Gürsel TEKİN: "PROBLEMİ YARADAN YANLIŞ İQTİDARIN YANLIŞ SİYASƏTİDİR"
CXP İstanbul şəhər təşkilatı
başqanının fikrincə,
Azərbaycan heç bir zaman Ermənistan
olayının bir parçası kimi dəyərləndirilə bilməz.
Son
bələdiyyə seçkilərində Gürsel Tekin və
Kamal Kılıçdaroğlu Atatürkün əsəri
kimi tanınan Cümhuriyyət Xalq Partiyasının (CXP)
yüksələn ulduzları olduqlarını təsdiqlədilər.
Apardıqları mübarizə ilə qısa zamanda
bütün Türkiyədə tanınan bu ikilini siyasi
araşdırmaçılar artıq, sadəcə, CXP-nin
deyil, Türkiyənin yüksələn dəyəri
olduğunu vurğulamaqdadırlar. Bu məşhur ikilidən
biri və CXP-nin İstanbul kimi böyük bir şəhərdə
baş təmsilçisi olan Gürsel Tekinlə söhbətləşmək
imkanı tapdıq.
-
Gürsel bəy, sizinlə
Türkiyə-Azərbaycan əlaqələrinə ciddi
baxışın olduğu bir zamanda
görüşürük. Təəssüf ki, Türkiyədəki
bəlli siyasi çevrələr Azərbaycanı Türkiyə-Ermənistan
əlaqələrinin normallaşması önündə tək
əngəl kimi tanıtmaqdadırlar. Halbuki, Azərbaycan amili
olmasa belə, Türkiyə-Ermənistan əlaqələrində
ciddi problemlər mövcuddur. Belə ki, Ermənistan Türkiyəyə
qarşı əsilsiz soyqırım iddialarını səsləndirməkdə
və Türkiyənin ərazi bütövlüyünü
tanımamaqdadır. Ortaya istər-istəməz bir sual
çıxır: AKP iqtidarı və ona yaxın çevrələrin
bu tutumunda gerçək məqsəd nədir?
- Problem, sadəcə, yaşanan son olaylarla bağlı deyil. Əslində, AKP-nin son 6 ildən bəri yürütdüyü xarici siyasət Türkiyənin maraqlarına zərbə vurmaqdadır. İraqın şimalı, Quzey Kipr Türk Cümhuriyyəti və Avropa Birliyi məsələlərində də ciddi problemlər yaşamaqdayıq. Təəssüf ki, sonunda AKP iqtidarı üzündən qardaş Azərbaycanla da aramızda problemlər yaşanıb. Azərbaycan xalqı bunu yəqin bilsin: problemi yaradan yanlış iqtidarın yanlış siyasətidir və Türkiyə xalqının Azərbaycana qarşı sevgi və sayğısı dəyişməyib.
İnanıram ki, türk millətini dərindən rahatsız edən bu problem ən qısa zamanda çözülər. Zatən Türkiyənin baş naziri də yanlışlığın fərqindədir. Bunu da ört-basdır etmək üçün Türkiyə baş nazirinə yaraşmayacaq bir şəkildə anlaşmaya imza atmadıq, sadəcə, parafladıq bəhanəsinə sığınmaqdadır.
İqtidar Türkiyə toplumunu dərindən rahatsız edən bu yanlışlığa son vermək məcburiyyətindədir. CXP də bunu tələb etməkdədir. Partiyamızın lideri Dəniz Baykal bu günlərdə Türkiyə Böyük Millət Məclisindəki millət vəkillərimizlə toplantısında bu məqsədlə baş nazir Tayyib Ərdoğan adına Azərbaycan xalqından üzr istəyib. Azərbaycan heç bir zaman Ermənistan olayının bir parçası kimi dəyərləndirilə bilməz. Bizim Ermənistanla problemlərimiz tarix boyu sürməkdədir. Təəssüf ki, iqtidar kənar güclərin, özəlliklə də ABŞ-ın təsiri altında qaldığı üçün bu cür yanlış və çıxılmaz bir yola girib. Ümid edirəm ki, bu yanlış tutum ən qısa zamanda ortadan qalxar.
- Yaşanan üzücü olaylarda istər Dəniz bəyin, istərsə də Milliyyətçi Hərəkat Partiyasının
lideri Dövlət Bağçalının açıqlamaları
Azərbaycan xalqının
ürəyinə az da olsa su
səpmiş oldu. CXP lideri Dəniz Baykalın bu yaxınlarda Azərbaycana səfərə gələcəyi
ilə bağlı xəbərlər yayılmaqda
və Azərbaycan xalqı da bu
səfəri səbirsizliklə
gözləməkdədir. Dəniz bəy Türkiyə prezidentinin dərhal Azərbaycana getməsi gərəkliyini,
gərək duyulsa, bunu hazırlamaq üçün Abdulla Güldən
öncə Azərbaycana
gedə biləcəyini
də vurğulayıb.
İstənilən halda,
Dəniz bəyin Azəbaycana səfəri iki ölkənin maraqları üçün
böyük əhəmiyyət
daşıyır. Bu səfər
nə zaman gerçəkləşə bilər?
- Partiyamızın lideri üçün Azərbaycan da Türkiyə qədər əziz və doğmadır. Bu baxımdan Azərbaycana hər an öz evimiz kimi səfər edə bilərik. Könül istərdi ki, bu cür üzücü olaylar yaşanmadan gedə biləydik. Yaranmış durumda Dəniz bəy ciddi bir dövlət adamı kimi davranmaqdadır. Liderimiz öncə AKP iqtidarının atdığı yanlış addımı düzəltməsini tələb edir. Niyyətimiz Azərbaycanın maraqları kimi təməl məsələləri iqtidar-müxalifət çəkişməsinə alət etmədən olaylara milli bir dava kimi yanaşmaqdır. Əgər iqtidar gərəkli addımları atmazsa, Dəniz bəy ən qısa zamanda üzərinə düşən missiyanı gerçəkləşdirmək əzmindədir. Onu da vurğulayım ki, iqtidar yanlışını düzəltsə belə, qardaş Azərbaycanı ziyarət etmək niyyətindəyik.
