Yaşıla boyanmış
görkəminə qarşı təvazökar Qazax
İki günə dolu-dolu
sığdırılmış yaşam...
Axşam sərinliyində,
dəvət edildiyimiz evin kiçik ormanın kənarındakı
bağçasında hovuzdan gələn suyun
şırıltısı, göy üzündəki
ulduzların parıltısı altında, böyük bir səylə
hazırlanmış masada şam edərkən professor Peter
Rasselin "The Brain Book" adlı kitabda yazdığı
"İnsan beyni 140 milyard hüceyrədən təşkil
olunan kiloyarımlıq bir möcüzədir" sözü
gəldi ağlıma. Gördüklərimizi, öyrəndiklərimizi,
yaşadıqlarımızı və təcrübələrimizi
bir yerə yığıb saxlayan beyin. Artıq
gördüyümüz hər şeyi qeyd etməyə
hazırdı sanırdım beynimiz. Sabah tezdən öncə
Koroğlu Qalasına getdik. Komandirdən izin alaraq qalanın təpəsinə
çıxıb növbətçi əsgər Ruslanın
müşayiəti ilə Qazaxın ucsuz-bucaqsız bərəkətli
torpaqlarını seyr etdik. Onlarla birlikdə şəkil
çəkdirdik. Oğlumun da yaxınlarda əsgərliyə
gedəcəyini düşündükdə, yağan
yağışın heç fərqinə varmadan, yoxuş
aşağıya qədər yürümüşdük. İnsan
çocuqlarını düşündükdə hər
şey önəmini itirirmiş, iştə elə bir
şey...
Olimpiya Mərkəzində bizi gəzdirən
idarəçi, keçən günlərdə Fatih Terim ilə
və hətta keçən il "Qalatasaray"ın
basketbolçusu Çarlz Qeyns ilə müsahibəni də
oxuduğunu söylədikdə, məmnun oldum. Ardından
şəhərin mərkəzində Qazaxın yetişdirdiyi
on iki ziyalının büstlərinin qoyulduğu Mütəfəkkirlər
Parkına getdik: ilk azərbaycanlı təyyarəçi Fərrux
ağa Qayıbov, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilov,
Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar
elm xadimi Əhməd Seyidov, ilk artilleriya generalı Əli
ağa Şıxlinski, İtaliyanın Milli Qəhrəmanı
Tahir İsayev, saz ustası Ədalət Nəsibov, xalq
şairi Osman Sarıvəlli, akademik Teymur Bünyadov, xalq
yazıçısı Mehdi Hüseyn, xalq
yazıçısı İsmayıl Şıxlı, xalq
şairi Mirvarid Dilbazi, xalq yazıçısı Yusif Səmədoğlu.
Ünlü ziyalıların ikitərəfli, bir-birinə
paralel büstlərinin bulunduğu yerdən bir az uzaqda Molla Vəli
Vidadi və Molla Pənah Vaqifin heykəlləri yer alır. Bir
az o tərəfdə Səməd Vurğunun heykəli.
Ardından bugünədək
heç bir yerdə görmədiyimiz son dərəcə
möhtəşəm Dədə Qorqud Parkına getdik. Ulu
öndər Heydər Əliyevin "Dədə Qorqud"
dastanının 1300 illik yubileyi ilə əlaqədar 21 fevral
1999-cu ildə imzalamış olduğu sərəncamla
Qazaxın şərq tərəfdən girəcəyində
Dədə Qorqud Meydanı salınmışdır. Bu park
2005-ci ildə yenidən qurulmuş və 12 boyu əks etdirən
kompozisiya yaradılmışdır. Ramiz Məmmədov tərəfindən
yapılan özünəməxsus Dədə Qorqud heykəlinin
hündürlüyü 9 metrdir. Boyların hər birinin məzmununun
həm Azərbaycan türkcəsi, həm ingiliscə verilməsi
çox ağıllıca düşünülmüşBeləliklə,
parkı ziyarət edən hər kəsin bu boylar haqqında məlumatlandırılması
təmin olunmuş. Bu məlumatların ingiliscəsi də yenə
qazaxlı müəllimlər tərəfindən
hazırlanmış. Bu gözəl parkların ikisini də
yenə Qazax rayon İcra Hakimiyyəti başçısı
Rauf Hüseynov 2005-ci ildə iş başına gələr-gəlməz
yapdırmışdır. Mütəfəkkirlər
Parkında dolaşarkən Hüseyn Arifin sanki illər
sonrasında görürmüş kimi yazdığı sətirləri
keçdi ağlımdan:
Axtar babaları, axtar, Hüseyn,
Bir gün də nəvələr
axtarar səni.
