Tək məzar

                                                                        

Bakı kəndlərinin birində qədim bir qəbristanlıqda ziyalılarımız tərəfindən unudulmuş bir məzar var. Bu tək məzarda əbədi yuxuya gedən gözəl ziyalı, şair, tərcüməçi, həyatdan vaxtsız getmiş Vilayət Rüstəmzadə yatır. Ətrafını ot basmış, çoxdan gəlib-gedənlərin seyrəldiyini bildirən bu məzara baxanda Vilayətin öz dilindən tez-tez eşitdiyim, böyük şairimiz Səməd Vurğunun "Tək məzar" şeiri yadıma düşür.

Vilayət, əzizim, sən yaşadığın dövran, inandığın hər şey indi dəyişmişdir. İnsanlar başqalaşmışdır. Bəzən adama elə gəlir ki, Müqəddəs Allahımız da varlılarla oturub-durur. İndi Sabirin bir əsr bundan əvvəl yazdığı kimi, "İnsan olanın dövləti, varı gərək olsun".

Heç kəs heç kəsin ərizəsini oxumur. Keçmişdə ata-babalarımız məktubu mollaya oxutmaq üçün üstünə pul qoyardılar. İndi isə forma bir qədər dəyişib. Yenə keçmişimizə qayıtmışıq. Gərək ərizənin içinə pul qoyasan, yoxsa heç kim baxmaz, oxumaz... İstəyirsən şair ol, istəyirsən alim ol, dəxli yoxdur. Vəzifən, sayılanın yoxsa, ölsən də üstünə gəlməzlər. Bəli, indi biz azadıq... Dünya belə dünyadır.

 

* * *

Özüm haqqında kitab buraxmaqdan, kimdənsə xahiş edib məqalə yazdırmaqdan çox-çox uzaq adamam. Məni yaxından tanıyanlar, mənimlə oturub-duranlar bunu yaxşı bilirlər.

Lakin insan həyatında elə dönümlər, tarixlər var ki, nə isə eləməli olursan. İstəyirsən ki, yadda qalan bir şey olsun, xatirələşsin, unudulmasın. Elə bu niyyətlə də itib-batmaqda olan, hərəsi bir küncdə qalan "arxivimi" vərəqləməyə başladım.

Onu da deyim ki, mən təbiətən şəkil çəkdirməkdən uzaq adamam. Heç zaman bu məsələyə ciddi yanaşmamışam. Fikirləşməmişəm ki, həyat belə gedə bilər, zaman dəyişər. Bir gün oturub-durduğun insanları nə vaxtsa itirə bilərsən. Bu hissləri özümdən qovmuşam. Bəlkə də hər şeyi ölməz bilmişəm. Adda-budda, hərdənbir şəkil çəkdirmişəm.

Ona görə də vaxtı ilə yaxından oturub-durduğum, dostluq etdiyim xalq yazıçı və şairləri Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, İsmayıl Şıxlı, akademik Məmməd Arif, akademik Həmid Araslı, akademik Şəfahət Mehdiyev, beş il Azərbaycan Dövlət Universitetində müəllim, sonra namizədlik dissertasiyası müdafiə edərkən elmi rəhbərim olmuş gözəl yazıçı və görkəmli alim Mir Cəlal Paşayev, elmi opponentlərim prof. Qulu Xəlilov, prof. Məmməd Məmmədov, prof. Əziz Şərif, yazıçı Çingiz Hüseynov və bir çox başqaları ilə fotoşəkillərim də yoxdur, ya da itib-batmışdır.

İndi yubileyimlə əlaqədar olaraq onların bəzilərini bir yerə yığmaq istəyirəm, axtarıram, ələ gəlmir, tapa bilmirəm.

İnsan cavan olanda bu məsələləri bəzən fikirləşmir. Lazımınca qiymətləndirmir. Elə bilir ki, həmişə belə olacaq. Hər halda, həyat göstərir ki, mən belə olmuşam. O günlər üçün heyifsilənirəm. Təəssüflənsəm də, indi artıq hər şey gecdir. Adlarını çəkdiyim, unudulmaz insanlar haqqında məqalələr, esselər yazıram, lakin mənimlə birgə olan fotoşəkillərimizi tapa bilmirəm.

Bəlkə də bu sətirləri yazmazdım, əgər 1967-ci ildə "Ulduz" jurnalında işlərkən Vilayət Rüstəmzadə ilə çəkdirdiyim şəkil qovluqdan qabağıma çıxmasaydı. Sevindim. Sanki çoxdan itirdiyim qiymətli bir şeyi tapmışdım. Xeyli bu fotoşəklə baxdım. Qəhər məni boğdu. Ağlamağım gəldi. Vilayətlə keçirdiyim unudulmaz günlər yadıma düşdü. Elə bil üz-üzə oturmuşduq...

