Biz NATO standartlarında silah istehsal etməliyik

 

Köhnəlmiş sovet "qəlib"lərində silah istehsalı mənasızdır

 

Ötən ay Azərbaycanın hərbi sahədə beynəlxalq əməkdaşlığını gücləndirmək istiqamətində diqqətçəkən addımlar atılıb. Bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov oktyabrda Azərbaycan Cənubi Qafqazın müdafiə təhlükəsizlik sektorunda baş verən mühüm hadisələrlə bağlı mətbuat konfransında danışdı. Onun sözlərinə görə, Azərbaycan xüsusilə NATO, Rusiya, Türkiyə, Pakistan, İordaniya s. ölkələrlə hərbi əlaqələri gücləndirməyə xüsusi səylər göstərib.

İ.Məmmədov bildirdi ki, ilk növbədə diqqət ötən ay Azərbaycanda keçirilən hərbi çağırışa yönəlməlidir. "Fikrimcə, hərbi çağırış qaydalarında həyata keçirilmiş dəyişikliklər hələlik öz səmərəsini vermir. Neqativ hallarla, bağlı məlumatlar yenə də qəzet səhifələrini bəzəyir, bununla bağlı vətəndaşlardan müraciətlər daxil olur. Düşünürəm ki, Azərbaycanda hərbi çağırış sistemində neqativ hallara nəhayət, son qoyulmalıdır və bu işdə əsas məsuliyyət güc strukturlarının, çağırışı təşkil edən qurumun üstünə düşür", - deyə ehtiyatda olan polkovnik bildirdi.

İ.Məmmədov ötən ay Azərbaycanın milli və dövlət təhlükəsizliyinə təhdidlərin hələ də qaldığını dedi. Ekspertin fikrincə, bu təhdidlər arasında Ermənistanın Azərbaycana ərazi təcavüzünün davam etməsi, Xəzər dənizinin hüquqi statusunun həll olunmaması, İran və Rusiyanın Xəzərdə hərbi qüvvələrini gücləndirməsi, Rusiyanın Azərbaycanla qonşu rayonlarda qoşunlar yerləşdirməsi və s. aiddir.

"Ötən ay "Sina" adlı müasir raket gəmisi İran Hərbi Dəniz Qüvvələrini, istifadəsinə verilib. Gəmi yüzlərlə radara, müasir naviqasiya sisteminə, elektrik təchizatına, eləcə də telekommunikasiya sisteminə malikdir. Eyni zamanda, bəlli olduğu kimi, İran Silahlı Qüvvələri baş qərargahı cari ilin sonunadək Xəzərdə dəniz müdafiə qüvvələri Şimal Komandanlığı yaratmaq haqda qərar qəbul edib. Bu qüvvələr İranın şimalındakı və əyalətdəki müdafiə qüvvələrini birləşdirəcək. Hər əyalətdə mənzil-qərargah yaradılacaq", - deyən İ.Məmmədov İranın Xəzərdə aktivləşməsini dənizin təhlükəsizliyi, Azərbaycanın milli maraqları baxımından ziyanlı hesab edir: "İran oktyabrın əvvəlində Xəzərdə hərbi təlim keçirdi. Görünür, Tehran son hərəkətləri ilə region ölkələrinə - xüsusilə də Azərbaycan və Türkmənistana hərbi təzyiq göstərmək istəyir".

İ.Məmmədovun fikrincə, oktyabr ayında diqqətçəkən hadisələrdən biri Azərbaycan telekanallarında nümayiş etdirilən hərbi verilişlər üzərində ictimai monitorinqin aparılmasıdır. Onun sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində hərbi verilişlərin tənqid olunması diqqəti çəkir.

"Proqnozlaşdırmaq olar ki, yaxın vaxtlarda hərbi məzmunlu verilişləri keyfiyyətcə yüksəltməkdə konkret addımlar atılacaq.

Bu iş hazırda Prezident Administrasiyası tərəfindən araşdırılır və yaxın günlərdə nəticələr ortada olacaq", - deyə o bildirdi.

