözün düzü, mənə hələ ki heç bir təklif gəlməyib, çünki işlədiyim Milli Akademik Dram Teatrı təmirə bağlanıb. Hazırda Dövlət Televiziyasının "Dublyaj" redaksiyasında çalışıram. İştirak edəcəyim bir neçə yeni layihə var, amma onlar təsdiqlənmədiyi üçün açıqlama vermək istəmirəm. Hələ ki sınaq çəkilişləri gedir.

- Müsahibələrinizin birində söyləmisiniz ki, ailə bir kitabdır, açsan, gərək vərəq-vərəq oxuyasan. Səhv etmirəmsə, incəsənətlə birbaşa əlaqəsi olan ailəyə gəlin gəlmisiniz. Ailəniz haqqında nələri danışa bilərsiniz?

- Mən çox nadir hallarda ailəm haqqında danışıram, danışanda da bir-iki cümlə işlədirəm. Çünki xoşlayıram ki, jurnalistlər mənimlə maraqlanırlarsa, sənətimlə maraqlansınlar. İstəmirəm kimsə şəxsi həyatıma müdaxilə etsin. Həyat yoldaşım Dövlət Televiziyasında səs rejissorudur, 13 yaşlı oğlumuz var. Qayınanam Elmira Quliyeva konservatoriyanın vokal şöbəsində çalışır, professordur.

- Bu sənətdə olmağınıza qarşı çıxmadılar ki?

- Əvvəl çıxdılar, amma get-gedə onların etibarını qazandıqca hər şey yoluna düşdü və sənətdə qalmağıma etiraz etmədilər.

- Bəs rol aldığınız tamaşaları izləməyə gəlirlər?

- Oğlum həmişə gəlir. Yoldaşım isə oynadığım televiziya tamaşalarının əksəriyyətində səs rejissoru olub.

- Kimlərlə tərəf-müqabil olduğunuza sevinirsiniz?

- Mənim gözəl tərəf-müqabillərim olub, indi də var. Çox böyük sənətkarlarla - Səməndər Rzayev, Fuad Poladov, Rafael Dadaşov, Cahangir Novruzov, Yaşar Nuri, Siyavuş Aslanla tərəf-müqabil olmuşam. Bilirsiniz, otuz il az vaxt deyil. Amma daxilən özümü çox gənc hiss edirəm.

 - Oynadığınız hansı rol sizin üçün lap əzizdir və arzusunda olduğunuz rol varmı?

- Oynadığım rolların hamısı mənə əzizdir. Çünki biz tamaşanı ərsəyə gətirənədək o qədər əziyyət çəkirik ki... O, tamaşaçı tərəfindən müsbət qarşılananda həmin rol insana doğmalaşır. Təqdimatları həmişə bayrama bənzədirəm. Çox vaxt deyirlər ki, rollar aktyorların övladlarıdır. Mən bu fikirlə tam razıyam. O ki qaldı oynamaq istədiyim rollara, belələri çoxdur. Sadəcə, həmin rolları oynamaq üçün bir az gecdir.

 - Məşhur və aktuallığını itirməyən "Bala - başa bəla" tamaşasında baş rollardan birini ifa etmisiniz. Sizcə, hansı halda bala başa bəla ola bilər? Bu televiziya tamaşası ilə bağlı xatirələrinizi oxucularla bölüşə bilərsinizmi?

 - Tamaşanın adı zarafat mənasında qəbul olunur. Bala heç vaxt başa bəla ola bilməz. Bala insan həyatının çiçəyidir, gələcəyidir. Bala insanın bütün arzularını həyata keçirən bir kəsdir. Bu tamaşa 13 il qabaq Novruz bayramı ərəfəsində çəkilmiş və tamaşaçılara elə bayram günü təqdim edilmişdi. Məhz bu tamaşa haqqında danışanda hamının dodaqlarına təbəssüm qonur. Çox gözəl aktyor truppası var idi. Son iki ildə mən bu tamaşaya böyük ürək ağrısı ilə baxıram, çünki iki ildir biz aktyorumuz Ələkbər Hüseynovu itirmişik. Ömrünün gənc çağında dəyişdi dünyasını. Ona görə də "Bala - başa bəla"ya əvvəlki həvəslə baxa bilmirəm.

Tamaşanın televiziya çəkilişləri bir ay davam etsə də, biz bu çəkilişlərdən əvvəl dörd ay məşq etmişdik və artıq yorulmuşduq. Buna baxmayaraq bir aktyor truppası olaraq çox doğmalaşmışdıq və bütün yaradıcı proses maraqlı keçirdi. Ssenari müəllifi Əli Əmirli, quruluşçu rejissor isə Şərif Qurbanəliyev idi. Tamaşada Afaq Bəşirqızı, Cahangir Novruzov, Rafael İsgəndərov, Nuriyyə Əhmədova, Muxtar Maniyev kimi görkəmli aktyorlar çəkilmişdi.

 - Birinci və axırıncı oynadığınız rolları müqayisə etsək, əsas fərq nədə olacaq?

