"SEVGİ ƏBƏDİ
MÖVZUDUR"
Xanım İsmayılqızı deyir ki, kiminsə
aşiq olmaq hissi yoxdursa, bu, onun problemidir
Şairə,
bəstəkar, mənim
üçün isə
maraqlı müsahib Xanım İsmayılqızı
bu günlərdə doğum gününü qeyd edib. Zövqümüzü
oxşayan mahnıların
müəllifi ilə
müsahibəmizdə bir
çox maraqlı məqamlara toxunduq.
- Əvvəla,
sizi ad gününüz münasibətilə təbrik edir,
sizə can sağlığı, uzun ömür, yeni
yaradıcılıq uğurları arzulayırıq. İllər
bir göz qırpımında keçir. Mstislav
Rostropoviç demişdi ki, 60-dan 70-ə sanki cəmi bir həftə
keçib...
- Günləri
saymağa vaxt olur ki?! Vaxt
elə gəlib keçir ki, bir də görürük
beş ili,
on ili arxada qoymuşuq. Bəzən mənə elə gəlir ki, illər bir göz qırpımında
keçir, bəzən
bir günüm bir il qədər uzanır. Bu da Allahın işidir...
- Əgər
əsəri oxuyanda onu kişi, yaxud qadın yazarın
yazdığını təyin etmək olursa, bu, əsərin
zəifliyindən xəbər verir. Azərbaycan ədəbiyyatında,
xüsusən qadın yazarların əsərlərində
buna daha çox rast gəlinir. Sanki qadınlar özlərini
daha çox redaktə edirlər. Boğulmuş hisslərlə
doludur qadın yazarların əsərləri ...
- Mən
ilk şeirlərimi yazanda Ramiz Rövşənə müraciət
etdim. Onun dediyi sözləri indiyədək
xatırlayıram: "Yaxşı şeirlərdir, amma
özünü içində redaktə eləmə". Qadınlarda
kompleks var ki, onun qələmindən çıxan hər
hansı bir fikir barədə ətrafdakılar nə deyərlər,
necə fikirləşərlər. Ələlxüsus, sevgi
mövzusu olanda... Hər kəs şairliyə sevgidən
yazmaqla başlayır. Əbədi mövzudur da...
- Əbədi
mövzu demişkən, yazarlar arasında belə bir fikir
tez-tez səslənir ki, həyatımızda terror, uşaq həyatına
qəsd və bu kimi ciddi qlobal problemlər, Afrikada acından
ölən insanlar varkən, biz hələ də sevgidən
yazırıq. Doğrudanmı sevgi mövzusu artıq
çeynənmiş mövzudur?
-
Onda sevgiyə çeynənmiş hiss deyək də. Sevgi elə
bir şeydir ki, nə qədər bu həyat, gənclik,
kişi-qadın, yer üzünün gözəllikləri
varsa, aşiq olmamaq mümkün deyil. Əgər kiminsə
içində aşiq olmaq hissi yoxdursa, bu, onun problemidir. Allah
insanı istərsə on əsr əvvəl, istərsə on
əsr sonra eyni duyğuları verərək yaradır. Sevgi əbədi
mövzudur: olub, var, olacaq. Nə yaxşı ki var, nə
yaxşı ki insanlıq itməyib, duyğular ölməyib.
- Marşal
Maklüen demişdi ki, yaxın gələcəkdə
dünya böyük bir kəndə çeviriləcək. Bu
gün biz televiziya qarşısında oturduqda bunun şahidi
oluruq. Sizcə, mədəniyyət, incəsənət, ədəbiyyat
sahəsindəki bu tənəzzülün səbəbi nədir?
-
İbtidai icma quruluşundan bu yana bəşər inkişaf
etməkdədir. İnsan nədənsə öz kökünə
qayıtmaq istəyir. İstər sənətdə olsun, istər
ictimai həyatda, hətta dəbin özündə belə
qayıdış var. Bilirik ki, əvvəl kənd olub, sonra
böyük şəhərlər yaranıb. İndi insanlar
şəhər həyatından kənd həyatına
qayıtmağa can atır. Amma savad, mədəniyyət
nöqteyi-nəzərindən bu, çox xoşagəlməz
haldır. Bizim keçmişimiz bu günümüzdən
daha mədəni olub. İnsanlar hər şeyi təminata
bağlayırlar. Hisslər, duyğular kiçilib,
cılızlaşıb.
- Çıxış
yolu varmı? İnsanların şüurunda inqilab etmək
mümkündürmü?
-
Ancaq bir yolla mümkündür: ailələr, televiziya, mətbuat
ancaq mənəviyyata xidmət etməlidir. İndi kitab oxumaq
istəyən yoxdur. Kitaba ancaq ziyalılar meyil edirlər, onlar
da azlıq təşkil edirlər. Hazırda
tamaşaçıları müğənninin ifasından
daha çox onunla bağlı qalmaqallar maraqlandırır. Yadıma
düşür ki, biz makulatura toplayar, onu təhvil verib əvəzində
maraqlı kitablar əldə edərdik.
