“Müsahibə zamanı aktyorluq etmək lazım deyil”
"Mən
1973-cü ildə "Baladadaşın məhəbbəti"
filminə çəkilsəm də, kinostudiyaya 1977-ci ildə
işə götürüldüm. Həmişə özümə dərd
edirdim ki, qocalandan sonra nə edəcəyəm, kim məni filmə çəkər? Amma bu gün çəkiliş meydanında, kamera
qarşısındayam, mənim üçün ən
böyük xoşbəxtlik də budur. Bir ara kinomuzun vəziyyətindən nigaranlıq
vardı. Prezidentin məlum sərəncamından
sonra isə kinomuzda dirçəliş başlayıb" - əməkdar
artist Şamil Süleymanovla
söhbətimiz onun bu sözləri ilə başlanır və
davam edir.
- Bilirsiniz, kino kollektiv sənətdir.
Hər çəkiliş qrupu bir ailə deməkdir.
Rejissor aktyoru balası kimi sevməyəndə sənət
əsəri yaranmır. Əgər film
tamaşaçının xoşuna gəlirsə, bu, ilk
növbədə rejissorun uğurudur. Biz
aktyorlar əslində rejissorun artıq fikrində
yaratdığı bir aləmi canlandırırıq.
Bizim "Oskar"ı qazanan Rüstəm İbrahimbəyovumuz
var. Həmin Rüstəm İbrahimbəyov özünün ali rejissor kursunu açıb, ora xaricdən
böyük sənətkarları dəvət edir, onlar
cavanlara təmənnasız dərs keçirlər.
- Bu gün Azərbaycan kinosunun ən böyük
problemi, sizcə, nədir?
- Kinomuzun
çatışmayan cəhətlərindən
danışsaq, uzun bir siyahı alınar. Nəyimiz
var, onu da desək, yenə eyni vəziyyət. Problemsiz sənət yoxdur. Mən həmişə
deyirəm: nə yaxşı ki, bizim kino sənətimizin
problemi var və onları həll etməyə indi
gücümüz çatır. Bu gün uzun
fasilədən sonra "Cavad xan", "Hökmdarın
taleyi", "Günaydın, mələyim", "Ehram
TV" çəkilib. Düzdür, hələlik
avadanlıqlar köhnədir, amma indi yenilənir.
Bu gün
işığımız yanır, başımıza
yağış dammır, amma son vaxtlara qədər buna həsrət
idik.
- Doğrudanmı, kinonun taleyini maliyyə müəyyənləşdirir?
- Başqa sənətləri
deyə bilmərəm, amma kinoda maliyyə həlledicidir. Düzdür, böyük maliyyəni heçə
endirmək, cüzi vəsait və böyük əziyyət
hesabına uğur qazanmaq da olar. Kiçik maliyyə ilə
gözəl ekran əsəri yaratmaq mümkündür, amma
onu heç kim tanımayacaq. Atalar
sözümüz var, yetim quzudan qoç olmur, yəni film
çəkməklə iş qurtarmır, xərc çəkib
onu festivallara aparmaq, beynəlxalq səviyyəyə
çıxarmaq, reklamını təşkil etmək və
sair bu kimi işləri də görmək lazımdır. Bütün bunları isə maliyyə həll edir.
İndi kinomuza maliyyə ayrılır. Vaxt vardı, gözünün yaşını
tökürdün ki, axı bu lazımdır. İndi özləri deyirlər ki, siz təkliflərinizi
verin.
- Sizin belə bir fikriniz var ki, "rolun
böyük-kiçiyi yoxdur" deyənlər "qoy
böyük rolu mənə versinlər" deyirlər. Sizi
indi hansı filmə, necə rola dəvət edirlər?
- Fikrət Əliyevin çəkdiyi
"Ölüm növbəsi" filmində baş rola
çəkilmişəm. Bakı həyatından
bəhs edən bu filmdə mən sevənlərə arxa-dayaq
oluram. Adətən aktyorlar
tamaşaçını çaşdırmaq, bəlkə də
özünütərif məqsədilə deyirlər ki,
çəkiliş vaxtı gecələr yatmadıq,
gündüzlər dincəlmədik. Başa
düşmürəm, yuxusuz çəkilən filmin nə
keyfiyyəti? Mən çəkiliş
vaxtı gecələr daş kimi yatıram. İnanın, elə hamı belə yatır. Və ya götürək rol məsələsini.
