ƏDƏBİYYAT, ZƏMANƏ VƏ ÜRƏYİN DÖZÜMÜ

 

Mehdi Hüseyn - 100

 

Bu bahar günlərində Mehdi Hüseynin dünyaya gəlişinin 100 illiyi Qazaxda və Bakıda ədəbiyyatımıza, mənəviyyatımıza, milli mədəniyyətimizə bağlı olan insanlar tərəfindən ehtiramla anılır. Ədəbi mərasimlər, toplantılar keçirilir, mediada ədəbi yazılar dərc olunur. İlahidən Mehdi Hüseynin alnında bu 100 ilin 56 ilini yaşamaq yazılmışdı. Fəqət onun alın yazısında 56 illik fiziki ömürdən sonra uzun bir mənəvi ömür də vardı. Bu 56 ildə 100 illik dolğun insan ömründə görülə biləsi işlərə macal tapmışdı. Bu gün onun sözü deyilirsə, əsərləri oxunursa, kitabları təkrar-təkrar nəşr edilirsə, xatirəsi ehtiramla anılırsa, demək o indi də yaşayır, soydaşlarının arasında, onların mənəviyyat, bədiiyyat dünyasında yer alır.

Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori) məzunu, maarif fədaisi Əli Vəli oğlu Hüseynovun ailəsində, Qazağın İkinci Şıxlı kəndində 1909-cu il martın 22-də dünyaya göz açmışdı. Ümumiyyətlə, Novruz günləri ədəbiyyatımız üçün, necə deyərlər, "düşərli" aydır: Səməd Vurğun, Cəfər Cabbarlı, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Sabir Azəri martın 21-22-də dünyaya göz açıblar. Görünür mart Mehdi Hüseynin bəxt bürcündə taleyüklü ay imiş - 1965-ci il martın 10-da həyata vida etmişdi.

Orta təhsilini Qazaxda almış, ADU pedaqoji fakültəsinin tarix şöbəsini bitirmiş (1929), sonra Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursundan məzun olmuşdu (1938). Bunlar onun təhsili ilə bağlı qısa bilgilərdir. o da bəllidir ki, orta məktəb illərindən özünü lider-təşkilatçı kimi göstərmişdi və təsadüfi deyildi ki, onu 21 yaşından, yəni 1930-cu ildən 1934-cü ilə qədər Azərbaycan Proletar Yazıçılar İttifaq təşkilat komitəsinin məsul katibi kimi görürük. Sonralar - 1958-ci ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi olacaqdı (həyatdan qəfil gedənə qədər). 1964-cü ildə ona xalq yazıçısı fəxri adı veriləcəkdi. Bunlar, təbii ki, hər yazıçıya qismət olan uğurlar deyildi.

 

ƏDƏBİ-BƏDİİ İRSİ və ONLARIN ZAMAN SINAĞI

 

Yığcam, səlis, bitkin povestlərin, romanların müəllifi kimi tanıyıb-sevdiymiz Mehdi hüseyn ədəbiyyata çox gənc - 17 yaşında müxbir yazıları və kiçik hekayələrlə gəlmişdir. Təkamül yolu kiçik həcmli məqalə və hekayələrdən başlamış, "Tərlan", "Abşeron", "Qara daşlar", "Səhər", "Yeraltı çaylar dənizə axır" kimi romanlarda dayanmışdı. Onun üslubunu kiməsə bənzətmək mümkün olmamışdı - o, orijinal bir üslubda yazırdı və onu kiməsə bənzətmək, kimisə təqlid etmək ədəbi araşdırıcılar üçün imkansız olmuşdu.

Dərc olunmuş ilk hekayəsi "Qoyun qırxını" adlanırdı (1927). 1930-cu ildə "Bahar suları" və "Xavər" adlı hekayə kitabları işıq üzü görür. Sonralar povestlərə və romanlara keçdi. Mehdi Hüseyn öz zəmənasinin övladı idi və öz zəmanəsinin hadisələrini, zəmanəsinin insanlarını, onların həyata və hadisələrə, cərəyan edən cari ictimai proseslərə baxışlarını yazırdı. Təbii ki, bu gün yaşasaydı, yazdıqlarını başqa səpkidə, başqa rakursdan yazardı.

