Rusiyadakı "Dərviş" Teatrı mövsümü
açıb
Onlar
bu ölkəni şəhərbəşəhər gəzir
Rusiyada fəaliyyət
göstərən peşəkar Azərbaycan Teatrı - "Dərviş"
mövsümü ötən gün açıq elan edib.
Teatr rəhbərliyinin məlumatına
görə, truppa bu mövsümdə Mirzə Fətəli
Axundovun dramaturgiyasına müraciət edib. "Lənkəran
xanının vəziri" tamaşası öz səhnə
həllini maraqlı musiqi nömrələri ilə
tapıb.
Tamaşanın rejissoru Mərdan Feyzullayev personajları Azərbaycan xalq musiqisinin müşayiəti ilə təqdim etməklə, bir əsrdən çox yaşı olan komediyaya yeni ruh verib. Eyni zamanda, milli musiqimizin uzaq şəhərdə təbliğinə çalışıb.
Öyrəndik ki, "Dərviş" Teatrının truppasında azərbaycanlı sənətçilərlə yanaşı, rusdilli aktyorlar da çalışır. Teatr rəhbərliyi tamaşanın hazırlanmasına orada yaşayan azərbaycanlı ziyalıların böyük dəstək verdiyini deyir. Tamaşanın maliyyələşdirilməsinə həmvətənlərimiz yaxından dəstək olurlar.
Dərviş adı teatra təsadüfdən seçilməyib. Kollektivin məqsədi dərviş kimi Rusiyanı şəhərbəşəhər gəzib Azərbaycan incəsənətini təbliğ etməkdir. Sonda öyrəndik ki, teatrın səhnəyə qoyacağı növbəti tamaşa Hüseyn Cavidin "İblis" əsəri olacaq.
Z.Rustəm
Ayna.-2009.-17 oktyabr.-S.19.