İlk milli fotoarxiv yaradıldı
Azərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq. Qurumdan verilən məlumata görə, fondda hər bir fotonun tarixi ilə yanaşı, onu çəkən fotoqraf haqqında məlumatlar toplanacaq.
Xəbərdə qeyd olunur ki, Azərbaycanda çəkilən ilk foto və müasir dövrə qədər olan bütün fotolar fotoarxivdə toplanacaq. Həmin materiallar isə birliyin nəzdində yaradılacaq muzeydə yerləşdiriləcək. Arxivdə həvəskar fotoqrafların çəkdiyi şəkillərə də yer ayrılacaq.
Hazırda şəxsi arxivlərdən maraq doğuran materialların tapılıb üzə çıxarılması istiqamətində iş aparılır. Həmin işlərin fotoqrafın özünə məxsus olub-olmaması da dərindən araşdırılacaq. Bu, gələcəkdə Azərbaycan fotoqrafiyası antologiyasının yaradılması və bu sahənin tarixi barədə məlumatların əldə edilməsinə kömək edəcək.
Bundan başqa, toplanan materiallar əsasında fotoqrafiya kitablarının nəşri də nəzərdə tutulur.
Ayna.-2009.-17 oktyabr.-S.20.