Dərbənddə antitürk ehtirasları

 

Azərbaycanlı namizəd şəhərin mer seçkisindən zorla uzaqlaşdırılıb

 

Azərbaycan türklərinin qədim şəhəri Dərbənddə oktyabrın 11-də mer seçkisi olacaq. Bu dəfə seçki sandığından milliyyətcə ləzgi - şəhərdəki azlığın namizədi çıxacaq. Çünki iki aydır davam edən seçki marafonunda yeganə azərbaycanlı namizəd Hikmət İsmayılov zorla seçkidən uzaqlaşdırılıb...

Bildiyimiz kimi, Hikmət İsmayılovu bir neçə dəfə Mahaçqalaya fərdi şəkildə dəvət edərək ona öz namizədliyini "könüllü" şəkildə geri götürməsi təklif olunub. Buna nail ola bilmədikdə, ona qarşı ənənəvi metod - terror hədəsi hallandırılıb. Bu da keçməyib. Nəhayət, Hikmət İsmayılova oktyabrın 6-da Moskvadan daha yüksək səviyyədə zor tətbiq olundu və nəticə etibarı ilə namizədliyini geri götürməyə məcbur edildi.

Budur, indi Azərbaycan türklərinin böyük əksəriyyəti təşkil etdikləri şəhərin meri vəzifəsi uğrunda milliyyətcə ləzgi olan iki namizəd mübarizə aparacaqlar. Onlardan biri Feliks Qazıəhmədov, digəri isə sabiq baş prokuror, Azərbaycana qarşı separatçı siyasətin "xaç atası", "Sadval" təşkilatının mənəvi lideri İmam Yarəliyevdir.

Ötən mer seçkisindən sonrakı dörd il ərzində Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Dağıstanın digər regionlarından ləzgi milliyyətindən toplam 10 min nəfərlik kütlə Dərbənddə yerləşdirilib. 11 oktyabr olaylarından sonra bu proses daha da dərinləşdiriləcək. İkinci bir "Kərkük variantı"na hazır olaq.

 

Hərbi Sənaye Kompleksi və Quzey Qafqaz

 

2006-cı il fevralın 20-də Dağıstanın yeni prezidenti vəzifəsinə Moskvanın və erməni mafiyasının "xeyir-duası" ilə təyin olunan Muxu Hümbət oğlu Əliyevi o zaman çoxları böyük sevinclə qarşıladılar. Çünki Muxu Əliyev keçmiş sovet hakimiyyəti dövründə uzun müddət komsomol-partiya işində çalışan və regiona yaxşı bələd olan təcrübəli kadr kimi qəbul edilirdi. Ancaq unudulurdu ki, Dağıstanda kimin hansı vəzifəyə təyin olunması önəmli şərt hesab olunmur. Moskvadakı güc mərkəzlərinin nümayəndəsi kimi hansı missiyanı daşıması əsas strateji elementdir.

Qərbin strateji araşdırma mərkəzlərinin fikrincə, 1980-ci ildən etibarən Şimali Qafqaz bölgələrində yerli hakimiyyətləri formalaşdırma siyasətində Rusiya Hərbi Sənaye Kompleksinin (HSK) xüsusi çəkisi və nüfuzu var. Buna görə də Şimali Qafqazda bütün proseslər "hərbi təfəkkürə" hesablanmış formada idarə olunur.

Son illər İnquşetiyaya sabiq general rütbəsinə malik kadrlar kimi Murat Zyazikov və Yunusbəy Evkurov növbə ilə prezident vəzifəsinə təyin olunublar. Çeçenistanı Rusiya güc nazirliklərinin bölgədəki "Birləşmiş Hərbi Komandanlığı" idarə edir. Uzun müddət HSK-da müxtəlif vəzifələrdə çalışmış Taymuraz Mamsurov bu gün Şimali Osetiyanın prezidenti vəzifəsini daşıyır.

HSK-yə məxsus şirkətlərdə çalışmış və gizli silah ticarəti hesabına zəngin şəxsə çevrilmiş Arsen Kanokov Kabarda-Balkarın prezidenti təyin olunub. Sibirdə HSK strukturlarına məxsus qızıl emalı fabriklərinin birinə uzun illər başçılıq etmiş Aslançeriy Txakuşinov bu gün Adigey prezidentidir. Keçmiş sosialist rejiminin saxlanması və qorunması siyasətində mühafizəkar kommunist düşüncəsinin tərəfdarı olan Muxu Əliyev isə Dağıstana prezident təyin olunub. Təkcə Qaraçay-Çərkəsdə Boris Ebzeyev xalqın istəyilə prezident kürsüsündə oturub. Ona görə də Şimali Qafqaz bölgələri bu gün daha çox hərbi təfəkkür və kriminal müstəvidə idarəetmə prinsiplərinə uyğunlaşmış görünür.

