Uşaqlara həsr edilən
Teatr ömrü
Gənc
Tamaşaçılar Teatrının aktrisası Almaz
Mustafayeva sənət yolundan söz açır
Bəlli
olduğu kimi, Gənc Tamaşaçılar Teatrının
xarakteri çox mürəkkəbdir. Ona görə ki, bu
teatra gələnlər - uşaqlardır. Onlar isə olduqca tələbkar
seyrçilər sayılır. Və bu teatrda heç də
hər aktyor baş çıxara bilməz. Aktrisa Almaz
Mustafayeva bu teatrla doğmalaşıb - 40 ilə
yaxındır bu teatrda çalışır. Özü də
bir qayda olaraq oğlan rollarında çıxış
etmişdir. Səhnədə öz emosionallığı, sərbəstliyi,
yaratdığı obrazların gerçəkliyə
uyğunluğu ilə yadda qalmışdır.
Aktyora
hansı rolları ifa etdiyinə görə deyil, necə
oynadığına görə qiymət verilir. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktrisası Almaz Mustafayeva kollektivdə işlədiyi ilk doqquz
il ərzində əsasən oğlan rollarında
çıxış edib. Müxtəlif xarakterli, müxtəlif
səpkili Balaca ("Mənim mehriban balam"), Ramo ("Əlvida,
Hindistan"), Eldar ("Sehrli yaylıq"), Sadıq ("Mənim
nəğməkar bibim"), Əhməd ("Tamahkar")
obrazlarını qabiliyyət və bacarığı, mənalı
tapıntıları, daxili həyəcanı və
emosiyaları ilə ifadə edir.
Onun
Q.İlkinin "Təzə şagird", M.Şatrovun
"İnqilab naminə", R.Heydərin "Zəng səsləri",
C.Məmmədovun "Həyatın astanasında" pyeslərində
oynadığı şagird, Petka, oğlan, Faiq rolları
gözəlliyinə, məzmun dərinliyinə, rəng
çalarlarının əlvanlığına görə
diqqəti cəlb etmişdir. Əgər Sadıq daha çox
psixoloji boyalarla təqdim olunursa, Ramoda qəhrəmanlıq
ovqatı üstünlük təşkil edir, Eldar isə bir qədər
qorxaq və ürkəkdir. Aktrisa oğlan xarakterlərini təbii
və real vermək üçün ilk növbədə
obrazın daxili aləmindən, mənəvi
varlığından çıxış edərək onun
zahiri rəsmini - formasını tapır. Sonra isə məzmun
və formaya uyğun ifa tərzi, oyun üslubu seçir. Buna
görə də aktrisanın oynadığı oğlan
rolları həmişə tamaşaçıların
xoşuna gəlib.
"Mənim
mehriban balam" tamaşasındakı ülvi arzularla
yaşayan, xeyirxahlığı, sadəliyi hər şeydən
üstün tutan, insanlara həmişə yaxşılıq
və kömək etməyə çalışan Balaca
rolunun müvəffəqiyyətli ifası üçünsə
Almaz Mustafayeva uşaq və gənclər teatrlarına
Ümumittifaq baxışın laureatı olmuşdu.
"Qaraca
qız" (S.S.Axundov) əsərində Qaraca qız, "Ana
laylası" (İ.Coşqun) pyesindəki Nəcibə
rollarının müvəffəqiyyətli səhnə həlli
gənc aktrisanın növbəti yaradıcılıq
uğuru sayılmışdır. "Ana
laylası"nın qəhrəmanı Bahar öz
çevikliyi, dramatizmi, oxumaq, rəqs etmək məharəti
ilə fərqlənir. Aktrisa obrazın nikbin təbiətini,
romantik ruhunu, onun azadlıq arzularını bacarıqla
göstərib.
Aktrisa
çoxlu sayda uşaq tamaşalarında oynamaqla
yanaşı, "Sehrli xalat", "Şir evdən
getdi" filmlərində də çəkilmişdir.Oktyabrın
1-də isə aktrisa Almaz Mustafayeva öz doğum
gününü qeyd edirdi.
-
Ömrünüzün 40 ilini teatra həsr etdiniz, bəs
teatra gəlişiniz necə olub?
- Teatra 1970-ci ilin mayında gəlmişdim. Rejissor Cənnət Səlimovanın kursunda oxuyurdum. Rəhbərimiz isə Adil İskəndərov idi. O dövrdə yazıçı Əkrəm Əylisli "Mənim nəğməkar bibim" povestini yazmışdı. Onun pyes variantını Gənc Tamaşaçılar Teatrında səhnəyə qoymağa qərar verilmişdi. Və Cənnət xanım mənə təkidlə bu əsərdə baş rolu - Sadığı oynamağı təklif etdi. O vaxtlar Bədii Şura çox tələbkar idi. İş belə gətirmişdi ki, uşaq rolu oynayan aktrisa teatrda, demək olar, qalmamışdı. Teatrın direktoru Bala Qasımov məni teatra dəvət etdi. Mən çox tərəddüd edirdim, çünki o vaxt kinostudiyada işləyirdim və orada qalmaq fikrim vardı.
