NATO-dan AZƏRBAYCANA ANTİTERROR DƏSTƏYİ

 

Alyans ölkəmizlə Terrorizm Əleyhinə Tərəfdaşlıq Fəaliyyət Planı çərçivəsində əməkdaşlığı gücləndirmək istəyir

 

Azərbaycan paytaxtında baş verən son qanlı olaylardan sonra NATO Azərbaycanla Terrorizm Əleyhinə Tərəfdaşlıq Fəaliyyət Planı çərçivəsində (PAP-T) əməkdaşlığı gücləndirmək niyyətindədir. "Ayna"ya verilən məlumata görə, bu məsələ yaxın vaxtlarda Azərbaycana səfər etməsi gözlənilən alyansın nümayəndə heyətinin görüşləri zamanı müzakirə ediləcək.

"NATO Azərbaycan hakimiyyətinin terrorizm əleyhinə fəaliyyətini dəstəkləyir və bu yaxınlarda yaradılmaqda olan "Terror Əleyhinə Əməliyyatları İdarəetmə üzrə Əməliyyat Qərargahı"nın formalaşdırılması prosesinə dəstək verməyə hazırdır", - deyə məlumatda bildirilir. NATO-nun terrorizmə qarşı mübarizə məsələləri ilə bağlı ekspert qrupunun Bakı səfərində bu istiqamətdə ciddi müzakirələrin aparılacağı gözlənilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti sözügedən qərargahın fəaliyyətini təmin etmək məqsədilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimatı təsdiq edib. Bu sənəddə qərargaha tabe olan əməliyyat qruplarının görəcəyi işlər əksini tapıb.

NATO-da hesab edirlər ki, Azərbaycanda terrorizm əleyhinə formalaşdırılan strukturların təkmilləşdirilməsi işində nailiyyətlər əldə olunub. Alyans bu prosesə PAP-T proqramı çərçivəsində dəstək göstərə bilər. Söhbət sözügedən proqram çərçivəsində nəzərdə tutulan öhdəliklərin bir daha müzakirəyə çıxarılmasından gedir.

Qeyd edək ki, PAP-T NATO-dakı müttəfiqlərin və tərəfdaşların terrorizmlə mübarizə üzrə səylərinin birləşdirilməsi üçün əsas proqram hesab edilir. Bu proqram NATO-nun tərəfdaşlarla, xüsusilə Orta Asiya və Qafqaz dövlətləri ilə strateji əlaqələrinin gücləndirilməsində faydalı alətdir.

PAP-T ABŞ-da baş vermiş 2001-ci ilin dəhşətli 11 sentyabr olaylarından dərhal sonra qəbul edilib. Proqramın istiqamətləri ilə bağlı yekun məqamlar isə NATO-nun 2002-ci ildə İstanbulda keçirilən sammiti dövründə qəbul edilib. Qeyd edək ki, Azərbaycanın PAP-T çərçivəsində üzərinə götürdüyü öhdəlikləri əsasən Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti yerinə yetirir. MTN-in təşkilatçılığı ilə 2006-cı ilin iyulunda Azərbaycanda keçirilən "NATO həftəsi" zamanı Avroatlantik Tərəfdaşlıq Şurası formatında terrorçuluqla mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş "Terrorçuluğa qarşı mübarizə sahəsində NATO əməliyyatlarına tərəfdaşların töhfələri və iştirakları" mövzusunda seminar keçirilib.

PAP-T terrorçuluqla mübarizənin əsaslarını müəyyən edir. Bu plan iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif tədbirlər, o cümlədən təlimlər vasitəsilə müntəzəm sürətdə təcrübə və informasiya mübadiləsi aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, son illər NATO rəsmiləri ilə Azərbaycanın xüsusi xidmət orqanları arasında görüşlər intensiv xarakter alıb. Təmaslar zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə obyekti olub. Nəticədə NATO ekspertləri Azərbaycanda terrorçuluğa qarşı mübarizə sahəsində qanunvericiliyin monitorinqi, bu qəbildən olan cinayətlərlə mübarizənin səmərəliliyinin artırılması və həmin əməllərə görə cəzaların müəyyən edilməsi məqsədilə idarələrarası qrup yaradılıb. Sözügedən qrup tərəfindən beynəlxalq standartlar nəzərə alınmaqla "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunun yeni variantı hazırlanır.

NATO həmçinin MTN Akademiyasında yaradılmış və terrorçuluğun əleyhinə hazırlıq, eləcə də bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən Beynəlxalq Təlim Mərkəzinin müvafiq maddi-texniki baza, zəruri avadanlıq və müasir elmi-texniki vəsaitlərlə təchiz olunması, işçi heyəti ilə komplektləşdirilmə işində dəstəyini gücləndirməyə hazırdır.

"Ayna"ya verilən məlumata görə, bu gün Azərbaycanın terrorizmə qarşı əməliyyat imkanlarının gücləndirilməsi Qərbin xüsusi marağındadır. Çünki məsələ birbaşa regional iqtisadi layihələrin, xüsusilə də Bakı - Tbilisi - Ceyhan və TRASEK kimi layihələrin təhlükəsizliyinə təminat verilməsindən gedir.

Bu baxımdan NATO Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki Aniterror Mərkəzinin fəaliyyətinin gücləndirilməsində xüsusilə maraqlıdır. Alyansda hesab edirlər ki, Qafqazda sabitlik qurşağının yaradılması prosesində əsas açarlardan biri Azərbaycanla bağlıdır. Beləliklə, indiyədək həyata keçirilmiş səfərlər və müzakirələr nəticəsində qərb analitikləri Azərbaycanın terror əleyhinə əməliyyat imkanlarının gücləndirilməsi üçün bir sıra addımların atılmasının zəruri olduğu qənaətinə gəliblər. Onların fikrincə, postsovet məkanı ölkələri üçün bu qaydalar, demək olar ki, eynidir:

- Terrorizmə qarşı mübarizə aparan dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və strukturların müasir qaydalar çərçivəsində idarə olunması,

- Hüquq-mühafizə orqanlarında transformasiya prosesinin həyata keçirilməsi,

- Ölkədə əməliyyat-axtarış tədbirlərinin, əməliyyatların müasir qaydalara uyğun həyata keçirilməsi üçün baza, sənəd və qanunvericiliyin təkmilləşdirilməsi,

- əməliyyatların beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilməsi,

- Antiterror əməliyyatlarında iştirak edən heyətin maddi-texniki baxımdan təmin olunması.

Azərbaycanlı ekspertlər terror əleyhinə Azərbaycanın əməliyyat imkanlarının artırılması prosesinə NATO-nun dəstək verməsini yüksək qiymətləndirirlər. Onların fikrincə, bu xüsusilə Azərbaycan ərazilərinin işğal altında olduğu, bu ərazilərdə bir qrup terrorçunun mövcudluğu halında dəyərli görünür. Ekspertlərin fikrincə, Azərbaycan NATO ilə terrorizmə qarşı mübarizə əməkdaşlığında qeyd edilən amilin həll edilməsi zəruri olan əsas məqamlardan biri olduğunu isbata yetirməlidir.

 

Cəsur SÜMƏRİNLİ

 

Ayna.- 2009.- 23 may.- S.3.