Bir tərəfdən gizli silah bazarının inkişaf etdirilməsi, digər tərəfdən radikal dinçilik hərəkatlarının vüsət alması, konfessional prinsiplərin etnik maraqlarla uzlaşdırılması, regionda hansı millətin üstün səviyyəyə çıxarılması kimi köhnə və lazımsız "ştreykbexer" rol ifaçılarına çevrilmə bölgənin əsas problemi kimi qəbul edilir. Belə bir şəraitdə kriminal durum, demək olar, hər addımda idarəolunan hala çevrilmişdir. Burada HSK-nın nəzarətində olan "ölüm eskadronları", neft məhsulları ticarəti, digər qara bazar infrastrukturları geniş şəbəkəyə çevrilib. Bu bazarın hesabına iri maqnatlara çevrilən güclər yaranıb. İndi bu maqnatların maraqları xaricində heç kəs hakimiyyətdə təmsil oluna bilməz. Bu işlərdə azərbaycanlıların iştirak payı, demək olar, yoxdur. Dərbənd merliyi isə strateji sahə sayılır və həmin maqnatların maraqları bu gün bu şəhərdə məhz ləzgi qruplaşmasına etibar olunur.

 

Dağıstanın ən sakit şəhəri kriminal mərkəzə çevrilib

 

Şəhər meri vəzifəsinə seçkidə azərbaycanlı Hikmət İsmayılovdan savayı namizədliyini irəli sürənlərin hamısı milliyyətcə ləzgilərdir. Dağıstanın sabiq baş prokuroru, hazırda ləzgilərlə məskun Süleyman Stalski rayon İcra Hakimiyyətinin başçısı İmam Yarəliyev, Dərbənd şəhər federal maliyyə idarəsinin müdiri Akimxan Abbasov, Dağıstan Odları qəsəbəsində federal maliyyə idarəsinin rəisi Ramazan Əlimuradov, Dərbənd şəhər mülki məhkəməsinin şöbə müdiri Sadir Əmirqazıyev və sabiq mer Feliks Qazıəhmədov seçki marafonunda mübarizə aparırdılar.

Əslində seçki prosesində real namizədlər F.Qazıəhmədov və İ.Yarəliyev hesab olunurlar. H.İsmayılovdan savayı digər namizədlər A.Abbasov, R.Əlimuradov, S.Əmirqazıyev İmam Yarəliyevin mənafeyi üçün çalışan kadrlar hesab olunur. İ.Yarəliyev və ona dəstək verən "Sadval" təşkilatı Dağıstanda ən zəngin şəxslərdən biri hesab olunan milliyyətcə ləzgi Süleyman Kərimovun maliyyə dəstəyi hesabına bu seçkidə Dərbənd şəhərini ələ keçirmək üçün çalışır. Buna görə də mer seçkisi onlar üçün "göydəndüşmə" bir hadisədir.

"Forbus" jurnalının qeyd etdiyi kimi, son bir ildə dünya maliyyə böhranında Süleyman Kərimovun 18 milyardlıq sərvətinə zərbələr dəysə də, 13.7 milyard dollar vəsaitini qoruya bilmişdir. S.Kərimovun maliyyə maqnatlarından birinə çevrilməsində 1991-1997-ci illərdə Şimali Qafqazda formalaşan kriminal biznes şəbəkəsinin çiçəklənməsi mühüm rol oynayıb. Uzun müddət Şimali Qafqazdan qeybə çəkilən S.Kərimov 2005-ci ildə Dərbənddə mer seçkisi ilə hakimiyyətə gətirilən "ləzgi qruplaşması"nın ardınca Dağıstanda peyda olmağa başladı.

Bundan sonra S.Kərimov Rusiyanın baş naziri Vladimir Putinin dəstəyilə Dağıstanın cənubunda əsasən ləzgilərlə məskun Xiv, Məhərrəmkənd, Süleyman Stalski, Tabasaran, Doqquzpara və Kurax rayonlarında və eləcə də Dərbənddə 100 milyon dollar həcmində yatırımlar qoymağa başladı. Daha sonra isə Dağıstanda ən yüksək vergi ödəyicisi kimi reklam olundu. Halbuki uzun müddət Dağıstanın cənub bölgələrinə yatırım qoymağa heç kəs maraqlı deyildi. Bu prosesin gedişində Dağıstanın ən dinc bölgəsi hesab olunan Dərbənd və onun ətrafında "kriminal qruplaşmalar" ən müxtəlif formalarda peyda olmağa başladılar.

Mahaçqaladakı mütəxəssislərin apardıqları müşahidələrə əsasən bildirilir ki, bu qruplaşmaların arasında azərbaycanlılara yer yoxdur. Ləzgi, tabasaran, aqul, rutul, qırız, budux, tsaxur, avar, lak və darginlərdən ibarət olan müxtəlif kriminal qruplaşmalar ideoloji müstəvidə də fərqlənirlər. Faktiki olaraq hər gün Dərbənddə cinayət, terror və partlayış hadisələri baş verməkdədir. Halbuki 2005-ci ilə qədər bu şəhəri idarə edən azərbaycanlıların hakimiyyəti zamanı belə müdhiş hadisələr heç zaman baş verməmişdi...