Mənim teatr bioqrafiyamda
oğlan rolları əksəriyyət təşkil
edib, 2-3 qız rolu oynamışam. Doğrudur, oynadığım hər
rolda mənim canımdan və qanımdan bir tikə var. Odur ki, bütün rollarımı çox sevirəm. Təsəvvür edin, 23-24 yaşımda
"Mənim mehriban balam" tamaşasında
6 yaşlı oğlan
uşağını oynamışam.
Bu, teatr tarixinə
düşən çox
uğurlu bir tamaşa idi.
- "Ana laylası"
da ən uğurlu tamaşalarınızdan biri
sayılır...
-
O da çox sevdiyim tamaşadır, baş rolu - Baharı oynamışdım
orda. Bu tamaşanı 7-dən 77-ə qədər hamı izləyir
və sevir. Bu əsəri ilk dəfə Muharib Tağıyev
qoymuşdu. Vaqif Əsədov isə bu tamaşaya ikinci həyat
vermişdi. Amma mənim bir aktrisa kimi ilk tamaşadan daha
çox xoşum gəlir. Bu tamaşanı rayonlarda da
nümayiş edirdik və xatırlayıram ki,
Göyçayda insanlar tamaşaya maqnitofonla gəlib, ifa
etdiyim mahnıları yazırdılar.
Bilirsiniz,
çox adam bu layihəni dərk edə bilmədi. Həmin
konsertdə mən də iştirak edirdim, orada xeyriyyə
aksiyası keçirilirdi, gələn qonaqlar qoyulmuş
yeşiyə pul atırdı. Hər kəs öz ev
heyvanı ilə gəlmişdi. Çox gözəl bir
şou idi.
- Gənc
Tamaşaçılar Teatrı, Gənclər Teatrı, Kamera
Teatrı... Bu üç teatrın birləşdirilməsinə
münasibətinizi bilmək bizə maraqlı olardı.
-
Belə fikirləşirəm ki, hər teatrın öz
xüsusiyyəti, öz yolu var. Düşünürəm
ki, Gənc Tamaşaçılar Teatrı
aktyorlarının oynadığı
rolları, başqa teatrın aktyorları oynaya bilməz. Belə çıxır ki, bu gün
dovşan rolunu oynayan, sabah Dezdemonanı da, Otellonu da oynaya
bilər.. Bu isə düzgün
deyil. Gənc aktyorların arasında istedadların olduğu
kimi, istedadsızlar da var. Bu baxımdan çox istərdim ki,
gənclərimiz özlərinə uyğun istiqamət
seçsinlər. Bizim teatrın öz məktəbi, öz
yolu var. Doğrudur, Gənclər Teatrı bizə daha
çox uyğun gəlir, çünki kollektivdə rəhmətlik
Hüseynağa Atakişiyevin tələbələri var. Və
onlar bizim kollektivə çox tez uyuşdular. Ümumiyyətlə
isə, yaşayıb görərik, hər şey
üçün zaman gərəkdir. Mən sadəcə
öz fikrimi bildirdim.
- Baxmayaraq ki, 40 ildir bu sənətdəsiniz,
amma fəxri adınız yoxdur.
-
Fəxri adım "Qızıl Dərviş"dir. Bu fəxri
adı, mükafatı mənə sənət dostlarım
layiq biliblər. Mənim üç fəxri adım,
üç uğurum var - bu həyatda iki oğlum və balaca
Vaqif nəvəm. Mən giley-güzarı sevməyən
insanam. Fəxri adı versələr də sağ olsunlar, verməsələr
də. Mən özümü başqa sənətdə təsəvvür
etmirəm, sanki mənim xəmirim teatrla yoğrulub. Uşaq
yaşlarından mən Əfsər Cavanşirovun Uşaq
Xorunda oxumuşam, televiziya verilişlərinə çəkilmişəm,
"Cücələrim" rəqs ansamblında rəqs
etmişəm.
- Nəvənizə
yoldaşınızın adını qoymusuz. Ümumiyyətlə,
bütün ailəniz bu sənəti seçib. Bu bir təsadüfdür?
-
Mənim həyat yoldaşım Vaqif Mustafayev Azərbaycanda
yeganə rəssam-modelyer olub. Kinoda, teatrda
çalışıb, uzun illər dərs deyib. Bir oğlum
rəssamdır, o birisi isə Yuğ Teatrında rejissor kimi
çalışır. Oğullarımla fəxr edirəm. Gəlinim
isə opera solistidir.
- Yeni teatr
mövsümündə teatrınızda hansı
tamaşaların nümayişi gözlənir?
-
Yeni mövsümdə teatrımızda "Aydın",
"Şeyx Sənan", "Pəri cadu",
"Otello" tamaşaları oynanılacaq. "Ələddin
və onun sehrli çırağı"
tamaşasını isə hələ məşq edirik.
- Sizin üçün
xoşbəxtlik nədir?
-
Ailəmdir. Əgər mənim yoldaşım desəydi ki, sənəti
tərk et, mən edərdim. Teatrda gənc aktrisalara deyirəm
ki, ailə qursunlar və yoldaşları onlardan sənəti
tərk etməyi istəsə, onlar bunu etsinlər,
çünki teatr gəldi-gedərdi, ailə isə müqəddəsdir.
Sevinc İSMAYIL
Ayna qəzeti.-2009.- 3
oktyabr.-S.19.