Xalid Səid zamanın yaddaşından silinməyəcək

 

Çünki "zaman Allahındır"                                                    

                                                                                           

"Öldükdən sonra bizim məzarımızı yer üzərində axtarmayın! Bizim məzarımız ariflərin könlündədir" - bu sözləri zamansa Mövlana Cəlaləddin Rumi deyib. Elə şəxsiyyətlər var ki, onların məzarını yer üzündə axtarmağa ehtiyac yoxdur.

Bir neçə il öncə Azərbaycan televiziyasında "Səslər muzeyi" proqramının müəllifi, həmkarım, əməkdar jurnalist Gülbəniz Hüseynova ilə Hüseyn Cavid mükafatı laureatı Azər Turandan müsahibə üçün onun evinə - türk mücahidlərinin ruhunu yaşadan kiçik hücrəsinə qonaq olmuşduq. Masa üzərində təsəvvüf ədəbiyatına aid Anadolu türkcəsində dəyərli, əski kitablar nəzərimi cəlb etmişdi.

Azər Turan 1937-ci ildə "pantürkist" damğası ilə şəhid edilmiş millət fədailərinin yarıda qalmış işlərini araşdırmaqla məşğuldur. "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabı onun növbəti tədqiqat işinin bəhrəsidir. Kitabın təqdimat mərasimində xalq şairi Zəlimxan Yaqub gözəl bir ifadə söylədi. Həyatda olan və ya ömürləri repressiya qurbanlarının ömrü kimi qaranlıq qalmayan adamlardan yazmaq asandır. Amma az qala unudulmaqda olan və stalinizm dövründə unutdurulmağa məhkum edilmiş Xalid Səid Xocayev kimi Türk Dünyasının görkəmli şəxsiyyətlərini yad etmək, çox böyük çətinliklərlə, hətta arxivlərdən belə silinmiş məlumatları əldə edib kitab yazmaq hər oğulun işi deyil.

Xalid Səid Xocayev 1926-cı il Bakıda keçirilən I Türkoloji Qurultaydan sonra M.Bağırov başda olmaqla türklüyə qənim kəsilmiş cəlladların qanlı hədəfinə tuş gələnlərdən biri idi. O çağın tanınmış alimi, dəyərli pedaqoqu, ədəbiyyatşünası, dilçisi və incə ruhlu şairi idi.

1937-ci ilin o məşum iyun gecəsində böyük ziyalılardan dörd nəfərin həbsi məlumdur. Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqlə eyni vaxtda həbs olunub, lakin bu yaxınlara qədər naməlum qalan həmin dördüncü şəxs Xalid Səid idi.

Ruhani ailəsində dünyaya göz açan özbək türkü Xalid Səid gənc yaşlarında Özbəkistandan ayrılıb İstanbula getdi. Ali təhsilini orada bitirdikdən sonra 1918-ci ildə Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun qərargahı ilə Azərbaycana gəldi və bütün mənalı həyatını burayla bağladı. Azərbaycanda Hüseyn Cavid, Səməd ağa Ağamalıoğlu, Vəli Xuluflu kimi şəxsiyyətlərlə çiyin-çiyinə çalışdı, Türk Dünyasına əvəzolunmaz elmi əsərlər bəxş etdi. Təəssüf ki, tutulanda onun əsərləri XDİK tərəfindən müsadirə olunub, hələ də onların bəzilərinin taleyi naməlumdur.

Azər Turan yazır ki, "türkcəylə yanaşı ərəb, fars, rus, ingilis və alman dillərinin də mükəmməl bilicisi kimi tanınan Xalid Səidin yaradıcılıq bioqrafiyasının bizcə, tam olmayan siyahısında "Osmanlı, özbək, qazax dillərinin müqayisəli şərhi", "Yeni əlifba yollarında əski xatirə və duyğularım", "Müxtəsər üslubiyyat", "Müfəssəl sintaksis", "Üslubiyyət nəzəriyyəsi", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türk ədəbiyyatının nəzəriyyəsi", "Türküstan tarixinin qısa icmalı", "İran dillərinin qrammatikası", "Mahmud Kaşqarlı "Divan"ı mətninin izahlı, elmi tərcüməsi", "Orxon kitabələrinin izahlı tədqiqi", "Türk məktəbi üçün rus dili" kimi bir qismi məlum mətbu, bir qismi isə yağmalanıb itirilmiş dəyərli kitablar, əsərlər (və itkin əlyazmalar) var..."

