Yeni kitab tapıntıları
Kişvərinin əlyazması,
Hüseyn Cavid və Abdulla Şaiqin isə kitablarının orijinal nüsxələri
tapılıb
Kitab əski əlifbadan yeni qrafikaya köçürülür
XI-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın avtoqraf nüsxəsi aşkar edilib. Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovun bildirdiyinə görə, əsər Berlində yaşayan həmvətənimiz, tədqiqatçı Məhəmməd Əli Hüseyni tərəfindən tapılaraq Əlyazmalar İnstitutuna göndərilib:
"Məlum
olduğu kimi, indiyədək çox az klassik şairimizin
öz əli ilə yazdığı əsəri, yəni əsərlərin avtoqraf
nüsxəsi əlimizə
çatıb. Əvvəlcə Ağqoyunlular, sonra Səfəvilər sarayına
yaxın olmuş Kişvəri həm də mahir xəttat
olub, narın nəstəliq xətti ilə gözəl yazılar yazıb. Kişvəri divanının indiyədək
üç nüsxəsi
- Bakı, Daşkənd,
Səmərqənd nüsxələri
məlum idi.
Onu da qeyd edək ki, bu günlərdə Hüseyn Cavid və Abdulla Şaiq tərəfindən 1919-cu ildə nəşr edilən "Qəvaidi ədəbiyyə" ("ədəbiyyat qaydaları") kitabının orijinal nüsxəsi tapılıb. AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nigar Sadıqzadənin məlumatına görə, sırf təsadüf nəticəsində ortaya çıxan kitab haqqında əvvəllər də ədəbiyyatşünas alimlər məlumat verib:
"Lakin bu məlumatlar dolğun və səhih olmayıb. Orijinal nüsxə tapıldıqdan sonra öyrəndik ki, kitabın nəşr olunmasında əsas məqsəd həmin dövrdə ədəbiyyatşünaslığa aid məlumatların bir topluda cəmlənməsindən ibarət olub". 134 səhifəlik "Qəvaidi ədəbiyyə" müəlliflərin "Bir-iki söz" adlı kiçik müqəddiməsi ilə başlayır. N.Sadıqzadənin bildirdiyinə görə, hazırda əski əlifbadan yeni əlifbaya köçürülən kitab yaxın günlərdə yenidən nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.
Zəminə
Ayna.-2009.-7 noyabr.-S.20.