Zaman etibarilə Mehdi Hüseynin mövzusunu 1917-20-ci illərdə, eləcə də 20-30-cu illərdə yaşanmış sosial-siyasi hadisələrdən götürmüş əsərləri real faktlara söykənirdi, uydurma, sxematik deyildi. Özəlliklə Qazax qəzasında baş vermiş, özünün görüb-bildiyi hadisələrdən qaynaqlanırdı. Sadəcə, bunlara bir bolşevizm boyası sürtülmüşdü. Yazıçının atası Əli Vəli oğlu Hüseynov 1920-ci ildə sol platformaya keçmişdi və 20-ci illərdə üzdə olan adamlardan idi. Sovetləşməni 12 yaşında qarşılayan Mehdi Hüseyn dramatik hadisələrin axarında gözünü açmış, tərbiyələnmişdi və bu gənc sovet ədibindən başqa bir mövqe gözləmək yaxud tələb etmək doğru olmazdı. Bununla belə, onun qələmindən çıxanların hamısının gerçək ədəbiyyata dəxli vardı və bunlar gerçək ədəbiyyat idi.

Mehdi Hüseyni bizim gənclik çox oxuyurdu, Tək ona görə yox ki dərsliklərə salınır, ali məktəblərin qəbul imtahanlarında suallara düşürdü, sadəcə, maraq xatirinə də çox oxunurdu. Onun xoşagələn, oxucunu intizarda saxlayan bədii üslubu vardı, təsvir edilən hadisələr və qəhrəmanlar bizi xəyal dünyasına aparar, özümüzü onların yerində görər və təsəvvür edərdik. İndiki gənclik üçünsə... Onlar dövrün ən yaxşı bədii tablolarıdır desəm, şişirtməyə yol verməmiş olaram.

Milli ədəbiyyatımızda nəsr dilinin inkişafında onun əsərləri özəl bir rol oynamışdı. Bu əsərlər ədəbi dil normalarını ən yaxşı şəkildə təcəssüm etdirirdi. Bu əsərlərin dil şirinliyi, obrazlılığı öz şirəsini, dadını-tamını Azərbaycan türkcəsinin canlı xalq dilindən alırdı.

Mehdi Hüseynin povest və romanları təkcə ədəbi-bədii prosesin faktları olaraq qalmayıb, həm də müasirdir, bəşəridir, bugünkü oxucu onu oxumağa başlarsa, təhkiyənin axarına alıb aparmaq gücündədir.

 

TƏNQİDÇİ və PUBLİSİST

 

İndi özünü yazıçı və şair kimi təqdim edən lap çoxdur. Statistik rəqəmlərin dili ilə desək, ölkəmizdə 1500-dən çox yazıçı və şair var və onların hamısı AYB üzvüdür. Aralarında tənqidçi isə çox azdır, barmaqla saymaq olar. Görünür bu ondan irəli gəlir ki, indi tənqidçi rolunda çıxış etmək dəbdə deyil. Zamanımızın Belinskisi, Mehdi Hüseyni gözə dəymir.

Mehdi Hüseyn barədə oxumuşuq ki, məqbul ədəbi normalar və prinsiplər, bəşəri dəyərlər, istedad və istedadsızlıq meyarlarında güzəşt bilməyib. Ədəbi avtoritetlər qarşısında kompleksi olmayıb, onları bütün kəskinliyi ilə tənqid etməyi bacarırdı. Kimsə ortaya yeni bir əsər çıxaranda gözü Mehdi Hüseyndə olub ki, görəsən nə deyəcək?

Çox böyük intellekt sahibi olduğundan (müasirlərindən bir çoxu ilə müqayisəyəgəlməz dərəcədə yüksək) ədiblər ondan daim ehtiyat edir, onun rəyi ilə hesablaşır, razılaşmaqdan başqa çarələri qalmırdı. Onun həyatdan gedişini ortabablar, qrafomanlar gizli bir sevinclə qarşılamış, yalnız milli ədəbiyyatımızın səmimi təəssübkeşləri üzüntü yaşamışdılar.

Çox maraqlıydı ki, ədəbi tənqiddə ondan sonra açıq görünən bir boşluq yarandı. Meydan açıq olsa da, heç bir tənqidçi onun yerini tuta bilmədi.

1930-60-cı illər yazarlarının "Mehdi Hüseyn qorxusu" indi yaşanmır. Qabaqdan dinən yoxdur. Ədəbi zövqsüzlük, ədəbi bəsitlik, ədəbi utanmazlıq ona görə baş alıb gedir.

