Əlixan Səmədovun xalq
mahnıları albomu
Bu
onun sayca 8-ci toplusu olacaq
20 ilə yaxındır Türkiyədə yaşayan, indiyə kimi dünyanın 45 ölkəsində konsertlər verən, Azərbaycan xalq mahnılarından ibarət 7 diski işıq üzü görən azərbaycanlı balaban ifaçısı Əlixan Səmədovun 8-ci albomu hazırlanır. Yeniliklə bağlı yerli media mənsublarına məlumat verən musiqiçi bildirib ki, artıq hazırlıqlarına başladığı topluda yenə xalq mahnıları yer alacaq. Xəbərə görə, Əlixan Səmədovun bu diski Bolqarıstanda "World Music" musiqi şirkətində hazırlanacaq. Yeni diskin bu ilin sonuna kimi işıq üzü görəcəyi bildirilir. Əlixan Səmədov 1993-cu ildən Türkiyədə yaşayır və peşəkar ifası ilə qısa müddətdə bir çox ölkələrə yol salıb. Musiqiçinin ilk albomu da "Balaban" adı altında hazırlanmışdı. Bu günə kimi bir çox mükafatlara layiq görülən Əlixan Səmədov Azərbaycanın milli musiqi aləti olan balabanı dünyaya sevdirib.
Əlixan Səmədov 1993-cü ildə "Xalq rəqsləri yarışması"nın "Ən yaxşı musiqiçi", 1996-cı ildə "Ən yaxşı musiqi və ən yaxşı musiqiçi", 1997-ci ildə "Milliyyət" qəzetinin yarışmasında xüsusi mükafatı, 2005-ci ildə "Musiqi çalışmalarından dolayı", 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.
Balabançı bu illər ərzində Türkiyə ilə yanaşı, türk musiqisinin populyar olduğu Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.
Zəminə
Ayna.-2009.-17 oktyabr.- S.21.