İNSAN ZƏHMƏTKEŞ DEYİLSƏ, XOŞBƏXT OLA BİLMƏZ"

 

Göz həkimi "ictimai korluğu" maariflənmə ilə müalicə etməyi tövsiyə edir

 

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı kəndində qulluqçu ailəsində anadan olub. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib. Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləyib, sonra ATU-nun "Göz xəstəlikləri" kafedrasında baş laborant kimi çalışıb. İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun "Göz xəstəlikləri" kafedrasında aspiranturada təhsil alıb. Sonralar ATU-nun "Göz xəstəlikləri" kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini çalışıb. Hazırda həmin kafedranın müdiridir.

Paşa Qəlbinur tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. "Oftalmologiyada yeni dərman preparatı - "Aktirol"un kəşfinə görə Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brussel Evrika-2002" sərgisində Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür. Yeni dərman preparatı (onun müəllifləri sırasında professorun bacısı Sevinc və tələbəsi Olqa Stroyeva da var) onun rəhbərliyi altında hazırlanmışdır.

P.Qəlbinur Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fiziologiya bölməsinin ekspertidir (1996). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafatla (1999), "İman, izzət və iltifat" diplomu (2000) təltif olunmuşdur.

Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şeirini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvü, "Araz" ədəbi mükafatının laureatıdır.

2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

- İndicə əməliyyatdan çıxmısınız. Əməliyyata girəndə və sonra hansı hissləri yaşayırsınız?

- Əməliyyatdan əvvəl səfərbərlik vəziyyətində oluram. Ordular döyüşdən əvvəl necə səfərbər olursa, təyyarə uçuşa necə hazırlaşırsa, idmançı startdan qabaq hansı hissləri keçirirsə, mən də o hallara düşürəm. Əməliyyat başlayan andan isə tamam başqa bir aləmdə oluram. Həmin anlarda bu dünya ilə həmin dünya arasındakı qapılar bağlanır. Əməliyyatın yorğunluğunu, gərginliyini isə iş yerimdən çıxandan sonra hiss edirəm. Bilirəm ki, bir ağır, məsuliyyətli iş görmüşəm həmin gün.

- Əməliyyatdan çıxanda sizi xəstələriniz gözləyirdilər. Köməkçiniz sizi görən kimi otağınızdakı radionun səsini artırdı və siz müayinəyə başladınız. Deməli, musiqi həm sizə, həm də xəstələrinizə kömək edir...

- Bilirsiniz, bütün normal insanlar kimi, mən də musiqini sevirəm. Amma əməliyyat zamanı bir musiqiyə qulaq asıram, xəstələri müayinə edəndə isə tam başqa musiqiyə. Musiqi qəbuluma gələn insanlara estetik gözəllik, sakitlik bəxş edir, tibbi cəhətdən də insana xidmət edir. Misal üçün, siz bir jurnalist kimi bu gün qəbuluma gəlmisiniz. Mən istəmirəm ki, otaqda hansısa xəstəni kefsiz görəsiniz. Çünki bu, sizdə belə xəstəliyə düçar olma qorxusu yarada bilər. Ümumiyyətlə, mən hamıya tövsiyə edərdim ki, işə getdikdə sanki toy-bayrama getdiklərini zənn etsinlər, can deyib, can eşitsinlər. Onsuz da bu həyatda bizə mənfi emosiyalar bəxş edən şeylər kifayət qədərdir, heç olmasa, işdə istirahət etsinlər. Çox sevinirəm ki, kənar bir insan iş otağıma daxil olub gözəl auranı hiss edir, görür ki, xəstələr də yaxşı əhval-ruhiyyədədir, burada heç kəs heç kəsi incitmir.

- Olurmu ki, işdən çıxırsınız, amma fikriniz hələ də xəstənizin yanında qalır?

- Mənim belə şerim var

:

Əllərimin hakimiyyəti bərqərar olur,

Əməliyyat vaxtı.

Qaranlıqda işığın radar tutmayan

Sərhədinə uçur əllərim.

Ürəyim kimidi,

Mən yatanda da

Oyaq olur əllərim...

 

Doğrudan da mənim əllərim ürəyim kimi həmişə oyaq olur. Çox vaxt əməliyyatlarım və xəstələrim haqqında düşünürəm.

- Sizin ailənizdə özünü tibbə həsr edən insanlar çoxdur, bəs şairlər olub?

- Bəli, bizim nəslimizdə çoxlu göz həkimləri olub. Onların arasında tanınmışları da olub, tanınmamışları da. Nəslimizdə şeir yazanlar da olub. Babamla atam hərdən şeir yazardılar, amma onlar çap olunmayıblar. Sadəcə, özləri üçün yazıblar. Ailəmizdə üç uşaq olmuşuq. Ali məktəbdə fərqlənmişik, Moskvada aspirantura qurtarmışıq. Bacım elmlər doktorudur. Amma bircə mən şeir yazıram. Yəqin ki, bu, Tanrının rəva bildiyi bir tələbatdır.

- İlk şeiriniz "Gözlər" adlanır. Tibbi öncə seçmisiniz, yoxsa poeziyanı?

- Bu şeiri 13 yaşımda yazmışam. Çox qəribədir ki, o şeir məhz belə adlanırdı. Bir misra yadımda qalıb: "Çox uzaqdan tanınan qara gözlər, a gözlər". Bu şeiri yazanda göz həkimi olmaq fikrim yox idi, sadəcə, qeyri-adi, kosmik bir çəkisizlik vəziyyətinə düşmüşdüm. Hər dəfə şeir yazanda o cür oluram. Elə bil, başqa dünyadayam. Əslində, mən üç fərqli dünyada yaşayıram. Şeir yazarkən olduğum poeziya dünyasında, gözlərdə əməliyyat aparanda olduğum dünyada və yaşadığım bu dünyada. Mənim gözlərim adi insanlardan fərqli olaraq yaxını 300% görür, bu, üç dəfə artıq görmək deməkdir. Uzağı isə ikiqat çox, yəni 200% görürəm. Bu isə bir milyon adam arasında bir nəfərdə ola, ya olmaya...

