O illərə qayıdanda

 

 

Yaddaqalan anlardan ştrixlər 

                                                                                          

                                                                         

Xalq yazıçısı və xalq müəllimi, ictimai xadim, millət vəkili İsmayıl Şıxlı şərəfli, mənalı bir ömür yaşadı. Kişi ömrü. Bunu deməmək, xatırlamamaq olmaz. Qürur hissi ilə deyirəm ki, Xalq yazıçısı fəxri adına layiq görüləndə onun ayrı-ayrı yaradıcılıq məqamlarını, xarakterlər sənətkarı olmasını "Kommunist", "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi" qəzetlərində dərc olunmuş üç məqaləmdə şərh etməyə çalışmışdım.

Dünyasını dəyişəndən sonra "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Zəhra xanım Əliyevanın sifarişi ilə İsmayıl müəllim haqqında böyük bir yazı ilə çıxış etdim. Bu il isə dostum, tənqidçi-publisist Allahverdi Eminovun "İsmayıl Şıxlının poetikası" monoqrafiyasının elmi redaktoru oldum. Əlbəttə, İsmayıl müəllimin əvəzsiz xidmətləri qarşısında bunlar bəsit bir hesabatdır.

Keçmiş V.İ.Lenin adına APİ-də uzun illər baş müəllim, dosent, rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri olmuş İ.Şıxlı tələbə və müəllim kollektivinin dərin hörmətini qazanmışdı. Təmkinli danışıq tərzi, tələbələrlə xoş rəftarı, nəzakətli davranışı, uşaqla-uşaq, böyüklə-böyük olması, gözəl səs tembri, cəsarəti, vüqarlı görkəmi ilə çoxlarından seçilirdi.

Tale elə gətirdi ki, tələbəlik illərindən aramızda yaranmış xoş münasibətlər 60-cı illərdə Milli Ensiklopediyada işlədiyim, Nizami adına Ədəbiyyat İnstitutunda dissertant olduğum və APİ-nin elmi katibi vəzifəsində çalışdığım illərdə daha da genişləndi. Yazıçıya 1970-ci illərdə böyük şöhrət gətirən "Dəli Kür" romanı və onun əsasında çəkilmiş eyniadlı bədii film İsmayıl müəllimin maskalanmış bədxahlarını da üzə çıxarmışdı.

Bunlar nələr etmədi? Azərbaycan rəhbərliyinə yazıçı haqqında böhtan yazmaqdan doymayıb. Moskvaya, Kremlə, Leonid Brejnevə yazdılar ki, hardasan, ay Sovet Azərbaycanının atası? Yazıçı İsmayıl Şıxlı iki illik elmi-yaradıcılıq məzuniyyət götürərək, doktorluq dissertasiyası yazmaq əvəzinə "Dəli Kür" romanı yazmış, dövlətdən iki illik havayı maaş almışdır!

Həmin vaxtlar APİ tarixində bu günədək ən mədəni rektor kimi xatırlanan mərhum professor Haşım Ağayev yazıçı İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyətini nəzərə alıb, institutun elmi şurasının qərarına əsasən ona professor elmi adı verilməsi barədə Ali Attestasiya Komissiyasında vəsatət qaldırdı.

İsmayıl Şıxlı 1976-cı ildə "Azərbaycan" jurnalına baş redaktor getdi. Rektor Haşım Ağayevin İsmayıl müəllimə sonsuz məhəbbəti var idi. İsmayıl müəllim jurnalda işlədiyi vaxtlarda APİ-də yarımştat dosent vəzifəsində və filologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibində qalırdı.

Yaxşı yadımdadır, o illərdə "Sov.İKP MK-nın ədəbiyyat və incəsənətə dair qərarları və Azərbaycan sovet ədəbiyyatının inkişafı (1946-48)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edəndə şura üzvləri ilə yanaşı, xeyirxahlarım olan geologiya və mineralogiya elmləri doktoru, professor Xudu Məmmədov, akademik Firidun Köçərli, yazıçı Manaf Süleymanov, tarixçi Nəzər Paşayev və b. iştirak edirdi. Şurada İsmayıl Şıxlının çıxışını olduğu kimi xatırlatmaq istərdim:

"...Bu gün tələbəm Akif Əliyevin müdafiə şurasına təqdim etdiyi tədqiqat işi maraqlı bir mövzuya həsr olunub: "1946-48-ci illər Sov.İKP MK-nın ədəbiyyat və incəsənətə dair qərarları və Azərbaycan ədəbiyyatının inkişafı". Bu, hamımızın gözləri qarşısında baş verib. ...Lakin bu gün hamıya çox adi görünən bu qərarlar Azərbaycan KP MK-da M.C.Bağırovun sədrliyi ilə keçirilən müşavirədə nə az, nə çox 3 gün müzakirə edildi. Poeziya, nəsr, dramaturgiya, tənqid ayrıca mövzuların predmeti oldu. Akif bu cəhətləri qələmə almağı, ona yeni baxışla qiymət verməyi bacarır. Tədqiqatçı kimi Akif Əliyev hələlik məqsədinə nail olub. Amma bu barədə tədqiqatları davam etdirməsi məqsədəuyğundur!"

Yazıçının bu qeydi həmişə qulaqlarımda səslənirdi. M.C.Bağırovun dövründə MK-da mətbuat sektorunun müdiri, sonralar M.Əzizbəyov adına ANKİ-də dosent işləyən qaynatam Əli İsmayılovun köməyi ilə "Bakı" və "Baku" axşam qəzetinin baş redaktoru Nəsir İmanquliyevdən həmin yığıncağın stenoqramını əldə etdim.

1980-ci illərin şaxtalı-qarlı bir günündə Yazıçılar İttifaqına İsmayıl müəllimin yanına gəldim. Stenoqramı ona göstərəndə İsmayıl müəllimi heyrət götürdü. "Səni buradan buraxan deyiləm", - deyib gülümsədi.

Oturub həmin müşavirənin gedişi ilə tanış olurdu. Sanki onu 1948-ci ilə qaytarmışdım. Materialları oxuduqca şahidi olduğu ədəbi proseslə bağlı fikirlər söyləyir, məndə daha yeni təsəvvürlər yaradırdı.

Yazıçı Əli Vəliyevin çıxışının "Yoldaş Bağırov, bayaq siz qeyrət məsələsindən danışdınız. Biz Sovet hökumətinə, sizə borcluyuq. Marietta Şaginyanın Sovet Azərbaycanına böhtanı haqqında siz bizə demədinizmi?" cümləsini oxuyanda İsmayıl müəllim leksikonuna uyğun olmayan bir ifadə işlətdi: "İfritə". Və sözünə davam etdi:

- Marietta Şaginyan həyasız erməni ifritəsidir. O, mərhum Şıxəli Qurbanovun "İcazə verin, öz tariximizi özümüz yazaq" sözünə demişdir ki, "heç sizin tarixiniz var, tarix yazasınız?". Deməli, rəhmətlik Əli Vəliyev bu məsələni Bağırovun qarşısında qaldırıb. Amma Bağırov onun üstündən sükutla keçib - deyə alnını ovuşdurdu. Bunu Mehdi Hüseyn də İmam Mustafayevə, Vəli Axundova, Rəsul Rza isə Heydər Əliyevə demişdi. Bəs, görəsən Marietta kimə arxayın idi? Hətta 1970-ci illərdə SSRİ Yazıçılar İttifaqında keçirilən müşavirədə R.Rzadan soruşdular ki, baş redaktoru olduğun Azərbaycan Sovet Ensiklopediyasın I cildi nəyə görə qadağan edilib yığışdırıldı? R.Rza təmkinini pozmadan cəsarətlə bildirdi ki, ASE-nin I cildi Bakıda yox, burada Marietta Şaginyan və bizim sevimli Stepan Şaumyanın oğlu Levon şaumyanlar tərəfindən yığışdırıldı.

Müşavirə materiallarından aydın olur ki, M.C.Bağırov yeganə olaraq Əli Vəliyevlə hesablaşırdı. Ədəbiyyatşünas Mikayıl Rəfilini kəskin tənqid edən yazıçı çıxışını belə qurtarır: "Yoldaş Rəfili bilməlidir ki, onu doktor edən, onu professor edən, ona maaşı verən Sovet hökuməti olmuşdur. Kommunist Partiyası olmuşdur".

M.C.Bağırov: "Bu barədə mən səninlə razıyam (Mikayıl Rəfiliyə müraciət edir). Yadındadırmı, Leninqradda mən olmasaydım, sənin dərini diri-diri boğazından çıxarırdılar".

