BAKI VAŞİNQTONDAN NARAZIDIR
Novruz Məmmədov:
"Azərbaycanın dönməz
dostluğuna baxmayaraq,
Obama administrasiyası
Ermənistana təəssübkeşlik
edir"
"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya
səfəri son zamanlar
Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginliyi aradan qaldırdı.
İki dövlət arasında yaranmış bu gərginliyə bir qədər geniş yanaşmaq lazımdır.
Belə ki, Türkiyə ilə Ermənistan arasında 2007-ci ildən İsveçrənin vasitəçiliyi
ilə gizli danışıqlar aparılırdı.
Bu danışıqların
mahiyyəti isə müəyyən maneələrə
baxmayaraq, iki ölkə arasında münasibətləri normallaşdırmaq
və sərhədləri
açmaqdan ibarət
idi. Əlbəttə, bu, Azərbaycanın
maraqlarına zidd olan bir hadisə
idi". Bu barədə Azərbaycan Prezident Administrasiyasının
beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov
"Turan"a müsahibəsində
açıqlama verib.
Türkiyənin Azərbaycanla
dost, qardaş, strateji
tərəfdaş dövlət
olduğunu deyən Novruz Məmmədovun sözlərinə görə,
ümumiyyətlə, hansısa
təsir, təzyiq və hadisə Azərbayan - Türkiyə
münasibətlərinə xələl gətirə bilməz. Administrasiya rəsmisinin fikrincə,
bunu Türkiyə baş nazirinin Azərbaycana gəlməsi
və onun Bakıda səsləndirdiyi
bəyanatlar da bir daha nümayiş
etdirdi.
SƏBƏB-NƏTİCƏ
ƏLAQƏSİNƏ VURĞU
Novruz Məmmədov
xüsusilə baş nazir Ərdoğanın bəyanatlarına
diqqət çəkərək, baş nazirin Ermənistanla sərhədlərin
bu dövlətin Azərbaycan ərazilərini işğal etməsi
nəticəsində bağlandığı barədə
dediklərini yada salıb. Baş nazir demişdi ki, Türkiyənin
Ermənistanla sərhədlərinin bağlanması səbəb
və nəticə əlaqəsi şəklində
görünməlidir. "Yəni, sərhədlər Azərbaycan
ərazilərinin işğalı səbəbindən
bağlanıb. Ərazilərin işğalı səbəb,
sərhə dlərin bağlanması nəticə olduğu
üçün səbəb aradan
qaldırılmalıdır ki, nəticə də ona uyğun
olaraq formalaşsın", - deyə PA rəsmisi təkrarlayıb.
Haşiyə: Türkiyənin
Rusiyadakı səfiri Xəlil Akıncı da bənzər bəyanatla
çıxış edib. "Türkiyə Dağlıq
Qarabağ münaqişəsinin həllində Azərbaycanı
qane etməyən qərarı dəstəkləməyəcək",
- deyə səfir İTAR-TASS agentliyinə müsahibəsində
bildirib. Türkiyənin ATƏT Minsk Qrupunun üzvü
olduğunu xatırladan diplomat deyib ki, Ankara münaqişənin
həllinə yönəlmiş istənilən səyi dəstəkləyir.
"Yaddan çıxarmaq olmaz ki,
biz azərbaycanlılarla eyni millətik. Münaqişə tərəflərinin
qəbul edəcəkləri istənilən qərarı dəstəkləyəcəyik.
Bizim qonşularımız arasında heç bir problem
olmamalıdır - bu, beynəlxalq siyasətimizin təməl
prinsipidir. Lakin Türkiyə və Azərbaycan
xalqlarının yaxınlığını nəzərə
alaraq, biz Azərbaycanı qane etməyən qərarla
razılaşa bilmərik. Eyni zamanda, biz Ermənistana doğru
da müəyyən addımlar atırıq. Mənə elə
gəlir ki, ölkələrimizin tarixini tarixçilər
araşdırmalıdır. Müasir Türkiyə - Ermənistan
münasibətlərini bugünkü insanlar naminə qurmaq
lazımdır. Bunun üçünsə ölkələrimiz
daha sıx əməkdaşlıq etməlidir", - deyə
diplomat qeyd edib.
AZƏRBAYCANIN NATO İLƏ
SIX ƏMƏKDAŞLIĞI VAR
Novruz Məmmədov yerli KİV-ə
müsahibəsində NATO - Azərbaycan əlaqələrinə
də toxunub. NATO-nun qeyri-hərbi yüklərinin Azərbaycan
ərazisindən daşınması ilə bağlı rəsmi
Bakının mövqeyinin müsbət olduğunu deyən
Novruz Məmmədov deyir ki, bununla bağlı
danışıqlar davam edir.
"Düşünürəm, elə
bir problem olmayacaq.