- Musayevdən Qəlbinura necə çevrildiniz?

- Özümə təxəllüs axtarırdım, nəsə "Paşa" adına uyğun tapa bilmirdim. Sonra elə oldu ki, iki dostum eyni gündə mənə Qəlbinur təxəllüsünü təklif etdilər və mənim çox xoşuma gəldi, çünki bu sözdə həm oftalmologiya, həm də poeziya var. Sonra millət vəkili, dostum Rəfael Hüseynov mənə dedi ki, bu sözün bir mənası da var: Qəlbinur - el arasında qəlbi uca, ucadan gələn nur, işıq deməkdir.

- Hansı bəstəkarlarla çalışmısınız və kimlər mahnılarınızın əksəriyyətini ifa edib?

- İlk çalışdığım bəstəkar rəhmətlik Emin Sabitoğlu olub. Anasını müayinəmə gətirmişdi. Şeir yazdığımı öyrənəndə kitabımı götürdü. Çox keçmədi, bir şeirimi oxuyub söylədi: "Necə də bu şeirə bu musiqi oturur!" Sonra "Mən sizə gələcəyəm" mahnısını bəstələdi və həyat yoldaşı Xədicə Abbasova onu ifa etdi. Xədicə xanımdan başqa mahnılarımı Flora Kərimova, Brilliant Dadaşova, Firuzə İbadova və Cavanşir Quliyev, Könül Kərimova və Cabbar Musayev və digər müğənnilər də ifa ediblər.

- On elmi kəşfiniz var, bəs insanları kəşf etmək çoxmu çətindir?

- İnsanları kəşf etmək qat-qat çətindir, bunun üçün uzun illər gərəkdir. Mənim üçün həkimlərlə, şairlərlə, jurnalistlərlə ünsiyyətdə olmaq, bir kəşfi axtarmaq çox xoşdur. Lakin insanları pis tanıyıram və çox zaman onlarda yanılıram. Bir də görürsünüz, kimisə yaxşı adam hesab edirəm, həmin insan isə gözləntilərimi doğrultmur. Və ya əksinə. Ona görə də müəyyən vaxt keçməlidir ki, mən bir nəticəyə gəlim.

- Dini kitablarda Allahın varlığına dəlillər gətirəndə gözün indiyədək tam kəşf olunmamasını, nə qədər sirli olmasını da vurğulayırlar. Bəs gözün hansı sirləri indiyədək açılmayıb?

- Bilirsiniz, adicə gözdə balaca sarı ləkə olur. Bu ləkə haqqında onlarca kitablar yazılıb. Yəni göz sonsuz dəryadır, çox xəstəliklərin təbiəti, sirləri hələ də açılmayıb. Həmin sirləri açmaq üçün bəlkə də əsrlər yetməz.

- Göz yaşı nədən doğur?

- Elmə məlumdur ki, insanın emosiyaları daşanda göz yaşı ifraz olunur. Bu hiss insanın sevincinin həddini aşdığı zaman da baş verə bilər. El arasında buna "sevindiyindən ağlamaq" deyirlər. Ümumiyyətlə, ağlamaq ürəyin daxili hissiyyat üzvlərinin gözlərə təsirindən yaranır.

- Közdən əlil insan yuxu görür?

- Bəli, gözdən əlil insan da sağlam insan kimi rəngli və rəngsiz yuxular görür. Yuxu beynin funksiyasıdır. Sadəcə, insan var ki, yuxularını yadda saxlaya bilmir, elə insan da var ki, o dəqiqə yuxusunu tam danışa bilir.

- İnsanların bir qismi kompüterin qarşısında oturmaq məcburiyyətindədir. Bu, göz üçün nə qədər ziyanlıdır və müəyyən norma varmı?

- Həmin kompüterlərin qoruyucu qatı olmalıdır. Eynək taxmaq məsləhət görmürəm, sadəcə, gözlər qaşınır, qızarır, yaşarırsa, xüsusi damcılardan istifadə etməyi tövsiyə edirəm.

- Məncə, qəlbin kor olması insanın görməməsindən daha qorxuludur. İnsanlar, sizcə, nəyi görmürlər?

- Məncə, insanlar kitab oxusalar, elmlə məşğul olsalar, bu "korluq" aradan qaldırılar.

- Paşa müəllim, iki əsrin yol ayrıcında həm bir şair, həm də göz həkimi kimi millətimizin gələcəyini necə görürsünüz?

- Bir var görmək, bir də var duymaq, hiss etmək. Təbii ki, bunlar bir-birindən fərqlənir. Bu mənada üzümüzə gələn sabahların içində işıq, uğur, yaxşılıqlar görürəm. Düzdür, bəzən həmsöhbətlərim bədbin əhval-ruhiyyədə olur və belə fikir təlqin etməyə çalışırlar ki, az qala dünyanın axırı çatıb, hər şey əndazədən çıxıb və s. Amma mənim daxilimdə belə bir inam var ki, hər şey yaxşı olacaq. Qorxulu nağıllar yaxşı sonluqla bitdiyi kimi.

- Xoşbəxtliyi bir sözlə ifadə edin...

- Zəhmətkeşlik. Xoşbəxtlik Allahın sevimli bəndəsi olmaqdır. Amma insan zəhmətkeş olmasa, o, heç zaman xoşbəxt ola bilməz!

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-2 may.-S.19.