Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır
Gələn il üçün əməkdaşlıq
qrafiki sıxdır
Noyabrın 3-5-də
ABŞ və Azərbaycan
arasında təhlükəsizlik
məsələlərinə dair illik məsləhətləşmələr
perspektiv əməkdaşlıq
üçün konkret
çərçivələri müəyyən etmək
baxımından önəmli
idi. Əldə edilən bilgilərə görə, tərəflər bir sıra məsələlərdə
razılığa gələrək
ortaq fəaliyyət istiqamətlərini müəyyən
ediblər. Yaxın günlərdə isə tövsiyələri hazırlamalı
olan işçi qrupların görüşü
keçiriləcək.
Vaşinqtonda
tərəflər Dağlıq Qarabağ münaqişəsi
üzrə danışıqlar prosesi, Azərbaycan-NATO əməkdaşlığı,
Avroatlantik məkanda inteqrasiya prosesləri, NATO strateji
konsepsiyasının inkişafı və tərəfdaş
ölkələrin əlaqələrinin inkişafı, təhlükəsizlik
təminatı, ABŞ ilə Azərbaycan arasında hərbi əməkdaşlığa
dair əlaqələr də daxil olmaqla, təhlükəsizlik
sahəsində əlaqələr, Əfqanıstanla
bağlı tərəfdaş ölkələrin töhfələri,
Azərbaycanın Əfqanıstanda qeyri-hərbi
iştirakının genişləndirilməsi, tranzit məsələləri,
Əfqanıstana müxtəlif koridorlardan istifadə
olunması ilə tranzitin təmin olunması, enerji təhlükəsizliyi
sahəsində bəzi kritik infrastrukturların müdafiə
olunması, Xəzər dənizində təhlükəsizlik,
antiterrorizm fəaliyyəti, Qəbələ RLS-in gələcək
taleyi və s. kimi məsələləri müzakirəyə
çıxarmışlar.
"Ayna"
əməkdaşı sayca 11-ci olan bu
danışıqların nəticəsi olaraq işçi
qruplarının müzakirəyə çıxarmağa
hazırlaşdıqları mövzulara dair müəyyən
bilgilər əldə edib. Bu mövzular siyasi sahədən
tutmuş iqtisadiyyat, müdafiə və təhlükəsizlik
sektorunadək bir sıra məsələləri əhatə
edir.
Bilgilərə
görə, Birləşmiş Ştatlar 2010-cu ildə də
Azərbaycan Silahlı Qüvvələrinin NATO
standartlarına keçid prosesinə yardımını davam
etdirəcək. Bu dəstək Fərdi Tərəfdaşlığa
dair Əməliyyat Planı (IPAP) çərçivəsində
nəzərdə tutulmuş islahatların sürətləndirilməsini
nəzərdə tutur. Pentaqon bu baxımdan Azərbaycanda 3
qoşun növünün - Quru Qoşunlarının (yeni
yaradılıb), Hərbi Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz
Qüvvələrinin imkanlarının artırılmasına
çalışacaq.
Quru Qoşunlarına dəstək
göstəriləcək
Azərbaycanda
Quru Qoşunları yeni yaradılmış qoşun
növü olduğundan onun strukturunun qurulması və fəaliyyətinin
nizamlanması işində müəyyən yardımlara
ehtiyac duyulur. Yaxın vaxtlarda bu məsələ ilə
bağlı ABŞ ordusundan bir heyətin Azərbaycana səfəri
gözlənir. Səfər çərçivəsində
amerikalı hərbçilər Azərbaycan Quru
Qoşunlarının formalaşdırılması və
perspektiv inkişafı ilə bağlı məqamları azərbaycanlı
həmkarları ilə bölüşəcəklər. Diqqət
özəlliklə idarəetməyə yönəldiləcək.