Azərbaycanın NATO ilə sıx
əməkdaşlığı var. Ümumilikdə Azərbaycan
həm Qərbə, həm də başda ABŞ olmaqla,
NATO-ya çox böyük kömək edir. Kosovoda, İraqda, Əfqanıstandakı
proseslərdə Azərbaycan
çox fəal iştirak edib. Amma biz də Qərbdən etdiyimizin 30-50 faizini Azərbaycan üçün
etməsini istəyirik",
- deyə o qeyd edib.
BAKININ DA MARAQLARI NƏZƏRƏ
ALINSIN
Novruz Məmmədov
Vaşinqtonun hazırkı idarəçiliyinin də subyektiv
siyasət yürütdüyü qənaətindədir. O
hesab edir ki, ABŞ administrasiyası Ermənistana təəssübkeşlik
edir. Azərbaycanın da maraqlarının nəzərə
alınmasını vacib sayan rəsmi Bakı
sözçüsü bəzi məqamları gözardı
etməyi doğru saymır: "İstərdik ki, cənab
Obama administrasiyasının Azərbaycanla bağlı siyasi
kursu bizi təmin etsin və Azərbaycanın da maraqları nəzərə
alınsın. Azərbaycan müstəqilliyini əldə
etdikdən bəri Qərb üçün öz imkanları
daxilində bütün səyləri ortaya qoyub. Bunu
böyük layihələrlə, konkret addımlarla
nümayiş etdirib". Novruz Məmmədov hesab edir ki,
ABŞ administrasiyası Ermənistan-Azərbaycan
münaqişəsinə ədalət prinsipindən
yanaşmalı və beynəlxalq hüquqa söykənən
qiymət verməlidir.
Amerikanın keçmiş prezidenti
Ronald Reyqanın 1983-cü ildə Floridanın Orlando şəhərində
işlətdiyi ifadəni xatırladan hakimiyyət təmsilçisi
"Amerika nə qədər çox ədalətli olarsa,
onun böyüklüyü də bir o qədər davam edəcək"
deyib. Bu fikrin Barak Obama administrasiyası üçün də
aktual olmalı olduğunu qeyd edən Novruz Məmmədov təəssüflə
bildirib ki, Azərbaycan Amerika administrasiyasının daha
çox Ermənistana təəssübkeşliyi ortaya
qoyduğunu görür. Bunun son proseslərdə də
özünü göstərdiyini deyən PA rəsmisi bildirir
ki, Ermənistan işğalçı dövlət olsa da,
Obama administrasiyası bu faktı bilə-bilə dilə gətirmir
və bu isə Azərbaycan üçün qəbuledilməzdir.
"İki dövlət arasında
vəziyyətin düzəlməsi üçün tərəflərin
addım atması vacibdir. Vəziyyətin düzəlməsi
bu gün hamı üçün lazımdır. Əslində,
ABŞ-ın özü üçün də, Avropa
üçün də, ilk növbədə Azərbaycan və
region üçün lazımdır. Qafqaz hazırda
dünyanın ən həssas regionlarındandır. Geosiyasət
baniləri, bir qayda olaraq, Cənubi Qafqazı dünyanın və
xüsusilə də Avrasiyanın ən mühüm regionu
kimi müəyyən edib. Bu mənada regiondakı
münaqişələrin ədalətli həlli
hamının maraqlarına uyğun olardı. Bunun
üçün ABŞ-ın beynəlxalq hüquqdan
çıxış edərək münaqişələrə
münasibət bildirməsi vacibdir", - deyə Novruz Məmmədov
vurğulayıb.
Onun fikrincə, müxtəlif
dövlət başçılarının Azərbaycanın
ərazi bütövlüyünü tanıması ilə
bağlı bəyanatları kifayət deyil, Ronald Reyqanın
dediyi kimi, Amerika ədalətli olmalı və hadisələrə
məhz bu baxışdan qiymət verməlidir. Administrasiya rəsmisi
bu zaman ədalətin öz yerini tapacağı qənaətindədir.
"Necə olur ki,
ABŞ prezidenti müxtəlif məsələlər ətrafında
çıxış edərkən xahiş də edir, tələb
də edir, sanksiyalar da irəli sürür, amma Dağlıq
Qarabağ problemi ilə bağlı səyləri o istiqamətə
yönəldir ki, Ermənistanın müəyyən
maraqları təmin olunsun? Azərbaycanın isə bir milyon
insanı hələ də məcburi köçkün və
qaçqın kimi çətin vəziyyətdə
yaşayır. Torpaqları iyirmi ildir işğal
altındadır. Hesab edirik ki, ABŞ ədalətli mövqedən
çıxış edərək münaqişənin həllinə
cəhd edərsə, problem tezliklə həllini tapar", -
Novruz Məmmədov fikrini bu şəkildə
yekunlaşdırıb.
