Müğənni Samira:
"ALLAHIMA ŞÜKR EDİRƏM Kİ, MƏNƏ
SEVİMLİ XANIM, SEVİMLİ ANA OLMAĞI NƏSİB
EDİB"
Samiranı çoxları bizim musiqimizi layiqincə xaricdə təmsil edə biləcək müğənnilər sırasında görürlər. Azərbaycan mahnılarını məharətlə ifa etdiyi kimi xarici mahnıların da öhdəsindən eləcə gəlir. Gənclərin sevimlisidir, özü də hər zaman gənclərə dəstək olmağa çalışır. Qalmaqalları heç bir formada qəbul etmir, elə bu səbəbə görə bir çox jurnalistlərdən qaçır. Samiranın adında heç bir böyük titulların, mükafatların adları hallanmır. Amma insanı nə ilə mükafatlandırmaq olarsa, Samiranı Allah onunla mükafatlandırıb. Çox imanlı qadındır, amma dindarlığını heç zaman nümayiş etdirmir. Samira deyir ki, yetər xeyirli işlər görəsən, xoşrəftar, şirindilli olasan.
- Salam
Samirə xanım! Bəlkə, gələcək
planlarınızdan başlayaq?
- Çox sevinirəm ki, Çingiz Mustafayevlə yazdırdığım duet dinləyicilər tərəfindən çox gözəl qarşılandı. Həmçinin "Durnalar" mahnısı. Albom haqqında isə heç düşünmürəm. Artıq bir neçə albom buraxmışdım, böyük xərc çəkmişdim və bir qəpik də qazanmamışdım. Sözsüz, bunu pərəstişkarlarım üçün etmişdim, amma piratlar sonra albomlarımı çox eybəcər şəkildə satışa buraxırdılar.
- Bildiyiniz kimi, bu il
Bakı şəhəri
islam mədəniyyətinin
paytaxtı seçilib.
Sizin "Rəbbim"
mahnınız bu layihə çərçivəsində
ən uğurlu iş adlandırıla bilər. Bəs bu mahnının yaranma ideyası hardan gəldi?
- "Rəbbim" mahnısı bir il bundan əvvəl yazılmışdı. Mahnının bəstəkarı Sevinc Tağıyevadır. Mən ona müraciət edəndə ki, dini mövzuda mahnı yazdırmaq istəyirəm, çox sevindi və "Rəbbim" adlı mahnını yazdırmaq uşaqlıq illərindən qalan arzusu olduğunu söylədi. Amma Sevinc musiqinin sözlərinə görə kimə müraciət edəcəyini bilmirdi. Və çox sağ olsun Sevinc Şirin ki, bu cür gözəl sözlər yazdı. Mən isə çoxdan mənəvi olaraq dini mahnı ifa etməyə hazır idim və bu mənim böyük arzum idi. Ülviyyə Könülə və onun yaradıcı qrupuna öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, mənə öz yardım əllərini uzatdı və bu klipi ərsəyə gətirdi. Dünyanı müharibələr, fəlakətlər bürüyən bir zamanda, insanları beş dəqiqəlik də olsa neqativ olan hər şeydən, bütün pisliklərdən uzaqlaşdırmağı qarşımıza məqsəd qoymuşduq.
- Bəs klip çəkilişləri zamanında hansısa çətinliklərlə üzləşirdinizmi?
- Əvvəl mən istəyirdim ki, bu mahnını mənimlə bərabər, həmkarlarım da oxusun, klipə də çəkilsinlər. Belə baxanda hamının ideyadan xoşu gəlirdi, amma hamıda bir "amma" tapılırdı və onlar imtina edirdilər. Kimsə, misal üçün, etiraf etmişdi ki, bu klipin efirə gedəcəyinə əmin deyil və ona görə çəkilmək istəmir. Bu onların seçim hüququdur və mən həmkarlarımdan incimirəm. Bu söz-söhbətləri heç yadıma salmaq belə istəmirəm. Mənə "Rəbbim" mahnısını uşaqlarla ifa etməyi məsləhət gördülər. Axı uşaqlar dünyanın ən pak, günahsız varlıqlarıdır. Biz "Can bala" qrupu seçdik və çox sağ olsun bu qrupun yaradıcısı və rəhbəri Məryəm xanım ki, böyük həvəslə mənim təklifimi qəbul etdi. Ümidvaram ki, bir çoxları klipi izləyəndən sonra öz qəlblərinə bir nəzər salıb hansısa xüsusiyyətlərini yaxşı tərəfə dəyişməyə çalışacaq. Mən heç nəyi reklam etmirəm. Axı bir də belə adət edib düşünürlər ki, əgər insan dindən danışırsa, deməli bunu göstəriş üçün edir. Bütün dini kitablarda belə bir fikir var ki, hər insan nəyisə göstəriş naminə edirsə, bu artıq çoxallahlıq deməkdir. İndi isə sırf Məhəmməd peyğəmbərimizə (s.ə.s.) həsr olunmuş mahnı ifa etmək istəyirəm. Hələ ki təklifləri gözləyirəm.
- Maraqlıdır, Samira necə
müğənni oldu?
Uşaqlıqdan bunu arzu edirdi, yoxsa
bu bir təsadüf
idi?
- Mən uşaqlıqdan oxuyurdum, özü də musiqi ilə ciddi məşğul olurdum. Biz ailəmizlə Çelyabinsk şəhərində yaşayırdıq. İndiyədək mən müəlliməm Qalina Petrovnanı xatırlayıram. Hansı bir tədbir planlaşdırılardısa, o anama zəng vurar, mənə çıxış üçün icazə verməyini xahiş edərdi.
