Muzeydə təlim seminarı
Muzey işini yaxşılaşdırmaq
xətti götürülüb
Lətif Kərimov adına Azərbaycan xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində
"Muzeylərə dəstək
şəbəkələrinin yaradılması və əhəmiyyəti" mövzusunda
təlim-seminar keçirilib. Təlim-seminar Lətif Kərimov adına Azərbaycan xalçası
və Xalq Tətbiqi Sənəti Muzeyi, Beynəlxalq Muzeylər Şurasının
Azərbaycan Milli Komitəsi və Almaniya Xalq Universitetləri
Birliyinin birgə təşəbbüsüdür.
Muzeyin
direktoru Röya Tağıyeva layihənin əhəmiyyətindən
danışıb. Sonra "başqa təşkilatlarla əməkdaşlıq"
"media şəbəkəsinin yaradılması",
"muzey marketinqi", "tədbirlərin təşkili və
idarə edilməsi sahəsində müasir təcrübə"
mövzuları ətrafında müzakirələr
aparılıb. Xalq universitetləri birliyinin Azərbaycandakı
nümayəndəsi İsgəndər Sadiq bildirib ki, layihənin
gerçəkləşdirilməsində məqsəd həm
də muzeyləri ənənəvi tədqiqat-araşdırma
stereotiplərindən uzaqlaşdırmaq, muzeydən virtual
istifadə imkanlarını təmin etməkdən ibarətdir.
2008-ci
ildən keçirilən layihədə 4 ölkə - Azərbaycan,
Gürcüstan, Ermənistan və Rusiya iştirak edir. Layihə
30 ay müddətinə keçirilir. Bu müddətdə
muzey işçilərinin peşəkar cəhətdən təkmilləşdirilməsi,
onların Almaniya və digər Avropa ölkələrinə
səfərlərinin təşkili nəzərdə tutulub. Xaricdə
əldə olunan təcrübə yerli mütəxəssislərə
yeni bilik və vərdişlər qazanmağa, öyrəndiklərini
ölkəmizdə tətbiq etməyə, bir sözlə,
muzey işini yaxşılaşdırmağa xidmət edəcək.
Z.Rüstəm
Ayna.-2009.-17 oktyabr.-S.19.