Mənim şeirlərimin
ana xətti ümiddir
Nəğməkar-şair
İsmayıl Dadaşov 30 ildir mahnı
yazır
Müsahibə verməyi bir o qədər sevmir. Amma onun geniş
yaradıcılığı barədə günlərlə
danışmaq olar. Nəğməkar şairdir,
1978-ci ildən bəri
onun sözlərinə
yazılan mahnılar dillərdən düşmür.
Elə
bir dövrə gəlib çatmışıq ki, 8 milyonluq əhalimizin
azı 3 milyonu şeir yazır, 3 milyonu musiqi bəstələməyə
çalışır və 2 milyonu oxuyur. Təbii ki, bunlar təsəvvürə
gətirdiyim rəqəmlərdir.
İllərdən
bəri Əlibaba Məmmədov, Oqtay Rəcəbov, Rauf
Hacıyev, Emin Sabitoğlu, Mobil Babayev, Tofiq Babayev, Eldar
Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Cəmil Əmirov,
Faiq Sücəddinov, Cavanşir Quliyev, Hüseyn Abdullayev,
Elçin İmanov, Nailə Mirməmmədli və b. bəstəkarlarla
birlikdə ərsəyə yüzlərcə gözəl
mahnılar çıxarıb və həmin mahnılar ən
məşhur müğənnilər tərəfindən ifa
olunub. Həmsöhbətim nəğməkar-şair
İsmayıl Dadaşovdur.
İsmayıl
Dadaşov 1957-ci ildə Bakıda müəllim ailəsində
doğulub. Hələ məktəb illərində ədəbiyyata,
teatr və kino sənətinə həvəs göstərib.
ilk qələm təcrübələri ilə diqqəti cəlb
edib.
İsmayıl
Dadaşov həm də bacarıqlı musiqi redaktorudur. Azərbaycan
televiziyası və radiosu, C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyası, "Space" Teleradio Şirkəti tərəfindən
yaradılmış bir çox verilişlərin və filmlərin
uğur qazanmasında rol oynamışdır.
Əhməd
Orucoğlunun "Pul dəlisi", "Qonşular",
"Qaynana əməliyyatı", Marat Haqverdiyevin
"Qısqanc ürəklər" və s. tamaşalar
üçün söz yazan şair, həm də bir çox
bədii filmlər üçün sözlər yazıb.
- İsmayıl müəllim,
bu müsahibəmin suallarının əksəriyyətini
sizin misralarla bağlamışam. Elə bir insan yoxdur ki,
ömründə bir dəfə də olsa şeir yazmasın,
gündəlik açıb həyatındaki hadisələri
hekayəyə çevirməsin. Amma peşəkar,
özü də nəğməkar şair olmaq hər kəsə
nəsib olmur. Bəs bunun başlanğıc
nöqtəsi hansı
şeiriniz olub?
-
Hələ məktəb illərində yazmağa
başlamışdım. 31 nömrəli orta məktəbdə
oxumuşam və sərbəst mövzularda inşa yazılara
öz şeirlərimi əlavə etməyi çox sevirdim. Demirəm
ki, həmin şeirləri yaxşı hesab etmək olardı,
amma yazdıqca ətrafımdaki insanlar bu şeirləri bəyənirdilər.Sonra
İncəsənət Universitetinə qəbul olundum və
1978-ci ilin sentyabrında sözlərimə ilk dəfə musiqi
bəstələndi. Bir dəfə mənim şeir dəftərim
müğənni Zümrüd Məmmədovanın əlinə
düşdü və o həmin dəftərimdən məndən
gizlin bir şeiri köçürüb aparmışdı. Həmin
şeir "Bugünkü dostlarım" adlanırdı. Əlibaba
Məmmədov həmin şeirə musiqi bəstələdi və
Zümrüd xanım bu nəğməni ifa etdi. Elə həmin
ilin dekabrında Əlibaba Məmmədov mənə zəng
vurdu və "Mənim Azərbaycanım" mahnısı
Yeni il şənliyində səsləndi.
- Sizə ən çox
hansı şairin təsiri olub?
-
Nüsrət Kəsəmənlinin. "Azərbaycanfilm"
kinostudiyasında bir yerdə
çalışmışıq. Mən özüm musiqi
redaktoruyam, hər danışıqda, sözdə, şeirdə
musiqi gəzirəm. Təvazökarlıqdan uzaq olsa da, onu
söyləmək istəyirəm ki, bəlkə də Azərbaycanda
mənim qədər musiqiyə şeir yazan olmayıb. Bu isə
çox çətindir. Bir var ilhamlanıb yazırsan, bir də
var sən hazır musiqinin ritmini tutub, onu hiss etməlisən,
bəstəkarın bu musiqini yazanda
düşündüyünü duymalısan. Nüsrət Kəsəmənlinin
şeirlərində axıcılıq vardı, onların
öz musiqisi vardı.