Rauf Hüseynov da bu
ziyalıların nəvəsi olaraq köklərinə sahib
çıxmış və onları Qazaxın mərkəzində
hər kəsin gəzib ziyarət edə biləcəyi bir məkanda
yaşatmağa davam edir. Onun köklərinə göstərdiyi
diqqəti və sayğını alqışlamaq gərək.
Şəhərin mərkəzindən
ayrılıb kəklikotu qoxusuyla, qıvrıla-qıvrıla
gedən çığırlardan keçərək Göyəzən
dağına vardıq. Dağın təpəsinə
doğru dırmanarkən, çox əski zamanlardan qalma
divarlar gördük. Dağa çıxmaq, dağ havası
almaq, ardından cəld hərəkətlərlə
aşağıya enmək uzun zamandır
yaşamadığımız kefli bir duyğuydu. Oradan Əskipara
istiqamətinə gedən yolla Abbasbəyli köyünün
yanındakı növbətçidən izin alıb evləri
yaxılıb-yıxılmış və bu gün
yalnızca xatirələri qalan Qızılhacılı
köyünə və onun həmən yanında yüksələn
Satılmış dağında sərhəddə növbə
çəkən əsgərlərə baxdıq durbinlə.
Arxamızda insanı hüznləndirən
Qızılhacılı köy qəbiristanlığı.
Qızılhacılı köyünün camaatı bu gün
də buraya basdırılmaq istəyir. Düşmənə
bir güllə məsafəsində olan qəbiristanlıqdan
başqa yerə basdırılmaq istəmir. Kaş ki bu
acılar yaşanmamış olsaydı, insanlar orada yaşaya
bilsəydi...
Yağmur getdikcə güclənir.
Birinci Şıxlı köyündən Qırmızı
Körpüyə yollandıq. Xram çayının kənarında
durub Türkiyəyə gedən traylerlərə və
avtomaşınlara baxdıq. Dönüş yolunda Molla Vəli
Vidadinin məzarını ziyarət etdik. Sonunda İsmayıl
Şıxlının bir zamanlar ata evinin olduğu yerə
vardıq. "Ölən dünyam" əsərində
adını oxuduğumuz, görüntüsüylə gəmiyə
bənzəyən Gəmiqayanın və Kür
çayının kənarında burada yaşanmış
olanları və yaşana bilər olanları düşünərək
yeridik. Cahandar ağanın mal-mülkünün,
atının, evinin yerləşdiyi Ağalıq...İkinci
Şıxlı köyündə İsmayıl
Şıxlının atasının müəllimlik etdiyi,
özünün çocuqkən koridorlarında
qaçdığı məktəbi ziyarət etdik. Məktəb
o vaxtdan bu yana təmir edilmiş, şəklini dəyişdirmişdir,
amma məktəbin müdiri bizə məktəbi
dolaşdıraraq bilgi verdi. Dönüş yolunda Yuxarı
Salahlı köyündə Səməd Vurğun Poeziya Evini də
görmə fürsətimiz oldu. Ən son
dayanacağımız İsmayıl Şıxlının
1936-cı ildə müəllimlik etdiyi Kosalar köyü oldu.