- Azərbaycan tərəfinin səfərlə ilgili hər hansı bir rəsmi dəvəti varmı?
- Doğrusu, bununla, bağlı dəqiq bilgim yoxdur. Fəqət istər Dəniz bəy, istərsə də bizlər Azərbaycandakı qardaşlarımızla görüşmək istəyindəyik. Bunun nə zaman gerçəkləşməsi isə səfər üçün gərəkən şərtlərin uyğun hala gəlməsindən asılıdır. Bir daha vurğulayım ki, olayları bəsit iqtidar-müxalifət çəkişməsi, yaraları qanadaraq siyasi qazanc əldə etmək kimi dəyərləndirmirik. Əksinə, məqsədimiz problemin yaraya dönməsinə imkan verməməkdir.
- Türkiyə-Ermənistan arasında paraflanmış anlaşmaya əsasən, hansısa ön şərt olmadan sərhədlərin açılmasının nəzərdə tutulduğu mediada açıq bildirilir. Bu tutum Türkiyənin "soyqırım" iddiaları və ərazi bütünlüyü ilə ilgili haqlı tələblərindən vaz keçməsi anlamınamı gəlir?
- Doğrusu, müəmmalı bir durum yaranıb. Əgər problemlərin qalıcı və qəti bir şəkildə çözülməsi istəyi varsa, Azərbaycan da anlaşmanın bir tərəfində mütləq yer almalıdır. Yəni Azərbaycanın bilgisi olmadan, onun maraqlarına zidd olan hər hansı bir anlaşma Türkiyəni məmnun etməz. Xatırlarsınız ki, CXP lideri Dəniz Baykal cümhurbaşqanı Abdulla Gülün oktyabrda gerçəkləşdirdiyi Ermənistan səfərini də qətiyyətlə tənqid etmişdi. O zaman bəziləri Dəniz bəyə qarşı çıxaraq "bunda nə var ki, normal və sıradan bir səfərdir" demişdilər. Bunun sıradan bir səfər olmadığı artıq gün kimi ortaya çıxmışdır. Türkiyənin maraqlarından vaz keçərək olayları çözmək mümkün deyil. Əgər bir barış ortamı yaratmaq istəyirlərsə, Azərbaycanın haqlı tələbləri nəzərə alınmalı, Türkiyənin dövlət maraqları gözardı edilməməlidir. Əks təqdirdə, sadəcə, Azərbaycan xalqını küsdürmüş olmarıq, Türkiyəni də ciddi sıxıntıya soxmuş olarıq.
- Anlaşmada Türkiyə-Ermənistan tarix komissiyasından və buna başqa dövlətlərin də qatıla biləcəyindən söz açılır. Tarixə baxsaq, 1883-cü ildən etibarən Osmanlıda erməni üsyanlarını, 1905-1906-cı və 1918-1920-ci illərdə Azərbaycanda ermənilərin türklərə qarşı törətdiyi qətlləri görürük. Fəqət Türkiyə və istərsə Azərbaycan toplumlarının ermənilərin türklərə qarşı gerçəkləşdirdikləri soyqırım siyasəti ilə bağlı yetərincə bilgisi yoxdur. Odur ki, ortaq tariximizin bu acı səhifələrinin Azərbaycan və Türkiyədə açılacaq sərgilərlə toplumun diqqətinə çatdırılmasına böyük ehtiyac var. Bu istiqamətdə nə kimi addımlar atıla bilər?
- Təbii ki, tarixdə baş vermiş olayların ən doğru dəyərləndirilməsini tarixçilər verə bilər. Odur ki, siyasətçilərin yalan-yanlış xəbərlərə istinad edərək tərəfli və yersiz açıqlamalarla çıxış etməsini üzüntü ilə qarşılayır və qınayırıq. Gəlin bütün arxivləri açaq və tarixi olaylara tarixçilər qərar versin. Türkiyə bunu təklif etsə də, Ermənistan boyun qaçırmaqdadır. Təbii ki, Türkiyə və Azərbaycan tarixçilərinin bu istiqamətdə birgə addımları istər dünya, istərsə də ölkə toplumunun doğru bilgiləndirilməsi baxımından mühüm önəm daşıyır.
- Azərbaycan xalqına bildirmək istədiyimiz başqa ürək sözləriniz varmı?
- Bütün qardaşlarıma qucaq dolusu sevgi göndərirəm. Bilsinlər ki, CXP onları üzəcək istənilən siyasətin birmənalı şəkildə qarşısında olacaq. Bizim üçün Azərbaycan, sadəcə, siyasi məsələ deyil, qəlbimizin yarısıdır.
CXP-nin MƏRAMNAMƏSİNDƏN
"Ermənistanla əlaqələrin inkişaf
etdirilməsi bu ölkənin işğal
etdiyi Azərbaycan torpaqlarından çəkilməsi,
dünyadakı erməni
təşkilatları vasitəsilə
Türkiyəyə qarşı
beynəlxalq hüquqa
zidd olaraq soyqırım iddiası səsləndirməkdən vaz
keçməsi və
erməni dövlətinin
rəsmi sənədlərində
Türkiyəyə aid bəzi
torpaqların Ermənistana
aid olduğu görüntüsünü
verən ifadə və rəmzlərin çıxarılması şərtlərinə
bağlıdır".
Dimes NAK
Ayna.-2009.-16
may.-S.6.