Üzeyir Hacıbəyovun xatirəsinə

 

Əbədiyyət qazanmaq hər kəsə nəsib olmur 

                                                                                                

İyirmi üç noyabr 1948-ci il. Radio səhər xəbərlərində kədərli bir məlumat yayıb: öz xalqının böyük oğlu, görkəmli bəstəkar Üzeyir Hacıbəyov vəfat etmişdir.

Elmlər Akademiyasının geniş zalı ağzınadək dolub. İnsan axını isə bir ucdan gəlir... Bütün Bakı, bütün Azərbaycan öz sevimli bəstəkarı ilə vidalaşır.

Xalq şairi Səməd Vurğunun "Ölüm sevinməsin qoy" şeiri dillərdə dolaşır:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daim əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

...1885-ci ilin sentyabrında Ağcabədi kənd mirzəsi Əbdülhüseyn bəyin ailəsində xoş bir hadisə baş vermişdi - onun oğlu olmuşdu körpənin adını Üzeyir qoymuşdular. O vaxt heç kimin ağlına gəlmirdi ki, bu körpə bir vaxt milli opera operetta sənətinin əsasını qoymaqla, Azərbaycanın musiqi mədəniyyətini şöhrətləndirəcək, böyük bir şəxsiyyət olacaq qeyri-adi istedadı ilə doğma Azərbaycanı bütün dünyada tanıdacaqdır.

Yeniyetməlik illəri doğma Şuşada - musiqi və mahnıların əsrarəngiz aləmində keçmişdi. Onun 12 yaşı tamam olanda şəhərdəki ikisinifli rus-tatar məktəbinə vermişdilər. Məktəbin müdiri məşhur maarifçi Haşım bəy Vəzirov idi. Üzeyir bu məktəbi 1899-cu ildə bitirdi və təhsilini seminariyada davam etdirmək fikrinə düşdü.

Seminariyaya daxil olmaq üçün gənc Üzeyir bəy Şuşadan Qoriyə gəldi və imtahanlarda öz parlaq bilik və qabiliyyətini nümayiş etdirdi. Beləliklə, Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsinə qəbul olundu.

Onun gözləri qarşısında indiyədək tanış olmayan bir mühit açılmışdı, geniş biliklər əldə etmək, çoxlu oxumaq, öyrənmək - bir sözlə, gələcək həyatının təməlini qoyması lazım gəlirdi. Musiqi dərsləri isə Üzeyirin sevimli məşğələsi idi. Tar və kamança ona hələ yeniyetməliyindən tanış idi, burada isə skripkanı öyrənmişdi. Onda musiqini mənimsəməyə heyrətamiz bir qabiliyyət üzə çıxmışdı.

1904-cü ilin iyununda seminariyanı başa vurdu və gənc musiqiçiyə müəllimlik şəhadətnaməsi verildi.

Seminariyanı bitirən gənc Üzeyir bəy Gəncəyə gəlir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Zaqafqaziya Müəllimlər Seminariyası kurslarını bitirmiş Üzeyir bəy Hacıbəyovun Yelizavetpol Quberniyası 2-ci rayonu Xalq məktəbləri müfəttişinin adına məktəblərin birində müəllim yerini tutması barədə ərizəsi qayğı ilə saxlanır.

Hacıbəyovun xarakteristikası əla idi: seminariyanın direktoru 1904-cü ilin iyununda Yelizavetpol Quberniyası Xalq məktəbləri Direksiyasına məlumat verirdi: Üzeyir Hacıbəyov kursları 17 nəfər sırasında 7-ci olaraq bitirib, dərsləri çox yaxşı keçib və əla musiqiçidir.

Üzeyir bəy Hacıbəyovun ərizəsinə razılıq verildi və onu Cəbrayıl qəzası Hadrut kənd məktəbinə müəllim təyin etdilər. Hacıbəyov iyunun 10-da öz keçmiş seminariya pedaqoquna yazırdı: "Sizə belə bir xəbəri çatdırmağa tələsirəm ki, Cəbrayıl qəzasında Şuşa yaxınlığındakı Hadrut məktəbinin 3-cü paralel sinfinə müəllim təyin olundum. Etiraf etməliyəm ki, kənd yerinə təyin olunmağım məni çox sevindirir".

Lakin bu sevinc çox sürmür.Böyük yaradıcılıq işləri üçün doğulmuş, incəsənəti hər şeydən uca tutan bir adam, əlbəttə, özünü ucqar bir kənd məktəbində "dəfn edə" bilməzdi.

Onu Bakı, yazıçılar və jurnalistlər dünyası özünə cəlb edirdi. Və 1905-ci ilin oktyabrında o, öz pedaqoji fəaliyyətini Bakının fəhlə rayonlarından birində - Bibi-Heybətdə davam etdirirdi.

Məsələn, arxivdə Üzeyir Hacıbəyovun Bakı şəhərindəki rus-tatar məktəblərindən birində ona müəllim yeri verilməsi haqqında 29 sentyabr 1905-ci il tarixdə Bakı Şəhər İdarəsi Məktəblər Komissiyası sədrinə yazdığı ərizə qorunub saxlanır.

Sonralar o, "Səadət" cəmiyyətinin məktəbində dərs deyir. Pedaqoji fəaliyyəti ilə yanaşı elmi fəaliyyətlə də məşğul olur - "Hesab məsələləri" dərsliyini yazır və "Rusca-türkcə və türkcə-rusca lüğət" tərtib edir.