Qurudlu xəngəl hazırlamışdılar, özəlliklə
bizlərin bu yeməyi öyrənməsi üçün. Və
təbii ki, İsmayıl Şıxlının
çalışdığı Kosalar məktəbini görmədən
keçə bilməzdik. Gecədən xeyli keçmiş məktəbi
ziyarət etdik. Hətta məktəbə bir də "Dəli
Kür" romanının Türkiyə türkcəsində
yayımlanmış olanını hədiyyə etdik. "İsmayıl
Şıxlı məktəbi" yazılmış lövhənin
önündə birlikdə şəkil çəkdirdik.
Bir gün içində dünya qədər
yer görmüşdük. Ağköynəkdə qonaq
qaldığımız evə qayıdanda yenə
bağçada oturub çay içdik. Göy üzü
tünd lacivərd rəngə bürünmüşdü,
yağışın şırıltısı, bizim nəşəli
səslərimiz bir-birinə qarışmışdı, hər
kəs özünə görə kefikök və rahat idi. Bizim
üçün hazırlanmış qonaq otağının
səliqə-sahmanı, hərarəti, pəncərələrdən
görünən meyvə ağacları ünlü bir rəssamın
əlindən çıxmış tablo kimiydi. Qar kimi bəmbəyaz
və müşk qoxulu yatağımızda
mışıl-mışıl yuxuya daldıq. Bayramın ikinci günü Aslanbəylidə
ziyarətgaha getdikdə, qapıda duran ufacıq boylu, ahıl
yaşlı nənə Türkiyədən gəldiyimizi
bilincə "Ah, Türkiyədəki yağmurlar, sellər
çox zərər verdi. İndi orada adamlar nə təhərdir?"
- deyə soruşdu. Bu nənənin Türkiyəyə
göstərdiyi diqqət və sevgi bizləri həm
sarsıtdı, həm də duyğulandırdı.
Ağstafada Zəlimxan köyündə
sevdiyimiz bir dostumuzun doğması olan bir gəncin toyuna dəvət
edilmişdik Bakıda bir həftə öncə. Poylu
köyünün kənarından keçib, köhnə pivə
fabrikinin yanından qıvrılıb toy evinə gəldik.
Bu bölgənin
qadınlarının mehriban, sevgi dolu qara gözlərini,
güclü, amma təvazökar duruşlarını və
qonaqsevər davranışlarını hər an hiss edirdik. Eynilə
bölgənin sahib olduğu bərəkətli torpaqların
görkəmli yaşılına rəğmən təvazökar
olması kimi... Görgülü, bilgili, həyatda çox
şeyə sahib olmuş insanların təvazökar olduğu
çocuqluğumuzda öyrədilmişdi. Və
çocuqluğumuzdan bir təvazökarlıq insanlarda ən
sayğı duyduğum xasiyyətlərdən biridir. Hər kəsin
öyrənməyi bacarmadığı təvazökarlıq
böyük bir ərdəm... Mövlananın sözləri gəldi
ağlıma: "Təkəbbür nədir? Özündən
xəbərsizlikdir! Günəşdən xəbəri olmayan
buz kimi..."
Otağımızın böyük
pəncərəsindən gördüyüm alma, heyva və
zoğal ağacları onun sözlərini
çağırdı: "Dünya bir ağaca bənzər.
Biz də bu ağaclardakı yarı kal, yarı dəymiş
meyvələr kimiyik".
Bakıya dönərkən
yaddaşımızda toplanan mutlu anlar, tanımaqdan məmnun
olduğumuz insanlar, böyük bir incəliklə qonaq
edildiyimiz sevgi dolu məkanlar, Qazaxın təvazökar
görkəmiylə iki günə dolu-dolu
sığdırılmış yaşam...
Yasemin Bayer
Ayna.-2009.-10
oktyabr.-S.15.