- Sizcə, bu gün mənasız
mahnıların yaranmasının əsas səbəbi
kommersiyadır, yoxsa həyatın mənası hardasa
cılızlaşıb və bu müasir mahnılarda əksini
tapır?
-
Həyat mənasını itirməyib. Həmin mahnılar da
insanların daxili aləmindən gəlir, deməli, məna
daşıyırlar. Kiminsə bir mahnı xoşuna gəlirsə,
ikincisinin bu mahnı xoşuna gəlməyə bilər. İndi
kimin ürəyi nəyi istəyir, onu yazır-oxuyur. Əvvəllər
belə deyildi, Bədii Şura var idi və mən çox
sevinirdim ki, mənim sözlərimə yazılan
mahnıları həmin şuraya dahil olan Tofiq Quliyev, İslam
Səfərli, Cahangir Cahangirov, Ramiz Mustafayev, Oqtay Kazımi
kimi sənətkarlər bəyənmişdilər.
- Onlardan birinə hətta
Rəşid Behbudov musiqi bəstələyib...
-
Bu, 1988-ci ildə oldu. Günlərin bir günü Faiq Sücəddinov
mənə zəng vurdu ki, səhər Mahnı Teatrına gələrsən,
Rəşid müəllim səni gözləyəcək. Mən
Rəşid müəllimlə çalışanda
anladım ki, mahnıya söz yazmaq nə deməkdir. Onun hər
sözünə diqqətlə qulaq asardım.
Çalışırdım onun tələblərinə
uyğun yazım şeirləri. Beləcə "Sənə
and içirəm, Azərbaycanım" yarandı. Mahnı
Teatrının açılışı üçün
biz bərabər "Xoş gəlmişsiniz"
mahnısını yaratdıq, amma çox təəssüf
ki, ömür vəfa etmədi və Rəşid müəllim
bu mahnını ifa edə bilmədi.
Bilirsiniz,
belə sənətkarlarla, peşəkar bəstəkarlarla
işləmək insanın qarşısında böyük
yaradıcılıq üfüqləri açır və sən
dünyanı artıq ayrı şəkildə görürsən.
Hər bəstəkar, hər müğənni bir
dünyadır. Yaradıcı insan üçün əsas -
qəbul olunmaq, sevilməkdir. Həmin sevgi olmayanda yazmağa,
yaratmağa dəyməz. Xoşbəxtəm ki, sözlərimə
yazılan mahnıların əksəriyyəti sevilib.
- "Dayanın,
insanlar, bəsdir, dayanın" şeirinizə Hikmət Mirməmmədli
musiqi bəstələyib və Nazpəri Dostəliyeva bu
mahnını ifa edərək ona klip çəkdirdi.Bu bir
sülhsevər şairin üsyanı, fəryadı idi. Bəs
müharibədən, silahdan savayı İsmayıl müəllim
nələrə "Bəsdir!" demək istərdi?
- Yalana. Müharibə, savaş da bitir, amma insanı bezdirən yalanlar bitmir ki, bitmir.
- "Arzuların kölgəsində"
şeirinizdə yazırsınız:
"İstəyinə çatmaq
üçün uşaq
kimi qaçır insan". Hansı istəyin arxasınca uşaq kimi qaçmısınız? Heç
yarı yolda qalan arzularınız olubmu?
- Hələ də uşaq kimi qaçıram. Arzular tükənməzdir, çoxdur. İnsanı yaşadan arzularıdır. İnsan böyüdükcə arzuları da böyüyür, sevgi də böyüyür, ailə də böyüyür. Artıq özün üçün yox, balaların üçün, sonra nəvələrin üçün qaçırsan. Elə tələsə-tələsə qaçırıq arzuların ardınca, amma düşünmürük ki, hara qaçırıq, ömür bir, yol bir...
- Amma düşünürəm
ki, bu müvəqqəti
dünya son deyil, bir başlanğıcdır,
çünki əbədi
dünya da var. Biz, sadəcə, sınağa
çəkilirik.
- Sözsüz. Bu dünya bir sınaqdır, biz isə köçəri quşlar.