 

DRAMATURQ və KİNOSSENARİST

 

Mehdi Hüseyn yaşadığı çağın çox yüksəksəviyyəli dramaturqu və kinossenaristi kimi tanınıb, qəbul edilib. Dram yaradıcılığına Moskva təhsilini başa vuran kimi "Şöhrət" pyesi (1939) ilə başlamışdı. Bəlkə də, tələbə ikən özünü bu sahədə sınamağa başlamışdı. Sonralar "Şamil" (1940-41), "Nizami" (1942) və "Cavanşir" (1957) kimi tarixi dramlar yazdı. "İntizar" (1944, İlyas Əfəndiyevlə birgə), "Alov" (1961) kimi pyesləri xeyli müddət teatrların repertuarında yer tutmuşdu.

Moskva kinematoqrafik təhsilini başa vurduqdan az sonra onun ssenarisi əsasında "Şair" filmi çəkilir. Ənvər Məmmədxanlı ilə birgə yazdığı ssenari əsasında 1947-ci ildə məşhur "Fətəli xan" filmi çəkilir. Sonralar onun ssenarisi əsasında "Qara daşlar" (1956), "Səhər" (1960), "Mənim dostum" (1963) filmləri çəkilir.

 

DÜNYANIN NƏBZİNİ TUTA BİLİRDİ

 

Təbii ki, poststalinizmin ilk illərindən başlayaraq Moskva ədəbi mühiti çoxmillətli və son 25-30 ildə dünyaya qapalı tutulmuş sovet ədəbiyyatının yenidən dünyaya inteqrasiya olunmasında, aparıcı ədiblərin dünyaya baxışlardakı təbəddülatlarda bir addım öndə idi.

1958-ci ildən sonra Yazıçılar İttifaqının idarə heyətinin birinci katibi olaraq həm də SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi idi, Moskvada da kabineti vardı və vaxtaşırı paytaxtın ədəbi mühitinə qatılır, onun dərin keyfiyyət dəyişiklikləri yaşayan atmosferi ilə nəfəs alırdı. Bunlar rus dilini dərindən, bütün incəlikləri ilə bilən Mehdi Hüseyn üçün, təbii ki, izsiz ötüşmürdü.

Rusca yazılarını elə yazırmış ki, rus dilini çox dərindən bilən rus ədəbi işçilər onda vergül səhvi belə tapmadıqda buna son dərəcə heyrətlənərmişlər.

Mehdi Hüseyn Azərbaycanın və onun milli ədəbiyyatının dünyaya çıxarılmasında faydalı işlər görmüşdü. Onu dünyanın bir çox ölkələrinin adlı-sanlı ədibləri yaxşı tanıyırdılar, tərcümədən oxumuşdular və onun yaradıcılığı barədə səmimi fikirlər söyləmişlər ki, bu fikirlər indi də qüvvəsini saxlayır.

 

ƏLAQƏLƏRİN BƏRPAÇISI

 

Mehdi Hüseynin 1963-cü ildə Türkiyəyə ikinci səfəri onun həyata, insanlara, ədəbiyyata, siyasi məsələlərə baxışlarında ciddi bir təbəddülat yaradır. O xatırlamaya bilməzdi ki, 1930-cu illərin əvvəllərinədək "türk ədəbiyyatı" deyildikdə Türkiyə və Azərbaycanda yaranan ədəbiyyat nəzərdə tutulur və bu mövzu aydın olsun deyə mötərizədə "Türkiyə qismi" və ya "Azərbaycan qismi" işlədilirdi. 1930-50-ci illərdə - iyirmi illik bir dövrdə bu əlaqə Moskvadan gələn göstərişlə kəsildi, pəncərə kip qapandı. İki doğma və yaxın ədəbiyyat bu müddət ərzində az qala bir-birindən xəbərsiz irəlilədi. Nazim Hikmətin 1950-ci ildə SSRİ-yə qaçışı və Azərbaycana gəlişi ilə əlaqələr canlandı. Pəncərənin yenidən açılması və ədəbi əlaqələrin yenidən doğmalaşması 60-cı illərin əvvəllərində bərpa olundu və bu yöndə ilk addımları atanların biri və bəlkə də, birincisi Mehdi Hüseyn olmuşdu. Bunu unutmaq olmaz.