İsmayıl müəllim yenə fikrə getdi. Görəsən niyə? Elə bu müşavirədən sonra M.Rəfili M.C.Bağırovdan icazə alıb iki il Moskvada, Leninqradda "Ədəbiyyatşünaslığa giriş" (1958) dərsliyini yazdı - dedi.

Sonra yenə ötən günlərə qayıtdı. Bu müşavirə çağırılanda B.Vahabzadə ilə mən YB-yə təzəcə qəbul olunmuşduq. Həmin vaxt atam rəhmətə getdi. S.Vurğun mənə pul verib rayona yola saldı. Bunu eşidən Əli Vəliyevin mənə münasibəti tamam dəyişdi..

Başladı arxamca danışmağa ki, "biz kişi deyilik? Mənim işçim ola-ola gedib S.Vurğundan pul alır. Mən ölmüşəm?!". "Ayrılan yollar" romanını da "Azərbaycan" jurnalının baş redaktoru kimi Əli Vəliyevə vermişdim. Bu əhvalatdan sonra ona yaxınlaşmaq mümkün deyildi. Hətta Əli müəllim salamımı belə almırdı.

Özümə söz verdim ki, bu gün mütləq "Ayrılan yollar"ın taleyini ya o tərəflik, ya bu tərəflik həll edəcəm.

Ehmalca iş otağının qapısını açdım. Salam verdim, eynəyinin üstündən göz gəzdirib mənə baxdı. Yenə salamımı almadı. Birdən yüksək tonla:

- Əə, nə arvadbaz adamsan?!

Rəhmətliyin bu sözü məni elə tutdu ki, sanki sifətimin qızartısını özüm də görürdüm. Sonra gülümsədi:

- Arvadbaz olmayan elə şeyləri yaza bilməz. Romanın xoşuma gəlib, artıq mətbəədədir. Bu nömrədə çıxacaq.

İsmayıl Şıxlı xeyli sonralar həmin illərin təəssüratları barədə 1989-cu ildə "Azərbaycan" jurnalının 6-cı sayında "Ayrılan yollar" və..." adlı yaddaqalan bir yazı ilə çıxış etdi...

Millət vəkili olmuş Tofiq Bağırov İsmayıl Şıxlının vida mərasimində deyirdi: "Dünyanı gəzmişəm, insanlarla görüşmüşəm, hələ İsmayıl Şıxlı kimi insana, dostuma rast gəlməmişəm. O, bir dövlət başçısından özü üçün nəyisə xahiş etməyib. Oğlu evlənəndə gəlini öz mənzilinə gətirdi. Dözmədim, o vaxt Bakı meri Rüfət Ağayevə bildirdim ki, "ayıbdır, onun oğluna bir-iki otaqlı mənzil versəniz, dünya dağılmaz ki?.."

İnsafən etiraz etmədi, dedi bir ərizə yazsın. İsmayıl ərizə yazan idi? Gəldim ondan xəbərsiz ərizə yazıb imzasının da atdım, evi də aldım".

İsmayıl müəllim lətifə deməyi də xoşlayırdı, dinləməyi də.

O, xəngəl qonaqlığı üçün dostlarını da götürüb həmişə folklorşünas, mərhum Mürsəl Həkimovun evinə gələrdi və deyərdi ki, Sənubər xanımın xəngəlindən yoxdur. Günlərin birində Mürsəl müəllim mənə dedi ki, sabah saat 1-də İsmayıl müəllimin yanında ol, onlar yenə xəngəl iyinə gəlirlər. Qoy gəlsinlər, onsuz da Sənubər xanım rayondadır. Sən, maşını "Kolxozçu" restoranına sür, de ki, Mürsəl dayım daha burada işləyir. O, dediyi kimi də etdi. İsmayıl müəllimi, ədəbiyyatşünas Məmməd Məmmədovu, Abbas Hacıyevi və İsrail Mustafayevi gətirib çıxardım "Kolxoxçu"ya. İndi olmasın, balıq kababları ortalığa gələndə dayım başladı, nə başladı.