İ.Məmmədovun sözlərinə görə, ötən ay Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində təlimlər keçirib. Təlimlərdən biri oktyabrın 3-də Ağdam şəhəri ərazisində idi. Növbəti təlim isə oktyabrın 9-da Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində keçirilib. Hər iki təlimdə işğalçı qüvvə ağır texnika və silahlardan istifadə edib. Tank, top və qrad qurğularından Şahbulaq yüksəkliyinin ətəklərindəki hədəflərə doğru atəş açılıb. HATM-ın apardığı araşdırmalar göstərir ki, erməni qüvvələri bu kimi təlimləri keçirməklə əsasən 3 məqsəd güdürlər:

- birincisi, silahlı qüvvələrin istifadəsində olan yararsız, vaxtı ötmüş silah-sursatın, döyüş texnikasının məhv edilməsi. Müşahidələr və əldə edilən etibarlı məlumatlarda bildirilir ki, Qarabağda məhv edilən yararsız silah-sursatın, döyüş texnikasının əksər hissəsi vaxtilə Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılıb. Vaxtilə Gürcüstandan çıxarılan silah-sursat və hərbi texnikanın əksəriyyəti Ermənistanın hərbi hissələrinə və Qarabağdakı hərbi bazalara yerləşdirilmişdi;

- ikincisi, budcədən müəyyən vəsaitlərin silinməsi. Araşdırmalar göstərir ki, Ermənistan silahlı qüvvələrində yüksək səviyyəli məmurlar tərəfindən idarə olunan korrupsiya şəbəkəsi mövcuddur. Bu şəbəkə əksər hallarda büdcə vəsaitlərinə göz dikir və bu xüsusda hərbi təlimlərin müntəzəm keçirilməsi vəsaitlərin mənimsənilməsi üçün ən səmərəli üsullardan biridir;

- üçüncüsü, imitasiya fəaliyyəti, qarşı tərəfi - yəni Azərbaycanı hərbi əməliyyatları bərpa etməkdən çəkindirmək, işğalçıları ruhlandırmaq. Lakin araşdırmalar göstərir ki, düşmən qüvvənin tez-tez keçirilən təlimləri separatçıların döyüş qabiliyyətinin, əməliyyat vərdişlərinin artırılması baxımından səmərəli deyil.

İ.Məmmədovun sözlərinə görə, düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin gücündən çəkinir. "İşğalçı qüvvənin Azərbaycanın Füzuli və Xocavənd rayonları ərazisində, cəbhə xəttindəki mövqelərini möhkəmlətməsi, bəzi ərazilərdə isə qoşunların təmas xəttindəki neytral ərazilərdə minalama işlərini aparması sıradan bir xəbər deyil. Aşkar görünür ki, erməni tərəfi narahat edən əsas məsələ Azərbaycan ordusunun hərbi əməliyyatları bərpa edə biləcəyi ehtimalıdır. Düşmən ölkənin prezidenti və müdafiə nazirinin işğal olunmuş ərazilərimizə səfəri də məhz bu qorxu ilə bağlıdır", - deyə o qeyd etdi.

İ.Məmmədov oktyabrda Azərbaycanın müdafiə sənayesi ilə bağlı sevindirici xəbərlərin çox olduğunu bildirdi. Onun sözlərinə görə, əsas xəbər Azərbaycanın ilk milli atıcı silahı olan "İstiqlal" snayper tüfənginin yeni versiyasının hazırlanması ilə bağlıdır. Yeni versiya gələn il hazır olacaq. Bu silah hazırkı IST-14,5 versiyasından həm çəkisinə, həm də gülləsinin çapına görə fərqlənəcək.

"12,7 mm çaplı güllələrdən atəş açacaq bu snayperin NATO standartlarına uyğun olacağını ehtimal etmək olar" deyən İ.Məmmədovun sözlərinə görə, Azərbaycan öz müdafiə sənayesini daha çox NATO ölkələri ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirməlidir. "Hazırkı IST-14,5 kimi köhnə sovet qəliblərinə uyğun silahların hazırlanması Azərbaycan Silahlı Qüvvələrinin quruculuq perspektivi baxımından səmərəli hesab edilə bilməz", - deyə o bildirdi.

 

 

C.Məmmədov

 

Ayna.-2009.-7 noyabr.-S.4.