"NABUKKO"ya İNAM
PA rəsmisi açıqlamasında
"Nabukko" layihəsi ilə bağlı məsələlərə
də münasibət bildirir. Bu layihənin
reallaşacağına və qazın qiyməti ilə
bağlı razılıq əldə ediləcəyinə
inandığını ifadə edən Adminstrasiya təmsilçisi
bildirib ki, Avropada istehlakçı olan və layihədə
maraqlı olan dövlətlər konkret addımlar atıb, məqsədlərini
ortaya qoyarlarsa və sənəd imzalanarsa, həm Türkiyə,
həm Azərbaycan, həm də digər dövlətlər
"Nabukko" layihəsini həyata keçirə bilər.
Son zamanlar layihə ilə
bağlı müəyyən addımlar da atılıb. Novruz
Məmmədov deyir: "Bu yaxınlarda Cənub dəhlizi ilə
bağlı geniş konfrans keçirilib. Cənub dəhlizinin
isə ən mühüm və aparıcı komponenti
"Nabukko" layihəsidir. Layihənin həyata
keçirilməsi üçün səyləri koordinasiya
etmək, konkretləşdirmək və qarşıya vəzifələr
qoymaq lazımdır. Son proseslərdə bununla bağlı
addımlar atılıb və müəyyən tərəflərin
mövqeləri aydınlaşıb. Azərbaycan tərəfi
də mövqeyini bildirib".
"Nabukko" layihəsi
ilə bağlı Türkiyə ilə Azərbaycan
arasında hər hansı problemli məqam varmı?"
sualına cavabında deyib ki, bu iki dövlət arasında
problem nədən ibarət olmasından asılı olmayaraq,
son anda konstruktiv şəkildə həllini tapacaq. Qazın
qiyməti ilə bağlı da danışıqlar
aparıldığını deyən N.Məmmədov əmin
olduğunu deyib ki, problem tezliklə müsbət formada həllini
tapacaq. Onun sözlərinə görə, "Nabukko" ilə
bağlı da müəyyən məsələlər
müzakirə olunur və bu danışıqlar da pozitiv
istiqamətdə davam edir.
Yeri gəlmişkən,
Rəcəb Tayyib Ərdoğan Qərbin dəstəklədiyi
və Avropa bazarlarına qaz təchizatını nəzərdə
tutan "Nabukko" qaz kəməri layihəsinin həyata
keçirilməsi ilə bağlı növbəti dəfə
mövqe bildirib. Türkiyənin "The Yournal of Turkish
Weekly" jurnalının xəbərinə görə, Ərdoğan
bəyan edib ki, Türkiyənin tranzit ölkə olaraq
"Nabukko" layihəsini dəstəkləyəcəyinə
şübhə olmamalıdır.
Varşavada
polşalı həmkarı Donald Tuskla birgə mətbuat
konfransında bu məsələyə toxunan Ərdoğan
deyib ki, dəyəri 7,9 milyard dollar olan "Nabukko" qaz kəmərinin
tikintisi 2011-ci ildə nəzərdə tutulub, kəmərlə
ilk qaz göndərişi 2014-cü ildə başlanacaq.
Bu aralar rəsmi Moskva da
Rusiyadan yan keçməklə Xəzər hövzəsindən
Avropaya təbii qazın nəqlini nəzərdə tutan
"Nabukko" qaz kəmərinin tikintisinə qarşı
olmadığını eşitdirir. "RİA Novosti"nin
verdiyi xəbərə görə, Rusiya XİN Mətbuat və
İnformasiya Departamentinin nümayəndəsi belə bir
açıqlama verib. Azərbaycan və Gürcüstanın
"Nabukko" layihəsinə qoşulmasını şərh
edən diplomat bildirib ki, dünya bazarına karbohidrogenlərin
nəqli marşrutlarının seçimi zamanı əsas
meyarlar siyasi motivlər yox, iqtisadi səmərə, etibar və
ekoloji təhlükəsizlik olmalıdır.
"Müxtəlif ölkələrin
beynəlxalq enerji layihələrində iştirakı
onların suveren hüququdur. Azərbaycanın Praqada
"Nabukko"ya verdiyi dəstək Bakının karbohidrogenlərin
ixrac marşrutlarının diversifikasiyasına yönəlmiş
enerji siyasətinə uyğundur. Bu proses çərçivəsində
Rusiya ilə Azərbaycan arasında önəmli enerji layihələri
üzərində iş aparılır", - deyə diplomat
bəyan edib.
Qeyd edək ki, sözügedən
boru kəmərinin maksimal ötürmə gücü ildə
31 milyard kubmetr olacaq. Layihənin iştirakçıları
Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın
"Bolqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin
Botaş və Almaniyanın RVE şirkətləridir. Onların
hər biri bərabər paya - 16,67 faizə malikdirlər.
T.AĞATLI
Ayna.-2009.-16 may.-S.7.