- Sizi şanslı müğənnilərin siyahısına aid etmək olar. Həyat yoldaşınız həm də prodüserinizdir. Ailə ilə sənəti bir araya gətirə bilirsinizmi?
- Yoldaşım heç zaman sənətimə qarşı çıxmayıb. Çox sevinirəm ki, daim yanımdadır və mənə hər cür dəstək olur. Bilirsiz, ailə hər bir qadının həyatında vacibdir. Ailə hər şeydir - xoşbəxtlik, sevinc, sevgidir. Allahıma şükür edirəm ki, mənə sevimli xanım, sevimli ana olmağı nəsib edib.
- Böyük populyarlıq sizə Elşad Xose ilə ifa etdiyiniz
duetdən sonra gəldi. Ümumiyyətlə,
yaradıcılığınızda çox uğurlu duetlər olub...
- Bu günəcən mənə bir çox reperlər müraciət ediblər. Elşad Xose çox istedadlı reperdir. Bilirsiz, biz Tünzalə Ağayeva ilə "Xoşuna gəlirsə" duetini yazdıranadək bir il götür-qoy etdik və ona görə də sonda belə gözəl alındı. İnanırsız, heç gözləmədiyim adamlar mənə zəng vurub bu mahnıya görə təşəkkürlərini bildirirdilər.
- Siz "Akademiya"
layihəsinin müəllimlərindən
biri idiniz, tələbəniz qaliblər
dördlüyünə daxil
oldu. Düşünürəm,
bu hər ikiniz üçün bir uğur idi...
- Rumil çox istedadlı gəncdir. İndi əsgərlikdədir və qayıdan kimi bir duet yazdıracağıq, əməkdaşlığımız davam edəcək. Doğrudur, "Akademiya" layihəsinin nöqsanlı tərəfləri də var idi. Mənim tələbəm yarımfinala düşəndə onun buna layiq olmadığını söyləyən kəslər tapıldı. Söz-söhbətlər yarandı.
- Hər zaman səsinizə uyğun gələn mahnılar ifa edirsiniz. Mahnı seçiminiz necədir?
- İfaçı mahnını dinləyən kimi onun mahnısı olub olmamasını hiss edir. Bildiyiniz kimi, mən xarici estradanı çox sevirəm, amma bir xarici mahnı ifa etməzdən əvvəl onun səs tembrimə uyğun olub-olmamasını nəzərə alıram ki, mahnını korlamayım. Bu bizim mahnılara da aiddir. Xalq mahnılarına gəlincə, mən Səid Rüstəmovun "Getmə" mahnısını ifa etmişdim, çünki daxilimdə buna tələbat hiss edirdim. Lakin mən estrada müğənnisiyəm.
-
"Əgər siz dostunuza dara düşəndə kömək
etsəniz, o sizi bir də növbəti
dəfə dara düşəndə xatırlayacaq".
Sizi hər zaman xatırlayan dostlarınız çoxdurmu?
- Hər halda istəməzdim ki, mənimlə adıma görə dostluq etsinlər. Mənim Şamil adlı dostum var və o mənə gözəl sözlər söyləyib: "Dost o kəs deyil ki, bu gün sən populyar, gəncsən və o sənin yanındadır. Dost o kəsdir ki, bizim 50-60 yaşımız olanda bizimlə bir masanın arxasında əyləşəcək". Mənim birinci dostum - Allahdır. Halım yaxşı da, pis də olanda ona üz tuturam. Sonra artıq anam gəlir, hər hansı xırda bir problemimə görə fikir edir. İstərdim ki bugünkü dostlarım 20-30 il sonra da yanımda olsunlar.
- Həyat bayramdır, əgər hər gün onu qeyd etsən.
Sizdə bu nə qədər alınır?
- Mənim əhval-ruhiyyəmə adicə kiminsə baxışı da təsir göstərə bilər, çünki həssas, sentimental bir insanam, buna baxmayaraq həyatı sevirəm və hər gün bu bayramı qeyd etməyə çalışıram.
- Samiranı hamı aktiv və punktual
bir insan kimi tanıyır. Sizi tez-tez dövlət
və xeyriyyə xarakteri daşıyan tədbirlərə, verilişlərə
dəvət edirlər.
Bəs elə olubmu ki, siz
tədbirə gəlmisiniz,
amma dərhal oranı tərk etmək arzusuna düşürsünüz?
- Belə halları sayıb qurtarmaq olmur. Mən böyük zövqlə xeyriyyə aksiyalarında iştirak edirəm. Elə də olur ki, hansısa bir tədbirə gedib özümə "burda nə işim var" sualını verirəm. Sadəcə, bir də görürsən kiməsə "yox" deyə bilmirəm, nəyinsə və ya da kiminsə xatirinə iştirak edirəm.
-
"Ayna" qəzetinə
arzularınız...
- Hər kəsə sizin uğurlarınız bəllidir. Mən sizə gələcək qalibiyyətlər və müvəffəqiyyətlər arzu edirəm.
Arzu edirəm ki, sizin "Ayna"nızda yalnız müsbət və sevinc doğuran xəbərlər əks olunsun. Bir də diləyirəm ki, həyatımız ayna qədər təmiz olsun!
Sevinc İSMAYIL
Ayna.-2009.-9 may.-S.19.