Kitab boyu alimin qızı, hazırda Kanadada yaşayan Vəcihə Xalid Səid qızının xatirələri Azər Turan qələmi ilə elə canlandırılır ki, qeyri-ixtiyari zaman məfhumunu unudub sanki o anları şahid qismində yaşayırsan.

Kədərli bir xatirəni ilk qadın rejissorumuz Ömər Salamzadənin dilindən söyləyir Azər Turan. O qara taleli qurultaydan sonra Əli bəy Hüseynzadə, Fuad Köprülüzadə, Rzaqulu Nəcəfzadə, Hüseyen Cavid, doktor Orxanbəyli və bir çoxları Xalid Səidin qonağı oldular. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra sarsıntılı həyatını yaşayan fədakar ziyalılarımızın bəlkə də birlikdə olduqları sonuncu yığıncaqdan bir an:

"Məclisin axırında əmim Rzaqulu Füzulinin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlini çox ürəkdən və çox da yanğılı səslə oxuyurdı. Bu qəzəlin axırında Füzuli deyir:

 

...Edəməm tərk Füzuli, səri-kuyin yarın,      

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

 

Əli bəy dirsəklərini stolun üstünə dayadı və başını əlləri arasına aldı.

Üzü görünmürdü. Çiyinlərinin tərpənişindən ağladığı aşkar bilinirdi. Mirzə Cəlil vəziyyəti hamıdan tez başa düşdü. Odur ki, üzünü Xalid əfəndiyə tutaraq zarafatla:

- Xocam, mənə bir stəkan su! - dedi.

Əmim Qurban dayıya işarə elədi. Qurban dayı tarda bir diringi çalmağa başladı. Orxanbəyli isə fürsətdən istifadə edib bülbül cəh-cəhinə bənzər qəhqəhəsilə otaqda bir canlanma yaratdı. Əli bəy başını qaldırdı, gözlərindən axan yaş Vətən məhəbbəti, Vətən həsrəti yolunda idi. Mətləbin üstünü heç açmadı. Məclisin havası dəyişmişdi..."

Atatürk Mərkəzində kitab təqdimatına toplanmış qonaqların üzündə qələbə sevincini xatırladan təbəssüm vardı. Azər Turanın nurlu simasında isə yorğun, yuxusuz gecələrin hədər getməyən bəhrəsinin sevinci...

Tədbirin oktyabrda keçirilməsi məncə, təsadüfi olmadı. Qeyd edim ki, Xalid Səidin doğulduğu ay gün bəlli deyil. Oktyabr ayı isə Cavidlərin doğum ayıdır. tədbiri belə bir vaxta təyin etməsi ilə Azər Turan bu mübarək aya simvolik olaraq yeni bir doğum tarixini yazmış oldu. Çünki bu tədqiqat işi məna etibarı ilə Xalid Səid Xocayevin elm aləminə yenidən qayıdışı deməkdir. Şəhid ruhların varlığını hiss etdiyimiz mərasimdə kitabın qəhrəmanı Xalid Səidin günümüzə gəlib çatan yeganə şeirində yazdığı kimi:

 

...Bəlkə bu bir çarədir,

Könüldəki dağlara

 

deyib, çarədən daha çox təsəlli olacağına ümid edirik. Elmin tərəqqisi yolunda yazılmış məxsusi itirilmiş elmi işlərin haçansa tapılacağına ümid bəslədiyimiz təsəlli.

1937-ci ildə repressiya qurbanı olmuş, hələ adları çəkilməyən, unudulan elm fədailərinin hamısı Xalid Səid Xocayevin timsalında yaşayacaq. Azər Turanın özünün dediyi kimi: "Bu dünyada bir Xalid Səid vardı, Xalid Səid arkadaş indi var..."

İstilaçı sovet hakimiyyətində haqq-ədalət əqidə uğrunda kəfəni boğazına dolayıb vuruşaraq yaşayanlar, isti ocaqlarından çıxardılaraq gecə ilə qətlə yetirilib kəfənsiz gömülənlər əbədiyyətə qovuşmaqla zamanın yaddaşından heç zaman silinməyəcəklər. Çünki "zaman Allahındır".

 

 

Afaq Mustafa

 

Ayna.-2009.-17 oktyabr.-S.7.