- O dövr mənim uşaqlıq
illərimə təsadüf edir. Amma eşitdiklərimə
görə, hər hansı yeni nəşri almaqdan
ötrü Bakıdan Moskvaya gedənlər də olub...
- Bəli.
Maaşının yarısını kitaba verənlər var
idi. İnsanların evinə gedərdin, bir kitab şkafı
görərdin. İndi çox nadir adamların evində kitab
şkafı var. Mən çox istərdim ki, yaxın
keçmişimizə qayıdaq. Texnikanın inkişafı
insanları kitabdan ayırıb. İndi oturub hər hansı
İnternet səhifəsindən məlumat əldə etmək
daha asandır.
- İnternetdən
söhbət düşmüşkən, necə
düşünürsünüz: o, dilimizə öz təsirini
göstərib?
- Bu, dünya miqyasında baş
verən prosesdir. Biz
istənilən yeni terminin Azərbaycan versiyasını... (fikri yayınır -
L.M.) Görürsən, versiya...
Bu da əcnəbi
sözdür. Dilimizə indi
çox böyük diqqət ayrılır.
Bu məsələdə mən çox nikbinəm. Yəqin ki, yaxın
gələcəkdə belə
sözlər tədricən
sıradan çıxacaq.
- Sizcə,
insan öz taleyini qarşılayır, yoxsa yaradır?
-
İnsanın öz taleyinə hansısa təkan verməsi,
onun uğurlu alınması üçün səy göstərməsi
bəhrə verə bilər. Amma qismət payı deyilən
bir şey var. Bilirsinizmi nə qədər yazan var?! Eləsi də
var ki, çox gözəl yazır, ancaq tanınmır. Elə
gözəl ifaçılar, elə rəssamlar var ki,
adları xalqa bəlli deyil. Bax bu, taleyin qismətidir.
- Şam işığı
xoşbəxt olur qaranlıqda, şam özünü bədbəxt
edib xoşbəxt olur qaranlıqda...
- (Gülümsəyir - L.M.) Onun
missiyası əriməkdir. Bu, şam həyatıdır. Hər
kəs bu dünyaya bir missiya ilə gəlir. Birinə alimlik
taleyi düşür, birinə fəhləlik və s.
İnsan o missiyanı yerinə yetirib xoşbəxt ola bilər.
Mən yazıb
xoşbəxt ola bilirəm. İkinci bir missiyam da var:
analıq missiyası.
Üçüncü missiyam
var: qadınlıq missiyası. Əsas missiyam var: vətəndaşlıq
missiyası. Şamın
da öz missiyası var, ağacın da, torpağın da... Ağac kölgə salır, bar verir, hətta quruyandan sonra da bizə xidmət
edir, odun kimi istifadə edirik.
Bəzi insanlar var ki,
ağac kimidir. Onlar öldükdən
sonra da taleyimizdə iştirak edirlər. O qədər
olub ki, anam, atam yuxularıma
gəliblər. Onlar elə
bir anımda yuxuma gəliblər ki, onların gəlişi mənə hansısa addımı atmağa böyük bir təkan verib.
- Müəllifini xatırlamadığım belə
bir aforizm var: "Oğluna "mənimdir" demə, çünki o, səndən
ayrı bir şəxsiyyətdir". Bu fikirlə razısınızmı?
- Övladlarımız
bizdən ayrı varlıqlardır, çünki
onları biz seçməmişik.
Onlar bizdən tamamilə fərqlənə,
hətta tam əks xarakterdə ola
bilərlər. Yer üzündə
seçə biləcəyimiz
insanlar yalnız dostlarımızdır. Övladlarımızla, valideynlərimizlə qan qohumuyuq, dostlarımızla
isə ruhən qohumuq.
- Amerikalıların
qəmli zarafatları
var. Məsələn, deyirlər
ki, "Al sənə
xırda pul! Bütün dostlarına zəng elə"... Sevincinizə,
kədərinizə şərik
olacaq dostlarınız
varmı? Sevincə
şərik olmaq asandır, yoxsa kədərə?
- Barmaqla sayılacaq qədər olsa da, var. Mən deyərdim ki, sevincə şərik olmaq kədərə şərik olmaqdan çətindir. Bizim xalqa məxsus xüsusiyyətdir ki, insanlar səninlə birgə kədərlənə
bilirlər, amma çox az
adam səninlə birgə sevinə bilir. Mən hər kəsə mənim dostlarım kimi dostlar arzu
edirəm...
Leyla MƏTİN
Ayna.-2009.-2
may.-S.20.