Musiqiçilərimiz dumanlı Albionda
"Elizabet holl"dakı konsert ən uğurlu çıxış
olub
Bu həftənin
ilk günü İngiltərəyə səfər
edən bir qrup azərbaycanlı musiqiçi müxtəlif
şəhərlərdə silsilə konsertlərlə
çıxış edirlər.
İfaçılardan biri,
Milli Konservatoriyanın
məzunu, Beynəlxalq
Muğam Müsabiqəsinin
iştirakçısı Qoçaq
Əsgərov Londondan
telefon açaraq səfər təəssüratlarını
"Ayna" ilə bölüşüb. Xanəndə
bu günə kimi İngiltərənin bir neçə şəhərində çıxış
etdiklərini bildirib. Onların ən uğurlu çıxışlarından
biri Londonun "Elizabet holl" konsert məkanında gerçəkləşib.
Qeyd edək ki, böyük nüfuzu ilə seçilən bu konsert məkanında mötəbər konsertlər təşkil edilir. Həmin konsert məkanında bu günə kimi azərbaycanlı musiqiçilərdən dünyaca
məşhur Əzizə
Mustafazadə və Alim Qasımov çıxış ediblər.
Onların rekordunu isə muğam və aşıq musiqisinin ifaçıları
təzələyiblər. Qoçaq
Əsgərovun əlavəsinə
görə, böyük
tamaşaçı tutumu
olan konsert zalında onun ifasında "Bayatı-şiraz" muğamı
dəsgah şəklində
səslənib. Xanəndə
eyni zamanda "Sarı gəlin",
"Qaragilə" xalq
mahnılarını ifa
edib. Onu tarda əməkdar artist Malik Mansurov
və kamançada Elnur Mikayılov müşayiət ediblər.
Xanəndənin çıxışından
sonra səhnəni 4 aşığımız paylaşıb.
Musiqiçilərin ifası
böyük maraqla qarşılanıb. Lakin
"Elizabet holl" sarayının şərtlərinə
görə, həmin çıxışları geniş
şəkildə lentə
köçürmək mümkün
olmayıb.
Qeyd edək ki, Azərbaycan musiqiçiləri ilə yanaşı səfərdə YUNESKO-nun eksperti Sənubər Bağırova da iştirak edir. Musiqiçilərə böyük
dəstək göstərən
Sənubər xanım
onlarla birlikdə İngiltərənin bir sıra şəhərlərinə
səfər edib. Musiqiçi xanım konsert proqramının noyabrın 13-də də davam edəcəyini
bildirdi. Musiqiçilər
səfərləri haqqında
mətbuata gələn
həftə geniş açıqlama verəcəyini
bildirdilər.
Xatırladaq ki, konsertlərin təşkilində BBS radiosunun
İngiltərə bölməsi də yaxından dəstək göstərib.
Zəminə
Ayna.-2009.-14 noyabr.-S. 19.