Danışan deyir ki, rolun böyüyü-kiçiyi yoxdur,
aktyorun böyüyü-kiçiyi var. Mən 35 ildir bu sənətdəyəm,
hələ görməmişəm ki, bir aktyor böyük
roldan imtina etsin. Hələ heç kim deməyib
ki, mən epizodik rola çəkilmək istəyirəm, o
böyük rolu Şamilə verin.
- Belə qeyri-səmimi söhbətlər nədən
yaranır, aktyor özünü əlçatmaz göstərmək
istəyir, yoxsa sənətini?
- Şair
şeir yazanda öz hissləri ilə təkbətək olur,
amma bu, o demək deyil ki, ömrü boyu heç kimi
dindirib-danışdırmasın, deyib-gülməsin. Aktyor səhnədə,
çəkiliş meydanında aktyordur. Müsahibə
verəndə, danışanda, söhbət edəndə rol
oynamaq, aktyorluq etmək nəyə lazımdır? İnsan bütün ömrünü artist kimi
yaşasa, dəli olar. Bir ara ədəbiyyatımızda
kənd həsrəti ilə şeirlər
yazılırdı, kim onları kəndə getməyə
qoymurdu ki? Kənddən ötrü darıxan
bilet almaq əvəzinə, oturub şeir yazırdı.
Belə şeirlə ədəbiyyat yaratmaq nə qədər
gülüncdürsə, "gecə yatmadıq",
"çəkilişdə atdan yıxıldıq",
"yağışa düşdük" söhbətləri
ilə də kino haqqında təsəvvür yaratmaq istəyi
o qədər yersizdir.
- Bir ara sizi teleproqramlarda, kliplərdə
gördük. Bunlar nə idi və bu fəaliyyətinizi
davam etdirmək fikriniz varmı?
- Televiziya verilişlərinin
birinin aparıcısı idim. Proqramdan film
çəkilişlərinə görə ayrıldım.
Klip çəkilişlərinə maddi
baxımdan çox, mənəvi ehtiyacım olub. Klip çoxbilmişləri hərdən nəyisə
göstərib məəttəl qoymağı çox
xoşlayırlar. Onlara elə gəlir ki,
hər şeyi bilirlər. Amma mən dəqiq bilirəm
ki, hər şeyi bilmirəm, amma bildiyim bir məsələ
var. Peşəkarın bildiyi bu bir məsələni heç
kim onun əlindən ala bilməz. Bu, Allah vergisi, aktyor səmimiyyəti və təcrübədir.
- Son Azərbaycan filmlərindən hansına
baxmısınız və ümumiyyətlə, kinolara
tamaşa etməyi xoşlayırsınızmı?
- Baxdığım son filmlərdən
biri Oqtay Mirqasımovun "Günaydın, mələyim"idir.
Bu filmdə mən də çəkilmişəm.
Kino işçilərinin müsahibələrdə
tez-tez təkrarlamağı xoşladığı məşhur
aktyorların adlarını mən də bilirəm, o
aktyorların ifasından xəbərim var, amma kinolara
baxmağı sevmirəm.
- Deyirlər, kinoda əsas məsələ yadda
qalmaqdır...
- Elə buna görə də
kinoaktyorlarda bir növ "yadda qalmaq xəstəliyi"
yaranıb. Yadda qalmaq üçün aktyor
kamera qarşısında yersiz, artıq hərəkət
edir, adi sözləri uzada-uzada danışır, gözlərini
müxtəlif şəklə salır, mənasız
replikalar artırır. Elə buna görə
də məqsədi yadda qalmamaq olan bir rol oynamaq istəyirəm.
Yadda qalmaq üçün aktyorun canfəşanlığı
çox vaxt yadda qalmaq xatirinə yadda qalmaqla nəticələnir.
Amma kino təbiiliyi sevir.
Ayna.-2009.-27
noyabr.-S.20.