Sənubər İsgəndərli: "KİNODA VƏ TEATRDA OYNAMAQ EYNİ DƏRƏCƏDƏ MARAQLIDIR"

 

Və bir gün başa düşüb ki, müğənni olmaq iqtidarında deyil

 

Necə deyərlər, yarı yaşını haqlayan Əməkdar artist Sənubər İsgəndərli ömrünün 20 ilini teatra həsr etmişdir. Bakıda doğulub, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib və son kursda oxuyarkən Dövlət Gənclər Teatrının truppasına daxil olub. Onun ilk dönəmdə yaratdığı obrazlar qalereyası zəngin adlandırıla bilər: Həlimə xanım ("Qətl günü", Y.Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", R.Əlizadə), Leyli ("Leyli və Məcnun", M.Füzuli), Fərizə ("Şəhidlər", R.Səməndər), Bahar ("Kimdir müqəssir?", Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə", Ə.Əmirli), Müğənni qız ("Laləli düzən", R.Əlizadə), Qonaq ("Qurbanəli bəy", C.Məmmədquluzadə) və s.

1997-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində yaddaqalan xeyli sayda rollar oynamışdır. Məsələn, Siyan Şi ("Özümüzü kəsən qılınc", B.Vahabzadə), İcraçı ("Şah Edip", Sofokl), Burla Xatun ("Burla Xatun", N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi", C.Cabbarlı), Aysel ("Cəzasız günah", B.Vahabzadə), Gertruda ("Hamlet", V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar", H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın", İ.Şıxlı), Falçı ("Mesenat", Ə.Əmirli).

Bunlar da hələ hamısı deyil. Sənubər İsgəndərlinin kino həyatı da zəngin və maraqlı görünür. Bu illər ərzində "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay" (Aktrisa), "Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (Ana), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun" (Leylinin anası) filmlərinə çəkilib.

2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür və Prezident təqaüdçüsüdür. Bu da Sənubər İsgəndərlinin sənətinə verilən qiymətlər. Bizcə, yüksək qiymətlərdir və bu özünəməxsus aktrisa öz sənət keçmişi ilə fəxr edə bilər. Maraqlanırıq:

- Bu ilin ilk dörd ayında sənətiniz hansı yeniliklər və nailiyyətlərlə yadda qaldı?

- Baxmayaraq ki, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmirə bağlanıb, eyni vaxtda üç tamaşada rol aldım. Bu, Çingiz Aytmatovun "Ağ bulud", Aqata Kristinin "Tələ" və Əli Əmirlinin məşqlərinə yeni başladığıməz "Sevən qadın" tamaşalarıdır. Hal-hazırda hər üç tamaşanın məşqləri gedir.

- Bu aldığınız üç rol bir-birinə bənzəyir?

- Xeyr, onlar tamam fərqlidir. Üçüncüsü - "Sevən qadın" tamaşasının məşqlərindən böyük zövq alıram, çünki komik rolları çox sevirəm. Hesab edirəm ki, aktyoru hansısa sırf dramatik, yaxud da komik bir ampluaya salmaq doğru olmazdı. Mənim üçün aktyor universal olmalıdır. Məsələn, Dastin Hofman həm qadın, həm də kişi obrazları yaradıb. Onun həm komik, həm də dramatik rolları olub. Eləcə də Cek Nikolson.

- Bəs yeni bir film gözlənilirmi?

- Eksklüziv olaraq sizə açıqlayım ki, bir filmin çəkilişində iştirak edirəm. İlk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinolentə çəkiləcək bu film rejissor Ülviyyə Könülün öhdəsinə verilib. Bu təklif mənim üçün gözlənilməz oldu. Bilirsiniz ki, Ülviyyə xanım ilk klipini mənim "Məhəbbət olmayanda" mahnıma çəkib. Ona görə də mənə həmişə deyir ki, sən mənim talismanımsan. Bu onun ilk böyük işi olduğu üçün, məndən xahiş etdi ki, bu filmdə ikinci rejissor kimi sırf aktyorlarla məşğul olum. Filmin hələlik şərti adı "Vəkil hekayələri"dir. Bu bir komediyadır və Ramiz Fətəliyev tərəfindən çox maraqlı ssenarisi hazırlanıb.

- Siz 26 yaşında qoca qadın obrazı yaratmışdınız. Hansı hissləri keçirirdiniz?

- O vaxt buna çox yüngül yanaşdım. Amma özümə kənardan baxıb qocalığımı təsəvvür etdim. Düzdür, deyirlər ki, hər yaşın öz gözəlliyi var, amma mənə elə gəlir ki, bunu da insanlar uydurub. Qocalıq bir diaqnozdur. Qocalmaq istəmirəm (ürəkdən gülür).

- Kino və teatr. Sizcə, onların arasında ən böyük fərq nədədir? Və hansı daha üstündür?

- Heç biri üstün deyil. Sadəcə, onlar bir-birini tamamlayır. Kinonun da, teatrın da yazılmış və yazəlmamış qanunları var. Doğrudur, kinoda teatra nisbətən minimalizm, çərçivə var. Buna baxmayaraq, mənə hər ikisində oynamaq çox maraqlıdır.