Amerikalı ekspertlərin fikrincə, Azərbaycan Silahlı
Qüvvələrinin şəxsi heyətinin böyük əksəriyyətinin
Quru Qoşunlarına tabeçiliyi səbəbindən orduda
idarəetmə qaydalarının təkmilləşdirilməsinə
ciddi ehtiyac yaranacaq. Bunun üçün NATO ölkələrinin
təcrübəsinin öyrənilməsinə ehtiyac
yaranıb.
Yeri
gəlmişkən, Türkiyə Quru Qoşunları bu istiqamətdə
Azərbaycana dəstək təklif edib. Məlumata görə,
Türkiyə Quru Qoşunları komandanı İşık
Koşanərin noyabrın əvvəlində Azərbaycana səfərində
bu mövzuda müzakirələr olub.
Qeyd
edək ki, Pentaqon Azərbaycanın Quru Qoşunları
üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi
işində Azərbaycanla danışıqları davam
etdirir. Artıq bu məsələ ilə bağlı Qaraheybət
təlim mərkəzində müəyyən işlər
görülüb. Hazırda bir neçə amerikalı hərbçi
bu təlim mərkəzində çalışır, əgər
Azərbaycan və ABŞ arasındakı
danışıqlarda problemlər ortaya çıxmasa, onda
sözügedən təlim mərkəzində
çalışan amerikalı mütəxəssislərin
sayının artırılması mümkündür.
Hərbi Hava Qüvvələri
üçün yeni bazalar
ABŞ hərbçilərinin diqqətdə saxladığı
məsələlərlən biri Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının
fəaliyyətinin təkmilləşdirilməsi,
hərbi hava limanlarının NATO standartlarına
uyğunlaşdırılmasına dəstək verilməsidir.
Ötən
5 il ərzində Pentaqonun dəstəyi ilə Azərbaycanda
bir hərbi hava limanı tam olaraq NATO standartlarına
uyğunlaşdırılıb, təkmilləşdirilməkdə
olan növbəti hava limanı isə yaxın vaxtlarda istifadəyə
veriləcək.
İndi
ABŞ Silahlı Qüvvələrinin Avropa
Komandanlığının (EUCOM) diqqət mərkəzində
olan məsələlərdən biri Azərbaycanın hava məkanına
nəzarət imkanlarının artırılması ilə
bağlıdır. Ümumilikdə, ABŞ - Azərbaycan hərbi
əməkdaşlığının strateji hədəfləri
arasında ölkənin bütün hərbi hava
limanlarının tam olaraq NATO standartlarına
uyğunlaşdırılması da var.
Qeyd
edək ki, hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrinin
və Hava Hücumundan Müdafiə Qoşunlarının NATO
standartlarına uyğunlaşdırılması prosesi gedir və
bu prosesə xüsusi olaraq ABŞ və Türkiyə dəstək
verirlər. Bu proseslə bağlı iki hədəf gündəmdədir:
-
HHQ və HHM qoşunlarının istifadəsində olan silah,
texnika, təyyarə və avadanlığın NATO
standartlarına uyğunlaşdırılması,
-
sözügedən qoşun növünə dair kadr
hazırlanması prosesinin sürətləndirilməsi. Bu
istiqamətdə Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbinin imkanlarının artırılması.
Hazırda
hər iki istiqamət üzrə islahatlar aparılır, hədəfə
çatmaqda müəyyən çətinlikləri dəf
etmək lazım gəlir.
Azərbaycanın dəniz
təhlükəsizliyi imkanlarının artırılması
EUCOM
Azərbaycan Silahlı Qüvvələri ilə dəniz təhlükəsizliyi
imkanlarının artırılması barədə 2007-ci ildə
saziş imzalayıb. İkiillik dövrü əhatə edən
sazişdə nəzərdə tutulan islahatların yerinə
yetirilmə müddəti bu ilin əvvəlində başa
çatsa da, tərəflər yeni əməkdaşlıq
müqaviləsinin üzərində baş
sındırırlar. Bu saziş də Pentaqonun Azərbaycanın
Xəzərdə təhlükəsizlik təminatı
imkanlarının təkmilləşdirilməsi və gücləndirilməsinə
hərtərəfli dəstək verməsini nəzərdə
tutacaq. Sazişin ilkin layihəsində bu var ki, ABŞ-Azərbaycan
hərbi əməkdaşlığında Hərbi Dəniz
Qüvvələri və Dövlət Sərhəd Xidməti
Sahil Mühafizəsinin dənizdə müşahidə
imkanlarını artırmaq prioritetdir.