- "Allah bəndəsini sevirsə əgər, İlk növbə bacarıq, istedad verər". Deyirlər şeir yazmaq Allaha ibadət
etməyə çox
yaxındır. İbadət
edirsinizm
- İbadət etməsəm də, Allaha sevgim sonsuzdur. Yaradan məni bir çox böyük arzularıma çatdırıb.
- Laqeyd olmayın, çünki laqeydsizlik insanın ruhunu öldürür. Bu il nəşr olunan "Bir dəstə qızıl gül" kitabınızda ailə üzvlərinizə, dostlarınıza,
sənət adamlarına
həsr olunan şeirlərlə yanaşı,
şeirlərinizi ağ
vərəqə köçürən
kompüter operatoru olan bir xanıma
həsr olunan şeirinizlə
- İnsanın mədəniyyətindən. Laqeydliyə bəraət yoxdur. Laqeyd insanlara pis baxıram. İnsana kömək etmək lazımdır. Həmin şeirimə qaldıqda, deməli, diqqətcil insanam, pis adam deyiləm.
- "Sən bil ki,
mən səni yenə, Ömür boyu arzularımda hər an yaşadan, sevən". Hüseyn Abdullayevin bəstələdiyi
bu şlyageri böyük məharətlə
xalq artisti Zülfiyyə Xanbabayeva ifa edib. Bəs,
şeirlərinizdə bəhs
etdiyiniz nakam eşqi yaşamısınızmı?
- Yox, yaşamamışam. Amma deyə bilərsiniz ki, necə yazmışam bu şeirləri (gülür). Mənim öz bədii təsəvvürüm var. Çox vaxt gördüyüm, eşitdiyim hadisələrdən bəhrələnərək yazmışam. Əsəri oxuyub tamaşalara söz yazmışam.
- Sizin bu gün
ən çox bəyəndiyiniz, sözləri
sizin olan mahnı və klip hansıdır?
- Vüqar Camalzadənin bəstəsi, Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Mənimsən" mahnısı və klipi. Tünzalə Ağayeva da bu yaxınlarda mənim sözlərimə olan "Sən varsan" kompozisiyasına klip çəkdirib, amma hələ bu klipi izləməmişəm. Sözsüz ki, bəyəndiyim mahnılar çoxdur.
- Yüzlərlə şeirləriniz
var və onlar bütün həyat mövzularını
əhatə edir. Bu il işıq üzü görən kitabınıza adı niyə məhz "Bir dəstə qızıl gül" adlı kiçik şeirinizdən götürmüşsünüz?
Yoxsa bu mahnının bir tarixçəsi var?
- Bu, sevdiyim şeirlərdən biridir. Sözsüz ki, bu mahnının bir tarixçəsi var, amma yenə də mənim həyatıma aid deyil. Burda iki məna var. Həmişə arzum olub ki, "Bir dəstə qızıl gül" adlı solo konsertim, diskim və kitabım olsun, üçü də oldu. Və konsertimdə söyləmişəm ki, biz insanlar hamımız bir qızıl gülük, amma bir yerdə biz bir dəstə qızıl gülük. Mənim şeirlərimin də hərəsi bir qızıl güldü, kitabsa onların toplusu, yani bir dəstə qızıl güldü.
- 2003-cü
ilin mayında Şəhriyar adına Mədəniyyət Mərkəzində
yaradıcılıq gecəniz
keçirilmişdi. Beş
ildən çox vaxt keçib. Yeni mahnılarınız yaranıb. Düşünmürsünüz
ki, artıq yeni bir yaradıcılıq
gecəsinin zamanıdır?
- Məndən asılı olmayan məqamlar var. Çox istəyərdim bunu, amma hər şeyin öz zamanı var.
- Eşq və gözəllik tarixini yazan şairlər daha yüksəkdirlər.
İsmayıl müəllim
gözəlliyi nədə
görür?
- Sevgidə. Gözəllik gözə xoş gələn bir şeydir. Tanrı hər şeyi gözəl yaradıb, amma hər kəs bu gözəllikləri görmür.
- "Tale yolları" şeirinizdə
belə misralar var: "Xoşbəxtlik axtarır son günə qədər, Elə hey yol gedir insan
karvanı".
İsmayıl müəllim xoşbəxtliyi
hansı bir sözlə ifadə edə bilər?
- ÜMİD. Mənim şeirlərimin ana xətti ümiddir. Ümid edərək yaşayırıq. Xoşbəxtlik yoxdur, xoşbəxt anlar olur. İnsan tam xoşbəxt olsa, dəli olar. Sevinc də olmalıdır, kədər də. Əsas sevib-sevilməkdir.
Sevinc İsmayıl
Ayna.-2009.-17 oktyabr.-S.19.