 - Böyük səhnədə 1979-cu ildə Uilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu ilə debüt etmişəm. Tamaşanı rejissor Əşrəf Quliyev hazırlamışdı. Tərəf-müqabillərim Rafael Dadaşov, Fuad Poladov, Hamlet Xanızadə, Vəfa Fətullayeva idi. Belə aktyorlarla bir səhnəni bölüşmək sənətdə ilk addımlarını atan Səidə Quliyeva üçün böyük şərəf idi. Sonuncu işim isə "Uçqun" tamaşası ilə bağlıdır. Bu tamaşada qəhrəmanların adı yoxdur, amma çox maraqlı bir obraz oynamışam. Bu tamaşanın təqdimatında Türkiyədən 70 nəfərlik nümayəndə heyəti iştirak edirdi. Həqiqətən də, uğurlu tamaşa idi. Son illərdə teatrda belə tamaşa, demək olar, olmayıb. Onu da qeyd etmək istəyirəm ki, bu əsərlə Türkiyənin Konya şəhərində keçiriləcək festivala dəvət almışıq, inşallah, qismət olsa, iştirak edəcəyəm. Bu oynadığım tamaşaların və obrazların fərqinə gəlincə, heç bir rol bir-birinə oxşamamalıdır. Fərq isə hər bir yaradıcı insan üçün önəmli olan inkişafdadır.

 - Hansısa rolu oynayarkən personajla xasiyyətləriniz üst-üstə düşməyəndə daxili münaqişə yaşayırsınız?

 - Yaddan çıxarmayın ki, bu bizim peşəmizdir. Mən - Səidə Quliyeva həyatda bir insan, oynadığım obrazda isə tamam başqa bir insan ola bilərəm. Axı oynadığım obraz mən deyiləm. Mən Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastyanı və ya "Bir evdə üç quruş" operasında Lüsini oynayanda heç kəsin ağlına gəlməzdi ki, bu mənəm. Biz artistlər psixoloquq və insanın mənəviyyatını, düşüncəsini, intellektini obrazda cəmləşdirməyə çalışırıq. Zənnimcə, hər bir yaradıcı insanın dünyagörüşü geniş olmalıdır.

 - Bu yaxınlarda aktyor Fəxrəddin Manafov verdiyi müsahibədə belə bir fikir söylədi: "Hər kəsin daxilində min üz var, sadəcə, aktyor həmin üzləri daxilindən çıxara bilir". Bu fikirlə razısınız?

- Mənə elə gəlir ki, Allah insanı yaradanda elə aktyor yaradıb. Misal üçün, indi siz jurnalist rolunu, mən isə müsahib rolunu oynayırıq. Müsahibədən sonra biz evlərimizə gedəcəyik, siz övlad, mən isə ana obrazını yaradacağıq. Və ya işçi, xalaqızı, əmiqızı obrazlarını yaradacağıq, görün nə qədər obrazlarımız var bizim. Bəlkə, Fəxrəddin Manafov bu fikri o nöqtəyi-nəzərdən deyib. Əsas odur ki, bir rol oynayanda təbii və səmimi oynayaq ki, tamaşaçının qəlbində məskən sala bilək.

- Bugünkü aktrisaların fəaliyyəti sizi qane edirmi?

- Bilirsiniz, mənə həmişə deyirlər ki, sən bütün obrazlarında xanım-xatın olursan. Bu gün televiziyalarda bəzi aktrisalarımızın obrazları eybəcər günə saldığını görürəm. Ağızlarına gələni danışır, obrazı həyasızcasına oynayırlar. Bu məni qane etmir. Misal üçün, mənə "Bala - başa bəla" tamaşasını təqdim edəndə o mənə o qədər də çatmırdı. Amma əsəri oxuduqdan sonra əminliklə bu rolu oynayacağımı bildirdim. Aktrisalar gərək əvvəl əsəri tam oxusunlar. Tamaşaçını iyrəndirmək lazım deyil. Aydın məsələdir ki, hansısa sənət yoldaşımı tutub deyə bilmərəm ki, filan rolu süni oynayırsan və ya düz oynamırsan. Amma hamı təbiiliyi sevir. Hətta körpə uşaqla danışanda təbiisənsə, o sənə qulaq asacaq, ağlayırsa, susacaq.

 - Yetişdirdiyiniz tələbələr haqqında nələri danışa bilərsiniz? Ümumiyyətlə, gənc aktrisalarımızdan kimlərin fəaliyyətini bəyənirsiniz?

 - Mən doqquz il İncəsənət və Mədəniyyət Universitetində, aktyorluq kafedrasında pedaqoji fəaliyyət göstərmişəm. Hazırda işim çox olduğuna görə pedaqoji fəaliyyətimi davam edə bilmirəm. Sağlıq olsun, bir müddət sonra bu fəaliyyətimi davam etdirəcəyəm. Dövlət Televiziyasında "İntellekt" və "Benefis" verilişlərini aparan Mehman Piriyevlə Elşad Quliyev mənim tələbələrimdir. Gənc Tamaşaçılar Teatrında Lalə, Məlahət adlı tələbələrim işləyirlər. Eldəniz adlı tələbəm ictimai radioda çalışır. Mən tələbələrimlə fəxr edirəm!

- Səidə xanım, teatr və kino... Hansı sizin üçün daha maraqlıdır. Onların əsas fərqləri və üstünlükləri nədədir?

- Mənim üçün hər iki istiqamətdə oynamaq maraqlıdır. Sadəcə, teatrda canlı ünsiyyət var və tamaşaçı aktyorların nəfəsini belə duyur. İstər-istəməz teatrda oynamağın məsuliyyəti daha çoxdur.

 - Xoşbəxtliyi bir sözlə ifadə edin...

- Bəlkə də, haradasa təkrarlamış olaram, amma, doğrudan da, xoşbəxtlik ani bir hissdir. Xoşbəxtlik bir ANDIR.

 

                                                                                                                                           

Sevinc İSMAYIL 

 

Ayna.-2009.-4 aprel.-S.19.