Məlumatlara
görə, EUCOM Azərbaycan HDQ və DSX Sahil Mühafizəsinin
dənizdə antiterror, nüvə
qaçaqmalçılığı və s. qarşı əməliyyat-müşahidə
imkanlarının artırılması üçün 2010-cu
ildə Azərbaycanla sıx əməkdaşlığı
davam etdirəcək.
Araşdırmalar
göstərir ki, ABŞ-ın Azərbaycana davamlı hərbi-siyasi
yardımları bölgə dövlətləri - xüsusilə
də İran və Rusiya tərəfindən müsbət
qarşılanmayacaq. Xüsusilə də Azərbaycanın Xəzərdə
müşahidə imkanlarının genişləndirilməsi
Moskva və Tehran tərəfindən mənfi
qarşılanır. Məlumatlara görə, İran və
Rusiya Xəzər üzərindən həyata keçirdikləri
məxfi daşımalardan Azərbaycanın və
ABŞ-ın xəbər tuta biləcəyindən ehtiyat edirlər.
O səbəbdən ABŞ-ın Azərbaycana fəal hərbi-siyasi
yardımları fonunda Bakı ilə Tehran və Moskva
arasında gərginlik yaranacağını
proqnozlaşdırmaq mümkündür.
Qəbələ RLS-in taleyi
necə olacaq?
ABŞ-Azərbaycan danışıqlarının müzakirə mövzularından biri Qəbələ RLS-in taleyi ilə bağlıdır. Tərəflər danışıqları davam etdirməyi qərara alıblar.
Qeyd edək ki, 2009-cu ildə ABŞ Müdafiə Nazirliyinin ekspertləri müxtəlif vaxtlarda Azərbaycana gələrək Qəbələ RLS-in gələcək taleyi ilə bağlı müzakirələr aparıblar. Ekspertlərə görə, hazırda bu stansiya Azərbaycan - ABŞ - Rusiya üçbucağında strateji müzakirə obyektinə çevrilib. ABŞ bu stansiyaya Rusiyanın bölgədə hərbi mövcudluq rəmzi kimi baxır və bu səbəbdən Vaşinqtonda hesab edirlər ki, 2012-ci ildən sonra Qəbələ RLS-in Rusiyaya icarəyə verilmə prosesi dayandırılmalıdır. Qeyd edək ki, hazırda Azərbaycan tərəfi bu stansiyadan yalnız birgə istifadənin mümkünlüyünə işarə edir. Araşdırmalar onu deməyə əsas verir ki, hazırda ABŞ üçün Qəbələ RLS-in gələcək taleyi ilə bağlı Azərbaycanın söz sahibi kimi çıxış etməsi çox vacibdir.
Məlumatlara görə, Azərbaycan və ABŞ 2010-cu ildə Qəbələ RLS-in taleyi ilə bağlı konkret nəticələrə gələcəklər.
Rusiya üçünsə hazırda bu obyekt 2 vacib önəm daşıyır:
- Qəbələ RLS ilə Rusiya Azərbaycanda hərbi mövcudluğunu saxlayır və bu obyektdən simvolik də olsa, Azərbaycana hərbi təzyiq rıçaqı kimi istifadə ədir. Açıq mənbələrə görə, bu stansiyada Rusiyanın 4 min nəfərə yaxın hərbi və mülki işçisi çalışır.