Şirin söhbət edirdi. Lətifələr danışırdı. Qəh-qəhə çəkib gülürdük... Şəkildən artıq dünyasını çoxdan və vaxtsız dəyişmiş, redaksiyada bir yerdə işlədiyimiz Hikmət Ziya, İsi Məlikzadə, Sabir Süleymanov, bir də Vilayət Rüstəmzadənin özü baxırdı...

        Fotoşəklin yanında saralmış, Vilayətin əl yazısında olan və mənə həsr etdiyi şeir vərəqini gördüm. Bunun kiçik bir tarixçəsi olmuşdu.

       ..."Yeni Müsavat" qəzeti məndən xahiş etmişdi ki, fikirlərimi onlarla bölüşüm. Mən də razılıq verdim. Bir neçə nömrədə mənimlə müsahibələr dərc edildi. Bu şəkil də ilk dəfə orada dərc edildi. Müsahibələri oxuyan və şəkli görən Vilayət Rüstəmzadə mənə ithaf etdiyi bu şeiri yazmışdı.

    Vilayət Rüstəmzadə ilə tanışlığım və yaxınlığım komsomolun Mərkəzi Komitəsində işlədiyim illərə təsadüf edir. Bilirdim ki, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur. Sonralar isə Mədəniyyət Nazirliyində çalışmış, M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, ADU-da SSRİ xalqları ədəbiyyatını tədris etmişdi.

      Mən 1967-ci ildə Yazıçılar İttifaqına göndərildim - "Ulduz" jurnalını çıxarmaq üçün. Bizim sıx əlaqələrimiz, deyərdim ki, bundan sonra başlayıb. Demək olar, hər gün görüşürdük. Mənə "Azərnəşr" tərəfindən buraxılmış ilk şeirlər kitabını - "Oxu, bülbülüm"ü bağışlamışdı.

Kitabı oxudum.Xoşuma gəldi. Tez bir zamanda məqalə yazıb çap etdirdim. O da bundan məmnun oldu. Zarafatla dedi ki, mən də bunun əvəzində səni Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndinə aparacam. Bax gör mən nə gözəl bir diyarda dünyaya göz açmışam. Lakin bu bizə qismət olmadı. Sonradan mən Bala Muğanlıda oldum. Təəssüf ki, Vilayət Rüstəmzadəsiz...

Sonradan onun mənə məlum olan daha iki şeirlər kitabı - "Qəlbimin gözü ilə" və "Ağlama, məhəbbətim" nəşr edildi. Hər iki kitab oxucular tərəfindən rəğbətlə qarşılandı.

Vilayətin çox parlaq qələmi vardı. O, istedadlı şair idi. Lakin nədənsə əsasən tərcümə yolunu seçdi. Vilayət bu sahədə çox məhsuldar işlədi. Onun tərcüməsində dünya ədəbiyyatından və SSRİ xalqları ədəbiyyatından iyirmidən çox şeir və nəsr kitabları nəşr olundu. Onun V.Suteyev, Jan Larni, Feliks Lev, Aleksandr Vlasov, Yevgeni Mardan, Aleksandr Blok, N.Nekrasov, V.Bonç-Bruyeviç, Rəmz Babacan və başqalarından etdiyi tərcümələr bu gün də öz təravətini saxlamaqdadır.

Ədalət naminə deməliyəm ki, Vilayət Rüstəmzadənin tərcümə sahəsində xidmətləri unudulmazdır. Azərbaycan oxucuları o vaxtkı sovet respublikaları yazıçı və şairlərinin ən yaxşı əsərlərini Vilayətin tərcüməsində oxumuşlar. Dünya ədəbiyyatından oxuduqlarımız əsərlərin sanballı qismi onun qələminin və əməyinin məhsuludur. Ona görə də biz onu böyük minnətdarlıqla xatırlayırıq.

Onun xidmətləri vaxtında öz qiymətini almadı. O, həyatdan vaxtsız getdi. Arzuları bitməmiş qaldı. Nə yaradıcılıq planlarını sona qədər yerinə yetirə bildi, nə də amansız ölüm imkan verdi ki, ailə problemlərini həll edə bilsin. Hər şey yarımçıq qaldı, sona çatmadı. Arzuları özü ilə torpağın altına getdi.