- ...O vaxt tədris hissə müdiri idi. Mehdixan Vəkilov da rektorumuz idi. Qəbul vaxtı Göyçədən özünün dayısı qızını da götürüb gəlir ki, uşağı instituta qəbul etdirsin. Nə illah edir, komsomollar onu rektorun yanına buraxmırlar. Naəlac qalıb institutda bir müəllimə yaxınlaşır və ona 500 manat pul verir ki, qızı qəbul etdir pedaqoji fakültəyə. Nə isə, qız qəbul olunur. Ata noyabr bayramında gəlir Bakıya. Qızı ilə görüşdükdən sonra Mehdixan müəllimin qəbuluna gəlir ki, həm hal-əhval tutsun, həm də ona yaxşılıq edən müəllimi rektora tapşırsın.

Mürsəl müəllim sözünə davam edirdi:

- Elə bu anda rektor məni yanına çağırdı. Gördüm ki, Mehdixan müəllim dayısını həmin müəllimə göstərib soruşur ki, bu kişini haradan tanıyırsan? Müəllim "tanımıram" deyəndə, Mehdixan müəllim ayağa qalxıb ona bir şillə vurdu. Aralığa keçib Mehdixan müəllimi sakitləşdirmək istədim. Bir yumruq da mənə dəydi. Mehdixan müəllim ucadan qışqırdı:

- Çıxın, rüşvətxor dələduzlar!..

İsmayıl müəllim gülümsədi, əllərini bığında gəzdirib dilləndi:

- Rəhmətlik Mehdixan müəllim də uzaqgörən adam olub ha!..

İsmayıl Şıxlı rəhbərlik etdiyi kafedrada rus ədəbiyatından mühazirə oxuyan dosent Əlifağa Bağırovun baməzə deyimlərindən, atmacalarından ləzzət alardı. Əlifağa müəllim sanki yazıçıya hesabat verərdi. Məsələn, riyaziyyatçı Firidun Abdullayev barədə:

Gəldi Afat Qurbanovla pəncə-pəncəyə,

Axırda çıxıb getdi Gəncəyə.

 

Professor Afat Qurbanov və Nizami Xudiyev barədə.

Rektorlar olubdur dilçi,

Nə gözəldir kök və şəkilçi.

 

Professor Bəşir Əhmədov barədə:

-acaq, -əcək, -yacaq, -yəcək,

Bundan sənin cibinə nə gələcək?

 

Professor Xeyrulla Məmmədov barədə:

Mir Xeyrulla gedib Kərbəlaya,

Allah, onu gətirmə min bəlaya.

 

Xalq yazıçısı İsmayıl Şıxlı barədə:

Bu İsmayıl Şıxlı,

Yarlı-yaraşıqlı.

 

Professor Tağı Xəlisbəyli barədə:

Rüşvətə yağı,

Xəlisbəyli Tağı.

 

Professor Afat Qurbanov barədə:

Rektor oldu Haşım, Mehdixan, Şövqü,

Heç birində olmadı Afatın zövqü.

 

Bu sətirlərin müəllifi Akif Əliyev barədə:

Azərbaycanın mərd oğlu

Gündə yeyir bir toğlu və s.

 

80-ci illərdə institutda qəbul imtahanları vaxtı idi. Bu arada YB qarşısında İsmayıl müəllimlə rastlaşdım. Hal-əhval tutduqdan sonra Əlifağanın şeirlərini soruşdu. Dedim ki, Əlifağa müəllim indi "biçin"dədir, taxıl yığır - deyəndə, ucadan güldü. Çünki Əlifağa müəllim qəbul imtahanlarını "biçin dövrü" adlandırırdı. İsmayıl müəllim əlini çiynimə qoyub dedi ki, məndən Əlifağaya salam de. Və bir də de ki, təkcə o şeir yazmır, biz də yazırıq:

 

Zəhmətkeşlər biçində,

Əlifağa da içində.

 

Bir vaxtlar çalışdığı doğma Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl Şıxlının 90 illik yubileyi keçirilirdi. O, bu yubileyə Cahandar ağanın atı ilə "gəldi"... Onu çoxsaylı tələbə və müəllim kollektivi adından rektor, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, akademik Teymur Bünyadov, professor Buludxan Xəlilov, Gülrux Əlibəyli, Həsən Mirzəyev, dostu polkovnik Rəhman Mustafayev, oğlu Elçin və başqaları qarşıladı. Və mərasimdəki çıxış və xatirələr də bir tarixə çevrildi...

 

 

Akif Əliyev

 

Ayna.-2009.-14 noyabr.-S.18.