- ABŞ-ın Şərqi Avropada yerləşdirmək istədiyi Raket Əleyhinə Müdafiə planı ilə bağlı Vaşinqtonla danışıqlar aparmaq üçün sərfəli imkan əldə edir. Bu stansiya həmçinin Rusiyanın Qafqaz uğrunda ABŞ-la apardığı və gələcəkdə Azərbaycanla bağlı aparacağı mübarizənin üzdə olan üstünlüyüdür.
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) Qəbələ
RLS-in gələcək istifadəsi
ilə bağlı bir neçə ssenari-proqnozlar irəli sürüb:
- bu stansiya
fəaliyyətini dayandıracaq.
Bu, ABŞ üçün arzuolunandır, Rusiya isə bunu qəbul
etməyəcək. Çünki
bununla o, Azərbaycana
təsir və təzyiq imkanlarından birini itirir. ABŞ isə regiondan Rusiya hərbçilərinin
çıxarılması prosesində
növbəti xal qazanır;
- stansiyadan Azərbaycan
istifadə edəcək.
Bu ssenarini ABŞ dəstəkləsə də,
Rusiya üçün
qəbuledilməzdir. Lakin
bu proqnoz az inandırıcıdır
və ekspertlərin çoxu tərəfindən
qəbul edilmir. Ən azı ona görə ki, Azərbaycanın bu stansiyadan istifadə etmək üçün elmi və hərbi-texniki imkanları yoxdur. Və ən əsası, rəsmilərin
sözlərinə görə,
bu stansiya texniki baxımdan Azərbaycana lazım deyil;
- stansiya hazırda
olduğu kimi Rusiyanın istifadəsində
qalır. Bu, ABŞ üçün arzuolunmazdır.
Bu ssenarini isə
Rusiya həmişə
dəstəkləyir. Rusiya rəsmilərinin açıqlamalarına diqqət
yetirilsə, bəlli olar ki, Kreml
Qəbələ RLS-in gələcəyini
hazırda olduğu kimi görmək istəyir və Moskva bu məsələdə
Azərbaycan və
ABŞ-ın rolunun qabardılmasını arzulamır;
- stansiyanın istifadəsində ABŞ, Rusiya
və Azərbaycan bərabərtərəfli iştirakçılar
olacaqlar. Bu, tərəflərin
ən kritik anda razılaşa biləcəkləri yeganə
format hesab edilə bilər. Hazırda istər Rusiya, istərsə də
ABŞ bu istiqamətdə
müzakirə apardıqlarını
bəyan edirlər. Maraqlıdır, ABŞ bu
prosesdə Azərbaycanın
rolunu qaldırsa da, Rusiyanın əks mövqedə olduğu hiss edilir. Güman etmək olar ki, Moskvada
ehtiyat edirlər ki, Azərbaycan bu vacib geosiyasi
obyektlə bağlı
aparılan danışıqlarda
söz sahibi olarsa, onda Rusiya
səs çoxluğu
nəticəsində mövqeyini
itirə bilər;
- Rusiya Qəbələ RLS-i Azərbaycanla birgə və bərabərhüquqlu şəkildə
istifadə etməyə
razılaşır. Hadisələrin bu cür gedişi
də istisna olunmur. Bu, Rusiya
və Azərbaycan tərəfindən dəstəklənə
bilər. Amma son anda
bu vəziyyət
ABŞ üçün də
tam qəbuledilməz hesab
edilə bilməz.
Ən azı ona görə ki, bu formatda
Rusiyanın Qəbələ
RLS üzərində əvvəlki
dominantlığı itir;
- Qəbələ RLS-dən çoxtərəfli
istifadə. Bu stansiyanın istifadəsinə
digər region və
NATO ölkələri - Türkiyə,
Gürcüstan, İran,
Almaniya, Böyük Britaniya və s. də qatıla bilərlər. Hadisələrin belə cərəyan
etməsi Rusiyadan başqa hamı üçün qəbulediləndir.
C.Sumərinli
Ayna.-2009.-21 noyabr.-S.9.