Yazıçının Türkiyə səfərindən təəssüratlarını əks etdirən "Bir ay və bir gün" adlı yol qeydlərini çoxlarımız oxumuşuq. Bu səfərdən sonra Bakıda ədəbi diskussiyalarda inqilabi ibarələrlə qışqırıqçılıq edənləri bəyənmədiyi, "gəlin komsomolçuluq etməyək" deyə ədəbi məsələlərə, yeni yazılan bədii əsərlərə tamam ayrı bir gözlə baxdığı çoxlarının gözündən qaçmırdı.

Bir müqayisə aparaq, İsmayıl Şıxlının "Dəli Kür" kimi romanı 1955-ci ilə qədərki illərdə yazılsaydı və ya ortaya çıxarılsaydı, rejimin sayıq ədəbi ideoloqları nə kimi fırtına qoparardı bir Tanrı bilir. Fəqət Mehdi Hüseynin ilkin reaksiyası bizə bəllidir:

Və bu ayılmanın son akkordu: "Yeraltı çaylar dənizə axır" romanı. Ömrünün son ilində işıq üzü görən bu roman günün mənəvi-əxlaqi problemlərinə cəsarətli müdaxilə baxımından onu daha da ucaltdı.

 

SADƏCƏ, USTAD

 

Onu ədəbiyyatımızda bütöv bir nəslin tərbiyəçisi adlandırırlar. Ədəbi istedadı ilk yazılarındanca duya bilir və bunu dərhal qeyd edirdi. Əlinə qələm alan hər bir gənc üçün onun dilindən müsbət bir söz çıxması tale məsələsi idi. İsmayıl Şıxlını, İsa Hüseynovu, Davud Nəsibi ilk vaxtlarındanca duymuş və onların ədəbiyyatda özlərinə yer tuta biləcəklərinə inanmışdı və bu inamında yanılmamışdı.

Bilirik ki, İsmayıl Şıxlı o illərdə "Mehdi Hüseynin yaradıcılığı" mövzusunu götürür, günlərlə kitabxanalardan çıxmır, böyük bir həvəslə fasiləsiz işləyir. Lakin işi müdafiəyə hazır olanda əngəl çıxır. Mehdi Hüseynin düşmənləri gənc dissertantı yerliçilikdə ittiham edirlər, məsələ M.C.Bağırovadək gedib çıxır, iş yoğunlaşır, partiya qurultayında bu barədə danışılır. "Müridizm məsələsi"nə görə başlanmış hücumların qarşısında sarsılan Heydər Hüseynov özünü asır, Səməd Vurğuna və "Şeyx Şamil" adlı pyes yazmış Mehdi Hüseynə hücumlar ara vermir. M.Hüseyn kimi mətin adam bu hücumların qarşısında dözməyib ürək iflicindən altı ay xəstə yatmalı olur.

Bilirik ki, İsmayıl Şıxlı Səməd Vurğunun güclü təsiri altında olsa da, onun ədəbi müəllimi Mehdi Hüseyn olmuşdu. Ona general əmilərinə görə həmişə "Paşam" deyə müraciət edərdi... Onun ailəsinin əzizi idi. Ustad bu gəncdə böyük bədii istedadın olduğunu hamıdan əvvəl hiss etmişdi. Ona yaradıcılığında həmişə istiqamət verməyə çalışar, mürəkkəb siyasi vəziyyətdən asılı olaraq tez-tez dəyişən ədəbi mühitindən baş çıxarmağına kömək edər, xeyirxah məsləhətlərini əsirgəməzdi.

İsmayıl Şıxlı "Azərbaycan" jurnalının redaktoru olanda Mehdi Hüseynin 50-ci illərdəki məşum kampaniya ucbatından çap etdirə bilmədiyi "Şeyx Şamil" pyesini çapa hazırladı (lakin Qlavlit buraxmadı və bu onun redaktorluqla vidalaşmasına səbəb oldu). Mehdi Hüseynin 10 cildliyinin tərtibatçısı oldu...

Mehdi Hüseyn bütün varlığı ilə ədəbiyyata bağlı idi, ədəbiyyat üçün doğulmuşdu. Fəqət onun ömür payı məşum bir zəmanəyə təsadüf etdi. Ürək isə belə bir mühitdə çox zaman dözmür.

 

 

İsmayıl UMUDLU

 

Ayna.-2009.-23 may.-S.15.