Məktəblər Komissiyası tərəfindən 1911-ci ilin sentyabrında rus-tatar məktəbində müəllim yerini tutmuş şəxslər üçün türk dili üzrə yoxlama dərsləri təşkil olunur. Müsabiqədə 11 iddiaçı arasında Üzeyir bəy Hacıbəyov da iştirak edirdi. Arxivdə onun yoxlama dərsi əsnasında yazdığı mətn qorunub saxlanır. Mətnin sonunda rusca qeyd vardır: "Öz fikrimi daha dəqiq ifadə etməkdən ötrü daha ədəbi dildə yazmağa məcbur oldum. Üzeyir Hacıbəyov". Və təsadüfi deyildir ki, sınaq dərslərinin nəticəsi üzrə yalnız Üzeyir Hacıbəyov "əla" qiymət almışdı.

Üzeyir Hacıbəyov çoxtərəfli, zəngin, bir çox yaradıcılıq janrlarını özündə birləşdirmiş olan təkrarsız şəxsiyyət idi.

1907-ci ilin sonunda Bakıda "opera" sözünü tez-tez eşitmək olurdu. Bakı sakinləri üçün teatr sirk adi bir idi, fəqət opera onlar üçün nəsə bir yenilik idi.

12 yanvar 1908-ci ildə Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə baş verdi - ilk milli operamız olan "Leyli Məcnun" səhnədən səsləndirildi.

İlk operanın uğuru Üzeyir bəyi yeni-yeni əsərlər yazmağa ruhlandırmışdı. "Leyli Məcnun"dan az sonra o, növbəti operanın üzərində işləməyə başlayır. Bu dəfə bəstəkar "Şeyx Sənan" adlı xalq dastanına müraciət edir. 30 noyabr 1909-cu ildə "Şeyx Sənan" operası səhnəyə qoyulur. Tamaşa "Nikitin qardaşları" sirk binasında təşkil olunmuşdu. Operanın müəllifi özü dirijorluq edirdi.

12 noyabr 1911-ci ildə Üzeyir bəy Hacıbəyovun yazdığı üçüncüsünün - "Rüstəm Zöhrab" operasının premyerası oldu. Məsələn, müsəlman əhali arasında savad yayan "Nəşri-maarif" cəmiyyətinin qərarından xəbər tuturuq ki, müsəlman axşamları proqramına Üzeyir Hacıbəyovun "Rüstəm Zöhrab", "Əsli Kərəm" operaları daxil edilmişdir.

Beş il ərzində onun tərəfindən dörd opera yaradılmışdı. Bu, Üzeyir bəy Hacıbəyovun musiqidə yüksək sənətkarlığa nail olmasında yekun pilləsi sayıla bilən böyük yaradıcılıq qələbəsi idi. Böyük məhəbbət sevgi ilə qarşılanan "Əsli Kərəm" operasını xatırlamamaq olmaz.

Xalq dastanının motivləri əsasında yaradılmış olan bu əsər yüksək mədəniliyi, musiqililiyi ilə fərqlənirdi buna görə seyrçilərin qəlbində geniş əks-səda doğurmuşdu.

Arxiv sənədlərində söhbət açılır ki, 1911-ci ildə M.F.Axundovun 100 illik yubiley axşamının antraktında Ü.Hacıbəyovun idarəsində simfonik orkestrin ifasında Şərq motivləri səsləndirilmişdir.

Ü.Hacıbəyovun Azərbaycan mədəniyyətinin inkişaf tarixində bütöv bir mərhələ olan əsərləri təkcə Azərbaycanda şöhrət qazanmamışdı. 1910-cu ildə sonrakı illərdə onlar digər xalqların da diqqətini özünə cəlb etməyə başladı. Azərbaycan hüdudlarından kənarda Üzeyir sənətinin pərəstişkarlarının çoxalmasında Azərbaycan artistlərinin qastrol səfərləri "təqsirkar" idi. "Leyli Məcnun", "Ər arvad", "O olmasın, bu olsun" Tiflis tamaşaçılarına "Nicat" cəmiyyəti tərəfindən təşkil etdilmiş qastrol zamanı təqdim olunmuşdu. Qastrolda müəllif özü iştirak edirdi. 1916-cı ildə "Arşın mal alan" operettası gürcü rus dillərinə tərcümə olunmuşdu.

Bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafı tərəqqisi uğrunda mücadiləyə verdiyi töhfələr çox böyük hərtərəflidir. Məsələn, arxiv sənədləri ondan söz açır ki, Z.və Ü.Hacıbəyov qardaşlarının müsəlman opera-operetta truppasının müdiriyyəti tərəfindən Bakı polismeysterliyinə qeyri-peşəkar aktyorların tamah məqsədilə tamaşaları səhnələşdirmələrinin qadağan olunması haqqında ərizə verilmişdir.

Üzeyir bəy xalqı üçün doğma əziz idi. Onun ilhamlı, özünəməxsus yaradıcılığı xalqın böyük məhəbbətini qazanmışdı. Bəstəkarın ictimai fəaliyyəti bu məhəbbətin qüvvəsini daha da artırırdı. Əgər yaradıcılıq istedaddan doğulurdusa, ictimai fəaliyyət onun üçün müqəddəs borc idi. Ona görə özünün bütün şüurlu həyatı boyunca o, xalqın mədəniyyətini yüksəltmək naminə çalışmışdı.

...Xalqın sevgisini rəğbətini qazanmaq heç hər kəsə nəsib olmur. Üzeyir bəy xalqın yaddaşında əbədi olaraq yaşayan dahi şəxsiyyətlər sırasına mənsubdur.

 

 

Lüdmila Axundova     

 

Ayna.-2009.-21 noyabr.-S.18.