Gövhər Həsənzadə: "Gəlin sərvətlərimizi qoruyaq, özümüz öz ayranımıza turş deməyək"       

 

Deyirlər, nikbinlik böyük insanların sərvətidir. Səhifəmizin bugünkü qonağı çox nikbin insandır. Onun böyüklüyü isə sadəliyində, ləyaqətli və istedadlı olmağındadır. Belə olmasaydı, ulu Tanrı ona bugünkü uğurları bəxş etməzdi. 1986-cı ildən bəstəkar olan bu kişi xasiyyətli Şərq qadını ilk "İnanmaram" mahnısıyla meydana çıxdı və Azərbaycan musiqisində yeni bir səhifə açdı. "Anladım sonunda", "Get, dönmə geri", "Ömür bumu?", "Belə olarmı?", "Son məktub", "De, hardasan?", "Zülmətlərin övladıyam"...

Bu şlyagerləri sadalamağa davam etsək, gərək səhifənin yarısını siyahıya həsr edək. Onun mahnılarını oxumağı arzulamayan müğənni, onun mahnılarını tanımayan və sevməyən insan yoxdur. Məhz bu insanın bəstəsi bizi bu ilin yazında bütün Avropaya tanıtdı. Onun ən böyük arzusu balet yazmaqdır. Rəqibi yoxdur, amma istedadı ilə barışmayanlar çoxdur. Qonağımız Şəhriyar Mədəniyyət Mərkəzinin və Yaşıl Teatrın direktoru, bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir.

- Xoş gördük, Gövhər xanım! Mətbuatı izləyib belə bir qərara gəlmək olar ki, siz bu günün ən məhsuldar bəstəkarısınız. Gəlin elə yeniliklərdən başlayaq...

- Bu yaxınlarda Almaniya vətəndaşı olan Əziz Can Bakıya təşrif buyurdu. Onun seçdiyi dörd mahnımdan biri artıq İngiltərədə aranjeman olunub. Daha sonra "Pop star" müsabiqəsinin yetirməsi Gökhan Erolla sözləri Aişə Birgül Yılmazın olan yeni mahnı üzərində çalışırıq. Türkiyədə çox sevilən müğənni Pinar Aylin uzun illərdən sonra albom ərsəyə gətirdi.

Və çox sevindirici bir haldır ki, albom mənim mahnımla adlanır. Həmin mahnını Ayaz Qasımovun ifasında eşitmişsiniz. Bu, "Sevgi yolu" mahnısıdır. Amma Pinar adını dəyişdirib, "Masal dünya" qoyub. Həmin "Masal dünya" Türkiyədə dillər əzbərinə çevrilib.

Bu yaxınlarda rus rok qrupu Bakıya təşrif buyurmuşdu. Həmin rus qrupunun solisti Mişa ilə işbirliyimiz baş tutdu. Biz onunla "Yar, aman yar" mahnısını yazdırdıq və dekabrın ortası üçün Bakıda klip çəkilişləri başlayacaq. O, xaricdən böyük çəkiliş qrupu gətirəcək.

Yerli müğənnilərimizə gəlincə isə, bu yaxındarda İzzət Bağırovla "Neyləyim", Lalə Məmmədova ilə "Yalançı sevda" və Zülfiyyə Xanbabayeva ilə işlədiyimiz iki mahnı işıq üzü görməlidir. Həmçinin İradə İbrahimova ilə yeni mahnılar üzərində çalışırıq. Onların işləmələri Türkiyədə gedir. Ruslan Əliyevin sözlərinə yazılan "Saf sevgi" mahnısına çox böyük ümidlərim var. İradə bu mahnının eskizini artıq Türkiyədə hazırlayıb. Mən həmişə İradəni mahnılarımın qaranquşu adlandırmışam. Çünki hansısa bir yeni janra müraciət edəndə bütün eksperimentləri onunla etmişəm. Mahnıda "Kainati səslər" adlanan bir effektdən istifadə olunub.

- Bir ara deyirdiniz ki, Türkiyəyə köçəcəksiniz... Fikrinizdən niyə döndünüz?

- Çünki görürəm ki, Türkiyədə də mənim burda olan qədər işlərim olacaq və səhərdən axşamacan qaça-qaçda olacam. Özü də Türkiyə bir o qədər də xarici və qərib ölkə sayılmır bizim üçün. Bir çox Avropa ölkələri ilə təmasım var və şəxsi həyatımda olan planlarla bağlı onların birinə köçməyim gözlənilir.

- Ritmik musiqi yazmaq lirika yazmaqdan qat-qat çətindir. Sizin mahnılarınızın əksəriyyəti ritmik mahnılardır...

- Əslində onlar da ritmə oturdulmuş lirik mahnılardır. Onları ritmə salmaq və bununla yanaşı bütün nəsillərin zövqünə oxşamaq çox mürəkkəb işdir. Amma fikir versəniz, heç bir ritmik mahnımın sözlərində nikbinlik yoxdur. Hamısında qəmginlik və sərt ismarıclar var.

- Daha nə söyləmək istərdiniz?..

- Onu söyləmək istərdim ki, milli musiqimizin gözəlliyinə təcavüz etməyək, süniləşdirməyək. Gəlin öz sərvətlərimizi qoruyaq, özümüz öz mətbəximizi dəyərləndirək və öz ayranımıza turş deməyək. Bu gün estrada aləmində əsl yaradıcı və peşəkar insanlara böyük ehtiyac var. Və həmin peşəkarların yaradıcılığı mütləq ölkədən kənarda nümayiş etdirilməlidir.

Bilirsinz, bəstəkar ali təhsilli, geniş dünyagörüşə malik ola bilər, amma onun bütün gördüklərini, yaşadıqlarını və mürəkkəb musiqisini kütlə qəbul etməyə bilər. Biz dinləyicilərə bacardığımız qədər hər şeyi sadə nümayiş etdirməliyik. Bəziləri deyir ki, orkestri çox gözəl duyur, mürəkkəb musiqi bəstələyir, amma fikirləşmir ki, həmin bəstələdiyini bir qrup musiqiçi qəbul edər, ya yox. Kütlə üçün, xalq üçün onun tarixini, mədəniyyətini və sərvətini nümayiş etdirməkdən ötrü xalqın təmsilçisi olmalısan. Mən çox mürəkkəb musiqi yazsam, onun ünvanı da olmayacaq. Bizim günlərdə bütün dünya klassik musiqiyə qayıdır.

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-21 noyabr.-S.19.