Vilayət Rüstəmzadə XX əsrin böyük yazıçısı Çingiz Aytmatovla şəxsi dost, qardaş idilər. Çingiz Aytmatov onu evinə qonaq çağırar və aylarla Qırğızıstandan geriyə dönməyə qoymazdı. Bu yaxınlarda Moskva mətbuatında Çingiz Aytmatov haqqında gözəl bir məqalə çap olunmuşdur. Müəllif yazırdı ki, Çingiz Aytmatovun sağlığında əzizləyib saxladığı əşyaların içində Azərbaycan şairi Vilayət Rüstəmzadənin bağışladığı sədəfli saz da var.

XX əsrin görkəmli Balkar şairi Kaysın Kuliyevi Azərbaycanda tanıdan, məşhurlaşdıran Vilayət Rüstəmzadə olmuşdu..

Vilayət Kaysın Kuliyevgilə və Kaysın Kuliyev də Vilayətgilə tez-tez gedərdi.

XX əsrin nəhəng şairi Rəsul Həmzətov Vilayəti tez-tez Dağıstana qonaq çağırardı. Vilayətin böyük şairdən etdiyi tərcümələr bu gün də öz təravətini itirməmişdir. Dünyaca məşhur olan "Mənim Dağıstanım" kitabının ikinci hissəsini Vilayət tərcümə etmişdir.

Keçən əsrin sonlarında Vilayətin qabaqcıl rus şairləri ilə dostluğunu və əlaqəsini qeyd etməmək olmaz. O, rus şairlərinin əsərlərini dilimizə çevirib, hər birini ayrıca kitab şəklində nəşr etdirirdi.

Ömrünün sonuna kimi bizim çox yaxın əlaqərimiz, dostluğumuz davam etdi. Mirzə Fətəli Axundovun yubileyi keçirilirdi. Böyük türk şairi Nazim Hikmət Moskvadan yubileydə iştirak üçün Bakıya gəlmişdi. Köhnə "İnturist"də qalırdı. Bir ay Bakıda qalmalı idi. Mərkəzi Komitənin şöbə müdiri məni yanına çağırıb Nazim Hikməti müşayiət etməyi tapşırdı. Mən bu missiyanı özüm üçün şərəf sayırdım. Çox unudulmaz, yaddançıxmaz günlər idi. Həmin günlərdə Vilayət hər gün Nazim Hikmətin yanına gəlirdi. Onun şeirlərini Azərbaycan dilinə uyğunlaşdırıb özünə oxuyardı. Şairin çox xoşuna gəlirdi. Biz bir neçə dəfə birlikdə şəkil də çəkdirdik. Təəssüflər olsun ki, həmin şəkilləri bizim bir qohum apardı və bir daha geri qaytarmadı. Bilmirəm Vilayətin arxivində bu fotoşəkillər var, ya yox.

Hətta biz bir müddət Gənclər Dostluğu (indiki Atatürk) prospektində qonşu da olduq.

Mən inanıram ki, Vilayət Rüstəmzadə gözəl şair və istedadlı tərcüməçi kimi həmişə ədəbiyyatımızda yaşayacaqdır.

Vilayət insan kimi böyük şəxsiyyət idi. İnsanlarda ancaq yaxşı xüsusiyyətləri görürdü. O, çörək yediyi insanlara sona kimi sədaqətli idi. Allah-təala onu yaratmışdı ki, insanlara xeyirxahlıq gətirsin. İnanmıram ki, Vilayəti tanıyan insanlar onu unuda bilsin. Vilayət Rüstəmzadə xalqımızın ləyaqətli, qeyrətli, namuslu, mərd oğlu idi və oğlu olaraq qalacaqdır. Övladlarının və nəvələrinin, ailəsinin, qohum-əqrəbasının, dostlarının onunla fəxr etməyə haqları var.

...Vilayət, əzizim, yadındadırmı, sən xəstələnmişdin, yanına gəlmişdim. Biz olub-keçənlərdən söhbət açdıq. Mənim kədərləndiyimi, sənə çox diqqətlə baxdığımı sezdin. Sən o vaxt mənə Yan Raynisdən tərcümə elədiyin bir şeiri oxudun:

 

Mən əcəldən qorxmuram,

O nə edəcək mənə?!

Mən öləndən sonra da

Yaşayacağam yenə.

 

Qalxaraq yüksək, uca,

Buludlardan yuxarı,

Ordan seyr edəcəyəm

 Doğma ana diyarı...

 

Qoy belə olsun. Sən yaşayacaqsan!

 

 

Yasif Nəsirli

 

Ayna.-2009.-17 oktyabr.-S.15.