- Çox uğurlu mahnılarınız və klipləriniz olub. Nəyə görə müğənnilik fəaliyyətinə son qoydunuz? Bəlkə, kiminsə tənqidi sizə təsir göstərdi?

- Yox, qətiyyən. Mən oxudum, çoxları bəyəndi, ona görə də ardıcıl olaraq mahnılar yazdırdım, kliplər çəkdirdim. Sadəcə, mən bir gün başa düşdüm ki, mən müğənni olmaq iqtidarında deyiləm, çünki elə güclü səsim yoxdur. Mən fonoqramı qoltuğuma vurub konsertlərdə çıxış etməyi özümə sığışdırmıram. Amma məndə müğənnilik qabiliyyəti olmasaydı, Vaqif Gərayzadə, Cavanşir Quliyev, Siyavuş Kərimi kimi bəstəkarlar mənə mahnılarını etibar etməzdi. Onlar özlərinə hörmət edən insanlardır və mahnılarını kimə gəldi vermirlər. Məsələn, Alisa Freyndlix də o qədər geniş diapozonlu səsi olmayan bir aktrisadır. Buna baxmayaraq, oxuduğu mahnıları yaşayırdı.

- Tənqidə münasibətiniz necədir?

- Təəssüflər ki, bu gün bizim mediada çoxları tənqidi təhqirlə səhv salırlar. Tənqidi peşəkar insanlar etməlidir. Misal üçün, teatrşünas Aydın Talıbov məni tənqid etsə, bütün varlığımla onun tənqidini qəbul edərəm. Hardasa həmin tənqidlə razılaşmasam da, qəbul edərəm, çünki onun haqqı var məni tənqid etməyə. Yoxsa tamaşanın sonuna 10 dəqiqə qalmış bir jurnalist gəlir, sabahısı günü kimin hansı rolu oynadığını yazmaqla kifayətlənir. Buna heç bilmirəm nə ad qoymaq olar?

- Müsahibələrinizin birində söyləmisiniz ki, bütün fəxri adların yığışdırılmasını istərdiniz. Bəs sabah Xalq artisti kimi fəxri ada layiq görülsəniz, sevinməzsiniz?

- Sevinərəm. Mən indi də böyük məmnuniyyətlə əməkdar artist adını daşıyıram. Amma siz bilsəniz, bu adlar veriləndən sonra aktyorlar arasında hansı fəsadlar törədilir. Bəzilərinə bu adlar haqsız yerə verilib. Təsəvvür edin ki, 22 il bu sənətdəyəm, oynadığım rollar da hamının gözü önündədir. Mən də əməkdar artistəm, üç il bu sənətdə olan, uşaq tamaşasında siçan, yaxud da pişiyi oynayan əməkdar artistdir. Bu da insana xoş gəlmir. Əməkdar artist adı illərin zəhməti, əməyi deməkdir. Ad almağın da öz vaxtı olmalıdır.

- İnsanın daxili gözəlliyi birbaşa zahiri gözəlliyinə təsir göstərir?

- Elədir. İnsan ya maraqlıdır, ya da maraqsız. İnsan var ki, heç də gözəl deyil, amma hər kəsin diqqətini cəlb edir, yaxud da əksinə.

- Plastik əməliyyatlara münasibətiniz necədir?

- Çox normal, onları etmək fikrim də var, amma mən onları etməmişəm (gülür). Bir danılmaz fakt var ki, səhnə həm gəncliyi, həm də gözəlliyi çox sevir. Aktyor da, aktrisa da ilk öncə səhnəyə çıxanda göz oxşamalıdır, amma mütləq istedadı da olmalıdır. Aktyorun köhnə, əzik paltarla səhnəyə çıxmağa ixtiyarı yoxdursa, fiziki cəhətdən baxımsız olmağa da ixtiyarı yoxdur. Mənim gözəlliyimi saxlamağımın bir üsulu var, o da idmandır.

- Çox uğurlu aparıcılıq fəaliyyətiniz olub, bir çox aparıcılarımızdan daha təbii idiniz. Bu işi davam etdirmək istəmirsiniz?

- Təbii idim, çünki dəvət etdiyim qonaqlar da təbii idilər. İstər yazıçı Anar, Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları. Bugünkü aparıcılar ancaq özlərini göstərməklə məşğuldur. Mən isə hər zaman qonağı ön plana çəkirdim, ona görə də veriliş alınırdı.

- Sənubər xanım, nə etmək lazımdır ki, teatr öz aktuallığını qaytarsın?

- Birincisi, məktəblilərin teatra getməsi bərpa olunmalıdır. Bizim uşaqlıqda ailəmiz çox şeyi kəsməsə də, sinif rəhbərləri bizi yığıb teatra aparardı. İkincisi, efirdə reklama ayrılan vaxtın bir qismini teatrların afişasına ayırsalar, çox gözəl olardı. Afişalar yalnız teatrların ətrafında vurulur. Bəs onda şəhərin uzaq rayonlarında yaşayan nə etməlidir? Afişaya baxmaq üçün yol ölçməlidir?

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-16 may.-S.19.