Naxçıvanda teatr studiyası yaradılıb

 

Burada gənclər aktyorluq dərsi alır                                  

                                                                           

Naxçıvanda yeni teatr studiyası fəaliyyət göstərir. "Təməl" adlanan studiya Muxtar Respublikada fəaliyyət göstərən Dövlət Musiqili Dram Teatrı nəzdində yaradılıb. Teatr rəhbərliyi bildirir ki, studiyanın yaradılmasında məqsəd yeni aktyor nəslini yetişdirmək teatrın yaradıcı bazasını genişləndirməkdir.

Fəaliyyətinə bu həftə öncə başlayan sənət ocağına gənclərin axını başlayıb. Xəbərdə bildirilir ki, studiyanın ilk tələbələrinə səhnə hərəkəti, aktyor ustalığı və səhnə danışığından dərslər keçirilir. Məşğələləri xalq artisti adını daşıyan üç peşəkar sənətçi aparır. Teatr rəhbərliyi qeyd edib ki, tələbə adını qazananlar arasında ən istedadlıları seçilərək teatr tamaşalarında onlara rol veriləcək. Qeyd edək ki, studiyaya müraciət edən gənclərə yaş məhdudiyyəti qoyulub. Belə ki, 25 yaşına qədər həvəskara studiyada tələbə adını daşımaq şansı verilir.

Öyrəndik ki, buranı bitirən gənclərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlar təqdim ediləcək. Həmin sertifikatlar gənc tələbələrə nəinki Muxtar Respublikanın, eyni zamanda ölkənin istənilən teatrında işləmək hüququ qazandıracaq:

"Studiyada məşğələlər həftədə iki gün keçirilir. Gələcəkdə dərs saatları və günlərini artırmaq nəzərdə tutulub".

Teatr rəhbərliyi sonda bildirdi ki, sözügedən layihəni Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirir və qurumun qərarı ilə ölkənin daha 5 peşəkar teatrında belə studiyalar yaradılmalıdır.

 

 

Z.Rüstəm

 

Ayna.-2009.-7 noyabr.-S.20.