 

Kriminal maqnatların Dərbəndi nəzarətə almaq planı

 

Dağıstanda kriminal biznes maqnatlarından biri kimi tanınan, Rusiya Dövlət Dumasının deputatı Asanbaba Nüdurbəyov, Fransada erməni diasporu ilə çox geniş biznes şəbəkəsinə malik olan Süleyman Kərimov və milliyyətcə ləzgi olan digər zənginlərin Dərbənd şəhərini nəzarətə almaq planları bu gün vahid siyasi strateji hədəfə çevrilib. Bu şəxslər Dərbəndə müəyyən yatırımlar qoymaqla, xüsusilə idman-sağlamlıq kompleksləri tikintisində müəyyən addımlar atmaqla, özlərinə böyük nüfuz qazanmağa çalışırlar. Məhz mer seçkisində onların maraqlarını təmin edən kadrların maliyyələşdirilməsi də bu prosesin tərkib hissəsi hesab olunur.

Regionda durumu müntəzəm olaraq təqib edən araşdırma mərkəzlərinin də etiraf etdiyi kimi, Dərbənddə mer seçkisi prosesində azərbaycanlıların yeganə namizədinin sıradan çıxarılması yaxın və uzaq hədəflərə hesablanmış bir strategiyadır. Bunun ardınca qarşıdan gözlənilən şəhər bələdiyyə seçkisində 54 deputat yerinin yarıdan çoxunu ləzgi, tabasaran, aqul, tsaxur, dargin, avar və digər millətlər tərəfindən ələ keçirmək planlaşdırılıb. Çünki separatizm təhdidinə çevriləcək planlardan biri - "Ləzgistan" məsələsinə doğru addımlamağın əsas hədəfi Dərbəndi tam nəzarətə almaqdır.

Hazırda mer seçkisi prosesindəki qanunsuzluqlara etiraz əlaməti olaraq, hətta qanun keşikçiləri olan yerli milisin post-patrul xidmətinə məxsus alayın 75 əməkdaşı Rusiya daxili işlər naziri Rəşid Nurəliyevə xüsusi şikayət ərizəsilə müraciət etməyə məcbur olublar. Ərizədə bildirilir ki, onları "növbədənkənar" seçki keçirərək milliyyətcə ləzgi olan namizədə səs verməyə məcbur edirlər. Hətta alay komandiri mayor S.Rəhimov və onun müavini kapitan A.Basinski qanunsuz olaraq tutduqları vəzifədən kənarlaşdırılıb...

Şikayət ərizəsi ilə yanaşı, həmin alayın milisləri oktyabrın 3-də mitinq keçiriblər. S.Kərimov tərəfindən İ.Yarəliyevin seçki qərargahının maliyyələşdirilməsi barədə isə Dərbəndin bütün əhalisinin geniş məlumatı var.

İ.Yarəliyevin tərəfdarı kasıb əhalinin səsini qazanmaq üçün hər seçiciyə indidən 1000 rubl (təqribən 28 dollar) pul vəsaiti paylayır. Digər tərəfdən isə mənzil istismar idarələrində əhalidən pasportları yığıb İ.Yarəliyevə səs verilməsi üçün saxtakarlığa hazırlıqlar görülməkdədir. Bu isə başqa bir rüsvayçılıqdır.

Dərbəndin yüz min vətəndaşı bu seçkidə səs verməlidir. Bu seçicilərin 70 faizi etnik azərbaycanlılardır. Çox qəribə haldır ki, Azərbaycan dövlətinə qarşı müntəzəm separatizm siyasətini təbliğ edən "Çernovik" və "Pravoye Delo" qəzetləri də İ.Yarəliyevin əsas təbliğat tribunasına çevrilmişdir.

Təbii ki, mer seçkisindən sonra antiazərbaycanlı güclərin mövqeləri daha da güclənəcək, Dərbəndin bir türk şəhəri olmasının tarixi izlərini silməyə doğru iri işlər görüləcək, addımlar atılacaqdır. Bu ağır faciənin fəsadlarını izləmək, Qafqazda antitürk, antiazərbaycan siyasətinin yeni layihələrini rəsmiləşdirənlərə "cənablar, bir dayanın" demək Tanrının və bizlərin ümidinə qalsa da, hələ də dərin problemlərin həllində çevik siyasətləri üstün mövqeyə çevirə bilmirik. Bacarıqsız qavramların fəsadları pis bir nəticə kimi qəbul edilməlidir.

Azərbaycan türklüyü Dərbəndi addım-addım, qarış-qarış itirə-itirə gedir...

 

 

Ənvər Börüsoy

 

Ayna.-2009.-10 oktyabr.-S.7.